Almaniya XI – XV əsrlərdə

  1. Almaniya XI – XIII əsrlərdə
  2. Almaniya XIV – XV əsrlərdə
1. Almaniya XI – XIII əsrlərdə
1024 – cü ildə Sakson sülaləsi başa çatdığından, alman əyanları qədim frankon nəslindən olan II Konradı kral seçdilər. Frankon (və ya sonranı məbbələrdə Salik ) sülaləsi 1125 – ci ilədək hakimiyyətdə olmuşdu.
Sülalənin nümayəndələrindən biri – III Henri ( 1039 – 1056 ) dövründə alman imperiyası öz yüksək dövrünü keçirmşdir. III Henri, zö sələfləri kimi özünün İsa peyğəmbərin yerdəki nümayəndəsi hesab edirdi. Rex et sacerdos ( kral və din xadimi) formulası da imperatorun dünyəvi və dini xarakterli hakimiyyətini əks etdiridi. III Henri Almaniyada kilsə islahatının baş təşəbüskarı olub kilsənin möhkəmləndirilməsində maraqlı idi.
Germany in the medieval ages (Europe history)1046 – ci ildə o, 3 biri – birilə rəqabət aparan papanı devirdi və alman mənşəli runahini yeni papa təyin etdi. 1046- 1057 – ci illər ərzində alman mənşəli Roma papaları kilsənin yeniləşdirilməsində xeyli iş gördülər. O zamn heç kim güman etmirdi ki, bu yeniliklər sayəsində güclənən Roma kilsəsi tezliklə imperatorun tabeliyindən çıxacaq.
Artıq III Henrinin hakimiyyətinin sonuna doğru imperator hakimiyyəti dərin böhran yaşayırdı. Bu təkcə, kilsədəki dəyişikliklərlə deyil, Almaniyanın özündə sosial irəliləyişlərlə bağlı idi. Feodallaşma ölkədə xeyli uğur qazanmışdı. Azsaylı tayfa alilərinin yerinə indi qüdrətli feodal əyanları gəlmişdi. Xidmət müqabilində bu əyanlar böyük torpaq mülkləri qazanmışdılar.
Böhran IV Henrinin ( 1056 – 1106 ) dövründə başladı. Feodallararası mübarizə Saksoniya üsyanı ilə əlaqədar gücləndi.
Saksoniyanın sakinləri kral taxtının başqa hersoqluqdan olan sülaləyə keçməsindən əvvəllər də narazı idilər. IV Henri Saksoniyada öz əmlak hüquqlarını möhkəmləndirmək cəhdi edəndə, sakslar buna üsyanla cavab verdilər.(1073 ) başlamış olan qiyamda sakson cəmiyyətinin bütün təbəqələri iştirak edirdi. Almaniyanın kral hakimiyyətdən narazı olan digər ərazilərin knyazları da üsyana gizlicə dayaq idilər. IV Henri təhlükə qarşısında qalıb, üsyançıların tələbləri ilə razılaşmalı oldu. Lakin qiyamçı kəndlilərin imperatorun yaxın qohumlarının qəbirlərini təhqir etməsi vəziyyəti kəskin şəkildə dəyişdi. Alman knyazları IV Henrinin köməyinə gəldilər, 1045 – ci ildə sakson qoşunu darmadağın edildi.
Sakson üsyanı bütün Almaniyanı bürümüş vətəndaş müharibəsinə təkan verdi. Onun səbəbi isə, müasirlərinin dili ilə desək, “ investitura uğrunda mübarizə ” oldu.
Qədim alman cəmiyyətində daşınmaz əmlakın birindən digərinə keçməsi hər hansı bir əşyanın, məsələn ot kökünün simvolik olaraq bağışlanması ilə baş verirdi. X – XI əsrlərə doğru bu adətdən yenisi – birinin iyerarxiyada özündən yüksəkdə duran digərinə simvolik əşyaların verilməsi qaydası yaranır. Bu qayda hakimiyyət səlahiyyətlərinin bir hissəsinin güzəştə gedilməsi demək idi və investitura adını alır. Dünyəvi knyazı alman hökmdarı adətən bayraqla, ruhanini isə üzüklə investisiya edirdi. Hər bir yeni yepiskop bu əşyaları alandan sonra kilsədə bu vəzifəni qazanırdı.
XI – XII əsrlərdə imperator və papalar arasında yepiskopların investiturası məsələsi ilə əlaqədar kəskin münaqişə başladı. Kilsəni dünyəvi hakimlərin təsirindən qorumağa çalışan papalar kral investiturasını öz işlərinə müdaxilə kimi qəbul edirdilər. Lakin imperatorlar onlara “ rex et sacerdos ” hakimiyyətini verən bu qədim adətdən əl çəkmək niyyətində deyildilər.
IV Henri və 1073 – cü ildə papa seçilmiş VII Qriqori arasında münasibətlər əvvəlcə dinc münasibətlər idi. Hətta 1074 – cü ildə Xaç yürüşü iddiası irəli atan VII Qroqori xristian ordusunun başında şərqə getmək, IV Henrini isə özünün yerinə kilsənin başına təyin etmək istəyirdi. Lakin 1075 – ci ilin payızında Henri öz iradəsilə 3 italyan yepiskopunu təyin edəndə, papa kraldan bu qərarını ləğv etməyi tələb etdi.
Bunun cavabında alman yepiskoplarının əksəriyyəti IV Henrinin tələbilə papaya tabe olmaqdan imtina etdilər. Kral “ yalançı ruhani Hildebrand”dan tələb edir ki, o, papa kafedrasını tərk etsin. VII Qriqori belə olan halda IV Henrini rəsmi şəkildə kilsədən ayırdı, onu devrilmiş elan etdi və onun bütün təbəələrini krala sədaqət andından azad etdi ( 1076).
Bundan sonra knyazların böyük əksəriyyəti imperatordan üz döndərdi. Henrinin düşmənləri isə bundan istifadə etmək qərarına gəldilər. Məhz buna görə IV Henri 1077 – ci ilin yanvarında papadan üzr istəmək qərarına gəldi.
Tərəflər arasında barışıq qısamüddətli oldu. Hətta IV Herinin oğlu V Henrinin ( 1106 – 1125 ) dövründə də daxili müharibələrə son qoyulmadı. Yeni imperator papalarla barışığa cəhd edirdi, amma o da köhnə münaqişəni davam etdirməli oldu. Imperatorla papaların mübarizəsi ya bu, ya da digər tərəfin uğuru ilə əvəz olunurdu. “ İnvestitura uğrunda mübarizə ” Qərbi Avropada siyasi – hüquqi fikrin inkişafında mühüm rol oynadı. Xeyli sayda meydana gələn traktatlarda hər iki tərəf öz mövqelərini əsaslandırırdılar və bu mübahisələr gedişində bəzən mütərəqqi ideyalar da irəli çıxırdı.
Çoxillik münaqişə hər iki tərəfi tükəndirdi və 1122- ci ildə Vormsda konkordat (saziş) imzalandı. V Henri yepiskopları investisiya etməkdən imtina edir və yepiskop seçkilərini tanımağa söz verirdi. Papa isə belə bir qayda ilə razılaşırdı ki, yepiskop seçkisi kralın, yaxud onun bir nümayəndəsinin iştirakı ilə olmalıdır. Bundan başqa, seçilmiş yepiskop kilsə mülklərinə daxil olmaq üçün imperatordan əsa almalı və investitura ayınindən keçməli idi.
Vorms konkordatı “ imperiya kilsəsi ” sisteminə böyük zərbə idi. Imperator yepiskop seçkisinə olan birbaşa təsir hüququndan məhrum olurdu. Yalnız Almaniyada bu təsir saxlanılırdı. Nəticədə Almaniyada alman knyazlarının mövqeyi möhkəmlənir – kilsə kapitulları burada knyaz nəsillərindən idi və Almaniyada konkordatın real həyata keçirilməsi hökmdarla knyazlar arasında münasibətdən asılı idi. “ Güclü ” imperatorlar Vorms konkordatından çox illər keçəndən sonra da yepiskop seçkilərində müstəsna rol oynayırdılar.
XI – XII əsrin başlanğıcında impriya böhranı nəticəsində imperatorla alman əyanları arasında əlaqələrin mahiyyəti dəyişdi. Bu tam olaraq vassal – len münasibətləri səciyyəsi aldı. Imperatorla kilsə arasında əlaqələrin zəifləməsi ona gətirib çıxardı ki, monarxlar daha çox ministeriallar arasında dayaq axtarmağa başladılar. Bu cür meyl Ştaufenlər sülaləsi dövründə gücləndi.
Böhrandan çətinliklə özünə gələn imperiya Ştaufen ( Qoqenştaufen )sülaləsi dövründə ( 1138 — 1254) yüksəliş dövrü yaşayır. Nə vaxtsa xırda şvab nəsli ən çətin vaxtlarda IV Henriyə böyük dəstək oldu. Bu sədaqəti əvəzində Ştaufenlər Şvabiya hersoqları titulu qazandılar və kral ailəsilə qohum oldular. Nəticədə Ştaufenlər Şvabiyada geniş mülklər qazandılar və sonra taxt – taca iddia etməyə başladılar. Almaniyada ,taufenlərin baş rəqibi ingilis sülaləsi Plantagenetlərlə qohum olan Velf nəsli idi. Velflərdən ən qüdrətlisi – Henri Lev ( 1142 – 1195 ) iki iri alman hersoqluğunun – Bavariya və Saksoniyanın hakimi idi. Ştaufenlər və Velflər ya biri – biri ilə düşmənçilik edir, ya da qarşılıqlı güzəştə gedir, ya da nigah ittifaqları bağlayırdılar. Məhz bu güzəştlər nəticəsində Ştaufenlər kral tacına yiyələndilər.
XII – XII əsrin I yarısında Ştaufenlər nəslindən 3 imperator – I Fridrix ( 1152 – 1190 ), onun oğlu VI Henri ( 1191 – 1197 ) və nəvəsi II Fridrix ( 1212 – 1250 ) böyük rol oynamışdılar.
Ştaufenlərin siyasətinin mühüm xüsusiyyəti onların İtaliyanı özlərinə tabe etmək cəhdi olmuşdu. Əgər Ottonlar ( III Ottonu çıxmaq şərtilə ) və Salilər Alp arxasına ayrı – ayrı ekspedisiyalaral kifayətlənirdisə, Ştaufenlər İtaliyanı öz hakimiyyətinin əsas dayağına çevirməyə çalışırdılar. Imperatorların Roma ilə çoxillik mübarizəsi təkcə 2 universalist qüvvənin rəqabəti deyil, həm də alman hökmdarlarının və papaların İtaliyada konkret siyasi maraqlarının toqquşması idi.
Ştaufenlərin İtaliyada ikinci rəqibi 1130 – cu ildə meydana gəlmiş Siciliya krallığı idi. Zaman keçdikcə Şimali İtaliyada daha bir qüvvə — şəhər kommunaları yüksəlir. Başda Milan olmaqla onların əksəriyyəti imperatora qarşı dururdu, çox az bir hissəsi imperiyanın tərəfində idi. Alman hökmdarlarının İtaliyada daimi və müvəqqəti müttəfiqləri var idi, amma imperatorlar bu mürəkkəb siyasi mübarizədən çətinliklə baş çıxarırdılar.
Imperator I Fridrix ( Barbarossa, “ Kürənsaqqallı ” ) bir neçə il ərzində Şimali İtaliyada öz domenini yaratmağa çalışırdı. Almaniyada feodallaşma prosesinin inkişafı onu ölkədə hakimiyyətini möhkəmlətmək üçün xüsusi mülklərini artırmağa məcbur edirdi. Altı il I Fridrix İtaliyaya yürüşlər etmişdi. Həlledici rolu Lenyano döyüşü (1176) oynadı, imperatorun qoşunu Lombardiya şəhərinin birgə ordusuna məğlub oldu. Lenyanodan sonra Barbarossa papa ilə ( 1177 ) və Lombardiya liqası ilə (1183) sülh müqavilələri bağlamalı oldu. Bu razılaşmalara görə, imperator Şimali İtaliyadakı mühüm iddialarından imtina edirdi. Lenyanoda imperatora kömək göstərmiş Henri Velf ( 1179- 1180 ) ölkədən qovuldu.
I Fridrixin italyan siyasəti oğlu VI Henrinin dövründə inkişaf tapdı. Şərait elə gətirdi ki, o, siciliya krallığının varisi oldu və Cənubi İtaliya taxtına olan hüququnu təsdiqlətdi. 1194 – cü ildə Palermoda tacqoyma mərasimi oldu. Bu həm Avropa, həm də Konstantinopolda böyük narahatlıq doğurdu. VI Henri Konstantinopola yürüş etmək planlarını hazırladığı vaxtda vəfat etdi.
VI Henrinin erkən yetim qalmış oğlu Fridrix Siciliya krallığında papa II İnnokentinin himayəsi altında böyümüşdü. Siciliya və Almaniya taxtının birləşməsi Roma üçün əlverişli olmasa da, II İnnokenti tərbiyə etdiyi şahzadənin alman taxtına keçməsini təklif etdi. 1212 – ci ildə Ştaufen alman kralı oldu, 8 il sonra II Fridrixx adı ilə imperator elan edildi. Baxmayaraq ki, II Fridrix Roma kilsəsinin təyin etdiyi hökmdar idi, onun dövründə imperiya ilə papalıq arasında mübarizə ən kəskin dövrünü yaşadı. Atasının və babasının siyasətini qətiyyətlə davam etdirən II Fridrix yalnız Siciliya krallığının sərvətinə arxalana bilərdi. Lakin 1250 – ci ildə onun qəflətən vəfatı İtaliyada müharibəni yarımçıq qoydu.
Ştaufenlərin hakimiyyəti Xaçlı hərəkatının yükşəliş dövrünə təsadüf edir. Təəccüblü deyil ki, bu sülalənin bütün hökmdarları üçün italyan siyasətindən sonra ikinci yerdə Tanrının qəbrinin azad edilməsi məsələsi durudu. III Konrad uğursuz II Xaç yürüşünün (1147 – 1149 ) başçılarından biri olmuşdu. I Fridrix Barbarossa Fələstinə gedən yolda ölmüşdü, II Fridrix isə VI Xaç yürüşündə iştirak etmişdi. Heç bir döyüş aparmadan o, Misir sultanı ilə razılaşma etdi və bu razılaşmaya görə Yerusəlim, Vifleyem və Nəzaretin xristianlar tərəfindən ziyarəti mümkün oldu.
1229 –cu ildə Yerusəlimin alınması Ştaufenlərin imperatorun rolu haqqında təsəvvürünə tam uyğun gəlirdi. Imperiya Ştaufenlər üçün təkcə siyasi təşkilat deyildi, o Allah tərəfindən bəxş edilmişdi. Təsadüfi deyil ki, məhz Ştaufenlərin dövründən başlayaraq alman imperiyası Sacrum imperium və ya Sacrum Romanum imperium – Müqəddəs Roma imperiyası adı alır.
II Fridrix isə getdikcə özünü daha çox Məsih hiss edirdi ( Friedrich – “ dünya səltənəti ” ), Yerusəlimdə başına tac qoyulandan sonra isə özünü Davudun varisi hesab edirdi. Hərçənd ki, Fridrix dini fanatizmdən uzaq adam olmuşdu. Sultanla söhbətlərində o, xristian ayinlərinə gülür və islam adətlərini bəyənirdi.
1254 – cü ildə Ştaufenlərin son nümayəndəsi – II Fridrixin oğlu ölür. Bu dövrdən başlayaraq, təxminən 20 il ərzində vahid hökmdar olmamışdı. Feodallararası münaqişə 1273 – cü ilədək davam etmiş, həmin il knyazlar Habsburqlar nəslindən olan I Rudolfu ( 1273 – 1291 ) taxta çıxardılar. I Rudolfun hakimiyyətinin ilk illərində Sakson hersoqluğu, Bavariya və Şvabiya hersoqluğu bir neçə yerə parçalanır. Avstriya hersoqluğu isə Habsburqların mülklərinin özəyinə çevrilir. Məsələ burasındadır ki, Ştaufenlərin hakimiyyətdən getməsilə imperatorların imtiyazları o qədər zəifləmişdi ki, alman hökmdarı indi yalnız öz ailə mülkünün ehtiyatlarına arxalanırdı. Habsburqlar üçün bu – Avsrtiya, Vitelsbaxlar üçün – Bavariya, Lüksemburqlar üçün – Çexiya olmuşdur. Yəni Almaniyada kral domeni müxtəlif sülalələr üçün vahid olmamışdı.
XII – XIII əsrlərdə Almaniyada kəndlilərin vəziyyəti xeyli yaxşılaşır: ağır asılılıqda olan adamların sayı ixtisar olunur, kəndlilərin öz torpaq sahələrində varislik hüquqları möhkəmlənir. Bu isə kənddə əmlak təbəqələşməsini sürətləndirir. Aqrar istehsal artmağa başlayır.
Həmin dövrdə Almaniyada kəndlilərlə sahibkarlar arasında yalnız bir böyük toqquşma olmuşdur. Almaniyanın şimal ucqarında azad kəndilər – “ ştedinqlər ” Bremen arxiyepiskopu ilə mübarizəyə başladılar. 1232 – 1233 – cü illərdə ştedinqlərə qarşı hətta xaç yürüşü elan olundu və kəndlilərin müqaviməti yalnız 1234 – cü ildə qırıldı.
XI – XII əsrlər boyu senyorların da vəziyyətində ciddi dəyişikliklər baş verir. Əvvəllər mülkədarlara məxsus əkin yerləri nisbətən böyük sahələrə bölünürdü. Həmin sahələr meyerlərə icarəyə verilirdi. Lakin Fransa və İngiltərədəkindən fərqli olaraq, kəndlilər yalnız icarəçilar idilər və torpaq sahibinə icarə haqqı yox, renta verirdi.
Almaniyada ictimai – iqtisadi irəliləyişlər İngiltərədən və Fransadan fərqli olaraq mərkəzdənqaçma qüvvələrin xeyrinə oldu. Ən iri alman şəhərləri daha çox xarici mərkəzlərlə bağlı idilər. Reyn və Dunayın yuxarı axarlarındakı şəhərlər Venesiya ilə ticarət aparırdı. Reynin orta və aşağı axarındakı şəhərlər Şampana və Flandriyaya meyl edirdilər. Şimal dənizi sahili boyu şəhərlər İngiltərə, Skandinaviya və Pribaltika ilə ticarət edirdilər. Bürgerlər üçün ölkənin birləşdirilməsi zəruri deyildi.
Alman şəhərləri şəhərətrafı yerlər üçün təbii iqtisadi mərkəzlər idi. Şəhər nə qədər böyük olurdusa, ona bitişik ətraf yerlər də bir o qədər geniş olurdu. Həm də bu şəhərətrafı yerlərə təkcə kənd tipli məskənlər deyil, kiçik şəhərlər daxil idi. Onların arasında müəyyən iqtisadi mərkəzləşmə gedirdi, lakin ölkənin ayrı – ayrı rayonları arasında möhkəm əlaqə yox idi.
Fransa və İngiltərədən fərqli olaraq, orta əsr Almaniyasında kral hakimiyyəti ilə şəhərlər arasında ittifaq ölkənin siyasi pərakəndəliyini aradan qaldırmaq üçün zəriri olan bu şərait yaranmadı. Alman şəhərləri də senyorlara qarşı mübarizədə kral hakimiyyətnin köməyinə arxalanmırdı.
Bu dövrdə Almaniyanın inkişafının səciyyəvi xüsusiyyətlərindən biri də onu siyasi təşkilatında məhəllilik prinsipinin tayfa prinsipindən üstün olması idi. Keçmiş tayfa hersoqluqlarının yerində 100 — ə qədər knyazlıq yaranmışdı. Məhəlli knyazlar imperiya knyazları təbəqəsi yaratdılar. Bu knyazlar bilavasitə taxt – taca məxsus torpaqların (len) sahibləri idilər. Çox vaxt imperiya knyazları başqa ölkə hökmdarlarından da len alır və onların vassal asılılığına düşürdülər. Bu isə, təbii, imperiyanı zəiflədirdi. Imperiya knyazları imkan vermirdilər ki, onların vassalları imperatorun birbaşa vassalına çevrilsin. Bu da mərkəzləşmədə maraqlı olan xırda və orta feodalları mərkəzi hakimiyyətdən təcrid edirdi.

2. Almaniya XIV – XV əsrlərdə


XIV əsrin əvvəllərinə doğru Müqəddəs Roma imperiyası Qərbi Avropanın ən iri siyasi qurumu olaraq qalırdı, lakin bu qurum daxili vəhdətdən məhrum idi. Imperiyanın özəyi alman torpaqları idi. Bundan başqa onun tərkibinə imperiya ilə formal bağlı olan, faktiki isə Şimali İtaliyanın və Toskananın muxtar dövlətləri, Çexiya krallığı daxil idi. XIV – XV əsrlərdə imperiyanın qəti müəyyən edilmiş sərhədləri yox idi, müharibələr, sülalə nigahları, vassal asılılıqlarının dəyişməsi ilə sərhədlər də dəyişirdi.
1291 – ci ildə imperiyanın ərazisində yeni siyasi birlik – İsveçrə ittifaqının əsası qoyulur. Üç Alp torpağı – Şvitsa, Uri və Untervalden Habsburqların onları tabe etdirmək cəhdlərinə qarşı birləşdi. 1315 – ci ildə İsveçrə qoşunu Habsburq suvarilərini Morqarten yaxınlığında darmadağın etdi. Öz müstəqilliyini qoruya bilən bu ittifaqa XIV əsrin ortalarında beş dairə ( kanton), o cümlədən Lüsern, Sürix və Bern də qoşulur. Bu konfederasiyanın möhkəmlənməsi üçün isveçrəlilərin uzun mübarizəsi tələb olundu. Beynəlxalq tanınma isə yalnız 1648 – ci il Vestfal sülhü ilə oldu.
XV əsrin sonu XVI əsrin əvvəllərində İsveçrə ittifaqına daha beş üzv, o cümlədən Bazel şəhəri də qoşuldu. Konfederasiyada daimi mərkəzi idarəçilik orqanı yox idi, ali hakimiyyət kanton nümayəndələrinin yığıncağı – taqzatsunq idi. Hər bir kanton öz daxili və xarici siyasət hüququna malik olsa da, konfederasiyanın ümumi maraqlarına zidd əlaqələrə imkan verilmirdi.
Mərkəzi hakimiyyətin zəifliyi və feodal özbaşınalığı ona gətirib çıxarır ki, şəhərlər ittifaqlar yaradaraq özlərini müdafiə etməli olurlar. Onların içərisində ən böyüyü – Hanza olmuşdur. XIII əsrdə ayrı- ayrı tacirlərin birliyi kimi meydana çıxan Hanza XIV əsrin ortalarına doğru şəhərlərin ittifaqına çevrilir bə 1669 – cu ilədək mövcudluğunu saxlayır. Onun yüksəliş dövrü XIV – XV əsrin ortalarına təsadüf edir.( həmin vaxt 160 şəhəri birləşdirirdi).
Hanzanın əsas məqsədi ticarətdə fəal vasitəçilik, ticarət yollarının təhlükəsizliyini təmin etmək, imtiyazlara təminat vermək, mümkün olduğunca öz tacirlərinə xaricdə inhisar hüquqları yaratmaq, ittifaq şəhərlərində siyasi sabitliyi qorumaq idi. Hanza öz məqsədlərinə nail olmaq üçün diplomatik vasitələrdən tutmuş iqtisadi blokada və hərbi əməliyyatlara qədər istifadə edirdi. Onun özəyini şimal şəhərləri o cümlədən, Lübek və Hamburq təşkil edirdi. Hanzanın Novqorodda, Stokholmda, Bergendə, Londonda ticarət idarələri anbarları var idi.
XIV əsrin II yarısından başlayaraq Hanza şəhərləri nümayəndələri nizamlı qurultaylara yığılırlar. Dövlət kimi Hanza bir neçə dəfə müharibə aparmışdı. Məsələn, İsveçin köməyilə o Danimarka ilə müharibə edərək, qalib gəlmiş və 1370 – ci il sülhü ilə nəinki öz tacirlərinin imtiyazlarını təsdiqlətmiş, həm də Skandinaviyanın cənubunda bir neçə qala əldə etmişdi.
Hanza ikili səciyyə daşıyırdı: bir tərəfdən o geniş ərazidə vasitəçi ticarətin inkişafına imkan yaradırdı, digər tərəfdən, digər ölkələrin tacirlərinin rəqabətini boğurdu. O, öz üzvlərinin kommunal azadlıqlarını müdafiə edirdi, amma patrisiata qarşı şəhərdaxili çıxışları amansızlıqla yatırırdı. O, Şimali Almaniya şəhərlərini birləşdirirdi, amma ölkənin ümumi mərkəzləşməsinə maneə olurdu.
Hanza Almaniyada yeganə şəhər ittifaqı deyildi. XIV əsrin II yarısında Şvabiya və Reyn ittifaqları yaranır və 1381 – ci ildə hər ikisi 50 şəhərdən ibarət koalisiyada birləşir. Koalisiyanın əsas məqsədi öz müstəqilliklərini knyazlardan qorumaq idi. Həmin dövrdə cəngavər birlikləri – Aslanlar cəmiyyəti, Müqəddəs Yorgen qalxanı cəmiyyəti, Müqəddəs Vilhelm cəmiyyəti yaranır. XIV – XV əsrlərdə Almaniyanın siyasi inkişafının səciyyəvi cəhəti imperator hakimiyyətinin güclənməsinə imkan verməyən və öz əraziləri daxilində mərkəzləşməni davam etdirən knyazların böyük uğurlar qazanması olmuşdur. Az əhəmiyyətli Lüksemburq qraflığının sahibi VII Henrinin ( 1308 – 1313 ) kral taxtına çıxarılması da bu məqsəd daşıyırdı. VII Henri öz oğlunu Çexiya kralının qızı ilə evləndirməsi nəticəsində öz varisləri üçün yeni mülk əldə edir. Digər tərəfdən, öz sələflərinin siyasətini davam etdirərək İtaliyaya yürüş etdi və 100 illik fasilədən sonra Romada imperator tacı aldı.
Lüksemburqların güclənməsini hiss edən knyazlar VII Henrinin vəfatından sonra taxta kimin gətiriləcəyi məsələsi ilə əlaqədar münaqişə yaratdılar. Bir qrup Habsburqlar nəslindən olan Gözəl Fridrixi, digər qrup Vittelsbax nəslindən olan Bavariyalı Ludviqi təklif etdilər. Ludviq silahlı mübarizədə rəqibinə qalib gəldi. Papa XXII İoannın Almaniyada siyasi və maliyyə iddialarına cavab olaraq onun rəqiblərini öz tərəfinə çəkməyə başladı. Papa Ludviqi kilsədə ayırdı, o, isə öz növbəsində papanı bidətçi elan edərək, 1327 – 1330 – cu illərdə İtaliyaya yürüş etdi. Burada öz adamını papa edən Ludviq imperator tacı aldı. Ludviqin belə güclənməsindən narazı olan alman knyazları hələ onun sağlığında alman taxtına Lüksemburqların nümayəndəsi ( VII Henrinin nəvəsi ) Karlı çıxardılar.
IV Karl ( 1346 – 1378 ) Avinyon papaları ilə möhkəm ittifaqa sadiq qalaraq ilk növbədə Çexiyanın inkişafına diqqət ayırırdı. Məhz onun dövründə Almaniyanın siyasi pərakəndəliyi imperatorun 1356 – cı il “ Qızıl bulla”sı ilə qanuni qüvvə aldı. “ Qızıl bulla” 1806 – cı ildə Müqəddəs Roma imperiyası ləğv olunana qədər imperiya qanunvericiliyinin özəyi olaraq qaldı.
Bulla imperator olmağı vacib bilinən alman kralının seçilmə qaydasını təsdiq etdi. Seçicilər kollegiyası 7 knyazdan; 3 kilsə ( Mayns, Köln, Trir ) və 4 dünyəvi knyazdan ( Çexiya kralı, Reyn pfalsqrafı, Saksoniya hersoqu, Brandenburq markqrafı ) ibarət idi. Seçki Mayns arxiyepiskopunun təşəbbüsü ilə Frankfurt – Maynda səs çoxluğu ilə keçirilməli idi. Almaniya kralının seçilməsi zamanı papanın təsdiqi tələb olunmurdu ( yalnız imperator tacının qoyulması bunu tələb edirdi ). Bulla knyazların nəinki köhnə, eyni zamanda yeni imtiyazlarını təsdiqləyirdi. Ali məhkəmə, dağ mədənlərinin istismarı, pul zərbi, gömrük rüsumlarının alınması hüququ buna aiddir. Feodallara “ qanuni elan olunmuş ” xüsusi müharibələr ( vassalların öz senyorlarına qarşı çıxışlarından başqa ) aparmaq icazə verilirdi, amma şəhərlərarası ittifaqlar qadağan olunurdu. IV Karl öz rəqibləri olan Bavariya və Avstriya hersoqluqlarının seçkilərdə iştirakını ləğv etdi və Çexiyanın imtiyazlı mövqeyini möhkəmlətdi.
IV Karlın təxminən 30 illik hakimiyyəti Lüksemburq sülaləsinin sonrakı siyasətinin ənənələrini qoydu – sülalə öz vairsi olduğu torpaqlara diqqət ayırıbknyazlara və Roma kuriyasına böyük güzəştlərə gedirdi.
Lüksemburq sülaləsindən sonra imperator hakimiyyəti 1438 – ci ildə Habsburqlara keçdi. Imperatorların faktiki irsi hakimiyyəti ( seçki qaydalarının formal olaraq saxlanması şəraitində) artıq knyazlar üçün təhlükəli deyidi. Xüsusilə III Fridrixin dövründə ( 1440 – 1493 ) mərkəzi hakimiyyət tam gücsüzlük nümayiş etdirir. Ölkədə feodal qarçıdurmasına, cəngavər özbaşınalığına son qoymaq üçün imperatorun real qüvvəsi yox idi.
Xarici siyasətdə də uzun müddət III Fridrix uğursuzluqla rastlaşmışdı. Imperiyanın müttəfiqi olan Tevton ordeni Polşaya ağır məğlub olandan sonra 1466 – cı ildə Polşa kralından vassal asılılığına düşdü. Danimarka kralı imperiyanın tərkibində olan Şlezviq və Qolşteyni aldı ( 1460 ), Fransa 1481 – ci ildə Provansı ələ keçirdi, macar kralı Matyaş Korvin isə imperatordan onun sülalə mülklərini – Yuxarı və Aşağı Avstriyanı, Ştiriyanı aldı. Yalnız hakimiyyətinin sonuna doğru III Fridrix vəziyyəti dəyişməyə müyəssər oldu. Avstriya torpaqlarını geri aldı. Oğlu Maksimilianın Burqundiya şahzadəsi iəl nigahı sayəsində o, Niderlandı qazandı. Onun ölmündən sonra nəvəsinin ispan şahzadəsilə evlənməsi nəticəsində Habsburqlar XVI əsrin ən qüdrətli sülaləsinə çevrildilər.
Almaniyada imperator və knyaz hakimiyyətinin vəziyyəti XIV – XV əsrlərdə alman silki nümayəndəlik orqanlarının inkişafına öz təsirini göstərdi. Imperator vassallarının yığıncağı XV əsrin sonundan “ reyxstaq ” adını alır. Bu imperiya yığıncaqlarına dünyəvi və dini hakimlər, iri şəhər nümayəndələri daxil idi. Odlu silahdan istifadə və muzdluluğun artması ilə əvvəllki hərbi nüfuzunu itirən cəngavərlər müstəqil nümayəndəliyə malik deyildi.
Reyxstaq müşavirəçi orqan idi və ilk növbədə müxtəlif ictimai qruplar arasında maksimal razılıq yaratmağa xidmət edirdi. Rexstağın qərarlarınə həyata keçirməyə məcbur edilən xüsusi təsisat Almaniyada yox idi. Eyni zamanda bu məqsəd üçün zəruri olan ümumimperiya məhkəməsi və ümumimperiya xəzinəsi də yox idi.
Digər ölkələrin nümayəndəli orqanlarına oxşar olan landtaqlar bəzi knyazlıqlarda mövcud idi. Amma onlar nizamlı yığılmırdı. Bölgə mərkəzləşməsinə çalışan knyazlar XV əsrin II yarısndan başlayaraq ərazi idarəçiliyi orqanlarını genişləndirir, ərazi qanunvericiliyini təkmilləşdirir. Knyaz iqamətgahları paytaxtlara çevrilir: Bavariyada Münxen, Vurtenberqdə Ştutqard, Pfalsda Geydelberq buna nümunədir. Alman cəmiyyətinin sosial – siyasi həyatının özünəməxsusluğu XIV – XV əsrlərdə şəhərlərdə bir sıra ziddiyyətlərlə müşahidə olunur. Alman burgerlərinin katolik kilsəsinə nisbətdə müxalif əhval- ruhiyyəsi təkcə papalıqla münaqişəyə deyil, həm də alman mistikləri – Ekkartın, Taulerin və Suzenin təlimlərinin geniş yayılmasına gətirib çıxarır. Mistiklərin əsas ideyası insanruhunun Tanrı ilə qovuşmasının mümkünlüyü idi. Kilsə üçün bu təlimin təhlükəsi ondan ibarət idi ki, mistiklər Tanrıya münasibətdə insanın daxili möminliyini vurğulayır və fərdi qaydada dindarlıq irəli sürürdülər.
Mistiklərin təsiri altında Almaniya şəhərlərində kilsə sxolastikasına qarşı hərəkat yayılır. Bürgür müxalifətinin ən parlaq nümunəsi XV əsrin sonu XVI əsrin əvvəllərində “ İmperator Sigizmundun Reformasiyası ” adlı siyasi pamflet olur. Burada kilsə və dünyəvi quruluşda köklü dəyişikliklər edilməsi vacib bilinirdi. Söhbət feodal müharibələrinin qadağan olunmasından, şəhərlərin üzərində feodallar nəzarətinin qoyulması, vahid məhkəmə, vahid pul sistemi, vahid gömrük qaydalarının tətbiq olunmasından gedirdi. Kilsə isə dünyəvi hakimiyyətə tabe olmalı idi. Sənət və ticarətin vəziyyətini düzəltmək üçün anonim müəllif sex təşkilatını ləğv etməyi təklif edirdi. Aşağı təbəqələr də yaddan çıxmamışdı: kəndlilərin şəxsi asılılığının ləğvi və bəzi mükəlləfiyyətlərin qadağan olunması da tələb olunurdu.
XIV – XV əsrlərdə Almaniyada kəndli hərəkatı özünəməxsus şəkil almışdı; 1336 – 1339 – cu illərdə cənub- qərbi Almaniyada şəhər sələmçilərinə qarşı kəndli çıxışları olmuşdu. XV əsrin əvvəllərində İsveçrə ittifaqı ilə qonşuluqda yerləşən vilayətlərdə baş verən kəndli çıxışları isə ruhani başçılarına qarşı çevrilmişdi.
1439 – 1445 – ci illər ərzində alman kəndliləri Yüzillik müharibə gedişində cənub – Qərbi Almaniya ərazisinə soxulan muzdlu süvarilərə — armanyaklara qarşı partizan hərəkatı təşkil etmişdilər. Məhz bu dövrdə kəndlilər ilk dəfə kəndli başmağının təsviri olan bayraq qaldırdılar. “Başmaq” kəndlilərin müstəqil hərəkatlarının simvolu oldu (o cümlədən 1460 – cı ildə Qeqauda kəndli üsyanında).
Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında

0 şərh