Almaniya 16-17 əsrin birinci yarısında

  1. Almaniya Reformasiya ərəfəsində.
  2. Alman humanistləri.
  3. Martin Lüter və onun təlimi.
  4. Reformasiyanın radikal mərhələsi.
  5. Kəndli müharibəsi.
  6. Reformasiyadan sonrakı Almaniya.

1. Almaniya Reformasiya ərəfəsində.


XV və XVI əsrlərin hüdudunda alman torpaqları yenə Müqəddəs Roma imperiyasının tərkib hissəsi idi. Almaniyanın bu nəhəng siyasi təşkilatda rolu ilə əlaqədar 1486-cı ildə bu imperiya «Alman millətinin Müqəddəs Roma imperiyası» adlanmağa başlayır. Bu imperiyanın tərkibinə Almaniyadan başqa, müasir Niderland, Belçika, Lüksemburq, Avstriya, Çexiya, Burqundiya qraflığı, Şimali və Orta İtaliya daxil idi.
Almaniyanın başçısı kral idi və o, imperator da ola bilərdi. Öluə siyasi pərakəndəliyini saxlayırdı: XVI əsrin ilk onilliklərində Almaniyada imperator seçmək hüququ alan 7 knyaz – kurfust, 70 knyazlıq, 70 abbatlıq, 120 qraf, 65 şəhər var idi.
Almaniyanın özünəməxsusluğu knyazların siyasi möfqeyinin ikili xarakteri ilə bağlı idi: imperatora münasibətdə onlar zümrə kimi, öz xüsusi mülklərində isə silki-nümayəndəli orqanlara münasibətdə monarx kimi çıxış edirdi. Bu yerli orqanlar – landtaqlar qəti olaraq XVI əsrin əvvəlləri formalaşır. Almaniyada ümumimperiya mərkəzləşməsi zəif gedir, knyaz mərkəzləşməsi isə, əksinə, uğurla gedərək ölkənin siyasi pərəakəndəliyini gücləndirirdi.
XV əsrin son rübündən XVI əsrin ortalarınadək Almaniyada demoqrafik və təsərrüfat yüksəlişi gedir. 1348-ci il taun epidemiyasından sonra əhalisi kəskin sürtədə azalan Almaniyada XVI əsrin əvvələrinə doğru 12 mln., əsrin ortalarında isə – 14 mln. adam yaşayırdı. Ölkə aqrar olduğundan, əhalinin 90 %-i kənddə yaşayırdı.
Almaniyanın inkişaf etmiş iqtisadi sahələrindən biri dağ-mədən sənayeəsi idi. Burada 100 min nəfər Adam çalışırdı. XVI əsrin ortalarınadək Almaniya gümüş hasilatına görə Avropada I yeri tuturdu. Dəmir hasilatı və polad əridilməsi üzrə də Almaniya I yerdə idi. Alman poladəridənlərini başqa ölkələrə, o cümlədən İngiltərəyə dəvət edirdilər.
Almaniyanın toxuculuq sənayesində sex məhsulları ilə yanaşı, dağınıq manufakturalarda hazırlanan məhsullar da artır. Mahud və kətan istehsalı inkişaf edir. Hanza şəhərinin gəmiqayırma işində də manufakturalar meydana gəlir. XV əsrin ortalarında Almaniyada kitab çapının ixtirası bu sahədə uğurları artırır. Bu sahədə mərkəzləşdirilmiş manufaktura növündə iri tipoqrafiyalar meydana gəlir.
Ən böyük gəlir isə beynəlxalq ticarətdən gəlirdi. Ən böyük ticarət maqnatları – fuggerlər, Velzerlər və b. ədviyyat ixracı üzrə topdansatış ticarətə, maliyyə əməliyyatlarına, dağ-mədən sənayesinə kapital qoyur və ondan böyük gəlir götürürdülər.
Almaniyanın iqtisadi inkişafı ləng gedirdi. Ticarət yollarının və ənənəvi yarmarkaların olmasına baxmayaraq, Hanzaya daxil olan şimal ilə Almaniyanın ticarət-sənaye cənubu vazid bazarda birləşməmişdilər. Reynətrafı şəhərlər qonşu Niderlandla daha sıx iqtisadi əlaqələrə malik idi, nəinki ölkənin daxili vilayətlərilə.
Əmtəə-pul munasibətlərinin int intesivləşməsi ilə bağlı baş verən mürəkkəb proseslər al-man kəndinə də təsir edirdi, XVI əsrin ortalarınadək Elbadan şimal-şərqdəki torpaqlarda kəndlilərin çoxu şəxsən azad idi və yüngül mükəlləfiyyətlər daşıyırdı. Eyni zamanda qitədə tələbatın artması ilə Hanza şəhərlərinin taxılla ticarəti də artır. Yerli zadəganlar və-ziyyətin öz mənafeləri üçün istifadə edərək kəndliləri torpaqdan qovmaqla öz əkin sahəlri ge-nişləndirir və kəndliləri biyara məcbur edir. XVI əsrin II yarısında bu proses daha geniş vüsət alır.
Şimal-qərbdə, Reyn vadisində başqa vəziyyət idi: sahibkarlar torpağı kəndlilərə icarəyə verirdi, buna imkanı olmayan kəndlilər isə muzdura çevrilirdilər. Almaniyanın cənubunda və cənub-qərbində isə vəziyyət ağır idi: yerli ənənələr elə təşəkkül etmişdi ki, torpağı bölmək, girov qoymaq, satmaq olardı. Nəticədə kəndli torpaq payları tez-tez əldən-ələ keçirdi. Feodallar qısamüddətli icarədan istifadə edirdilər (bu onlara icarə şərtlərini dəyişməyə imkan veriridi). Cənubda feodallar kəndlilərin icma mülkiyyətinə – meşələrə, otlaqlara, su mənbələrinə də iddia etməyə başlayırdılar. Bu bölgədə vergilər də ağır idi.
Kəndlilərin vəziyyətinin ağırlaşması XV əsrin sonu – XVI əsrin əvvəllərində müxtəlif etiraz formalarına gətirib çıxarır. Bu dövrdə «Başmaq» gizli kəndli cəmiyyətinin fəaliyyətini bərpa olur. 1502, 1513 və 1517-ci illərdə cəmiyyətlər iğtişaşlar hazırlayır, lakin onların üstü açılır və yatırılır. Daha bir gizli kəndli ittifaqı «Fağır Konrad» adlı cəmiyyət Vürtemberqdə yaranır və 1514-cü ildə o, üsyan etməyə müyəssər olur. 1509-1514-cü illərdə Almaniyanın təxminən 30 şəhərini şəhərlilərin üsyanı bürüyür.
XVI əsr katolik kilsəsi üçün də böyük bir böhran dövrü olmuşdur. Zahirən kilsə həyatı Almaniyada sabit xarakter təsiri bağışlayırdı. Kilsə tikintisi böyük vüsət almışdı, müqəddəs torpaqlara ziyarət artmışdı. Dünyəvi knyazlar bir-birilə xristian titulları uğrunda rəqabət aparırdılar. Çoxlu sayda dini qardaşlıqlar peyda olmuşdu. Təkcə Köln şəhərində 20 kilsə, 30 monastır var idi. Almaniya torpaqlarının 1/3-i kilsəyə məxsus idi. Almaniyada kilsənin mövqeyi Avropanın digər ölkələrindən fərqli idi. Fransada 1516-cı il konkardatına görə, ali kilsə vəzifələrinə seçkiyə kral nəzarət edirdi və kilsə faktiki ondan asılı vəziyyətə düşmüşdü. İngiltərədə və İspaniyada da kilsənin maliyyə və nüfuz iddiaları kral hakimiyyəti tərəfindən məhdudlaşdırılmışdı. Almaniyada isə bu cəhd hələ XV əsrin sonu iflasa uğramışdı. Ölkə pərakəndə vəziyyətində olduğundan, kilsə burada böyük müqavimətə rast gəlmədi.

2. Alman humanistləri.


XVI əsrin əvvəllərində alman humanistləri kilsənin ənənəvi tənqidinə yeniliklər gətirərək onu yeni arqımentlərlə möhkəmləndirdilər. Onların içərisində Rotterdamlı Erazm və Ulrix fon Qutten xüsusilə seçilmişdir. Erazm (1469-1536) öz yaradıcılığında böyük əhəmiyyət verirdi. O, Evripidin, Demosfenin, Aristotelin, Siseronun, Senekanın əsərlərini latın dilinə tərcümə etmiş, eyni zamanda xristian müəllfilərini də dərc etdirmişdir. Əhdi-Cədidin Erazm tərəfindən yeni tərcüməsi də (yunandan latına) xeyli fərqli idi. Erazm mənasız, sxolastik mübahisələrin əleyhdarı olub praktik xeyirxahlığa üstün-lük verirdi. O, əmin idi ki, insan daha «təmiz və nəcib» ola bilər. Erazm xristianlıq haqqında primitiv təsəvvürləri, mövhümatı gülüş hədəfinə çevirir və onların din xadimləri arasında geniş yayıldığını göstərirdi. Erazm inanırdı ki, maarif yolu ilə insanların xeyirxahlığa cəlb etmək olar.
Kilsə xadimlərini və zahiri dindarlığı tənqid edən Erazm kilsə ehkamlarına toxunmurdu. Ulrix fon Qutten isə (1488-1523) Erazmdan irəli gedərək «qadağan olunmuş» mövzuya – Romanın Almaniyadakı siyasətinə müraciət edir. Onun bütün fikirləri milli-vətənpərvər ruhdadır. Putten insanın təfəkkürünü yüksək qiymətləndirərək söz azadlığı və dünyəvi mədəniyyətin kilsə senzurasından muxtariyyatını tələb edirdi. Qutten başda Roma papası olmaqla bütün kilsə iyerarxiyasına qarşı çıxırdı.
Reformasiyanın hazırlanmasında böyük rol oynamış humanistlər təkcə latın dilində yox, geniş kütlələr üçün alman dilində də yazırdılar.

3. Martin Lüter və onun təlimi.


«Kilsənin başdan-ayağa çürüməsi» haqqınad təsəvvürlərin geniş yayılması kilsədə dəyişikliklər etmək üçün real şərait yaradır. Reforma-siyanın başlanğıcı Vittenberq universitetinin professoru, teoloq Martin Lüterin (1483-1546) adı ilə bağlıdır. O, nəinki sxolastikanın və kilsə təşkilatının ənənəvi tənqidini davam etmiş, həm də katolik kilsəsinin əsas ehkamlarına öz yeni ideyaları ilə zərbə vurmuşdur. M.Lüter varlı burger ailəsində doğulmuş, Erfurt universitetini bitirmiş və ilahiyyat doktoru adı almışdı. Lüter kilsədəki nöqsanları aradan qaldırğama çalışırdı. Öz dini axtarışlarında Lüter «günahların yuyulması» ilə bağlı alverə etiraz edirdi. 1517-ci ilin oktyabrında Lüter indulgensiyaya qarşı 95 tezislə çıxış edir. Bu, Reformasiyanın I mərhələsinin (1517-1521) başlanğıcı olur. Lüterin sözləri və ideyaları Roma əleyhinə hərəkatın inkişafına böyük təkan verir. Öz tezislərində Lüter ruhaninin vasitəsilə insanın günahlarının yuyulması haqqında katolik ehkamını inkar edir. Allah qarşısında tövbə etmək yolu ilə insan onun rəhmini qazana bilər. Öz te-zislərin şərh edən Lüter yazırdı ki, indulgensiya satan satıcıların pul kisəsinə pul atmaqla cənnətə düşmək olmaz. Əksinə, «bu kisəyə pul düşən kimi, ruhanilərin acgözlüyü artar». Lüterin tezislərində ziddiyyətli fikirlər də var idi; lakin bu tezislərdə onun təliminin əsas maddələri öz əksini tapmışdır. Bu təlimdə «yalnız 3» adlı konsensiya mühüm yer tutur: insan yalnız inamla xilas ola bilər; inamı yalnız Allah mərhəmətilə qazanmaq olar; inam məsələlərində nüfuzlu mənbə yalnız Müqəddəs Kitabdır. Müqəddəs Kitabın papanın şərhinə ehtiyacı yoxdur.
Lüterin erkən teologiyası sistemləşdirilməmiş və ziddiyyətli olsa da, opponentlərinə qaşı mübarizədə sürətlə inkişaf edirdi. Bu təlim mömin və dindar icmaların kilsə iyerarxiyasından və papalıqdan müstəqil mövcud olma hüququnu təsdiqləyirdi. Məhz bu formada lüterçilik Avropa ölkələrində də yayılmağa başlayır. Lüter sonralar öz təlimində müəyyən dəyişikliklər etsə də, bu təlim ilkin formasında Reformasiyanın sonrakı gedişinə böyük təsir göstərmişdi.
1518-ci ilin fevralında Lüter 95 tezisinə şərh yazdı və burada, vicdan məsələləri istisna olmaqla, dindarları hakimiyyətə tabe olmağa çağırırdı. Digər bir teoloq Ekk bu tezislərə qarşı çıxır. Polemikada Lüter ilk dəfə alman dilindən istifadə edir və bildirir ki, kilsənin islahata ehtiyacı var. O, hesab edirdi ki, kilsə islahatı təkcə kardinallların və papaların işi deyil, onun nöqsanları hamı tərəfindən aıçq şəkildə müzakirə olunmalıdır. Lüterin bu ideyalarını təhlükəli hesab edən inkvizitorlar onu bidətçi elan etdilər. Kilsə instansiyalarında Lüter bildirirdi ki,xristian təlimi haqqında mübahisələrdə inkvizisiya tamamilə qeyri-məqbuldur, söz yalnız sözlə məğlub edilə bilər. Mübarizə vüsət aldıqca, bu mübarizədə insanın Allaha münasibəti məsələləri yox, kilsənin və papa hakimiyyətinin təşkili məsələləri önəmli olur. Lüterin çıxışlarının ictimai əks-sədası da artır. Reformasiya tarixində mühüm mərhələ 1519-cu ildə Leypsiqdə Ekklə Lüter arasında disput olur. Ekk təikd edirdi ki, Lüter Viklef və Qus kimi bidətçilərin yolu ilə gedir. Lüter cavab verirdi ki, Qusun təlimində xristian mənşəli ideyalar çox olmuşdur, kilsə isə ona qarşı yanlışlıqlara yol vermişdir.
1520-ci ilə özünü «Xristianlığın yaxşılaşdırılması üçün alman millətinin xristian zadəganlarına «adlı əsərində Lüter kilsə islahatının xüsusi proqramını təklif edir. İmperatora, knyazlara və zadəganlara müraciət edərək onları bu islahata rəhbərlik etməyə çağırır, çünki Roma könüllü bunu etməyəcək. Lüter göstərir ki, din xadimi – xüsusi bir adam deyil, sadəcə kilsədə vəzifədir. Lüter dünyəvi hüquqa üstünlük verir. O, kilsə mülkiyyətinin dünyəviləşdirilməsinə, monax ordenlərinin buraxılmasını, monastırlarda isə məktəb, yetimxana və xəstəxanalar təşkil olunmasını təklif edir.
«Kilsənin Babil əsarəti» əsərində Lüter kilsənin 7 dini ayinlərindən yalnız 2-ni: xaç suyuna salınma və yevxaristiya (təqdis) ayinini qəbul edir. Bundan sonra Lüterlə Roma arasında barış qeyri-mümkün olur. Yeni teologiya ictimai müxalifətin bayrağına çevrilir, xalq kütlələri onu qəbul edir. 1520-ci ilin iyununda papa X Leo verdiyi bullasında Lüteri kilsədən ayıracağı ilə hədələyir. Buna cavab olaraq Lüter «Xristianın azadlığı haqqında» əsərini dərc etdirir. Bu əsərində o, vicdan məsələlərində xristianın azad olduğunu və dünyəvi azadlıqlarında mövcud dünyəvi hakimiyyətin təminat verdiyini göstərir. Beləliklə, Lüter Reformasiyanın əsas məq-sədinin mövcud kilsə quruluşunun dəyişikliyi olduğunu və onun sosial-siyasi quruluşu dəyişməyəcəyini bildirir.
1520-ci ilin dekabrında papa bullası qüvvəyə minəndən sonra Lüterin kitablarının yandırılması başlayır. Buna cavab olaraq o, papanın bullasının nüsxələrindən birini açıq şəkildə yandırır. Lüterin bu hərəkəti onun Almaniyada nüfuzunu artırır. O, milli qəhrəmana çevrilir. Bir çox tipoqrafiya Lüterin kitablarını çap edərək geniş kütlələrə çatdırır. 1521-ci ilin yazında Lüter Vormsda reyxstaqa çağrılır. Güman olunurdu ki, o, burada yeni imperator V Karl Habsburq və imperiya zadəganları qarşısında öz təlimindən əl çəkməli olacaq. Bu, Romanın «bidətçini» tabe etdirməyin sonuncu cəhdi idi. Lüter ölüm hökmü təhlükəsi qarşısında belə təlimini inkar etməyi rədd etdi. İmperator Vorms ediktini təsdiq etdi və bu ediktə görə, bütün imperiya ərazisində yeni bidətin tərəfdarları təqib olunmalı idi. Bir çox yerlərdə ediktə əməl olunmurdu, bu isə vətəndaş itaətsizliyi demək idi. Sakson kurfyurstu Fridrixin göstərişi ilə Lüter gizli şəkildə təhlükəsiz yerə – Vartburqa gətirilir və burada Bibliyanı alman dilinə tərcümə etməyə başladı. Bu iş Reformasiyanın, alman dilinin və alman milli ədəbiyyatının inkişafında böyük rol oynamışdı.
1520-ci illərin əvvəlləri təkcə Reformasiyanın inkişafı yox, həm də hərəkatın daxilində ayrılıqlarının yaranması ilə də səciyyələnir. İsveçrədə Avropa Reformasiyasının II böyük mərkəzi meydana gəlir və bu hərəkatda ruhani Ulrix Svinqli böyük rol oynamışdır. Onun təlimi Lüterçiliyə oxşasa da, fərqli cəhətlərə də malik idi. Almaniyada Svikkaudan Vittenberqə köçüb gəlmiş təriqətçilər (onlara «Svikkau peyğəmbərləri» deyirdilər) bildirirdilər ki, onlar «daxili səs»lərinə qulaq asaraq Müqəddəs Ruhdan xəbər alırlar. Bu «peyğəmbərlər» İncilə əsaslanaraq uşaqların xaç suyuna salınmasını rədd edirdilər: xaç suyuna İsa peyğəmbər kimi, böyük olanda, şüurlu şəkildə salınmaq lazımdır. İkonalar qarşısında ibadəti isə «peyğəmbərlər» bütpərəstlik adlandırır.
Ruhi azadlığın «düzgün» şərh edilməməsindən qəzəblənən Lüter Vittenberqə qayıdır. 1522-ci ilin martında öz moizəsində o, hakimiyyətə tabe olmağın vacibliyi ideyasını təkrar əsaslandırdı və xristianları qiyamdan qaçmağa və qorunmağa çağırdı. Lüterin katolik rəqibləri ilə mübahisəsi davam etsə də, Reformasiya tərəfdarları ilə kəskin diskussiyalara da gedir. Bu isə Reformasiyanın II mərhələsi üçün (1521-ci ilin sonundan 1525-ci il Kəndli müharibəsinədək) səciyyəvi olan proses idi.

4. Reformasiyanın radikal mərhələsi.


Lüterin ən barışmaz apponentlərindən biri, onun keçmiş ardıcıllarından biri ruhani Tomas Münser (1489-1525) olmuşdur. O, Reformasiyanı kilsənin və dünyanın yeniləşdirilməsi kimi qəbul edirdi və hesab edirdi ki, İlahi hakimiyyət bərqərar olacaq, onun hakimiyyətindən başqaheç bir hakimiyyət olmayacaq. Lüterdən fərqli olaraq Münser Bibliyanın yeganə mənbə olduğunu hesab etmirdi. Onun fikrincə, insan öz «daxili səsi» ilə Allahı dərk edə bilər. Münserin təliminə görə, Tanrı Müqəddəs Kitabından sonra susmamışdır, insanlara ünsiyyətini davam edir. Lüter onun bu fikrini kinayə edib deyirdi: «Tanrı onu mələk bilib onunla danışır». Münser isə cavab verirdi ki, təkcə katolik ruhanilər yox, Lüter də Bibliyanı «ölü» hərflər kimi qəbul edir, çünki Tanrını dərk etmək qabiliyyəti ona verilməyib. Xalqı maarifləndirmək üçün, Tanrının sözünü insanlara çatdırmaq üçün Münser Almaniyada ilk dəfə dini ayini alman dilində etdi. O, «imanında yanılmayan» kəsləri sadə xalqda görürdü və deyirdi: «Mən xalqa şübhə etmirəm». Lüterdən fərqli olaraq Münser peyğəmbər Danielin dediklərinə əsaslanıb bildirirdi ki, tezliklə böyük dəyişiklik ola-caq və bütün hakimiyyət sadə xalqa veriləcək. Lüterin «yalançı din»ini ifşa edən Münser onu xalqı qəzəbləndirən səbəbləri gizlətməkdə günahlandırırdı. Bütün bədbəxtliklərin kökündə o, knyazları görürdü. Münser bildirirdi ki, hər gür zorakılığın əleyhinədir və ona görə də hakimləri xəbərdarlıq edir ki, xalqı öz düşmənlərinə çevirməsinlər. Lüter Münseri xalqı qiyama çağıran «Şeytan əməlli Ruh» adlandırdı. Reformasiyanın hər iki xadimi iki müxtəlif cərəyanın ifadəçisi idi. Onların hər biri çox mürəkkəb dini-fəlsəfi və eyni zamanda dünyəvi problemləri özündə cəm edən ideyalar irəli sürürdülər. Lüterçilik mötədil-mühafizəkar cərəyanın, digəri isə radikal cərəyanın əsasını təşkil edirdi. Lakin bu cərəyan yalnız 1525-ci il Kəndli Müharibəsi zamanı açıq sosial münaqişələr gedişində mükəmməl oldu.
Reformasiyanın ilk illərində bu hərəkatı öz maraqları üçün istifadə etmək cəhdini alman cəngavərləri etdi. Orta əsrlərlə müqayisədə cəngavərlərin mövqeyi xeyli dəyişmişdi. Onlar yenə də öz əsas vəzifələrini hərbi xidmətdə görürdülər, lakin odlu silahın, xüsusilə artilleriyanın inkişafı açıq silahlı cəngavər dəstələrinin əhəmiyyətini azaltmışdı. Əmtəə təsərrüfatının inkişafı cəngavərlərin iqtisadi mövqeyini də zəiflədir. Xüsusilə Cənub-Qərbi Almaniyada onlar kilsənin var-dövlətinə paxıllıq edirdilər.
Cəngavərlər yaranmış vəziyyətdən çıxış axtarmaq üçün «vahid cəbhədə» çıxış edirdilər. Onların məqsədi knyazlarla rəsmi hüquqi sazişə girmək, imperiyada öz siyasi statuslarını möhkəmləndirmək idi. Eyni zamanda cəngavərlər knyaz məhkəmələrindən, açıq rüsumlardan şikayətlənirdilər. Hüquqi saziş cəhdi bir neçə dəfə boşa çıxandan sonra ümumimperiya miq-yaslı ittifaq yaratması ideyası yayılır. Yuxarı Reynin cəngavərləri Frans fon Zikkingenin (1481-1523) başçılığı ilə bu ittifaqda birləşirlər. Cəngavərlərin birləşməsi ideyasının tətbiqində Ulrix fon Qutten də fəal rol oynayırdı. O, ümid edirdi ki, zadəganlar geniş müxalifətin özəyi olacaq və Almaniyada Romaya qarşı böyük dayaq kimi çıxış edəcək. Roma ağalığından xilas olmaq işində Reformasiyanın milli-vətənpərvər əhəmiyyətini dərk edən Qutten Lüterin fəal müdafiəçisi kimi çıxış edir. Quttenlə yaxınlaşan Zikkingen də Reformasiyanın tərəfdarı olduğunu bildirir. 1522-ci ilin avqustunda o, Almaniyanın ən iri knyazlığı – Trir kurfürlüyünə qarşı yürüş təşkil edir. Bu yürüş iştirakçıları bir tərəfdən, böyük bir knyazlığın dünyə-viləşdirilməsinə, digər tərəfdən, yerli cəngavərlərin kilsə ədliyyəsindən azad olacağına ümid edirdilər. Lakin Tririn müharibəsi uğursuz oldu. Arxiyepiskopun və knyazların ordusu 1523-cü ilin yazında Zikkingenin qalasını ələ keçirdilər, özünü isə öldürdülər. Qutten ağır xəstə halında İsveçrəyə qaçdı tezliklə orada vəfat etdi. Şvabiya ittifaqının qanunları Zikkingenin tərəfdarlarının qəsrini dağıtdı. Cəngavərlərin siyasi iddialarına bir neçə onillik son qoyuldu.

5. Kəndli müharibəsi.


Cəngavərlərin hərbi çıxışı Puttenin çağırışlarının əksinə olaraq şəhərlərin dayağını almadı. 1524-cü ilin iyununda Almaniyanın cənub-qərbində geniş vüsət almış kəndli iğtişaşları isə başqa miqyas aldı. Bu iğtişaşlar tezliklə Qərbi Avropanın ən iri kəndli üsyanına çevrildi. Üsyanın əsas rayonları Şvabiya, Frankoniya, Türingiya və Saksoniya idi. Üsyan hərəkatı qərbdə – Elzasda da yayılmışdı, şərqdə isə o, Zalsburq arxiyepiskopluğunda cəmlənmişdi. Kəndli müharibəsinin səbəbləri müxtəlif idi. İlk növbədə bu, kəndlilərin iqtisadi, sosial və hüquqi maraqlarının tapdanması ilə bağlı idi. Sosial etirazların əvvəlki formasından fərqli olaraq, indi kəndlilər «yeniliklər»ə qarşı çıxır, ənənələrə və İncilə qayıtmağı tələb edirdilər. Bütün kəndli üsyanları kimi, Almaniyadakı hərəkat da kortəbii idi, yerli maraqlar daha üstün idi. Bütövlükdə hərəkat ayrı-ayrı çıxışların məcmusu idi. Üsyan genişləndikcə, ona şəhər əhalisi və hətta bir qrup əyanlar da daxil olur. Kəndlilərin ilk çıxışı 1524-cü ilin yayında Yuxarı Reyn kəndlərindən birində baş verdi. Kəndlilər öz ağalarına yeni qaydada biyardan imtina etdilər. Tərslik edən sahibkarlar danışıqlara getmədilər və çıxışldar tezliklə Yuxarı Reynlə Dunay arasındakı torpaqları bürüdü. Kəndlilər biyardan tamamilə imtina edir, meşə və çaylardan sərbəst şəkildə istifadə etməyi tələb edir, monastırları dağıdırdılar. İlk kəndli dəstələri təşkil olunur. Bu dəstələrdən birinə hərbi işi yaxşı bilən Hans Müller komandir təyin edilir. 1524-cü ilin payızında o, 800 nəfərlik dəstəsi ilə Şvarsvaldın kəndlərinə yürüş təşkil edir və 4500 nəfərlik 3 silahlı dəstə yaradır.
1524-cü ilin dekabrında üsyançıların ilk cəhdi boşa çıxır: dəstələrdən biri ağır məğlubiyyətə uğrayır. Hakimiyyət vaxt udmaq məqsədilə dinc danışıqlar təklif edir. Şvabiyada onlar Şvab ittifaqının qoşunlarına ümid edirdi. Lakin ittifaqın əsas dəstələri İtaliyada imperatorun tərəfində Fransa ilə müharibə aparırdı. İttifaq qouşnlarına Georq fon Valdburq komandanlıq edirdi. 1525-ci ilin əvvəllərində hərəkat yeni mərhələsinə daxil olur. Marta doğru Şvabiyada 6 iri silahlı dəstə var idi və 40 minədək adamı əhatə edirdi. İndi daha qəti addım atmaq – vahid hərəkətlərə keçmək lazım idi. Bu məqsədlə 6-7 martda dəstə başçıları Memmingendə yığışır. Bundan bir qədər əvvəl, dəstə başçılarından biri Ulrix Şmidt zorakılığa qarşı çıxaraq əsas şikayətləri və tələbələri hazırlamaq qərarına gəlir. Şappeler və Lütser adlı ruhanilərlə birgə o, Kəndil müharibəsini əsas proqram sənədini – «12 maddə»ni hazırlayır. 1525-ci il 19 martda bu maddələr çap olunur və yayılır.
Qalaları, qəsrləri və monastırları hücuma alan, talan edən üsyançılardan fərqli olaraq, «12 maddə» tərəfdarları dinc mübarizədən istifadə etməyi üstün tuturdular. Maddələrdə tez-tez İncilə müraciət olunur, iqtibas verili rvə göstərilirdi ki, kəndlilər qiyamçı deyillər. Proqramın I maddəsində Reformasiya ideyalarının təsiri altında ruhaninin icma tərəfindən seçilməsi tələb olunurdu. Daha sonra göstərilirdi ki, kəndlilər ona bu xidmət müqabilində 1/10 vergisi ödəməyə hazırdırlar. «12 maddə»də kəndlilərin şəxsi asılılığının ləğv edilməsi də tələb edilirdi. Maddələrdə ələ keçirilmiş torpaqların, meş əvə çəmənliklərin geri qaytarılması, biyar və mükəlləfiyyətlərin ləğvi tələbləri də var idi.
Üsyançıların müxtəlif qrupları «12 maddə» proqramını müxtəlif şəkildə qarşıladılar. Bəziləri üçün bu, xilas yolu idi. Radikallar üçün çox mötədil proqram idi. Memminim müşavirəsində 3 dəstə «12 maddə»ni qəbul etdi və «Xristian birliyi»ni təşkil etdilər. Birlik Şvabiya ittifaqı ilə danışıqlara başladı və bu tərəflər arasında barışıq imzalandı.
Kəndli problemlərinin yalnız hüquqi həlli və barışıq xətti üsyançıların heç də hamısını təmin etmirdi. Hər bir dəstə müstəqil hərəkət edirdi. 1525-ci martın sonu – aprelin əvvəlləri monastır və qəsrlərin hücumla alınması başlayır. Dəstələrdən birinin komandanı bir neçə katolik ruhanisinin və əyanın edam edilməsi əmri verir. Mötədil rəhbərlər, o cümlədən Ulrix Şmidt vəziyyətə nəzarəti itirir. Barışığın pozulmasından istifadə edən Şvabiya ittifaqının komandiri də hərbi əməliyyatlara başladı. Valdburqun komandanlığı altında 1500 süvari, 7 min piyada və 18 top var idi. Leypgeymdə kəndlilərə gözlənilməz zərbə vuran Valdburq I böyük qələbəsini qazanır. Minədək kəndli bu döyüşdə həlak olur, 4 mini isə əsir düşür.
Şvabiya ittifaqı diplomatik vasitələrdən də bacarıqla istifadə edirdi. Bəzi şəhərlərin vasitəçiliyi ilə Şvabiya ittifaqı 17 apreldə Veynqartendə kəndli dəstələrindən biri ilə sülh bağlayır. Üsyançılar onların tələblərinə baxılacağı şərtilə tabe olmağa söz verirdilər. Veynqarten müqaviləsi Şvabiya ittifaqının qoşunlarına Frankoniyaya hərəkət etməyə imkan verir. Lüter müqaviləni «Tanrının mərhəməti» kimi alqışlayır.
1525-ci ildə Frankoniyada başlayan kəndli hərəkatı sürətlə artırdı. Burada da bir neçə üsyançı dəstə təşkil olunur, qəsr və monastırların yandırılması halları baş verir. Kəndlilərə qarşı şəxsən vuruşan qraf Lüdviq fon Helfenştyenin edamı xəbəri isə bütün Almaniyada yayılır. Üsyançılar çox vaxt əhalini onlara kömək etməyə məcbur edirdilər. Onların bu mübarizə metodları öz əksini 1525-ci ildə anonim müəllif tərəfindən tərtib edilmiş «Maddələr məktubu»nda tapmışdır. Müəllif sadə adamları azad etmək üçün «xristian birlikləri» yaratmağı təklif edirdi. Bu birliyə daxil olmayanlar vəziyyətdən təcrid olunmalı idi. Hakimiyyət xalqa keçməli və rəqiblərilə nə cür rəftar etməyi özləri həll etməlidir. «Maddələr məktubu»nda kompromislərdən və danışıqlardan söhbət belə getmirdi. Şəhərlərlə zəngin Flankoniyada üçyançılara əsasən yarımaqrar tipli kiçik şəhərlər kömək edirdi. Çoxsaylı cəngavərlərdən bəziləri bu dəstələrə bahçılıq edirdi. Lakin müflisləşmiş zadəgan Geyer kəndlilərə səmimi yardım edirdisə, cəngavər Berlixingen («Dəmir əl»ləqəbli) sonralar özü də etiraf etmişdi ki, «üsyançıları» ağılsız hərəkətlərdən saxlamaq üçün dəstə komandiri olmuşdu.
Şvabiyada olduğu kimi Frankoniyada da kəndlilər pərakəndə çıxış edirdilər. Lakin bir müddət sonra onlar birgə hərəkət etmək üçün proqram hazırlamaq qərarına gəldilər. Geylbronda 1525-ci ilin mayında kəndli dəstələrinin qurultayını çağırmaq qərara alındı. Lakin Şvabiya ittifaqının yaxınlaşması xəbəri bu qurultayı təxirə saldı. Dəftərxana müdiri Hünler və keçmiş şəhər xəzinədarı Veyhand tərəfindən hazırlanmış «Geylbronn proqramı» elə layihə şəklində qaldı. Layihənin əsas məqsədi – imperatorun mərkəzi hakimiyyətini gücləndirmək idi. Proqramma görə, kilsənin əmlakı dünyəviləşdirilməli, bu fonddan cəngavərlərə torpaq payı verilməli idi. Kəndlilərə isə proqram şəxsi azadlıq və mükəlləfiyyətlərin ləğvini vəd edirdi. Şəhərlilər üçün layihə vahid ölçü, çəki və pul sisteminin tətbiqini, daxili gömrüklərin ləğvini, seçkili məhkəmə vəd edirdi. Proqram utopiya olaraq qaldı.
Şvabiya ittifaqının qoşunları Frankoniya dəstələrini bir-bir məblub edə bildi. Daha sonra ittifaq qoşunları Şvabiyaya gələrək Veynqarten müqaviləsinə əməl edən kəndlilərin özünün köməyi qiyamçıları cəzalandırdı.
Orta Almaniyada üsyan Türingiya və Saksoniyada geniş vüsət aldı. Burada da kəndli dəstələri qəsrləri və monastırları ələ keçirir və şəhərlərlə ittifaqa və ya münaqişəyə girirdi. Bu hərəkatda T.Münser əhəmiyyətli rol oynayırdı. 1525-ci ilin fevralından Münserin olduğu Mülhauzen şəhəri Kəndli müharibəsinin əsas mərkəzinə çevrilir. Şəhərin magistratı Münserin və digər islahatçı Pfeyfferin təsiri altında idi, baxmayaraq ki, Münser ilə Pfeyffer arasında tam razılıq mövcud deyildi. Kəndli müharibəsinin ümumi əhval-ruhiyyəsi Münserin daha da radikallaşmasına gətirib çıxarır. O, nəinki kəndliləri, şəhərliləri, dağ-mədən işçilərini də birləşməyə çağırır. Üsyançıların ən iri hərbi düşərgəsi Türingiyada – Frangenhauzendə təşkil olunur. Münser özü də 300 nəfərlik dəstə ilə oraya gəlir. Knyaz qoşunları üsyançılara qarşı artilleriyadan istifadə edir: 5 minədək üsyançı həlak olur, 600-ü əsir alınır. Münser özü də ələ keçirilərək ağır işgəncələrə məruz qalır və edam olunur. Pfeyffer də edam olunur. Türingiya üsyaın sona yetir. Artıq 1525-ci ilin yayına doğru Kəndli müharibəsinin əsas rayonları Şvabiya ittifaqının və knyazların qoşunları tərəfindən məğlub edilmişdi. Üsyanın son qığılcımları 1525-ci ilin dekabrında yatırılır. Təkcə Elzasda 8 min adam həlak olmuşdu.
Kəndli müharibəsi başa çatandan sonra Almaniyanın cənub-qərbində kənlilərin və dağ-mədən fəhlələrinin üsyanı baş verir (Tirolda). Üsyançılar qəsrləri və monastırları dağıdır. Hərəkatın başında isə arxiyepiskopun keçmiş katibi Qaysmayer dururdu.1526-cı ilin əvvəllərində o, Türol üçün mühüm dəyişikliklər proqramı – «İdarəçilik quruluşu» proqramını hazırlayır. Bu proqramda respublika qaydalarının bərqərar edilməsi nəzərdə tutulmuşdu. Ölkədə bərabərlik hökm sürməli idi. Lakin bu proqramda real planlar utopiya ilə çulğaşmışdı və layihə olaraq qaldı. Üsyan Şvabiya ittifaqı tərəfindən yatırılır, Qaysmayer Venesiyaya qaçır, lakin xüsusi qatillər tərəfindən öldürülür.
Beləliklə, Almaniyada Kəndli müharibəsi məğlub olur. Şvabiya ittifaqının qoşunları kəndlilərin sonuncu dəstələrini darmadağın etdiyi bir vaxtda M.Lüterin «Quldur və talançı kəndlilər əleyhinə» adlı əsəri dərc olunur. Bu pamfletdə Lüter qiyamı lənətləyir və qiyamçıları «qudurmuş it kimi baltalamağa» çağırırdı. Kəndli müharibəsinin məğlub olması Lüter Reformasiyasının knyazlarla qarşılıqlı əlaqəsini gücləndirir. Knyaz hakimiyyəti özü də möhkəmlənir. Kəndli icmalarının siyasi əhəmiyyəti aşağı düşür. Hərçənd ki, bəzi rayonlarda knyazlar sosial kəskinliyiy azaltmaq üçün «12 maddə» proqramının qismən yerinə yetirməli olmuşdular.
Kəndli müharibəsini doğurmuş əsas ictimai ziddiyyətlər onun məğlub olmasından sonra da müxalif qruplar üçün zəmin olaraq qalırdı. Hakimiyyətin terrorçu tədbirləri, kilsə, məktəblər üzərində nəzarətin gücləndirilməsi mövcud qaydaları dəyişdirmək cəhdlərinə son qoymadı.belə bir şəraitndə Reformasiyanın radikal cərəyanı bir neçə qrupa ayrılır. Bu təriqətçi qruplar nəinki başqa təriqətlərə, hətta özlərinə qarşı da dözülməz idilər. Eyni zamanda bu mübarizədə zorakılıq metodlarından imtina edilməsi və yalınz özünümüdafiə üçün bu metodlara əl atılması ideyası da geniş yayılır. Xüsusilə bu meyl anabaptist hərəkatında aydın nəzərə çarpır. Bu təriqət Mərkəzi Avropada, Qərbi Almaniyada və Niderlandda geniş yayılmışdı. Anabaptistlər dinc mübarizəyə üstünlük versələr də, onların bir qismi inanırdı ki, Tanrının hakimiyyəti yalnız mömünlərin özünün köməyilə qurula bilər. Anabaptistlərin bu qruppu üçün 1534-cü ildə Münserdə baş verən hadisələr açıq çıxış etməyə imkan yaratdı.
Münsterdə Reformasiya hərəkatı gedişində şəhərin yepiskopu şəhərdən qovulur. Bundan sonra şəhərə anabaptistlər axışıb gəlməyə başlayır. 1534-cü ilin fevralında onlar magistratda çoxluq qazanır, onların içərisində Jan Matis və Leydenli Jan xüsusilə seçilirdi. Şəhər «Yeni Yerusəlim» adlandırılır və bu «Tanrı şahlığı» 14 ay, 1535-ci ilin iyununadək davam edir. Yepiskopun muzdlu qoşunu şəhəri mühasirəyə alır. Şəhərlilər Leydenli Janı şah elan edir. Mahiyyət etibarilə bu, teokratik bir rejim idi. Münsterin «şahı» şəhəri qəddarlıqla idarə edirdi. Şəhər hücumla alınandan sonra onun rəhbərləri edam edilir.

6. Reformasiyadan sonrakı Almaniya.


1526-cı ildə Almaniyada Reformasiyanın inkişafında yeni dönüş baş verir. Reyxstaqın qərarı ilə imperiya məmurlarına icazə verilir ki, ümumi dini yığıncaq keçirilənədək dini məsələlərdə onlar «özlərini yalnız Tanrı və imperator qarşısında məsul bilib» hərəkat etməlidirlər. Beləliklə, Lüterçiliyə qarşı verilmiş 1521-ci il edikti qüvvəsini itirir. Qeyri-katolik knyazlar bundan istifadə edib mövqelərini möhkəmlədir. Bu torpaqlarda məktəblər və kilsə qurumları dəyişdirilir, kilsə yoxlamaları keçirilir.
İlk kilsə yoxlaması 1526-cı ildə Saksoniyada keçirilir. Bu yoxlama ilahiyyatçıların və hüquqşünasların birgə komissiyasına tapşırılır. Onlar kilsə əmlakını inventarizə edir, ruhanilərin və müəllimlərin dini mövqeyilə maraqlanır. Yoxlama iştirakçıları adamların dini məsələlərə biganə olduğu, ruhanilərin isə dini savadının kifayət qədər olmadığını bildirir. Bu yoxlamalarla eyni vaxtda hakimiyyət tərəfindən kilsə əmlakının dünyəviləşdirilməsi də baş verir. Bu əmlakın bir hissəsi zadəganların əlinə keçir, digər hissəsi isə məktəb və universitetlərin təmin edilməsinə sərf olunur.knyaz hakimiyyəti Saksoniyada güclənir.
Hakimiyyətin bu tədbirləri katoliklərin narazılığına səbəb olur. 1529-cu ildə Reyxstaqda katoliklərin təzyiqi ilə imperator V Karl 1521-ci il Voris ediktinə ciddi əməl olunmasını tələb edir. Buna cavab olaraq 5 knyazlıq və 14 şəhər kəskin etirazını bildirir. Bu zamandan etibarən Reformasiya tərəfdarları protestant (protest-etiraz) adını alır. 1530-cu ildə Ausburq Reyxstaqında katoliklərlə protestantlar arasında danışıqlar yolu ilə razılıq əldə etməyə cəhd olunur. Rəsmi şəkildə bidətçi elan olunmuş Lüter iştirak edə bilməzdi. Vittenberq tərəfindən bu danşıqlar Melanxtona tapşırılır. Özünün «Ausburq dini etiqadı» əsərində Melanxton lüterçiliyin sistemli şəkildə mahiyyətini izah edir, onun katoliklikdən prinsipial fərqlərini göstərir. Svinqli də öz növbəsində dini etiqad variantını hazırlayıb göndərir.
Katoliklərin tərəfində Lüterin köhnə əleyhdarı Ekk çıxış edir. O, protestantların bidətçi, yanlış fikirlərinin nəhəng siyahısını hazırlayır. Ekkə dayaqlanan katoliklər dünyəviləşmənin ləğv edilməsini, kilsənin əvvəlki mövqeyinin bərpasını tələb edir. Danışıqlar boşa çıxır. 1530-cu il Ausburq reyxstaqı xristian kilsəsinin islah edilməsi ilə bağlı protestantların təklifini rədd edir və protestantları imperator məhkəməsinə cəlb etməyi tələb edir. Buna cavab olaraq Saksoniya kürfürlüyü və Gessen landqarfı başda olmaqla protestant knyazları və şəhərləri 1531-ci ildə Şmalkalden şəhərində hərbi-siyasi ittifaq bağlayır. Lakin bu ittifaqda vəhdət yox idi, xüsusilə lüterçilərlə Svinqli tərəfdarları arasında ziddiyyətlər güclü idi.
1546-cı ildə fransız kralı I Fransisklə çülh bağlayandan sonra, imperator V Karl Şmalkalden ittifaqına qarşı müharibəyə başlamaq qərarına gəlir. İtaliyadan Almaniyaya 40 min muzdlu ispan əsgəri gətirilir. İmperatorun müttəfiqi isə lüterçi Sakson hersoqu Moris idi (protestantlar V Karlın tərəfində çıxış etdiyinə görə ona İuda adı vermişdilər). 1547-ci il 24 apreldə Mülberq yaxınlığında imperiya qoşunları tam qələbə qazanır. Protestant ittifaqı buraxılır, Vittenberq Karlın qoşunları tərəfindən ələ keçirilir. Protestant liderlərin çoxu ölkədə qalmalı olur. Bu vəziyyətdən razı qalan katoliklər eyni zamanda imperatorun güclənməsindən narahat olurdular. Hersoq Moris bu şəraitdən istifadə etmək qərarına gəlir. Öz mövqeyini kəskin dəyişən Moris antihabsburq qüvvələrinə başçılıq edir və Fransadan subsidiya almaq vədi də alır. 1552-ci ildə knyazlar gözlənilmədən imperatorun üzərinə hücum edir, imperator İnsburqdakı iqamətgahından qaçmalı olur, fransızlar isə Lotaringiyanı işğal edir. V Karlın qardaşı Ferdinandın iştirakı ilə uzun danışıqlardan sonra, 1555-ci ildə reyxstaqda Ausburq dini sülhü bağlanır. Bu müqavilə Almaniyada real qüvvələr nisbətini göstərir: cəngavər qüvvələrin dağıdılması, kəndli müharibəsinin yatırılması knyazların və imperatorun mövqeyini gücləndirmişdi. Ausburq sülhü hüquqi qaydada katoliklərin və lüterçilərin bərabərliyini elan edir. Svinqli tərəfdarlarının, kalvinçilərin, anabaptistlərin isə hüquqları isə yenə tanınmır. Almaniyada 2 müxtəlif etiqadlı knyazlıqlar qrupunun – katoliklərin (Avstriya torpaqları, Bavariya, Frankoniya, Elzas) və protestantların (Saksoniya, Brandenburq, Vürtemberq, Gessen, Şimali Almaniya knyazlıqları) müvəqqəti rəqabət dövrü bərqərar olur.
V Karlın siyasəti iflasa uğrayır. Ölkəni mərkəzləşdirmək əvəzinə, o, ölkənin pərakəndəliyi yolunda yeni addım atmış oldu. Bu uğursuzluq nəticəsində Karl taxt-tacdan imtina etdi. Onun mülkləri oğlu II Filipp (İspaniya kralı) və qardaşı yeni imperator I Ferdinand arasında bölünür. Ausburq sülhü ilə Avropada Kontrreformasiya dövrü başlayır: Almaniyada bu, 1555-ci ildən 1618-ci il 30-illik müharibəyədək davam edir.


Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında

0 şərh