Qərbi Avropa V-XI əsrlərdə

Qədim almanların yaşadığı ərazi, məşğuliyyəti. Onların Romanı işğal etməsi. Qədim alman tayfalarının əcdadları eramızın əvvəllərində qərbdən Reyn, şərqdən Visla, cənubdan Alp dağları və Dunay çayı, şimaldan Şimal və Baltik dənizləri ilə hüdudlanmış ərazidə yaşayırdılar. Onlar kəndlərdə nəsil (qəbilə) icmasıhalında məskunlaşmışdılar. Romalılardan 2 tarlalı əkinçilik qaydasını öyrənmişdilər.
Bəzən müharibə zamanı bəzi nəsil üzvləri tayfadan ayrı düşür, yad tayfalarla qonşuluqda yaşayırdılar. V-VI əsrlərdə qəbilə icması tədricən qonşuluq icması ilə əvəzləndi. Qonşuluq icmasının yaranması qədim alman tayfalarında bərabərsizliyin əsasını qoydu. Tayfanı xalq yığıncağı idarə edirdi. Müharibə və sülh məsələləri, tayfa başçılarının seçilməsi, adamlar arasında mübahisələr xalq yığıncağında həll edilirdi. Almanlarda tədricən əvvəlcə «birinci adam» saydan əyanlar, sonra isə Hərbi Demokratiya meydana gəldi. Hərbi demokratiya yaranandan sonra xalq yığıncağında ancaq əli silah tutan adamlar iştirak edirdilər. Hərbi başçılar əyan, qəbilə ağsaqqalı olur, döyüş drujinaları yaradırdılar. Onlar torpağın, mal-qaranın yaxşısını, qənimətin çoxunu özlərinə götürürdülər.
Almanlar əvvəllər Romaya yalnız qarətçi hücumlar etməklə kifayətlənirdilər. Sonralar isə, yəni V əsrdən sonra onlar Roma imperiyasının ərazisini işğal etdilər və orada məskunlaşdı. Qərb qotları(Ost Qotlar) İspaniyada, şərq qotları (vest qotlar) İtaliyada, franklar Qalliyada, anqlar və sakslar Britaniyada, Vandallar Şimali Afrikada məskunlaşdılar və krallıqlar yaratdılar.
Beləliklə, zəifləmiş Roma imperiyası barbarların hücumuna davam gətirə bilmədi. Qullar, kolonlar, yoxsul azad əhali şəhər darvazalarını onların üzünə açdılar. Şəhərlər dağıdıldı. Salamat qalanlar tənəzzül etdi. Limanlar, yollar boş qaldı. Bundan sonra feodal münasibətləri yarandı. Alman tayfaları ibtidai icma quruluşundan birbaşa feodalizmə keçdilər.
Franklarda dövlətin meydana gəlməsi. Frank imperiyası. Franklar alman tayfalarından biridir. V əsrin sonunda Frank tayfalarından birinin başçısı Xlodvik (481-511) idi. Franklar çoxdan Roma canişininin idarə etdiyi Qalliyanı tutmaq istəyirdilər. Onlar 486-cı ildə Suasson şəhəri yaxınlığındakı vuruşmada Roma canişininin qoşununu məğlub edib və Qalliyanın bir hissəsini ələ keçirdilər. Suasson döyüşünün nəticəsində Roma canişini məğlub oldu. Qalliya torpaqlarının çoxunu əyanlar ələ keçirdi. Xlodvik isə Roma imperatorlarına məxsus olan torpaqlara sahib oldu. Təqribən 500-cü ildə franklarda dövlət yarandı. Xlodvik özünü kral elan etdi və bundan sonra xalq yığıncağı çağır­madı. Ancaq əyanlarla məsləhətləşirdi. Franklarda asılı kəndlilər Qalliyanın əsarət altına salınmış yerli əhalisindən, azad icma üzvlərindən, qullardan və kolonlardan yaranırdı.
Kral geniş ərazilərə hakim — qraflar təyin edirdi. Qraflar vergi toplayır, döyüşçü dəstələrinə başcılıq edirdilər. VIII əsrdə Pireney yarımadasını ərəblər tutdu. 732-ci ildə Puatye vuruşmasında franklar ərəbləri məğlub etdilər. Bundan sonra ərəblər Avropanın mərkəzinə doğru irəliləyə bilmədilər.
Franklarda kəndlilər öz torpaqlarını əllərində çətin saxlayırdılar, çünki quraqlıq və qıtlıq, kəndlilərin hərbi xidmətə getməsi təsərrüfatın tənəzzülə uğramasına səbəb olurdu. Digər tərəfdən güclü qonşular hücum edib kəndlilərin var-yoxunu əllərindən alırdılar. Kəndlilər müdafiə olunmaq üçün iri torpaq sahiblərinə sığınırdılar, onların himayəsinə keçirdilər və kəndlinin torpağı himayəçinin mülkiyyətinə keçirdi. İri torpaq sahibi kəndliyə pay torpağı verirdi. Kəndli bu torpaqdan istifadə etdiyinə görə ağasının torpağında da işləyirdi. Belə kəndlilər asılı kəndlilər adlanırdı. Asılı kəndlilər ağadan torpağa görə asılı idi və şəxsən azad idi. Təhkimli kəndlilər isə ağadan həm torpağa, həm də şəxsən asılı idi. O, ağanın yanından gedə bilməzdi. Öz əmlakı ilə istədiyi kimi rəftar edə bilməzdi. Onun övladları və nəvələri də təhkimli olurdular.
Böyük Karl
dövründə frank dövləti ən qüdrətli dövlətə çevrildi. Onun ərazisi genişləndi. Böyük Karl (768-811) İtaliyanın çox hissəsini öz torpağına qatdı. Pireney dağlarından cənubdakı kiçik bir vilayəti işğal etdi və geri qayıdarkən onun qoşununun təhlükəsizliyini qardaşı oğlu Roland qoruyurdu. O, düşmənlərin mühasirəsinə düşdü və öldürüldü. Sonralar onun haqqında «Roland dastanı» yarandı. Böyük Karl franklardan şimal-şərqdə Reyn və Elba çayları arasında yaşayan sakslara 8 dəfə hücum etdi. Onlara qarşı 30 il müharibə apardı. Böyük Karl onların bir hissəsini xristianlaşdırdı, bir hissəsini isə Qalliya və Almaniya ərazisinə köçürdü. Sonra ancaq saks əyanlarına torpaq paylayıb öz tərəfinə çəkdi və onların xəyanəti nəticəsində sakslar itaət altına alındı.
800-cü ildə Böyük Karl İtaliyaya gəldi və özünü imperator elan etdi. Roma papası onun başına qızıl tac qoydu. Böyük Karl dövründə Qərbi Avropa və Mərkəzi Avropanın bir hissəsi Frank imperiyasının tərkibinə daxil edildi.
Feodal mülkü Böyük Karl hərbi islahat keçirdi. Həmin islahatdan sonra azad kəndlilər hərbi xidmətdən azad edildilər. Çünki kəndlilərin orduda xidmət etməsi üçün yaraq-yasaq almağa imkanları yox idi. Bundan sonra qoşun iri torpaq sahiblərindən ibarət oldu. İmperator döyüşçülərə kəndlilərlə birlikdə torpaq paylayırdı. Hərbi xidmət başa çatdıqdan sonra torpaq imperatora qaytarılırdı. Lakin sonralar bu torpaq irsən keçməyə başladı. Bu cür torpaq mülkü feod, torpaq sahibi isə feodal adlanırdı. Feod irsi keçən torpaq mülkü idi. O, hərbi xidmət əvəzində verilirdi. Böyük Karl imperiyası V-IX əsrlərdə mövcud olmuş ilkin feodal dövləti idi.
Zaman keçdikcə azad icma torpaqlarında feodal mülkü yarandı. Feodal mülkü dövründə — VIII əsrdə Qərbi Avropada 3 növbəli əkin sistemi yarandı. Feodal mülkünün əkin yeri 2 hissəyə bölünürdü. 1. Ağa torpaqları, 2. Kəndlilərin pay torpaqları.
Pay torpağından başqa kəndlilərin həyətyanı sahəsi, bostanı, mal-qarası, əmək aləti, evi və s. var idi. Kəndlilər sahibkara vergi verir və mükəlləfiyyətə gedirdi. Kəndli öz pay torpağından əldə etdiyi məhsulun, yəni taxdın, ətin, yağın və s. bir hissəsini əvəzsiz feodala verirdi. Bu vergiyə, töycü deyilir. Kəndli həftənin müəyyən günlərini feodala əvəzsiz işləyirdi. Bu mükəlləfiyyət biyar adlanırdı. Bundan əlavə kəndlilər Roma kilsəsinə 10/1 vergisi verirdilər.


Natural təsərrüfat. IX-XI əsrlərdə Qərbi Avropada feodalizm cəmiyyəti quruldu. Feodalizm cəmiyyətində bütün hakimiyyət və torpaq feodallara məxsus oldu. Erkən feodalizm dövründə kənd təsərrüfatı texnikası aşağı səviyyədə idi. Natural təsərrüfat meydana gəlmişdi. Antik mədəniyyət tənəzzül edirdi. Texnikanın aşağı səviyyəsi və əldə edilən məhsulun azlığı natural təsərrüfatın meydana gəlməsinə səbəb oldu. Feodalizm quruluşunda kəndli ağasını, onun ailə üzvlərini, qulluqçularını kənd təsərrüfatı və sənətkarlıq məhsulu ilə təmin edirdi. Natural təsərrüfatda yaşayış üçün lazım olan hər şey təsərrüfat daxilində istehsal edilirdi. Məhsul satış üçün deyil, şəxsi təlabatı ödəmək məqsədilə istehsal olunurdu. Natural təsərrüfatın hökmranlığı şəraitində ticarət zəif inkişaf edirdi, dəmir və duz kənardan gətirilirdi.
Sənətkarlıq məhsulları feodal malikanəsində olan emalatxanada hazırlanırdı. Feodallar kompleks tikinti sayılan qəsrlərdə yaşayırdılar. Qəsrlərin ətrafına müdafiə hasarı çəkilir, sonra xəndək qazılırdı. Xəndək su ilə doldurulurdu. Qəsrdən çıxmaq üçün asma körpüdən istifadə olunurdu. Qəsrin daxilində feodalın evi, anbarı, qoşunu, həbsxanası və s. vardı. Bəzən qəsrdən çıxmaq üçün gizli yeraltı yoldan istifadə edirdilər. Feodalın əsas məşğuliyyəti: müharibə, ov və turnirlər idi. Turnirlər cəngavərlərin güc və çevikliyini nümayiş etdirmək üçün keçirilən hərbi yarışlar idi. Turnirlər hər il keçirilirdi.
Natural təsərrüfat şəraitində feodalların torpaq üzərində mülkiyyəti möhkəmləndi və nəticədə Frank imperiyası zəiflədi. Böyük Karl öləndən sonra onun varisləri arasında ara müharibələri başlandı. 843-cü ildə Böyük Karlın varisləri Verden şəhərində Frank imperiyasını öz aralarında 3 yerə böldülər:
İmperiyanın Şelda, Maas və Reyn çaylarından şərqdəki ərazisi Qərbi Frank krallığı adı altında Daz Karla verildi.
Şərqi Frank krallığına Alp dağlarından şimaldakı və Reyn çayından şərqdəki torpaqları daxil edildi. Bu krallıq almaniyalı Lüdoviqə verildi.

Reyn boyu torpaqlara Qərbi və Şərqi Frank krallıqları arasındakı əraziyə, həmçinin İtaliyaya — Lotar yiyələndi. Bu ərazilərdəFransa, Almaniya, İtaliya krallıqları yarandı.Beləliklə, Qərbi Avropada IX-XI əsrləri əhatə edən feodal dağınıqlığı dövrü başlandı. Əvvəllər frank əyanları Böyük Karlı müdafiə edirdilər. Çünki Böyük Karl müharibələr yolu ilə əyanlara çoxlu torpaq və kəndli verirdi. Əyanlar varlanandan sonra imperator hakimiyyətinə tabe olmadılar. Beləliklə, feodal dağınıqlığının meydana gəlməsinə səbəb aşağıdakılar oldu:
1. Natural təsərrüfat;
2. Torpaq üzərində feodal mülkiyyətinin möhkəmlənməsi;
3. Mərkəzi hakimiyyətin zəifləməsi və nəticədə feodal mülklərinin müstəqil dövlətlərə çevrilməsi.
Fransada 14 feodal mülkü var idi. Bunların bəzisi kraldan güclü və varlı idi. Bu iri feodal mülkləri öz növbəsində xırda mülklərə parçalanırdı. Fransadan fərqli olaraq Almaniyada kral hakimiyyəti möhkəm idi. 962-ci ildə Almaniya kralı I Otto (936-973) İtaliya və Romanı işğal etdi vəMüqəddəs Roma imperiyasını yaratdı. Bu imperiyaya 1805-ci ildə I Napoleon son qoydu. Almaniyanın iri feodalları kraldan tədricən müstəqillik aldılar. Torpaq sahibi olan iri feodallar öz vassallarına(hərbi qulluqçularına) torpaq verirdilər. Torpaq alan xırda feodal senyordan (ağadan) asılı olurdu. Vassal senyorla hərbi səfərə çıxmağa borclu idi. Feodalizm cəmiyyətində mövcud olan feodal nərdivanının ən yüksək pilləsində kral otururdu. Kral bütün feodal başçılar arasında mübahisəli məsələləri yoluna qoyur, qoşuna özü başçılıq edirdi. Kral hersoq və qrafların senyoru idi. Hersoq və qrafların yüzlərlə kəndi olurdu. Onlar böyük döyüşçü dəstəsinə malik idilər. Hersoq və qraflardan aşağıda baronlar dururdu. Baronlar hersoq və qrafların vassalları idilər. Onların 20-30 kəndi olurdu. Baronlar cəngavərlərin senyorları idilər. Cəngavərlərin vassalı olmurdu. Feodalların bu cür təşkil olmasına feodal nərdivanı deyirdilər. Senyorların əsas vəzifəsi xidmət müqabilində vassallara torpaq vermək, onları müdafiə etmək, onlara qəyyumluq etmək (məs.: əsrlikdən xilas etmək) idi. Vassalların vəzifəsi o idi ki, əmr alan kimi yürüşə çıxsın, senyor məhkəməsində iştirak etsin, ödənc verməklə senyoru əsrlikdən azad etsin, pul və məsləhətlə ona kömək etsin və s. Kəndlilər, sənətkarlar, ruhanilər feodal nərdivanına aid deyildilər. Feodallar kəndlilərin hesabına dolanır, feodal nərdivanından müharibə aparmaq və kəndliləri itaətdə saxlamaq üçün istifadə edirdilər.

0 şərh