Almaniyada Reformasiya və kəndli müharibəsi

Reformasiya və kəndli müharibəsinin səbəbi. XVI əsrin başlanğıcında Almaniyada sənaye və ticarət inkişaf etməyə başladı. Manufakturalar artırdı, lakin feodal dağınıqlığı kapitalizmin inkişafına mane olurdu. Şəhərdə manufaktura yarada bilməyən tacirlər onları şəhərdən kənarda açır və varlanırdılar. Almaniyada ən varlı nəsil Függerlər ailəsi idi. Onlar hətta krala və Roma papasına borc verirdilər.

XVI əsrdə Almaniyada katolik kilsəsi hökmdarlıq edirdi. Katolik kilsəsinin torpaq mülkləri var idi, kilsə əhalidən onda bir vergisi alır, vəzifə və indulgensiya ("cənnət qəbzləri") satırdı. Almaniya dağınıq olduğuna görə imperator katolik kilsəsinin xalqı soyub-talamasının qarşısını ala bilmirdi.

Almaniyada kapitalist istehsalının inkişafına aşağıdakılar mane olurdu: 1) şəhərlərdə sexlər və sex qaydaları; 2) feodal zülmünün güclənməsi, kəndlilərin təhkimli vəziyyəti, onların sələmçilərə borclu olması; 3) feodal dağınıqlığı, cəngavərlərin quldurluğu və soyğunçuluğu; 4) katolik kilsəsinin zülmü, əhalinin bütün təbəqəsinin katolik kilsəsindən asılılığı.

 

Almaniyada reformasiyanın başlanması. Roma papasının Almaniyada «cənnət qəbzi» alverini genişləndirməsi katolik kilsəsinə qarşı mübarizəni genişləndirdi. Belə bir şəraitdə Vittenberq universitetinin ilahiyyatçı professoru, alim, rahib Martin Lüter 1517-ci ildə «cənnət qəbzinə» (indulgensiya) qarşı çıxdı və 95 tezislə dindarlara müraciət etdi. Onunla razılaşmayanları mübahisəyə çağırdı. O, əhalini Roma papasına pul verməməyə çağırırdı. Roma papası Lüteri lənətləyən fərman verdi. Heç kim fərmanı çap etmədi. Lüter papanın fərmanını yandırdı və onu bidətçi elan etdi. İmperator Roma papasını müdafiə edirdi. O, Lüteri Vorms şəhərində keçirilən qurultaya dəvət etdi və ondan baxışlarından əl çəkməyi tələb etdi. İmperator Lüteri həbs etmək istədi. Lakin cəngavərlər onu gizlədib, buna imkan vermədilər. Lüterin çıxışı reformasiyanın, yəni kilsənin yenidən qurulması uğrunda mübarizənin başlanğıcı oldu. Katolik kilsəsini islah etmək uğrunda mübarizə reofrmasiya adlanır. Lüter dinə qarşı çıxmırdı. Reformasiyada şəhər və kənd əhalisinin hamısı, cəngavərlərin çoxu, hətta knyazların bəziləri də iştirak edirdi. Şəhərlilər kilsə vergilərinin azaldılmasını, cəngavərlər kilsənin torpağını ələ keçirməyi, knyazlar öz torpaqlarında olan kilsələrin başçısı olmaq istəyirdilər.

 

Kəndli müharibəsi. Kəndlilər və şəhərlilər, ümumiyyətlə, feodal zülmünə qarşı çıxırdılar. Xalq reformasiyası feodalizm quruluşuna qarşı mübarizə aparırdı. Tomas Münser (1493-1525) xalq reformasiyasına rəhbərlik edirdi. Lüter kilsədə islahat keçirməkdən irəli getmirdi. Tomas Münser xalqı azad etməyi qarşısına məqsəd qoymuşdu, feodalizmi silah gücünə məhv etmək ideyasını irəli sürürdü.

1524-cü ilin yayında Almaniyada kəndli müharibəsi başlandı. Sonrakı il genişləndi. Üsyanın başçıları 12 maddədən ibarət məramnamə tərtib etmişdilər. Burada kəndlilərin şəxsi asılılığını ləğv etmək, icma torpaqlarını kəndlilərə qaytarmaq, biyar, töycü və s. vergiləri azaltmaq, hər bir kəndə özünə keşiş seçmək hüququ vermək tələbləri var idi.

Burjuaziya kəndli müharibəsindən öz məqsədi üçün istifadə edirdi. Burjuaziyanın Heylbron şəhərində tərtib edilmiş məramnaməsi onun mənafeyini müdafiə edirdi. Burjuaziya Almaniya üçün vahid pul kəsilməsini, gömrüklərin ləğv edilməsini tələb edirdi. Üsyan Turingiya vilayətində genişləndi. Münhauzen şəhərində şəhər şurası varlılardan təmizləndi. Münser öz tərəfdarlarından şəhər şurası yaratdı. Lakin varlı şəhərlilər üsyana xəyanət etməyə başladılar. Münser 8 min adamla Frangenhauzen şəhəri yaxınlığındakı dağda mövqe tutdu. Kəndlilərlə knyazlar danışığa başladılar. Lakin muzdlu ordu danışığı pozdu, hücuma keçdi, 5 min üsyançı qırdı. Münser yaralandı, əsir düşdü və edam olundu.

Almaniyada kəndli müharibəsi zamanı 100 mindən çox kəndli həlak oldu. Bu kəndli müharibəsi Avropada feodalizm quruluşunu inqilabi yolla devirmək üçün göstərilən birinci cəhd idi. Almaniyada kəndli müharibəsinin məğlub olmasının səbəbləri aşağıdakılar idi:

1) kəndlilər mütəşəkkil qüvvə deyildi. Kəndli dəstələri böyük ordu halında birləşə bilmədi;

2) ümumi rəhbərlik yox idi;

3) varlı şəhərlilər Lüterlə birlikdə feodalların tərəfinə keçdilər;

4) hərbi işdə kəndlilərin təcrübəsizliyi və ordu sırasında intizamın olmaması.

Beləliklə, kəndli müharibəsinin məğlub olması nəticəsində feodal qaydaları daha da qüvvətləndi. Şəxsən azad olan kəndlilər təhkimli kəndliyə çevrildilər. Almaniyada feodal dağınıqlığı daha bir neçə yüz il davam etdi və feodal zülmü gücləndi.

 

0 şərh