Fransa XVI-XVII əsrin birinci yarısında

  1. Aqrar quruluş.
  2. Manufakturalar və sexlər.
  3. Ticarət.
  4. İlkin yığımın xüsusiyyətləri.
  5. Sosial quruluş.
  6. Mütləq monarxiya. I Fransisk.
  7. Reformasiya.
  8. Dini müharibələr.
  9. Dini müharibələrin I mərhələsi (1562-1570).
  10. II mərhələ (1572-1576).
  11. III mərhələ (1580-1594).
  12. Navarralı Henrinin qələbəsi.   
  13. Nant edikti.
  14. IV Henrinin islahatları.
  15. Kardinal Rişelye.
Fransa XVI əsrə öz ərazi birliyinə nail olmuş şəkildə daxil oldu. Burqundiya, Bretan hersoqlarının və Provans qraflığının kral domeninə birləşdirilməsi isə fransız dövlətinin təşəkkül tapan coğrafi çərçivəsi bütün XVI və XVII əsrin I yarısı boyu saxlanıldı. Öz ərazisi və əhalisinin sayına görə (20 mln. nəfər) Fransanın Qərbi Avropada bərabəri yox idi. Ölkənin birləşdirilməsi onun sonrakı iqtisadi, siyasi yüksəlişi üçün əlverişli şərait yaradırdı.
France in the medievel ages

1. Aqrar quruluş.


Fransanın bir-birinə bənzəməyən üç bölgəsi onun aqrar quruluşunu müəyyən edirdi. Şimalda (Paris hövzəsi) kəndli təsərrüfatında dənli bitkilər əkini, bostançılıq və heyvandarlıq üstün idi. Cənub (Akvitaniya hövzəsi və Aralıq dənizi vilayətləri) antik təsərrüfat ənənələrini – üzümçülük, zeytun və meyvə ağaclarının əkini sahələrini saxlamışdı. Dağlıq vilayətdə isə maldarlıq üstün idi, əkinçilik az rol oynayırdı.
Torpaq feodalların mülkiyyətində idi. Senyorlarındakı kəndlilərdən onlar senz (pul rentası) və digər pul mükəlləfiyyətləri (banalitet, şampar) yığırdılar. Eyni zamanda feodallara bu pulu ödəyən kəndlilər torpaqla istədikləri kimi rəftar edə, o cümlədən sata bilərdilər. Belə vəziyyətdə kəndlilərin torpaq sahibkarlığı – senziva XVI əsrdə faktiki mülkiyyət səviyyəsi alır. Senzivanın satışında onun yeni sahibkarı bundan sonra bütün vergiləri ödəməli idi. Şimali Fransada feodal rentasının satın alınması mümkün deyildi; cənubda bəzi renta formalarını almaq olardı.
XVI əsrin əvvəllərində fransız kəndində əsas fiqura senzitariy – yəni senzivanı şəxsən azad alan istifadəçisi idi. Şəxsən asılı kəndlilər (servlər və menmortabllar) çox az olub şərq və mərkəzi əyalətlərdə üstünlük təşkil edirdilər. XVI — XVII əsrin I yarısında fransız kəndi üçün kəndli icmasının saxlanması səciyyəvi idi. Bu dövrdə kəndli icması öz inzibati funksiyalarını genişləndirir və XVII əsrin sonuna qədər faktiki özününidarəçiliyini saxlayır.

2.Manufakturalar və sexlər.


Fransanın sənaye inkişafı həm yeni, həm də ənənəvi istehsalı ilə səciyyələnirdi. Manufakturalar üçün muzdlu işçiləri kənd verirdi. Fransada dağınıq manufaktura daha geniş yayılmışdı. Onun təşkilatçısı tacir idi.
Fransız şəhərləri öz mahudu ilə məşhur olub xarici bazarda ingilis, və italyan mahudu ilə rəqabət aparırdı. Fransa qalın kətan (giş) istehsalına görə Avropada I yeri tuturdu.
Mərkəzləşmiş manufakturalar əsasən kralın dəstəyilə və əsasən Parisdə yaranırdı, lakin geniş yayılmamışdı. Bu manufakturalar bahalı əşyaların hazırlanması ilə məşğul idi.
 XVI — XVII əsrin I yarısında sex quruluşunun dirçəlişi ilə də səciyyələnir. Fransız taxt-tacı xəzinəni doldurmaq üçün metriza (sex ustası adı) satışı ilə məşğul olur, aşağı kütlələri tabeçilikdə saxlamaq üçün sexlərə himayədarlıq edirdilər. Yenidən təşkil olunan sexlər klassik orta əsr şəklində də deyildilər: sex quruluşu çərçivəsində yeni münasibətlər formalaşmaqda idi, sexlər yeni şəraitə uyğunlaşmağa başlamışdılar.

3.Ticarət.


Fransanın mahud istehsalçıları öz məhsullarını Levanta və İspaniyaya ixrac edirdilər, eyni zamanda daxili bazarın da tələbatını ödəyirdi. İspaniyadan fransız mahudu Amerikaya göndərilirdi. Kətan isə İngiltərəyə, İtaliyaya, Levanta və İspaniyaya ixrac olunurdu. XVI əsrin ortalarına doğru Amerikaya fransız ixracatı kəskin  şəkildə artır və fransız ticarətinin tərkib hissəsi olur.
XV əsrin II yarısından Fransa italyan bankirlərinin və tacirlərinin sayəsində italyan ticarəti sisteminə daxil olur. XVI əsrdə Lion italyan ticarətinin mühüm mərkəzinə çevrilir.
XVI — XVII əsrin I yarısı daxili bazarın təşəkkülündə də mühüm uğurlarla müşayiət olunur: ayrı-ayrı vilayətlər arasında iqtisadi fərqlər itir, əlaqələri isə möhkəmlənir, təsərrüfat ixtisaslaşması güclənir.

4.İlkin yığımın xüsusiyyətləri.


Fransanın erkən kapitalist münasibətləri dövrünə daxil olması onun müstəmləkə sisteminin zəif olması ilə müşayiət olunurdu. Bu o demək idi ki, iri pul kapitalının təşəkkülü monarxiyanın başqa yollar axtarmasını tələb edirdi.
Monarxiyanın iqtisadi siyasətində dövlət istiqrazları, vergi sistemi və proktesionizm əsas yer tuturdu. Dövlət istiqrazlarının üç müxtəlif mənbəyi var idi: dövlət rentalarının satışı, dövlət vəzifələrinin satışı və maliyyəçilərdən alınan borclar. Dövlət rentasının satışı dövlət istiqrazının ilkin forması idi. Renta satışı aktında monarxın domendən nizamlı gəlir götürməsi reallaşdırılırdı. Monarxiyanın mühüm gəlir mənbəyindən biri də mərkəzləşmiş vergi sistemi idi.
Nəhayət, fransız monarxlarının proteksiyaçı siyasəti ispan müstəmləkələrinin fransız malları ilə təmin edilməsində öz əksini tapmışdı.

5. Sosial quruluş.


Fransız cəmiyyətinin zümrə iyerarxiyasında əyanlar yüksək pillədə idi; o, zadəganların ən varlı hissəsi idi. Əyanların da içərisində birinci yerdə hakim sülalənin qollarından olan şahzadələr dururdu. Öz mövqeinə görə krala borcu olan yeni zadəganlar da əyan qrupuna daxil idi. Çox qüdrətli aristokratı zəiflətmək üçün krallar öz qeyri-zadəgan favoritlərini yüksəldirdilər, onlara torpaq payları və vəzifələr verirdilər.
Siyasi nüfuzlarına görə əyanlar zadəganların fövqündə dururdular. Hüquqi cəhətdən vahid imtiyazlı təbəqə olan zadəganlar iki müstəqil sosial təbəqəyə — köhnə və yeni zadəganlara ayrılırdılar. XV əsrin ortalarından başlayaraq, əsil-nəcabətli zadəganlar təbəqəsinə kraldan zadəgan titulunu alan şəhərlilər də nüfuz etməyə başlayır. XVII əsrin ortalarına doğru Fransada yeni zadəganlarla qohumluq əlaqəsi olmayan köhnə zadəgan ailəsi demək olar ki, qalmamışdı. Hərçənd ki, bu yaxınlaşma onların arasındakı fərqi  yox etməmişdi. Yeni zadəgana hərbi xidmət məcburi deyildi; hərbi xidmət nəsil zadəganlarının imtiyazı olaraq qalırdı. Fransa ordusunun əsas hissəsini də zadəgan kavaleriyası təşkil edirdi. Hərbi mükəlləfiyyət köhnə zadəganı vergilərdən azad edirdi, yəni o, vergi immunitetinə amlik idi.
XVI əsrin ortalarından başlayaraq bürgerlərin zadəganlara çevrilməsi prosesi sürətlənir. Xüsusilə dövlət aparatında vəzifələrə keçmək yolu ilə zadəganlıq qazanılması geniş yayılmışdı. XVII əsrin əvvəllərinə doğru çoxsaylı məmur təbəqəsi, “mantiya zadəganları” təşəkkül edir. Yüksək məmurlar – parlament üzvləri və dövlət katibləri tədricən titullu aristokratiyaya çevrilir.
Fransız cəmiyyətində daha bir mühüm yer bürgerlərə məxsus idi. Erkən yeni dövrdə pul kapitalının əhəmiyyəti artdıqca, ona müvafiq, bürgerlərin də rolu artırdı. XVI əsrdə bürgerlərin tərkibinə tam hüquqlu şəhərlilər, tacirlər və sex ustaları, sələmçilər və manufaktura sahibləri, həmçinin ziyalılar (müəllimlər, hüquqşünaslar və həkimlər) daxil idi.  
Şimali Fransada bürgerlər daxili bazarla və manufakturalarla sıx bağlı idi. Cənubda, əksinə, o, Levant, İtaliya, İspaniya ilə əlaqədə idi. Lakin cənub və şimal bürgerlərini birləşdirən cəhət – onların orta əsr imtiyazlarını itirmələri olur.
Şəhər plebeyləri əvvəlki sənətkarlardan, usta köməkçiləri və şəyirdlərdən, muzdlu fəhlələrdən, dilənçi və səfillərdən ibarət idi. Fransada da səfilliyin  qarşısını almaq üçün kral tərəfindən müxtəlif ordonanslar verilirdi.
Kəndlilər də bürgerlər kimi vergi verən əhaliyə aid idilər və çoxluq təşkil etdiyindən xəzinəyə böyük gəlir gətirirdi. Fransız kəndində baş verən dəyişikliklər nəticəsində kəndlilərin torpaqsızlaşması sürətlənir. Xüsusilə bu hal şimal vilayətlərində geniş miqyas alır.
Beləliklə, XVI əsrdə Fransa cəmiyyətində baş verən mühüm dəyişikliklər siyasi quruluşun dəyişməsi – mütləq monarxiyanın təşəkkülü üçün də şərait yaradır.

6. Mütləq monarxiya. I Fransisk.


Fransada mütləq monarxiyanın bərqərar olmasının əsas əlamətləri – monarxın əlində qanunverici və icraedici hakimiyyətin cəm olması və onun hüquqi əsasının təşkili idi. Fransa ərazisində vahid hüquqi məkan yaranırdı, yerli senyor hüququ aradan çıxırdı. Təşəkkül etmiş vassallıq münasibətləri (“mənim vassalımın vassalı – mənim vassalım deyil”) dağılır və mərkəzləşmiş qaydada (“mənim vassalımın vassalı – mənim vassalımdır”) yaranırdı.
Bu dövrdə hakimiyyət orqanları da yoxa çıxır. XVI əsrin əvvəlləri – Baş ştatların fəaliyyətinin son mərhələsidir: bu assambleya cəmi 4 dəfə çağrılmışdı – 1560, 1576, 1588, 1614-cu ildə. Bundan əlavə, monarx Paris parlamentinin (Ali məhkəmə palatasının) aktlar üzərinə veto qoymaq hüququnu da ləğv etmişdi. 
Bununla bərabər, yeni hökumət orqanları – kral şuraları və monarx tərəfindən təyin edilən notablların şuraları yaradılır. Buna paralel olaraq, bütün kral sarayının siyasi çəkisi artır. Bürokratik aparat genişlənir, daimi əyalət inzibati idarəsi meydana gəlir. Ordu möhkəmləndirilir, muzdlu ordu hakim hərbi təşkilat tipi olur. Mərkəzləşmiş vergi sisteminin təşkili üzrə tədbirlər görülür.
Mütləqiyyətin bərqərar olması I Fransiskin (1515-1547) adı ilə bağlıdır. Onun dövründə yeni hökumət şuraları: Böyük şura, işgüzar şura, xüsusi şura yaranır. Öz hakimiyyəti ərzində I Fransisk bir dəfə də olsun Baş ştatları çağırmır, onun sanksiyası ilə bəzi işlər parlamentə yox, Böyük şuraya göndərilərək müzakirə olunur.
Separat əhval-ruhiyyəli Langedok və Overni şəhərlərinə qarşı kral ciddi tədbirlər görür, dövlət aparatını genişləndirir, dövlət vəzifələrini satmağa başlayır və xəzinəni xeyli genişləndirir.
I Fransiskdən başlayaraq Fransa dəniz ekspedisiyalarına başlayır. 1634-cü ildə kralın fransız dənizçisi Jak Kartyeyə təqdim etdiyi etimadnamədə yeni torpaqların fəthinə başlamaq məsləhət görülürdü. 24  iyul 1534-cü ildə Jak Kartyenin iki kiçik gəmisi Kanada sahillərinə gəlib çıxır. Sonralar Monreal, Kvebek kimi yaşayış məskənlərinin əsası qoyulur. 18 dəfə Fransadan böyük olan Kanada 200 il ərzində fransızların əlində olmuş, 1763-cü ildə İngiltərəyə keçmişdir. 
I Fransiskin daxili siyasətində kilsə məsələsi də vacib yerdə idi. 1438-ci il Praqmatik sanksiyasına görə, qallikan kilsəsinin Romadan muxtariyyatını təminatçısı monarx özü idi. 1526-cı ildə İtaliya müharibələri gedişində papa X Levlə hərbi əməkdaşlıq edən kral Praqmatik sanksiyanı ləğv etmiş və Bolonya konkordatı bağlamışdı. Konkordata görə, I Fransisk ali kilsə vəzifələrinə prelatlar təyin etmək hüququ alırdı, sonra bu, papa tərəfindən təsdiqlənməli idi.
Mütləqiyyət Fransada müqavimətə rast gəlirdi. Xüsusilə ali təbəqə öz siyasi imtiyazlarının alınması ilə razılaşa bilmirdi. I Fransiskin nəvələri II Fransisk (1559-1560) və IX Karlın (1560-1574) hakimiyyətinin zəifləməsi zadəganların və şəhərlilərin mütləqiyyət əleyhinə hərəkatını fəallaşdırdı.

7. Reformasiya.


Fransız reformasiyası XVI əsrin  ortalarında başladı, bu da I Fransiskin dövründə ölkədəki siyasi sabitliklə, qallikan kilsəsinin xüsusi statusu (milli səciyyə daşıması) ilə bağlı idi.
XVI əsrin əvvəllərində islahat uğrunda hərəkat Jak Lefevr d´ Etaplın (1455-1536) adı ilə bağlıdır. Əsərlərində alim katolik kilsəsinin bir çox ehkamlarının şərhini verir. Onun bu şərhləri kilsənin və cəmiyyətin humanistləşməsini nəzərdə tuturdu.
XVI əsrin ilk onilliklərində Fransada Lüter ideyaları da yayılır. Lakin Lüter protestantlığı Fransada dərin kök sala bilmir.
Sonrakı mərhələdə kalvinçilik yayılmağa başlayırş 1536-cı ildə “Xristian kilsəsi haqqında düşüncələr” əsərini çap etdirən Jan Kalvin kitabını I Fransiskə hədiyyə edir. Lakin I Fransisk Kalvinin qallikan kilsəsində islahat aparmaq çağırışını qəbul etmir. Bidətçi elan olunan Kalvinin kitabı Notr — Dam kilsəsi qarşısında yandırılır, müəllif ölkədən qovulur.
France map in medieveal ages

8. Dini müharibələr.


XVI əsrin II yarısında Fransa siyasi böhran mərhələsinə daxil olur, bu böhran öz təzahürünü 32 il davam edən (1562-1594) dini (vətəndaş) müharibələrində tapır. Dini müharibələrin səbəbləri mütləqiyyətin təşəkkülü ilə əlaqədar siyasi quruluşun dəyişməsi idi. İtaliya müharibələri getdiyi dövrdə gərginlik, siyasi iğtişaşlar güclü hiss olunurdu. 1559-cu il Kato — Kambrezi sülhü İtaliya müharibələrinə son qoymaqla yanaşı, ölkədəki iqtisadi və daxili siyasi vəziyyətin bütün mürəkkəbliyini də göstərdi.
XVI əsrin ortalarına doğru “qiymətlər inqilabı”nın və ağır vergi sisteminin nəticələri kəskin hiss olunurdu. Eyni zamanda müharibənin başa çatması ilə zadəganlar yeni fəaliyyət sahələri axtarmağa başlamışdılar.
Bundan əlavə, 1559-cu ildə hakimiyyət dəyişikliyi baş vermişdi: cəngavər turnirində II Henri ölümcül yaralanır. Onun yerinə böyük oğlu, 15 yaşlı II Fransisk keçir. Hakimiyyət müvəqqəti olaraq zəifləyir, bu isə  müxalifətin fəallaşması üçün əlverişli şərait yaradır. II Fransiskin qısamüddətli hakimiyyəti dövründə sarayda Lotaringiya hersoqları olan Gizlərin təsiri artır. Kral ordusunun baş komandanı Fransisk Giz və onun qardaşı, kardinal Karl Giz mütləqiyyətçi hakimiyyətdən narazı olan feodal — əyyan cinahını təşkil edirdi. Bu əyanların şimal-şərqdə və mərkəzi əyalətlərdə tərəfdarları çox idi. Kral şurasına daxil olan bu cinah özünü taxt-tacın və katolik dininin müdafiəçisi hesab edirdi və saraydakı yeni zadəganların uğurlarını qəbul etmək istəmirdi.
Şahzadə Antuan Burbon və şahzadə Konde quqenot aristokratiyasına (qərbi isveçrə dilində “eidguenots” — həmfikir, həmyoldaş) başçılıq edirdilər. Quqenot aristokratiyası Fransanın cənub-qərb və cənub vilayətlərində cəmləşmişdi. Bu qrup öz iqtisadi vəziyyətini möhkəmlətmək üçün kilsə torpaqlarının dünyəviləşdirilməsinin tərəfdarı idilər və böyük məmnuniyyətlə kalvinçiliyi qəbul etmişdilər.
Hər iki qruplaşmaya şəhərlər də cəlb edilmişdi. Şimal, qərb və mərkəzi əyalətlərdə şəhərlər hakimiyyətin vergi siyasətindən narazı idilər, cənub cənub-qərbdə isə şəhərlər əvvəlki özünüidarəçilik hüquqlarının itirilməsin müqavimət göstərirdilər.
II Fransisk qəflətən vəfat edəndən sonra hakimiyyətə qardaşı IX Karl keçir, azyaşlı olduğu üçün kraliça — ana Yekaterina Mediçi qəyyum təyin edilir.
Bu zaman katoliklərlə quqenotlar arasında gərginlik daha da artır, xüsusilə 1562-ci ildə Fransisk Gizin dəstəsinin Vassi (Şampan) yaxınlığında quqenotlara qarşı qətl törətməsi dini müharibənin başlanğıcını qoyur.

9. Dini müharibələrin I mərhələsi (1562-1570).


Bu mərhələdə mübarizə gərgin səciyyə daşımamışdır. Hər iki feodal qruplaşması kralı tərəfinə çəkmək və ölkəni onun adından idarə etmək istəyirdi. Birinci mərhələ 1570-ci ildə Sen — Jermendə barışıq edikti ilə başa çatır. Quqenotlar Fransanın hər bir vilayətinin iki şəhərində dini ayin keçirmək və ictimai vəzifə tutmaq hüququ qazanır. Quqenotların başçısı admiral Qaspar Kolinyi saraya dəvət olunur.

10. II mərhələ (1572-1576).


Bu mərhələdə geniş miqyaslı hərbi əməliyyatlar aparılmış, quqenotlar və katoliklər hakim sülaləyə qarşı çıxış etmişlər. II mərhələnin ən mühüm hadisəsi Parisdəki hadisələr olmuşdu. 1572-ci il 24 avqust gecəsi IX Karlın bacısı Marqarita Valua ilə quqenot başçısı Navarralı Henrinin toyuna gələn quqenot zadəganlar katoliklər tərəfindən qətlə yetirilir, 24 avqust — Müqəddəs Varfolomey bayramı olduğu üçün, bu hadisə — “Varfolomey gecəsi” adını alır. Qətlə yetirilənlərin içərisində Qaspar Kolinyi də var idi. Hərbi əməliyyatlar Parisdən əyalətlərə də keçdi və 1572-ci ilin oktyabrınadək davam etdi. Bu hadisələrin qarşısını almayan kral hakimiyyəti Fransada vətəndaş müharibəsinə imkan yaratdı.
Quqenotlar Fransanın cənubunda separat quqenot dövləti yaratdılar, bu dini müharibənin ən neqativ nəticə idi. Dini-siyasi nifaq Fransanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxardı. Özünüidarəçiliyə malik Quqenot konfederasiyasının öz ordusu və vergi sistemi var idi. Bu ittifaqın ali orqanı – Baş ştatlar idi, Quqenot konfederasiyasının qəti təşəkkülü 1575-ci ildə Nimdə quqenotların qurultayında baş verdi.
Dini müharibələrin ikinci mərhələsi quqenot tələblərinin yerinə yetirilməsi ilə başa çatır: Parisdən başqa, istənilən yerdə quqenot ayinlərinin keçirilməsinə, əyalət məhkəmə palatalarında onlara öz şöbələrini yaratmağa icazə verilir. Kral həmçinin Varfolomey gecəsində baş verənləri cinayət olaraq tanıyır, müsadirə olunmuş quqenot mülklərini onlara qaytarmağa icazə verir.
1576-cı ildə Katolik liqası da təşkil olunur. Onun başında Henri Giz dururdu. Katolik liqa krala Baş ştatların qərarlarına ziyan vura biləcək hərəkətlərdən çəkinməyi təklif edirdi. Bundan əlavə, Liqanın bəyannaməsində əyalətəlrə onların əvvəlki imtiyaz və hüquqlarının verilməsi tələb olunurdu.

11. III mərhələ (1580-1594).


Dini müharibələrin sonuncu mərhələsi III Henrinin yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün qeyri-ənənəvi tədbirlər görməsi və siyasi səhnəyə Navarralı Henrinin çıxması, Katolik liqann fəallaşması, Paris liqasının yaranması ilə səciyyələnir. 1577-ci ildə əldə olunmuş barışıqdan istifadə etmək üçün III Henri protestant və katolik təşkilatları ləğv etmək qərarına gəldi. Lakin inflyasiyanın artması və vergilərin ağırlaşması daxili siyasi vəziyyəti onsuz da gərginləşdirmişdi. III Henrinin kiçik qardaşı Alanson hersoqunun vəfatı, kralın özünün isə övladının olmaması gətirib çıxardı ki, Fransanın dofini Navarralı Henri elan olundu. Quqenotun hakimiyyətə gələcəyindən ehtiyat edən Gizlər taxt-taca öz namizədləri – kardinal Karl Burbonu irəli sürdülər. Bu vəziyyət III Henrinin Navarralı Henri ilə yaxınlaşmasına səbəb oldu.
Belə olan halda Katolik liqa bərpa edildi və onun başında Fransisk Gizin                oğulları – Henri Giz, Karl Giz və Lüdovik Giz durdu. Bu liqa 1584-cü ildə ispan kralı II Filiplə gizli ittifaq bağladı. Müqaviləyə görə, Navarralı Henri taxt-taca olan hüquqlarından məhrum edilirdi, onun əmisi Navarralı Henri Burbon varis elan olunurdu.
Katolik liqanın bərpa olunması ilə demək olar ki, eyni vaxtda Paris liqası təşkil olunur (1585). Onun tərkibinə tacirlər, sənətkarlar, şəhərin yoxsul təbəqələri, tələbələr daxil idi.
Vəziyyətin gərginləşməsi 1585-ci ildə III Henrini quqenotların xeyrinə verilmiş bütün fərmanların ləğv etməyə məcbur edir. Həmin il papa V Sikst bulla verərək Navarralı Henrini fransız taxtına olan hüquqlardan məhrum edir. Lakin kralın bu tədbirləri vəziyyəti dəyişmədi. Katolik liqaçılar quqenotlara və III Henri hökumətinə qarşı yürüşə başlaməşdılar. Fransanın daxili siyasi işlərinə İngiltərə və İspaniya da müdaxilə edirdi. Bundan qəzəblənən III Henri 1588-ci ilin aprelində Navarralı Henri ilə ittifaq bağladı. Kralın bu hərəkəti Parisdə iğtişaş doğurdu.
Kral Parisi tərk edərək Şartrda gizlənməli oldu. Parisdə hakimiyyət bir müddət gizlərin əlinə keçdi. Paris bürgerləri isə şəhərdə kommunanı bərpa etmək istəyirdilər. III Henri onlarla barışıq bağlayaraq paytaxta qayıtdı.
Lakin Gizlər öz mövqelərini dəyişməmişdilər və Baş ştatlar müharibəni davam etdirmək qərarına gəlir. Çıxılmaz vəziyyətə düşən kral Henri Gizin öldürülməsinə əmr verir. 1588-ci ilin dekabrında Luvra dəvət olunan Henri Giz qətlə yetirildi. Lakin onun qətli vəziyyəti daha da gərginləşdirdi. Gizin dəfn mərasimi Parisdə və digər şəhərlərdə nümayişlərə səbəb oldu. Liqa yenidən antiroyalçı hərəkatın mərkəzinə çevrildi. III Henri öz qüvvələrini quqenotlarla birləşdirmək qərarına gəldi. 1589-cu ilin avqustunda dominikan rahibi Jak Kleman tərəfindən kralın qətlə yetirməsi bu planları boşa çıxardı.

12. Navarralı Henrinin qələbəsi.


Ölkədə başlamış olan hakimiyyətsizlik talanlarla müşayiət edilirdi. İspan kralı II Filipp 1592-ci ildə öz qarnizonunu Niderlanddan Parisə gətirdi. Bir çox şəhərlərdə üsyanlar başladı. Bu vəziyyətdə Navarralı Henrinin orduları qətiyyətli addımlara keçdi. 1593-cü ilin ortalarında qanuni şahzadənin qoşunları Parisə yaxınlaşdı. Şəhəri dağıtmaq istəyən Henri onu əsas ərzaq mənbələrindən ayırdı: bu məqsədlə ətrafdakı bütün dəyirmanlar yandırıldı. Paris üç ay müqavimət göstərdi. Mühasirəyə alınmış şəhərdə taxt-tac məsələləri müzakirə olunurdu. Belə olan halda Navarralı Henri katolikliyi qəbul etmək qərarına gəldi. 1593-cü ili iyulunda Sen-Deni kilsəsində katolikliyi qəbul edən Henrinin 1594-cü ilin fevralında Şartrda tac qoyma mərasimi oldu.
Navarra kralı Henri Burbon IV Henri adı altında Fransa kralı oldu (1594-1610). Bir ay sonra, 1594-cü ilin martında IV Henri Parisə daxil oldu. IV Henri öz əlehdarlarını təqib etməyərək onların müsadirəsini də keçirmədi.
Altı illik hakimiyyətsizlikdən sonra Fransa bacarıqlı hakimin əlinə keçdi. Dini müharibələrin siyasi tərəflərini yaxşı dərk edən IV Henri bu münaqişələrə son qoymaq qərarına gəldi.

13. Nant edikti.


1598-ci ildə IV Henri tərəfindən verilmiş Nant edikti müharibədən sonrakı Fransada sülhün təminatçısı oldu. Ediktə görə, qallikan kilsəsi rəsmi kilsə elan edildi. Nant edikti dini müharibədən asılı olmayaraq bütün fransız təbəələrinin hüquq bəyannaməsi idi. Ediktdə əmlak, mövqe, təhsil, məhkəmə, tibbi yardım hüquqları elan edilirdi. Lakin protestantların hüquqlarının reallaşması məhdud idi. Onlar yalnız müəyyən ərazidə dini ayinlər keçirə bilər, uşaqlarını yalnız öz məktəb və universitetlərində oxuda bilərdilər. kral təbəələri olaraq protestantlar qallikan kilsəsinin xeyrinə 1/10 vergisini verməli idilər.

14. IV Henrinin islahatları.


Öz hakimiyyətini iqtisadi cəhətdən də möhkəmlətmək üçün IV Henri bir neçə islahatın təşəbbüskarı oldu. Bu siyasətin əsas aparıcı qüvvəsi birinci nazir Maksimilian Sülli idi. Kəndli təsərrüfatının möhkəmləndirilməsini mühüm amil hesab edən Sülli onların xeyrinə bir neçə tədbir həyata keçirdi: kəndli təsərrüfatının özbaşına vergi qoyulamasını qadağan etdi, borca görə kənd təsərrüfatı inventarının satılması üzərinə də qadağa qoyuldu. Zadəganların da maraqlarını qoruyan islahatçı onların borclarının bir hissəsini bağışladı, daxili gömrüklər ləğv olundu.
Merkantilçi siyasət yeridən Fransa hökuməti İngiltərə və İspaniya ilə ticarət müqavilələri bağladı.
İqtisadi tədbirlər nəticəsində manufakturaların sayı artdı. Yeni müəssisələrə ticarətdə imtiyazlar verilirdi.
IV Henrinin dövründə Fransa siyasi təkamül mərhələsinə daxil oldu. Kral şurasında və daxili siyasət idarəsində iştirakdan uzaqlaşdırılan aristokratiyaya ağır zərbə endirildi. Monarx Baş ştatların da çağrılmasından imtina etdi, bunun əvəzinə seçilmiş adamların – notablların şurası təşkil edildi. Hələ I Fransiskin dövründən dövlət vəzifələrinin satılması praktikası indi geniş şəkil aldı. Başlamış olan islahatlar artıq XVII əsrin birinci rübündə iqtisadiyyatın yüksəlişinə səbəb oldu. IV Henri isə hələ dini müharibələr dövründə planlaşdırıdığı mböyük hərbi yürüşə hazırlaşırdı. O, alman protestant knyazların uniyasını yaratmaq, İngiltərə ilə ittifaq bağlamaq və Habsburqlara qarşı müharibəyə başlamaq istəyirdi. Bu mübarizənin əsas obyektləri Reyn boyu şəhərlər və İspaniyanın əlində olan Niderland torpaqları idi. Lakin 1610-cu ildə IV Henri bir katolik rahibi tərəfindən qətlə yetirildi və planları yarımçıq qaldı.
1610-cu ildə fransız taxtına IV Henrinin azyaşlı oğlu XIII Lüdovik keçdi, kralın anası Mariya Mediçi qəyyum təyin edildi. Ölkədə yenidən mərkəzdənqaçma qüvvələr baş qaldırdı, separratçılıq gücləndi. Belə bir məqamda Fransanın siyasi səhnəsinə kardinal Rişelye gəldi.

15. Kardinal Rişelye.


1624-cü ildə ölkədə kral hakimiyyətinin çox zəiflədiyi, məzhəblərarası ziddiyyətlərin güclü olduğu bir şəraitdə Arman Jan de Plessi hersoq Rişelye kral XIII Lüdovik tərəfindən baş nazir təyin olundu. 18 il ərzində (1642-ci ilədək) kardinal Rişelye Fransanın faktiki hakimi oldu. Rişelyenin proqramının 3 əsas istiqaməti var idi: 1) qugenotlarla, müxalif zadəganlarla mübarizə aparmaq və 2) monarxın hakimiyyətini gücləndirmək, bununla da 3) Fransanı Avropanın birinci dərəcəli dövləti həddinə çatdırmaq. 1628-1629-cu illərdə kardinal Rişelyeni qoşunları Laroşel qalasını mühasirəyə aldı: qugenotların sonuncu dayağı təslim oldu. Bağlanmış sülhə görə, qugenotlar bütün hərbi qalalardan məhrum edildilər, Nant edikti ilə nəzərdə tutulmuş digər maddələr isə saxlandı.
Kardinal Rişelye separatçılıqla mübarizə aparmaq üçün Paris Parlamentinə qarşı da bəzi planlar həyata keçirdi. Belə ki, Baş Ştatların nüfuzu enəndən sonra Fransanın ali məhkəmə palatası – Paris Parlamenti siyasi imtiyazlarını artırmışdı. Kral fərmanlarının təsdiqi onun səlahiyyətinə keçmişdi. Bu məhkəməni tabe etdirmək üçün kardinal Rişelye bu səlahiyyəti onun əlindən aldı, parlamentin üzvləri isə onun tərəfdarları içərisindən seçildi.
İqtisadi siyasətində kardinal Rişelye merkantilizm tərəfdarı kimi fəaliyyət gsötərirdi. Məsələn, o, 20-dək ticarət şirkətinin yaradılmasının təşəbbüskarı olmuşdu.
Rişelyenin dövründə uzaq dəniz ekspedisiyaları da bərpa olunur. 1629-cu ildə fransızların Martinika və Qvadelupa adalarında müstəmləkə fəaliyyəti başlayır. Fransa Cənubi Amerikada və Qvianada müstəmləkələr ələ keçirir. Eyni zamanda kardinal Rişelye Hanza və İngiltərə ilə ticarət müqavilələri imzalayır.
Ümumiyyətlə, kardinal Rişelye xarici siyasətdə də milli maraqların müdafiəsi prinsipni həyata  keçirirdi. 1635-ci ildən etibarən Fransa Otuzillik müharibəyə birbaşa qatılır və Habsburqları çökdürməyi qarşısına məqsəd qoyur. 1648-ci il Vestfal sülhü ilə Fransa beynəlxalq aləmdə böyük nüfuz qazana bilir.
Kardinal Rişelyenin daxili və xarici siyasət xətti öz əksini onun «Siyasi nəsihətlər» kitabında da tapmışdır: kardinal hesab edir ki, dövlət elə bir dəyərdir ki, onun uğrunda hər vasitədən istifadə etmək olar.
Bütün bunlarla yanaşı, kardinal Rişelyenin hakimiyyəti dövrü Fransa böyük problemlər də yaşamışdır. Belə ki, 1624-cü ildən 1642-ci ilədək olan müddətdə ölkədə 3 dəfə böyük kəndli hərəkatları və şəhərlilərin dəfələrlə üsyanları baş vermişdir. Bu hərəkatların əsas səbəbi – vergilərin həddən ziyadə qaldırılması, mükəlləfiyyətlərin artırılması, Otuzillik müharibəyə böyük sayda insan və maddi ehtiyatların cəlb olunması idi.
Dövlət islahatlarının və fəal xarici siyasətin təşəbbüskarı olan kardinal Rişelye 1642-ci ildə vəfat edir, ondan bir il sonra kral XVIII Lüdovik də vəfat etdiyindən, hakimiyyətə kralın azyaşlı oğlu XIV Lüdovik gəlir. Gənc kralın qəyyumu isə anası Avstriyalı Anna təyin edilir və Fransa yenidən böyük iğtişaşlar dövrünə qədəm qoyur.
Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında

0 şərh