İngiltərə XVI-XVII əsrin birinci yarısında

  1. Sənaye inkişafı.
  2. Aqrar inkişaf.
  3. Aqrar çevrilişin başlanması. Tüdorların işçi qanunvericiliyi.
  4. İngiltərədə mütləqiyyətin təşəkkülü.
  5. Kral reformasiyası.   
  6. Mariya Tüdorun əksreformasiyası.
  7. Yelizaveta Tüdorun dini nizamlama siyasəti.
  8. Radikal reformasiya.
  9. Yelizaveta Tüdorun iqtisadi siyasəti.
  10. Yelizaveta Tüdorun xarici siyasəti.
 

1. Sənaye inkişafı.


Bütün XVI əsr boyu İngiltərədə əhalinin sabit artımı baş verir. Xüsusilə şəhər əhalisi artırdı. London Avropanın meqapolislərindən birinə çevrilmişdi, onun əhalisi XVII əsrin ortalarına doğru 500 minə çatırdı. Birmingem, Mançester, York, Qloster iri ticarət və sənətkarlıq mərkəzləri idi.
XVII əsrin I yarısında ingilis iqtisadiyyatının yüksəlişinə təkan verən amilllərdən biri – daxili bazarın mövcud olması idi. İngilis istehsalının başlıca sahəsi mahudçuluq idi. Milli ixracın təx. 80 %-ni mahud təşkil edirdi. Toxuculuq texnikasında əhəmiyyətli irəliləyişlər baş vermişdi. İstehsal olunan parçaların növləri də genişlənmişdi və müxtəlif bazarların tələbatını ödəməyə xidmət edirdi; məs., təkcə mahudun 14 əsas növünün adı mənbələrdə çəkilir. Fransadan və Niderlanddan olan mühacir-sənətkarlar İngiltərədə ipək parça istehsalının əsasını qoymuşdular.
Manufakturaların meydana gəlməsi də toxuculuq istehsalının yüksəlişini doğururdu. Artıq XV əsrin sonu iri mərkəzləşmiş manufakturalar yaranır. İşçi qüvvəsi əsasən şəhərə köçən kəndlilərdən, qadınlardan və müflisləşmiş sənətkarlardan yığılırdı. Xammalın qiymətinin qalxması sənətkarların müflisləşməsini sürətləndirirdi.
XVI əsrin ortalarından etibarən dağ-mədən sənayesində və metaləritmədə də yüksəliş nəzərə çarpır. Tacirlərin, varlı şəhərlilərin və zadəganların böyük bir hissəsi öz kapitalını məhz bu sahələrə qoyurdu. Əsrin sonuna doğru İngiltərə Avropa ölkələrinə ən iri ixracatçısına çevrilir. Dəmir və polad keyfiyyətinin artması nəticəsində ölkə odlu silah istehsalının da böyük ixracatçısı olur. Bütün bu sahələrdə manufaktura geniş yayılır. Metallurgiyanın artan tələbatı İngiltərədə domna peçlərində daş kömürün geniş istifadəsinə gətiribi çıxarır.
İngilis gəmiqayırma işi böyük uğurlar qazanır. Hərbi və ticarət gəmilərinin keyfiyyəti İngiltərəni iri dəniz dövlətlərindən birinə çevirir.
İngilis istehsalındakı mühüm yeniliklər ticarətin xarakterində də əks olunur. Əgər XV əsrdə ingilislər yun və emal olunmamış mahud ixrac edirdisə, XVI əsrdə bu, artıq yüksək keyfiyyətli emal olunmuş mahud ixracı idi. İngilis metalının əsas alıcıları Fransa, Aralıq dənizi ölkələri, odlu silah alıcıları isə – İspaniya və onun müstəmləkələri idi.
İngilis kompaniyaları içərisində səhmdar cəmiyyətlər meydana gəlir. Bu kompaniyalarda payçılar öz vəsaitlərini birləşdirir, mal alır, gəmilər yola salır, daha sonra qazanılmış kapitalı bölürdülər.
Ticarət kapitalı əsasən səhmdarlıq və bank işi sahələrinə qoyulurdu. Ən mühüm maliyyə əməliyyataları Londonda həyata keçirilirdi, birja və iri bank idarələri də Londonda idi. Bundan əlavə, ticarət kapitalı kənd təsərrüfatına da nüfuz edirdi.

2. Aqrar inkişaf.


İngilis iqtisadiyyatının daha bir xüsusiyyəti erkən kapitalist münasibətlərinin təkcə şəhərdə yox, kənddə də yaranması idi. «Yeni zadəganlar» — orta və xırda centrilər bazarla sıx bağlı idilər və iqtisadi şəraiti öz məqsədləri üçün istifadə edirdilər. Lakin torpaqların böyük bir hissəsi kəndlilərə paylanmışdı; onlar bu pay torpaqları əvəzində lendlordlara pur rentası ödəyirdilər. Lendlordlar tədricən onları bu torpaqlardan sıxışdırmaq üçün rentası artırırdılar. Boşalmış sahələri lendlordlar qısamüddətli icarəyə verirdi. Bəzən centrilər ticarət kompaniyalarının payçılarına çevrilirdi və onda bütün proses – qoyun artırılması, mahud istehsalı və satışı onların nəzarəti altına düşürdü.
Əmtəə-pul münasibətlərinin təsiri altında ingilis kəndinin sosial strukturu də dəyişir: kəndli icmaları dağılır. Bir tərəfdən, torpaqsız və aztorpaqlı kəndlilərin sayı artır, digər tərəfdən, azsaylı, lakin möhkəm mövqeli kəndli təbəqəsi yaranır. Varlanmış kəndlilər icma torpaqlarını tutur, bunun üçün alqı, icarə və mübadilədən istifadə edirdi. Bu proses «fermaların yığılması» adlanırdı. İri kəndlilər çox vaxt lendlorların torpaqlarında fermerə çevrilirdilər. Fermer təsərrüfat fəaliyyətinin təşkilatçısı kimi çıxış edirdi, torpağın mülkiyyətçisi isə «rantye»yə çevrilirdi. Onun aldığı icarə haqqı artıq renta yox, kapitalist-sahibkarın gəlirinin bir hissəsi idi. Bu, artıq yeni bir təsərrüfat sistemi idi və muzdlu əməyə əsaslanırdı.

3. Aqrar çevrilişin başlanması. Tüdorların işçi qanunvericiliyi. 


Qoyunçuluğun və yun ticarətinin iqtisadi sərfəliliyi artıq XV əsrin sahibkarlarına məlum idi, amma ölkədə tolaqlar çatışmırdı. Belə şəraitdə ingilis zadəganları kəndlilərin hüquqlarını açıq-aşkar tapdalayır, icma torpaqlarını və təsərrüfatlarını çəpərləyərək ələ keçirirdilər: bu sahələrdə ot becərir və onları qoyunlar üçün otlağa çevirirdilər. VIII Henrinin kansleri yazıcı-humanist T.Mor bununla bağlı yazırdı ki, İngiltərədə «qoyunlar insanları yemişlər».
«Çəpərləmə» və ya «konversiya»nın miqyası o qədər artır ki, əvvəllər taxıl ixracatçısı olan İngiltərə indi onu xaricdən idxal etməli olurdu. Torpaq bazarı bunu dərhal hiss etdi və lendlordların bir hissəsi intensiv əkinçiliyə keçir və böyük gəlir əldə edir.
XVI əsrdə manufaktura müəssisələri və fermer təsərrüfatları torpaq sahələrindən qovulmuş kəndlilərin hamısını işlə təmin edə bilmədiyindən, İngiltərədə işsizlər və dilənçilər kütləsi yaranır. Tüdorlar onlara qəddar qanunlar verməyə başlayır. VIII Henri yalnız qoca və xəstələrə dilənçilik etməyə icazə verir, əmək qabiliyyəti olan səfilləri isə qamçılamaq və iş tapacaqları haqqında onlardan vəd almalarını əmr edir. Əgər pauper II dəfə ələ keçirilsəydi, qulağı kəsilir, III dəfə isə edam olunurdu. 1547-ci ildə kral VI Eduard (1547-1553) işdən qaçan adamın onun səfil olduğunu sübut edən kölə olaraq verilməsi haqqında qərar verir. Sahibkar səfil-köləni sata və ya irsən keçirə bilərdi.
Bu «qanlı qanunlar» sənayedə və kənd təsərrüfatında ucuz işçi qüvəsi yaratmalı, qiyamların qarşısını almalı idi.
«Qiymətlər inqilabı» fəhlələrin real əmək haqqını aşağı salır, sənətkarların xırda əmtəə təsərrüfatlarının dağılması ilə onları işçi qüvvələrini ucuz qiymətə satmağa məcbur edirdi. Fəhlələrin əmək haqqları, krar qanunları ilə də aşağı salınırdı. 1563-cü ildə I Yelizaveta (1558-1603) tərəfindən verilmiş statusa görə, 20 yaşından 60 yaşınadək hər bir kəs ona təklif olunan işlə razılaşmalı idi. İş günü isə səhərdən gecə düşənədək müəyyən olunurdu. Əmək haqqının həcmini isə qraflıqlarda dünyəvi hakimlər müəyyən etməli idi.
İngiltərədə manufaktura fəhlələririnin əmək haqqı günə 1 neçə pens di. İri manufakturalarda qadın və uşaq əməyindən istifadə olunurdu. Kənddə fermerlər öz təsərrüfatlarındakı məhsulun qiymətini qaldırır və lendlordlara ödədikləri rentanın bir hissəsini muzdluların üzərinə qoyurdu. Bütün bunlar ona gətirib çıxarır ki, 1600-cü ildə fəhlələrin real əmək haqqı 1500-cü ildəki əmək haqqının 47%-ni təşkil edirdi.

4. İngiltərədə mütləqiyyətin təşəkkülü.


İngiltərə mütləq monarxiyasının bərqərar olması və yüksəlişi Tüdorların sülaləsi ilə (1485-1603) sıx bağlıdır. Ağ və Al qızılgül müharibələri başa çatandan sonra yeni sülalənin banisi qraf Riçmond VII Henri kimi taxta çıxdı. VII Henri aristokrat ailələrin qarşıdurmasına son qoydu, tabe olmaq istəməyən ailələri isə məhv etdi. Müsadirə etdiyi torpaqları və qiyamçıların əmlakını isə o, dövlət xəzinəsinə keçirdi. Nəticədə VII Henri Avropanın ən varlı monarxına çevrildi. Onun mərkəzləşmə siyasətini ingilis cəmiyyətinin ən geniş kütlələri, o cümlədən parlament dəstəkləyirdi. Aristokratiya arasında güclü dayaq tapmaq üçün VII Henri öz tərəfdarlarına titul və torpaq paylamağa başlayır. Onun sarayı orta və xırda zadəganların cəmləndiyi mərkəzə çevrilir.
Atasının mərkəzləşdirmə siyasətini VIII Henri davam edir. Bu kral dövrünün yüksək təhsil görmüş və mesenat bir adam idi və ingilis humanistlərində bu, böyük ümidlər yaradır. Onu çox vaxt İngiltərənin «renessans» hökmdarı adlandırırlar. VIII Henrinin dövründə onun kansleri T.Kromvelin fəal iştirakı ilə dövlət idarəçiliyində mühüm islahatlar keçirilir. Gizli Şura baş inzibati orqana çevrilir. Şuranın fəaliyyət dairəsi qeyri-məhdud idi: o, xarici və daxili siyasi xətti müəyyən edir, maliyyə və müdafiə işlərinə nəzarət edirdi. Şurada əsas yeri saray nazirləri yox, lord-kansler, lord-xəzinədar, dövlət katibi, lord-admiral və marşal tuturdu. Bütün XVI əsr boyu dövlət katibi vəzifəsi yüksəliş dövrünü keçirirdi: əvvəllər monarxın şəxsi katibi olan bu vəzifəli şəxs tədricən kəşfiyyata və diplomatik idarəyə başçılıq etməyə başlayır.
Tüdorlar monarxiyasının möhkəmləndirilməsində məhkəmə sisteminin inkişafı mühüm rol oynayır. Yerli maqnatların şəxsi ədliyyəsi qəti şəkildə ləğv olunur və mərkəhi məhkəmələr əsas rol oynayır. İngilis bürokratiyasının səciyyəvi cəhəti onda idi ki, o, qapalı kastaya çevrilir və yerli zadəganlarla sıx iqtisadi əlaqələr saxlayır.
İngiltərənin ada vəziyyəti Tüdorların diqqətini ordudan çox donanmaya çəkir. «İngiltərənin taxta divarları» adlandırılan kral donanması VII Henrinin və VIII Henrinin aktları gəmiqayırma işini də inkişaf etdirirdi.

5. Kral reformasiyası.


İngiltərədə mütləqiyyətin möhkəmləndirilməsində mühüm addım VIII Henrinin təşəbbüsü ilə başlamış olan kilsə reformasiyası olmuşdur.
Hələ XVI əsrin 20-ci illərində fransız və alman reformatorlarının təsiri altında Reformasiya ideyaları yayılmağa başlayır. Lüterçilik əsasən burgerlər içərisində məşhur idi, bu da alman və holland şəhərlərinin İngiltərə ilə sıx ticarət əlaqələr nəticəsində mümkün olmuşdur. Laikn ingilis cəmiyyətində bu illərdə kilsə islahatı ideyaları geniş ictimai hərəkata çevrilməmişdi.
Lüterin çıxışlarında ingilis hümanistlərinin reaksiyası da birmənalı olmamışdı: məs., Oksford universitetində ona tənqidi, Kembric universitetində isə əksinə yanaşmışdılar – burada Lüterin Tindal, Koverdeyl, Kranmer, Latimer kimi ardıcılları var idi. 1524-cü ildə Uilyam Tindal Əhdi-cədidi ingilis dilinə tərcümə edir, lakin onun tərcüməsi İngiltərədə qadağan olunduğundan, Almaniyada nəşr olunur.
Rəsmi hakimiyyət antilüter mövqeyi tutur: VIII Henri özü şəxsən «alman bidəti»nə qarşı çıxır və buna görə də papa tərəfindən «Dinin müdafiəçisi» titulunu da alır. Lakin VIII Henri arvadı Araqonlu Yekaterina ilə boşanma prosesilə bağlı Roma ilə münaqişəsi başlayır və bu, kralın Reformasiyaya münasibətini dəyişir. Belə ki, ispan şahzadəsi ilə çoxillik nigahdan Henrinin oğlu olmadığından, o, papadan bu nigahı ləğv etməyi və ingilis olan Anna Boleynlə evlənməsini icazə verməsini xahiş edir. Lakin papa VII Kliment ispan kral ailəsi ilə münaqişəyə girmək istəmədiyindən krala rədd cavabı verir. VIII Henri cəmiyyətli bir addım atır: Yekaterina ilə nigahını ləğv edir, Anna Boleynlə evlənir. Bu, Roma ilə açıq münaqişəyə gətirib çıxarır. Kralın təkidi ilə 1529-cu ildən 1536-cı ilə qədər parlament («reformasiya parlamenti») bir neçə statut qəbul edir ki, bunlar İngiltərədə Romadan müstəqil olan milli kilsənin yaradılmasına yönəlir. Bu statutlar kilsə 1/10 vergisinin məhdudlaşdırılması, Romaya appelyasiya verilməsinin qadağan olunması və ingilis ruhaniləri üzərində papa ədliyyəsinin ləğvi haqqında idi. 1534-cü ildə Suprematiya haqqında verilən Akt isə VIII Henrini İngiltərə kilsəsinin ali başçısı elan edirdi, kilsə isə «anqlikan» kilsəsi adlandırılırdı.
«Yuxarıdan» gətirilən Reformasiya cəmiyyətdə böyük entuziazm yaratmasa da, T.Kromvelin başçılıq etdiyi «saray partiyası» və kraliça Anna Boleynin yaxın adamları içərisində böyük dəstək tapdı. Kembric teoloqu Kranmer kraldan sonra anqlikan kilsəsində I adam olan Kenterberi arxiyepiskopu seçilir. Kromvelin təzyiqi ilə parlamentarilər kilsə mülkiyyətinin sekulyarlaşdırılmasını təsdiq edir. 1536-1540-cı illərdə monastırların və kilsələrin torpaqları xəzinənin xeyrinə müsadirə edilir. Rahib ordenləri qovulur, monastır məktəbləri və xəstəxanaları isə bağlanır. Xəzinəyə keçən torpaq mülklərinin bir hissəsini kral öz yaxınlarına, bir hissəsini saray əyanları və zadəganlara, qalanını icarəyə verir. Bütün bunlar aqrar sahədə kapital yığımının əsas mənbəyi olur. Monastır torpaqlarında işləyən kəndli kütlələri səfilə çevrilir. Əvvəlki monastır binalarını isə manufaktura sahibləri ələ keçirir.
Reformasiyanın həyata keçirilmə üsulları və həmçinin onun nəzəri əsaslandırılması məsələləri katoliklər arasında böyük etiraz və mühacirət doğurdu. Kilsə başçısı kimi krala and içmək istəməyən keçmiş kansler Tomas Mor və Roçesterli yepiskop Fişer edam olunur.
Kral reformasiyasının siyasi yekunu kilsənin dövlətə tabe edilməsi və onun dövlət təsisatları sisteminə qatılması olur. Reformasiya mütləqiyyətin ideya mənbəyini də zənginləşdirir: monarxın hakimiyyəti mənşə etibarilə ilahi, monarx özü isə – İsanın Yerdəki canişini elan olunur.
Kilsə islahatının ehkam məsələləri və təşkilati işlər kralı az maraqlandırırdı. Anqlikan etiqadının ilk simvolu olan «10 maddə»də xeyli ziddiyyətli fikirlər var idi. Burada Lüterin irəli sürdüyü fərdi tövbə ideyası elan edilir, amma eyni zamanda müqəddəslərə sitayiş edilməsi saxlanılırdı. Bu maddələrdə ruhani iyerarxiyası, kilsələrin bəzədilməsi, dini ayinlər zamanı musiqi müşayiəti də ləğv edilməmişdi. Başqa sözlə desək, anqlikan kilsəsi katoliklə lüterçilik arasında orta mövqe tuturdu. Kral reformasiyasının mühafizəkarlığı Bibliyanın ingilis dilində yayılması məsələsində də görünürdü: VIII Henri onun ingilis dilində nəşrinə icazə versə də, ingilis dilində şərhini qadağan etmişdi.
Yeni etiqadın bərqərar olması və radikal dəyişikliklər VIII Henrinin oğlu VI Eduardın dövründə (1547-1553) başa çatır. Gənc kral və onun qəyyumları olmuş hersoq Somerset və hersoq Nortumberlend ardıcıl protestantlar idilər. Onların dövründə anqlikan kilsəsi lüterçi modelə yaxınlaşdırılır: ruhanilərin nigaha girməsinə icazə verilir, ikonalar sitayiş qadağan olunur, Bibliyanın ingilis dilinə tərcüməsi və şərhi ilə bağlı qadağalar ləğv olunur.
İngiltərənin şimal və qərb qraflıqlarında Reformasiya böyük uğur qazana bilmir. Sonrakı hadisələr də göstərdi ki, kral reformasiyasının yekunu hələ qoyulmayıb. 

6. Mariya Tüdorun əksoreformasiyası.


VIII Henrinin vəsiyyətinə uyğun olaraq, VI Eduardın vəfatından sonra onun yerinə VIII Henrinin Araqonlu Yekaterinadan olan qızı Mariya Tüdor (1553-1558) keçir. Atasının bütün hədələrinə baxmayaraq Mariya katoliklikdən dönməmişdi. O, dərhal katolik kilsəsini bərpa etdi, Roma ilə yenidən əlaqələr yaratdı. Katolik mühacirlər adaya qayıtdı, protestantlar isə ölkəni tərk etdi.                               
Onun xarici siyasətinin məqsədi İspaniya və Habsburqlarla münasibətləri bərpa etmək idi. Onun qohumu V Karl bu əlaqələri daha da möhkəmlətmək üçün oğlu II Filipplə Mariyanın nigah qurmasına nail olur. Bu, İngiltərəni beynəlxalq aləmdə Habsburq maraqları dairəsinə daxil edir. İngiltərənin öz müstəqillyini itirmək təhlükəsi 1554-cü ildə Kent cəngavəri Uayt başda olmaqla protestantların üsyanına gətirib çıxarır. Üsyan yatırılır, rəhbəri isə edam olunur.
Mariya Tüdor protestantların təqibini gücləndirir. «Bidətçilərə» edilən işgəncə və cəzalara görə Mariya Tüdor «Qanlı» ləqəbini alır. Onun ölüm xəbəri ölkədə böyük sevinclə qarşılanır.

7. Yelizaveta Tüdorun dini nizamlama siyasəti.


1558-ci ildə ingilis taxtına VIII Henrinin Anna Bolyendən olan qızı Yelizaveta (1558-1603) gəlir. Katoliklərin gözündə o, qeyri-qanuni övlad idi və taxt-taca hüququ çatmırdı. Lordlar palatasında çoxluq təşkil edən katolik yepiskopları Mariya Tüdor tərəfindən bərpa edilmiş kilsənin saxlanması uğrunda çıxış edirdilər. Cenevrədən İngiltərəyə dönən mühacirlər və anqlikanlığa dönməyi, kalvinizm ruhunda radikal islahatlar keçirilməsini tələb edirdilər.
Cəmiyyətdə parçalanma olmasın deyə, Yelizaveta orta mövqe tutu rvə VI Eduardın dövründə mövcud olmuş mötədil anqlikan kilsəsini bərpa edir. Onun iyerarxik quruluşu və ayinləri katolikliyə yaxın olaraq qalır, lakin 1571-ci ildə qəbul olunmuş yeni etiqad simvolunda – «39 maddə»də Lüterçilikdə olduğu kimi, 2 ehkam – xaç suyuna salınma və ruhaniliyə həsr edilmə saxlanmışdı.
Onun hakimiyyətinin ilk onilliklərində kraliçanın mötədil siyasəti dini sülhü təmin edir, lakin 70-ci illərin sonlarından rəsmi dairələrin həm katoliklərinə, həm də ridikal reformasiyaçılarına ziddiyyətləri kəskinləşir. Anqlikan kilsəsini qəbul etməyənləri Yelizaveta ciddi cəzalandırmağa başlayır.

8. Radikal reformasiya.


Reformasiyanın daha dərindən keçirilməsini, anqlikan kilsəsini «papalıqdan xilas etməyi» tələb edənləri puritanlar (lat. «riçis» — təmiz) adlandırırdılar. Puritanların teoloji və siyasi doktrinası kalvinçiliyə yaxın idi. XVI əsrin 40-cı illərindən yayılan puritan hərəkatı varlı burgerlər içərisində daha üstün idi.
60-70-ci illərdə puritanlar ümid edirdilər ki, Yelizaveta şəxsən kilsə islahatını davam etdirəcək. Lakin kraliça haqlı olaraq bu tələbləri dünyəvi hakimiyyət üçün də təhlükəli sayıb deyirdi: «Onlar əvvəlcə yepiskopları aradan götürəcək, sonra isə məni».
70-90-cı illərdə puritanlar parlamentdə mövcud kilsənin tənqidinə başlayır, puritan ruhanilərin milli Sinodunu çağırır və öz taktikalarını hazırlayır. Onların hakimiyyətini ifşa etmək üçün Kenterberili arxiyepiskop 1583-cü ildə xüsusi komissiya təsis edir, hər bir ruhani bu komissiya qarşısında anqlikan olduğuna and içmək idi.
Siyasi baxımdan ingilis puritanları içərisindən XVI əsrin sonuna doğru mötədil presviterian cərəyan ayrılır və onlar kilsənin ümummilli Sinoda tabe edilməsini tələb edir. Radikal puritanlar – independentlər isə kilsənin vəhdətini inkar edir və dini hakimiyyətdən tam müstəqilliyini tələb edirdilər.

9.  Yelizaveta Tüdorun iqtisadi siyasəti.


I Yelizavetanın hakimiyyətini çox zaman «qızıl əsr» və ingilis mütləqiyyətinin çiçəklənmə dövrü adlandırırlar. Bu, onun iqtisadi siyasətinin uğurları ilə bağlıdır. Yelizavetanın iqtisadi siyasəti proteksionizm prinsiplərinə – yəni milli istehsala və ticarətə qəyyumluğa əsaslanırdı. Kraliça dağ-mədən sənayesinin və metallurgiyanın inkişafına çalışırdı, məhz onun qəyyumluğu ilə bu sahələrdə payçı birliklər yaranırdı. O, yeni texnologiyalar tətbiq edənlərə böyük həvəslə lisenziya və patent verirdi.
Xarici ticarətdə proteksionizm gömrük siyasətində öz əksini tapırdı: ingilis mallarının ixracına əlverişli şərait yaradırdı, ticarət kompaniyalarına inhisar hüquqları və güzəştlər verilirdi. I Yelizavetanın dövründə yeni ticarət kompaniyalarına – Baltika, Bərbər, Levant və Ost-Hind kompaniyaları meydana gəlir. Kompaniyaların sayının artması ingilis gəmiçiliyini və toxuculuq sənayesini də inikşaf etdirirdi. Kraliça özü də şəxsi vəsaitini ticarət əməliyyatlarına qoyurdu.

10. Yelizaveta Tüdorun xarici siyasəti. 


İngiltərə öz tacirlərini diplomatik yolla da dəstəkləyirdi: çox vaxt Türkiyədə, Levantda və Hindistanda rəsmi diplomatik missiyalara kompaniyaların ticarət casusları başçılıq edirdi.
İngilis ticarət ekspansiyasının mühüm istiqamətlərindən biri Amerika idi. 60-cı illərdən başlayaraq ispanlar Amerika ilə ticarətdə inhisarlarını saxlamaq üçün ingilis dəniz quldurlarına qarşı tədbirləri artırır. Buna cavab olaraq 1572-ci ildə ingilis kapitanı F.Dreyk Karib dənizinə bir neçə reyd təşkil edir və ispan gəmilərini ələ keçirir. Okeanda ingilislərlə ispanlar arasında elan olunmamış müharibə başlayır; hərçənd ki, rəsmi London heç vaxt bunu etiraf etməmişdi.
1577-ci ildə F.Dreyk kraliça tərəfindən bəyənilmiş planı həyata keçirir: o, Cənubi Amerikanı keçib Sakit okeana çıxmalı, daha sonra dünya səyahəti etməli idi. Dreykin gəmiləri Atlantikanı keçib Cənubi Amerika sahilboyunu talan etdilər, sonra Sakit və Hind okeanını keçib Afrikaya gəldilər. 1580-ci ildə Dreyk Plimuta qayıtdı. Onun ələ keçirdiyi qənimət xəzinəyə böyük gəlir gətirdi və I Yelizaveta Dreykə cəngavərlik titulu verdi.
Yelizavetanın xarici siyasətinin ən böyük problemi İspaniya ilə münasibətlər idi. XVI əsrin 70-ci illərindən başlayaraq ingilis-ispan münasibətləri çox kəskinləşir: dəniz quldurlarının davamlı reydləri, ispan qızılını ələ keçirilməsi, Niderlanddakı kalvinçilərə gizli yardımlar hər iki dövlətin həm quruda, həm dənizlərdə münasibətlərini çox pisləşdirmişdi. 1587-ci ildə Şotlandiya kraliçası Mariya Stüartın edamı İspaniyanın İngiltərəyə ilə hərbi əməliyyatlarına təkan vermiş oldu. 1587-ci ildə ispan qüvvələrinin hücumu ingilis donanmasının əkshücumu ilə rastlaşdı və II Filippin bütün planlarını pozdu. Frensis Dreykin başçılığı ilə eskadra İspaniyanın Kadis limanına yan aldı və ispan donanmasını darmadağın etdi, şəhəri isə ələ keçirdi.
İspaniyaya donanmanı bərpa etmək üçün 1 il lazım oldu: 130 gəmidən və 18 min əsgərlik heyətdən ibarət Armada «Məğlubedilməz» adlandırıldı. İngilis donanması isə az sayda kral gəmilərindən, quldur və tacir qayıqlarından ibarət idi. Lakin ingilis qüvvələri daha yaxşı manevr qabiliyyətinə malik olub uzun məsafəli artilleriya ilə silahlanmışdı və bu da ispanların darmadağın edilməsində böyük rol oynamışdı.
1588-ci ilin iyununda başlayan hərbi əməliyyatlar «Məğlubedilməz Armada»nın tam darmadağın edilməsilə nəticələndi. Bu qələbə İngiltərəni böyük dəniz dövlətinə çevirdi. 80-ci illərdə o, protestant dövlətlərin liderinə çevrildi və Yelizaveta Avropada «protestant papası» adını aldı.
Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında

0 şərh