Səlcuqlar. Səlcuq imperiyası.

Səlcuqlar. Səlcuq dövlətinin yaranması. Klassik feodalizmə keçid dövründə - XI əsrin ortalarında qüdrətli bir türk dövlətinin - Böyük Səlcuq imperiyasının əsası qoyuldu. Yaxın və Orta Şərq tarixində baş verən bu mühüm hadisə səlcuq türklərinin adı ilə bağlı idi. Səlcuqlar oğuzların üç ox qolunun Qınıq boyundan idilər. Qmıq boyu Dukak bəyin oğlu Səlcuqun adı ilə adlandırılmışdı. Oğuz dövlətində Dukak bəy subaşı (dəstə başçısı, dinclik dövründə şəhər və qalaları mühafizə edən dəstənin rəisi) idi. Dukak «Dəmir yaylı» ləqəbi daşıyırdı. Ondan sonra oğlu Səlcuq subaşı təyin edildi.

Səlcuqla oğuz yabqusu arasında münasibət pisləşdi. X əsrdə Səlcuq öz tayfası ilə Ceyhun (Sırdərya) çayının sol sahilindəki Cənt şəhərinə gəldi və burada islam dinini qəbul etdi. Səlcuqlar Qaraxanilərlə toqquşdular. Səlcuqlar müttəfiqləri Samanilərin məğlubiyyətindən sonra Qaraxanilərdən asılılığı qəbul etdilər.

Qəznəvilər Mavəraənnəhri tutdular, Səlcuğun oğulları Mikayıl və İsrafili həbs etdilər, səlcuqları Xorasan vilayətinə köçürdülər.Mikayılın oğulları Çağrı bəy və Toğrul bəy səlcuqları bir bayraq altında birləşdirdilər. Qəznəvi sultanı Mahmud öləndən sonra səlcuqlar sultan I Məsuddan onlara yeni torpaqlar verilməsi tələbi ilə çıxış etdilər. I Məsud səlcuqları məğlub etdi. Sonralar səlcuqlar I Məsudun Hindistanda olmasından istifadə edərək, Bəlx, Tus, Mərv şəhərlərini ələ keçirdilər. Qəznəvi qoşununu məğlub edib, 1038-ci ildə Xorasanın əsas şəhəri Nişapuru tutdular. Beləliklə, 1038-ci ildə mərkəzi Nişapur olan Böyük Səlcuq imperatorluğu yarandı.

Dəndənəkan döyüşü

I Məsud 50 minlik qoşun, 300 döyüş fili ilə səlcuqlara qarşı çıxdı. Döyüş zamanı səlcuqlar geri çəkildilər. Əhali ağır vergilərə görə Qəznəvi döyüşçülərinə kömək etmədi. 1040-cı il maym 23-də Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuqlarla Qəznəvilər arasında qanlı döyüş baş verdi. Səlcuq ordusu milli döyüş üsulundan istifadə edərək, qollara ayrıldı. Bir qol vuruşandan sonra geri çəkilir, onu başqası əvəz edirdi. Qəznəvi ordusunda vuruşan 300 oğuz türkü səlcuqların tərəfinə keçdi. Oğuzlar qalib gəldilər. Oğuz qəbilələrinin döyüşdən bir gün sonra çağrılmış qurultayında Toğrul bəy (1040-1063) sultan elan edildi. Qəznəvi dövlətinin məğlub olmasının səbəbi daxili ziddiyyətlər, əhalinin narazılığı, türk qulamlarının səlcuqlara rəğbəti idi.

Səlcuqlar Mərv şəhərində keçirilən qurultayda qərb və şərq istiqamətlərində yeni torpaqlar tutmağı qərara aldılar. İran, Bizans, Cənubi Qafqaz, o cümlədən Azərbaycana yol açıldı. 1043cü ildə paytaxt Nişapurdan Reyə köçürüldü. Səlcuqlar 10401054-cü illərdə hərbi yürüşləri nəticəsində Sistan, Bəlx, Xarəzm, Həmədan və Qərbi İranı ələ keçirdilər. Onlar 120 illik Buveyhilər dövlətinin varlığına son qoydular.

1054-cü ildə Səlcuqlar Təbrizi tutdular, Cənubi Qafqaza hücum etdilər, Şəddadiləri, Şirvanşahları, Tiflis müsəlman əmirliyini öz tərəflərinə çəkdilər. Şəddadilərlə Bizans-erməni-gürcü feodallarına qarşı ittifaq yaratdılar. 1055-ci ildə Səlcuqlar Bağdadı tutdular. Xəlifə I Toğrulun şərəfinə ziyafət verdi, onu «Şərqin və Qərbin hökmdarı» elan etdi və «Rukniddin» («dinin təməli») adlandırdı.

1059-cu ildə Səlcuq dövlətinin hüdudları Mavəraənnəhrdən Mesopotamiyaya və Hindiquşa qədər ərazini əhatə edirdi. XI əsrin 60-cı illərinin əvvəlində Səlcuq dövləti ən qüdrətli imperiyaya çevrildi. I Toğrulun ölümündən sonra hakimiyyətə Alp Arslan (1063-1072) gəldi. Onun dövründə Anadolu torpaqlarını ələ keçirmək üçün səlcuq işğalları daha da genişləndi.

Səlcuq imperiyası

Malazgird döyüşü

Səlcuqların əsas hədəfi Bizans idi. Bu dövrdə Bizansda hərc-mərclik idi. Imperatriçə Eydoksiya ölkəni idarə etməkdə çətinlik çəkirdi. O, türklərin hücumunun qarşısını ala biləcək bir şəxsə ərə gedəcəyini və taxt-tacı ona verəcəyini bildirdi. Bu təklifi qəbul edən sərkərdə Roman Diogen 1068-ci ildə Bizansın imperatoru elan edildi. O, imperiyanın bütün qüvvələrini səfərbərliyə aldı. Oğuz və peçeneqləri də orduya cəlb etdi. Avropa dövlətlərindən kömək istədi. O, çox böyük ordu ilə Ərzurum istiqamətində hücum etdi. Malazgird qalasını ələ keçirdi. Səlcuq qoşununun komandanı əmir Sunduk qəfil hücum edib Bizans qoşununu məğlub etdi, Bizansın zəfər nişanı olan «Böyük qızıl xaçı» hərbi qənimət kimi ələ keçirdi.

Sultan Alp Arslan vaxt qazanmaq məqsədilə sülh bağlamaq üçün Bizansa elçi göndərdi. Diogen sülh təklifini qəbul etmədi. Alp Arslan döyüşə hazırlaşdı. Döyüşdən qabaq o, qoşununa müraciətlə dedi: «Ey əsgərlər! Əgər şəhid olsam, bu bəyaz libas kəfənim olsun!». Malazgird vuruşması 1071-ci il avqustun 26-da başlandı. Bizans qoşununu yerindən tərpətmək mümkün olmadı, səlcuqlar döyüşə-döyüşə və pusqular qoyaraq geri çəkildilər. Bu zaman oğuz və peçeneqlər səlcuqların tərəfinə keçdilər. Səlcuqlar qalib gəldilər və imperator Diogeni əsir aldılar. Lakin sultan Diogeni bağışladı və onunla 50 il müddətinə sülh müqaviləsi bağladı. Müqaviləyə görə, Bizans hər il səlcuqlara vergi verməli, lazım gələndə hərbi yardım göstərməli idi. Şərqi Anadolu Səlcuqlara verildi.

Malazgird döyüşündən sonra erməni və gürcülərə havadarlıq edən Bizansın mövqeyi sarsıldı. Anadolunun - Kiçik Asiyanın fəthindən sonra Bizansın mövqeyi zəiflədi. Bağdad xəlifəsi Malazirddəki qələbə münasibətilə Alp Arslanı təbrik etdi, onu «Ərəb və Əcəm hökmdarı», «Müsəlmanların xilaskarı» və «İslamın nuru» adlandırdı.

1072-ci ildə Alp Arslan Mərkəzi Asiyaya hərbi yürüş zamanı qalabəyi tərəfindən öldürüldü. Onu oğlu I Məlikşah (1072-1092) əvəz etdi. I Məlikşah Konya, Ankara, Suriya, Urfa və Qüdsü tutdu. Səlcuqlar Aralıq və Qara dəniz sahillərinə çıxdı. I Məlikşahın hakimiyyət illərində Səlcuq imperiyası çiçəklənmə dövrü keçirdi. Görkəmli alim və dövlət xadimi Xacə Nizamülmülkün Səlcuq dövlətinin möhkəmlənməsində böyük xidməti oldu. I Məlikşah paytaxtı Reydən İsfahana köçürdü.

Səlcuqların sosial-iqtisadi tədbirləri

Səlcuq imperatorluğunda iqtisadiyyat yüksəlməyə başladı. Səlcuqlarda əsas torpaq mülkiyyət forması iqta idi. Hərbi xidmətə görə iqta verilirdi.

İqtadan gələn gəlir pulla hesablanırdı. I Məlikşah Azərbaycan, İraq və işğal etdiyi başqa ərazilərdə 46 min döyüşçüyə iqta paylamışdı.

Səlcuqlar dövründə yeni torpaq mülkiyyət forması olan uc torpaqları meydana gəlmişdi. Bu torpaqlar sərhəddə xidmət edən sərkərdələrə verilirdi. İqta, vəqf və mülk torpaqlarında kəndlilərin istismarının əsas forması icarədarlıq idi. Kəndlilərdən alınan əsas vergi uşr (onda bir) idi. Müsəlman olmayanlardan can vergisi alınırdı. Kəndlilər mükəlləfiyyətlər də (yol çəkmək, qala tikmək və s.) yerinə yetirirdilər.

Səlcuq imperiyasında ticarətin inkişafına xüsusi diqqət verildi. Ticarət yollarında əmin-amanlıq yaradılır, karvan yollarının , təhlükəsizliyi təmin olunur, vahid ölçü, çəki və pul sistemi tətbiq edilirdi. Beynəlxalq ticarəti inkişaf etdirmək üçün I Məlikşah 1087-ci ildə bəzi ticarət rüsumlarını ləğv etdi. Natural təsərrüfatın hökmranlığı ayrı-ayrı regionlar arasında əlaqələrin zəifliyi, möhkəm mərkəzləşmiş dövlətin yaranmasına imkan vermədi. Nə qədər ki, işğallar genişlənirdi, Səlcuq dövləti də, qüvvətlənirdi. Hərbi işğallar ara verdikdən sonra XI əsrdə Səlcuq dövləti zəifləməyə başladı. Səlcuq sultanlarının geniş torpaq sahələri verdiyi sərkərdələr, əyanlar, iqta sahibləri zaman keçdikcə iri hakimlərə çevrilir, mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Sultan Mahmud (1092-1094) və sultan Borküyanğın (1094-1104) hakimiyyəti illərində imperiyanın zəifləyib dağılması prosesi daha da gücləndi. Buna görə səlibçilərin qarşısını almaq mümkün olmadı. II Məlikşahın (1104-1105) hakimiyyəti qısa oldu. Sultan Məhəmməd Təpər (1105-1117) mərkəzi hakimiyyəti möhkəmlətməyə çalışdı. O, imperiyanın bütün ərazisində öz hakimiyyətini bərpa etsə də, sonuncu Böyük Səlcuq hökmdarı Sultan Səncərin (1117-1157) dövründə dövlətin ərazi bütövlüyü pozuldu. Səncər Qəznə şəhərini qəznəvilərdən, Mavəraənnəhri qaraxanilərdən alsa da, qarakitayların Mavəraənnəhrə hücumlarını dəf edə bilmədi və 1141-ci ildə məğlub olub. Mavəraənnəhri itirdi. Vergilərin çoxluğundan narazı olan oğuzlar üsyan qaldırdılar və Səncəri əsir aldılar. O, üç il əsirlikdə qaldıqdan sonra qaçdı. Səncər 1157-ci ildə öldü. Ondan sonra Böyük Səlcuq imperatorluğu dağıldı, onun ərazisində Kirman, Konya, Suriya, Iraq Səlcuq sultanlığı, Azərbaycan Atabəylikləri, Kiçik Asiyada bir sıra əmirliklər yarandı. Səlcuq imperiyasının parçalanmasının əsas səbəbi natural təsərrüfatın hökmranlığı, əyalət hakimlərinin güclənməsi, xalqların azadlıq mübarizəsi idi. Səlcuq imperiyası və ondan sonrakı dövrdə türklər Yaxın və Orta Şərqdə əsas etnik-siyasi amilə çevrildi. İslam mədəniyyətinin inkişafında türklərin rolu yüksəlməyə başladı.

0 şərh