Pireney yarımadası ölkələri Avrasiya və Şərq sivilizasiyalarının qovşağında

  1. İspaniya XI-XIII əsrlərdə
  2. İspaniya və Portuqaliya XIV – XV əsrlərdə

1. İspaniya XI-XIII əsrlərdə


XI əsrin ortalarından XIII əsrin ortalarınadək olan dövr Rekonkistanın ən uğurlu və həlledici dövrü sayılır. Pərakəndə halda olan Mavritaniya mülkləri xristian hökmdarlarının qurbanı olurdu. Belə ki, 1085 – ci ildə kastilyalılar Mərkəzi İspaniyanın ən böyük şəhəri olan Toledonu ələ keçirirlər. XII əsrin əvvəllərində araqonlular Saraqosu, 1147 – ci ildə isə Lissabonu alırlar. XII əsrin sonuna doğru yarımadanın böyük bir hissəsi xristianların əlinə keçir. Lakin onların cənuba hərəkəti ərəblərin VIII əsrdə İspaniyanı işğal etməsindən daha ləng gedirdi. Bu bir neçə səbəblə izah olunur: əvvəla, yarımadanın xristian hakimləri arasında birlik yox idi. Leonun və Kastiliyanın birləşməsi möhkəm deyildi. Onların qəti birləşməsi yalnız 1230 – cu ildə baş verdi. 1137 – ci ildə isə Araqon və Kataloniya uniya yaratdılar. 1139 – cu ildə portuqal qrafı Alfonsu Enrikeş özünü kral elan etdi. XII əsrdən etibarən ərəblərlə artıq həmsərhəd olmayan Navarra Rekonkistada artıq iştirak etmirdi.
Kastiliyanın və Araqonun cənuba hərəkətini ləngidən daha bir amil Şimali Afrikanın bərbər dövlətlərinin hərbi müdaxiləsi idi. Əndəlus əmirləri onlardan könülsüz istifadə edirdilər, çünki onların asılılığına düşmək istəmirdilər. Lakin ağır vəziyyətdə bərbərlər xristian hakimlərini məğlubiyyətə uğradırdılar. Məs. 1086 – cı ildə bərbərlərin kastiliyalılar üzərində qələbəsi ( Salak döyüşü ) və 1195 – ci il Alarkos döyüşündə qələbəsi Rekonkistaya böyük zərbə vurmuşdu. Digər tərəfdən xristian krallıqlar mübarizəni təkbaşına aparırdılar.
Rekonkistanın sürətini müəyyən edən başqa bir amil ələ keçirilmiş torpaqların məskunlaşması ilə bağlı çətinliklər idi. Cənub sərhədlərdə qalalar tikmək, şəhərlərdə qarnizon saxlamaq üçün çox vaxt vəsait çatışmırdı. Ona görə də XI – XIII əsrlərdə Rekonkista tədrici yox, sıçrayışlarla baş verirdi. Onun ən böyük qələbələri XIII əsrin I yarısına təsadüf edir. 1212 – ci ildə Kastiliya kralı VIII Alfonsu Las Navas de Tolosa yaxınlıqdakı bərbərləri məğlub edir. XIII əsrin 30 – 50 – ci illərində kastiliyalılar iri Mavritaniya tayfalarına – Xaen, Kordova və Sevilyanı tuturlar. Araqon isə Valensiyada, Balear adasında, Siciliyada, Sardiniyada və Cənubi İtaliyada möhkəmlənir. Araqon krallarının Cənubi Fransada da mülkləri var idi. Alqarvini ələ keçirən Portuqaliya isə Rekonkistada iştirakını başa vurur.
Beləliklə, XIII əsrin II yarısında Pireney yarımadasında mavrların əlində yalnız Qranada qalır. O, artıq xristianlar üçün ciddi təhlükə olmadığından, Rekonkista XV əsrin sonunadək dayandırılır.
Rekonkista - İspaniya tarixi 
Göstərilən dövrdə Pireney yarımadası ölkələrində istehsalın bir çox sahələrində irəliləyiş hiss olunurdu. Kənd təsərrufatında əkinçiliyin rolu artırdı. Ərəblərin yaratmış olduğu suvarma sistemləri qalmışdı və onlardan üzümçülüyün inkişafında, zeytun və barama yetişdirilməsində geniş istifadə olunurdu. Mərkəzi İspaniyanın geniş dağlıq yaylalarının işğalı ilə maldarlığın inkişafı üçün imkan yaranmışdı.
XIII əsrdən başlayaraq ispan yunu Flandriyaya, İtaliyaya, Fransaya ixrac olunurdu. Qoyunçuluqla təkcə kəndlilər məşğul olmurdu. Dünyəvi feodallar, kilsə, şəhərlər də iri qoyun sürülərinə malik idi. Otlaqların istifadəsini qaydaya salmaq və öz maraqlarını müdafiə etmək mal- qara sahiblərinin ittifaqları – mestalar da XII – XIII əsrlərdə yaranmışdı. Kastiliyada mestalar 1273 – cü ildə “ Mestanın fəxri şurası ” adlı ümumdövlət ittifaqında birləşirlər.
Bütün Qərbi Avropada olduğu kimi, XI – XII əsrlərdə İspaniya və Portuqaliyada da sənətkarlıq və ticarət mərkəzləri olaraq, şəhərlərin təşəkkülü və inkişafı baş verir. Pireney yarımadasında bu proses, Rekonkista ilə əlaqədar bəzi xüsusiyyətlərə malik idi. Bir çox şəhərlərin inkişafı müsəlman dövründə baş vermişdi. Onların xristian dövlətlərinin tərkibinə qatılması ilə müsəlman dünyası ilə olan ənənəvi iqtisadi əlaqələrinin qırılmasına gətirib çıxarırdı. Bununla yanaşı, Toledo, Saraqos, Valensiya, Sevilya kimi şəhərlər xristian hakimiyyəti dövründə də mühüm ticarət – sənətkarlıq mərkəzləri olaraq qalırdılar.
Rekonkista gedişində meydana gələn şəhərlər isə xeyli geri qalırdılar. Onlar, bir qayda olaraq, qalaların yerində yaranırdılar. Bu şəhərləri saldıran krallar və qraflar daimi qarnizon yaradılmasında maraqlı idilər, ona görə də burada məskunlaşanlar üçün imtiyazlar verirdilər. Bu məskənlərin iqtisadiyyatı aqrar səciyyə daşıyırdı, lakin artıq X – XI əsrin hüdudunda burada bazarlar, sənətkar məhəllələri peyda olur, əhalinin artımı baş verirdi.
Leon – Kastiliya krallığının şimal – qərbində şəhərlərin inkişafında bəzi xüsusiyyətlər var idi. Onların təşəkkülündə Fransadan Santyaqo – de – Kompostelaya gedən zəvvar yolu böyük rol oynamışdır. Bu yol fransız sənətkarlarını Leon, Ovyedo, Burqos kimi şəhərlərə cəlb edirdi. Kataloniyanın sahilboyu şəhərləri üçün isə (xüsusilə Barselona üçün) uzaq tranzit ticarətin inkişafı səciyyəvi olmuşdur.
Kastiliyanın, Araqonun və Portuqaliyanın sosial inkişafında da Rekonkistanın böyük rolu olmuşdur. Bütün Pireney krallıqlarında yeni torpaqların məskunlaşması ilə bağlı oxşar prosedura gedirdi. Bu torpaqların ali mülkiyyətçisi kral sayılsa da, real sahibi — məskun özü idi. Əmlak xartiyalarında krallar malikanəçilərə, kənd və şəhər icmalarına torpaq üzərində hüquqlar verirdi. Torpağın bir hissəsi kral domeninə çevrilirdi. Bəzi hallarda krallar özləri tərəfindən verilən imtiyazları pozaraq, azad kəndləri və hətta şəhərləri dünyəvi və ruhani senyorlara verirdilər.
Azad kənddə torpaq bütün icmanın nəzarəti altında olan əkin sahələrinə — konsexolara bölünürdü. Asılı kəndlərdə də icma təşkilatı var idi. Kastiliyada və Portuqaliyada mükəlləfiyyətlər böyük deyildi, Kataloniya və Araqonda isə kəndlilərin vəziyyəti ağır idi. Leon və Kastiliyada azad kəndlilərlə asılı kəndlilər arasında keçid vəziyyətində olanlar beqetri üzvləri idi. Beqetri – elə bir kəndli icması idi ki, bu icmaya senyor qəyyumluq göstərirdi və bu qəyyumluq müqabilində kəndlilər müəyyən mükəlləfiyyətlər yerinə yetirirdi. XIII – XIV əsrlərdə bu mükəlləfiyyətlər xeyli artır və beqetriyə üzvlük feodal asılılığı formasına çevrilir.
Leon – Kastiliya şəhərlərinin sosial quruluşu adətən şəhərin azad olub – olmamasından asılı olurdu. Ölkənin əksər iri və orta şəhərləri azad idi və krala birbaşa tabe idi. Zəngin şəhərlilər ( kabalyerolar) şəhər idarəçiliyində ali vəzifələr tuturdu. Imtiyazı olmayan şəhər əhalisi sənətkarlar, xırda tacirlərdən ibarət idi. Ispan şəhərində sənət “ azad ” idi, çünki kral hakimiyyəti və şəhər aliləri sexlərin təşkilinə imkan vermirdi. Şəhərlərin müsəlman əhalisi alçaldılmış vəziyyətdə idi.
XIII əsrin ortalarınadək Leon – Kastiliya krallığında feodal zümrəsi idi və azad kəndlilər, varlı şəhərlilər də kabalyero ola bilərdi. XIII əsrdə kabalyero və irsi feodallar – infansonlar arasında fərq hiss olunmağa başlayırdı. Mənbələrdə hər ikisinə idalqo ( isp. fijo d alqo – mühüm adamın oğlu ) deyilirdi. Idalqolar adətən, varlı olmurdular, gəlirləri rentadan və bəzən hərbi qənimətdən ibarət olurdu. Krallığın ən ali zadəganları – rikos – ombres ( isp. “ zəngin adamlar ” ) isə geniş əkin sahələrinə malik olub, dövlət işlərində iştirak edirdilər. Bu təbəqənin əsasını 20 – 30 feodal nəsli ( məs. Lara, Kusman, Aro kimi ailələr ) təşkil edirdi. Kral xidmətində xüsusi seçilmiş və varlanmış idalqolar bəzən rikos – ombresə daxil olurdu.
Kataloniya və Araqonda feodallar bir neçə təbəqəyə ayrılırdı və mənşəyindən, əmlakından asılı olaraq fərqləndirilirdi. Araqon əyanları Kastiliua əyanlarına nisbətən daha böyük imtiyazlara malik idi və hətta öz monarxına qarşı müharibə də apara bilərdi.
Portuqaliyada feodallar ticarətlə daha çox bağlı idilər. Ölkədə dini – cəngavər ordenlərinin də əhəmiyyəti böyük idi.
Rekonkista Portuqaliya yarımadası ölkələrinin siyasi quruluşuna da əhəmiyyətli təsir göstərmişdi. Xarici təhlükə feodal pərakəndəliyinin qarşısını alırdı. XI əsrdən Leon – Kastiliya krallığında monarxiya qəti şəkildə irsi xarakter alır. Üsyankar feodallarla mübarizədə krallar müsəlman ərazilərinin maliyyə ehtiyatlarında, şəhər qarnizonlarından, kabalyero və idalqolardan istifadə edirdi. XIII əsrin ortalarından başlayaraq mərkəzi hakimiyyət idarəçilik sistemində vəhdət yaratmağa çalışır, lakin şəhərlərdə və konsexolarda bu böyük müqavitəmlə rastlaşırdı. Ona görə də Leon – Kastiliya krallığında ümumdövlət qanunlarının fəaliyyəti XIV əsrin ortalarından tez baş vermir.
Leon – Kastiliya kralları hələ XI əsrdə qanunvericilik məsələlərini müzakirə etmək üçün əyanların iştirakı ilə assambleyalar çağırırdı.1188 – ci ildə Leonda ilk dəfə şəhərlilər də bu assambleyaya cəlb olunur. XIII əsrin ortalarından başlayaraq, belə orqanlar (korteslər) nizamlı toplanır. Leon – Kastiliya kortesləri 3 palatadan ibarət idi: I – də yepiskoplar və abbatlar, II – də dünyəvi senyorlar, III – də şəhərlilər və konsexo nümayəndələri iclas edirdi. Bu dövrdə korteslərin nüfuzu böyük idi.
Pireney yarımadasının şərqində siyasi baxımdan özünəməxsus bir federasiya mövcud idi ki, onun tərkibinə Araqon və Valensiya krallıqları və Kataloniya prinsipatı daxil idi, Araqon kralı isə ümumi monarx idi. Lakin Kataloniya, Araqon və Valensiya kortesləri ayrı –ayrılıqda seşilirdi və iclas edirdi. Araqon korteslərində 4 palata – rikos – ombres, kabalyeros, rühanilər və şəhərlilər palatası var idi; kəndlilər onların işində iştirak etmirdilər.
XIII əsrdə Portuqaliyada və Navarrada 3 palatalı korteslər təşkil olunur.
 

2. İspaniya və Portuqaliya XIV – XV əsrlərdə


XIII əsrin ortalarından etibarən Rekonkista uzun müddətə dayanır. Qranada əmirliyi öz şimal qonşuları ilə sülh saxlamağa çalışırdı; xüsusilə 1340 –cı il Salado döyüşündə xristian qoşunları ərəbləri ağır məğlubiyyətə uğradıqdan sonra sülhə böyük ehtiyac yaranmışdı.
Sonrakı dövrdə Araqon Aralıq dənizi bölgəsində panlı işğal siyasəti aparır; o, Balear adalarını ələ keçirir, 1282 – ci ildə Siciliyada möhkəmlənir, 1442 – ci ildə Neapol krallığını tutur və Sardiniyanı işğal edir. XV əsrin əvvəllərində Kastiliya Kanar adalarını, Portuqaliya isə Şimali Afrikada Seut şəhərini ələ keçirir. (1415 ) Kastiliya və Araqon varislərinin – İzabella və Ferdinandın nigahı nəticəsində, 1479 – cu ildə hər iki krallığın birləşməsi baş verir. Yarımadada heç bir əhəmiyyətli rol oynamayan Navarra Araqon və Fransa arasında bölüşdürülür. 1492 – ci ildə Kastiliya və Araqon qoşunları Qranadanı da işğal edir bə Rekonkista başa çatır. Beləliklə XV əsrin sonunda vahid ispan dövləti yaranır.
Hələ XIII əsrin ortalarından İspaniyanın və Portuqaliyanın iqtisadiyyatında böhranlı vəziyyət müşahidə olunurdu. Xristian istilaları ərəb əhalisinin kütləvi şəkildə Qranada və Şimali Afrikaya köçməsinə səbəb olmuşdu; müsəlmanların ölkəni tərk etməsi Əndənusun yüksək inkişaf etmiş aqrar mədəniyyətini tənəzzül etdirməyə bilməzdi; şəhərlərdə də sənət də süqut edirdi. XIV əsrin ortalarında Avropanı və eləcədə yarımadanı bürümüş taun epidemiyası da əhalinin azalmasına gətirib çıxarmışdı. Kəndli təsərrüfatı və sənət istehsalı üçün sosial şərait yox idi. Şimal bölgələrin feodalları kəndlilərin istismarını gücləndirmişdilər, şəxsi asıllılıq rəsmi şəkil almışdı.
Kastiliya krallılığının kəndlilərinin də vəziyyəti ağırlaşmışdı, natural vergi normadan ağır idi. XIV əsrin əvvəllərində İspaniyada merinos qoyunlarının geniş yayılması feodalların icma torpaqlarını otlaqlara çevirmə cəhdlərini artırdı. Xammalın kütləvi ixracı isə yerli toxuculuğun mövqeyini zəiflədirdi.
Portuqaliyada bir qədər fərqli vəziyyət yaranmışdı. Aqrar məhsulun ixracı üzrə ixtisaslaşan liman şəhərlərin ətrafında taxılçılıq uğurla inkişaf edirdi. Kəndlilərin arasında təbəqələşmə artırdı.
XIV – XV əsrlərdə Kastiliya və Portuqaliyada varlı kəndlilərin və şəhərlilərin zadəgan statusu alması imkanı yoxa çıxır. Bundan bir qədər əvvəl isə — XIII – XIV əsrin hüdüdunda kənd və şəhər kabalyerosu xüsusi zümrə kimi aradan çıxır; onların yoxsullaşmış hissəsi xırda kəndlilər və yoxsul şəhərlilər təbəqəsinə daxil olur; qalanları isə idalqoya çevrilir və istehsal fəaliyyətindən ayrılır. Bu dövrün daha bir səciyyəvi cəhəti – ali zümrənin ( rikos – ombres və qrandların ) qapalılıq dərəcəsinin artması idi.
XIV – XV əsrlərdə Rekonkistanın dayanması zadəganların gəlirinin azalmasına səbəb olmuşdu; kralların apardığı mərkəzləşmə siyasəti həm feodalların, həm də şəhərlilərin kəskin etirazı ilə qarşılanırdı; müxtəlif əyan qruplaşmaları arasında siyasi nüfuz uğrunda rəqabət gedirdi. XIV – XV əsrlər əsil feodal anarxiyası dövrü idi. Kastiliyanın və Araqonun birləşməsi İspaniyada vəziyyəti bir qədər sabitləşdirdi. Ölkədəki vəziyyət ispan və portuqal monarxlarını XV – XVI əsrlərdə işğal siyasətini genişləndirməyə sövq edirdi.
Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında

0 şərh