Vahid Rusiya dövlətinin yaradılması

Rusiya torpaqlarının Moskva ətrafında birləşdirilməsinin başa çatması. XVI əsrdə Rusiyanın daxili və xarici siyasətinin qarşısında aşağıdakı vəzifələr dururdu:

  • feodal pərakəndəliyinə qarşı mübarizə;
  • vahid dövlət aparatının yaradılması;
  • ölkənin ərazisini şərq və Pribaltika torpaqları hesabına genişləndirilməsi.

XVI əsrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətini işğalçılıq müharibələri yolu ilə ərazisini genişləndirmək təşkil edirdi. III Vasili (1505-1533) 1510-cu ildə Pskov respublikasını, 1514cü ildə Smolenski, 1521-ci ildə Ryazan knyazlıqlarını Moskvaya birləşdirdi.

1533-cü ildə III Vasili öldü, formal olaraq hakimiyyətə üçyaşlı IV İvan (1533-1584) keçdi. Dövləti onun anası Yelena Qlinskaya idarə edirdi. O, feodalların özbaşınalığına son qoymaq və mərkəzi hakimiyyəti gücləndirmək siyasəti yeridir, feodalların imtiyazlarını azaldır, idarə islahatı keçirirdi. 1538-ci ildə Qlinskaya öldü. Böyük knyaz IV İvan 1547-ci ildə özünü çar elan etdi. O, bir sıra islahatlar keçirdi. Çar yaxın köməkçilərindən ibarət Seçmə rada yaratdı. IV İvan 1549-cu ilin fevralında ilk Zemstvo yığıncağını topladı. Burada feodalların müxtəlif təbəqələri təmsil olunurdu,

1550-ci ildə ümumrusiya Qanunnaməsi qəbul olundu. Qanunnaməyə əsasən, mərkəzləşmiş idarə sistemi gücləndirildi. İndi kəndli ildə bir dəfə iş qüvvəsini itirdiyinə görə feodala dəyən ziyanı ödədikdən sonra feodalın yanından gedə bilərdi. 1581-ci ildə «Qadağan (yasaq) illəri» tətbiq edildi, bu isə faktiki olaraq kəndliləri təhkimli halına saldı. Zadəganları boyar məhkəməsi deyil, çar və onun hakimləri mühakimə edə bilərdilər. Əsil-nəcabətə görə vəzifə tutmaq qaydası ləğv edildi. Daimi qoşun növü streles qoşunu yaradıldı. 50-ci illərdə boyar canişin sistemi ləğv edildi. Zadəganlar, posad adamlarının (Rusiya şəhərlərinin ticarət və sənətkarlıqla məşğul olan əhalisi) yuxarı təbəqəsi, kəndin qara camaatı arasından seçilən yerli özünüidarə orqanları yarandı.

Opriçnina, təhkimçiliyin güclənməsi (1565-1572). 1565-ci ildə IV İvan torpaqların xeyli hissəsini xüsusi şəxsi mülkiyyətinə opriçninaya çevirdi. Opriçnina çara müxalifətdə olan boyarların müqavimətini qırmaq üçün yaradılmışdı. 1570-ci ildə IV İvan opriçnina qoşununun başında öz ölkəsinə basqın edib Klin, Tver və digər şəhərləri amansızlıqla qarət etdi. Növqorodda qırğın 40 gün davam etdi. Opriçnina 1572-ci ildə ləğv edildi. Opriçnina on minlərlə kəndlini və sənətkarı müflisləşdirdi, ölkənin təsərrüfatına ziyan vurdu.

XVI əsrin 70-80-ci illərində müharibə, epidemiya və opriçnina nəticəsində kəndlilər, posad adamları öz yerlərini tərk etdilər. Hökumət kəndlilərin «Yuri günü» mülkədarın yanından və şəhərdən çıxıb getmələrinin qadağan edildiyi illər «yasaq illəri» adlanırdı. Bununla da kəndlilərin ildə bir dəfə mülkədarın yanından getməsinə aid hüquq sisteminin yaradılmasına başlandı.

1584-cü ildə IV İvan öldü. Onu kəmağıl və xəstə oğlu Fyodor əvəz etdi. Dövləti isə əslində qaynı Boris Qodunov idarə edirdi. 1598-ci ildə Fyodor öldü, İvan Kalitanın kişi nəsli kəsildi. Zemstvo yığıncağı patriarxın köməyi ilə Boris Qodunovu çar seçdi. O, Rusiyada seçki yolu ilə seçilmiş ilk hökmdar idi.
Bolotnikovun başçılığı ilə kəndli müharibəsi (1606-1607). 1600-cü ildə Boris Qodunov öldü, Vasili Şuyski (1606-1610) hakimiyyətə gəldi. 1606-cı ilin yayında xolop İvan Bolotnikovun başçılığı altında üsyan baş verdi. Üsyanda xoloplar, kəndlilər, şəhərlilər, kazaklar, xırda qulluqçular iştirak edirdilər. Bolotnikov Moskva yaxınlığında Kolomna kəndinə qədər irəlilədi. Lakin üsyana qoşulmuş zadəganlar xəyanət etdilər, üsyançılar döyüşdə məğlub oldular və Moskvadan Kaluqaya çəkildilər. Oradan Tulaya getdilər, lakin 1607-ci ildə məğlub oldular. Bu üsyan təhkimçilik hüququ sisteminin təşəkkül tapmasını bir müddət uzatdı.

1610-cu ildə Şuyski hakimiyyətdən salındı, «Yeddi boyar hakimiyyətə» gəldi. Moskva boyarları milli xəyanət etdilər. Reç Pospolitanın şahzadəsi Vladislavı Rusiya taxt-tacına sahib olmağa dəvət etdilər. Polşa ordusu Moskvaya daxil oldu. 16101612-ci illərdə Kuzma Minin və Dmitri Pojarskinin başçılığı altında xalq hərəkatı nəticəsində Polşa və İsveç müdaxiləsinə son qoyuldu.

Romanovlar sülaləsinin hakimiyyətə gəlməsi. 1649-cu il «Məclis qanunnaməsi». 1613-cü ildə Zemstvo yığıncağı 16-yaşh Mixail Romanovu (1613-1645) çar seçdi və bununla da Romanovlar sülaləsinin əsası qoyuldu (1613-1917).

Rusiya dövlətində qanun külliyyatı — «Məclis qanunnaməsi» hazırlandı və 1649-cu ildə Zemstvo yığıncağında qəbul edildi. Qanunnaməyə görə malikanələr (Pomostye) irsən keçə bilərdi, onların Votçinalarla dəyişdirilməsinə icazə verildi. Qanun kəndliləri qəti olaraq feodallara təhkim etdi. Onlar öz ağasının yanından başqasının yanına gedə bilməzdi. Ağasının yanından qaçan kəndlilərin axtarılması üçün vaxt məhdudlaşdırılmadı. Təhkimçilik irsi vəziyyət aldı, yəni kəndlinin övladları da təhkimli kəndli sayıldı. Kəndlilər müstəqil iddia irəli sürə bilməzdilər. Beləliklə, Rusiyada təhkimçilik hüququnun rəsmiləşdirilməsi bu qanunnamədə başa çatdı.

 

0 şərh