Tarixin ən böyük sərkərdəsi - "Çingiz Xan"

«Demə güclüyəm, özündən daha güclüyə rast gələrsən. Demə hiyləgərəm, özündən daha hiyləgərə rast gələrsən”- Qırğız məsəli
Mərkəzi və Ön Asiya xalqlarının elitasının, hakim təbəqələrinin özəyini min illər boyu türklər, türkdilli xalqların nümayəndələri təşkil etmişlər. Bunun səbəbi nədir? Say çoxluğumu? Əsla. Təkcə Çin və hind xalqlarının sayı yerdə qalan bütün xalqların birlikdə sayından qat-qat artıqdır.
Bəs nəyə görə Çində, Hindistanda, Əfqanıstan və İranda, ərəb ölkələrində əsrlər boyu türklər hökmranlıq etmişlər? Mahir siyasətçi olduqlarına görəmi? Yox. Bu hökmranlıq analarımızın vaxtaşırı doğduqları fövqəlbəşər  oğulların, ərlərin, hərbi dühaların, qüdrətli sərkərdələrin qılıncı, hünəri və zəkası sayəsində mümkün olmuşdur.

Axı Mode (Mete) təkcə böyük və qüdrətli səltənət və imperiya yaratmaqla cahanşümul rol oynamayıb. Onun genləri iki, üç yüz il böyük tacları başında saxlaya biləcək ərlərin meydana gəlməsini və qüdrətli estafet kimi oğul və nəvələrinə verilməsini təmin etmişdir. Bir sözlə, türkün keçmiş tarixi və genetik sərvəti ox vıyıltısı və qılınc cingiltiləridir.

Türklərə belə parlaq milli qəhramanlıq keçmişi bəxş edənlərdən biri Temuçin-Çingiz xandır. Doğrudur, Temuçin monqol idi, lakin o və yaxın sərkərdələri türk-tatar xalqlarının ümmanında ada kimi idilər. Çünki yalnız türk xalqları evini, ailəsini, hətta vətənini atıb, macəra və qəhramanlıq ardınca getməyə həmişə hazır olur. Ümumiyyətlə, Çingiz xan dövründə Monqolustan və Şərqi Türküstan əsasən, türkdilli xalqların qaynadığı ocaq idi. Onun sevimli arvadlarının ikisi tatar qızı idi. Çingiz xanın Monqolustanın özündə hakimiyyətə gəlməsi dövrünün hadisələri, hədsiz maraqlı olsa da, bizə az məlumdur. Ümumiyyətlə, rus-sovet imperiyası dövründə Çingiz xan tarixi yalnız qara boyalarla təsvir edildiyindən, onun haqqında demək olar ki, heç nə bilmirik.

Monqolların ilk hökmdarı Xabul xan, onun oğlu isə Xutulu xan idi. Xabul xan kimi oğlu da Çin imperiyası ilə aramsız mübarizə aparırdı. Çingiz xanın atası Yesuqey bahadır da Xabul xanın nəvəsi idi. Onların nəsli kiyat borçiginlər tayfasından idi. Onlara yaxın olan tayçit, salçiut, katagin, durben, urut və bir çox başqa qəbilələr də mövcud idi. Bu tayfalar həm bir-birləriylə, həm çinlilərlə, həm də tatarlar, uyğurlar və digər türkdilli xalqlarla çəkişmə və mübarizə şəraitində yaşayırdılar.

Bir dəfə atası 9 yaşlı Temuçini özü ilə xungirat qəbiləsindən olan Dey-seçenin qızı Borteni adaxlamağa aparmışdı. Oğlunu orda qoyub qayıdanda yolda tatarlar onu tutdular və zəhərləyib öldürdülər. Bu hadisədən sonra Yesuqey bahadırın ulusu dağıldı. Lakin onun böyük oğlu Temuçin yeniyetmə yaşı ötüşən kimi Borteni öz ordugahına gətirib onunla evləndi. Həmin gündən də öz məqsədi uğrunda inadlı mübarizəyə başladı. Bu mübarizə illərlə çəkdi. Hədsiz uğurlar və uğursuzluqlar bir-birini əvəz etdi. Bu mübarizənin tarixini oxuduqca insan bir daha əmin olur ki, böyüklük çox az adama qızıl məcməyidə təqdim olunur. Böyüklüyü ağıl və qılıncla fəth etmək lazımdır. Temuçin çətin anlarda da ustalıqla dünənki düşmənlərinin xidmətindən istifadə edir. Hətta əsir alınıb ayağına gündə vurulanda, sevimli arvadı Borte əsirlikdə olanda belə ruhdan düşmürdü. Bu bitib-tükənməz mübarizə Temuçinin dəmir iradəsi üçün əsl sınaq oldu. O, güclü rəqibləri olan Camuxanı, Van xanı, Tayan xanı və nəhayət, Gucluq xanı məhv edib, monqol qəbilələrini bir bayraq altında toplaşmağa məcbur etdi. Nəhayət, 1206-cı ildə, təxminən 40 yaşında olanda monqol feodalların qurultayı onu bütün monqolların böyük xanı elan edib ona Çingiz xan adını verdi.
O, dövrünün ən qüdrətli və güclü ordusunu yaratdı. Başqa qəbilələrdə orduya rəis ancaq zadəganlardan təyin edildiyi halda Çingiz xan ilk dəfə olaraq sadə insanlardan ən istedadlılarını seçib orduya rəis təyin edirdi. Buna misal olaraq Subutay bahadırı göstərmək olar (O, dövrünün ən böyük sərkərdələrindən sayılır).

Bundan sonra tayfa və qəbilələrin saysız at ilxılarının, qoyun sürülərinin ixtiyarı onun əlinə keçdi və 40 yaşlı Çingiz xan bu nizam-intizamlı tufanı dünyanın dörd qurşağına – güneyə, quzeyə, günbatana və gündoğana yönəltdi. O, 20 il müddətinə Anadoludan Ukrayna düzənliklərinə, Cənubi Çin cəngəlliklərindən Sibir ətəklərinə qədər sonsuz əraziləri və böyüklü-kiçikli qırx dövləti tatar-monqol qılıncı önündə diz çökməyə məcbur etdi. İmperiya ardıcılları, ordu başçıları əsasən, tatar, uyğur, karluq və başqa türkdilli xalqların nümayəndələrindən ibarət idi. Monqollar uyğur əlifbasını götürüb „gizli” və “aşkar” adı altında öz qəbilə tarixlərini yazmışdılar. Çingiz xanın oğul və nəvələri isə artıq tamam türkləşmişdilər.

Çingiz xanın fütuhatı şərqi hunların yürüşündən sonra türk sivilizasiyasının mərkəzi Avropa xalqlarının mədəniyyətlərinə ikinci axınını təmin etdi. Bu axın vasitəsilə Avropa missionerləri Şərqə ayaq açdılar. Çin və hind mədəniyyətinin, fəlsəfəsinin, ədəbiyyat və incəsənətinin öyrənilməsinə yol açıldı. Çingiz xan mərdliyi və ləyaqəti qiymətləndirir, könüllü itaət edənləri bağışlayır, onların hakimiyyətlərinə, sərvət və dinlərinə toxunmurdu. Əksinə, müqavimət göstərənlərə, xəyanət edənlərə amansız divan tuturdu. Bu səbəbdən Şimali Azərbaycanın itaət etməyən Beyləqan, Qəbələ kimi şəhərləri viran edilsə də, Güney Azərbaycanın Təbriz və başqa böyük şəhərləri əsla zərər çəkmədi.

Çingiz xanın fütuhatı Çinin, Orta Asiyanın, Qafqaz və İraqın gələcəkdə vahid dövlət şəklində formalaşmasına, milli dövlətlərin yaranmasına şərait yaratdı. Əlbəttə, xalq kütlələri xüsusilə vergilərdən əzab çəkirdi. Lakin bu əzabın əsas baisləri erməni və yəhudi vergiyığanları, onların imansızlığı və acgözlüyü idi. Bu cəhətdən xüsusilə Çin xalqı qazanmış oldu. Belə ki, çoxlu knyazlıqlara parçalanıb bir-birlərilə didişən Çin vahid və mərkəzləşmiş dövlət forması almasına görə Çingiz xana və Xubilaya minnətdar olmalıdır. Azərbaycanda tatar-monqol dövründə mədəniyyət görünməmiş səviyyəyə çatdı. Qazan xan Təbrizi şərqin ən parlaq və zəngin şəhərinə döndərdi.

Sovet tarixçiləri Rusiyanın tatar-monqol hakimiyyəti illərini maddi və mədəni həyatın tənəzzülü kimi qələmə vermişlər. Əslində isə tatar xanları rusları almanlaşmaqdan xilas etmiş, kiçik Kiyev rusunun gələcəkdə ucsus-bucaqsız imperiyaya çevrilməsi üçün şərait yaratmışdılar. Əlbəttə, Çingiz xan humanist deyildi. Lakin o, qeyd etdiyimiz kimi, bağladığı sazişlərə əməl edir, səbəbsiz qırıb-dağıtmırdı. Xarəzmdə şah Məhəmmədin oğlu Cəlaləddin Mənkiburnu Sind çayı sahilindəki döyüşdə məğlub olanda, əsir düşməmələri üçün arvad-uşağını öz əliylə çaya atıb qərq etdikdən sonra özü atıyla bərabər gur dalğaların qoynuna atılıb dağ sellərini yara-yara üzüb gedərkən, Çingiz xan ona heyranlıqla tamaşa etmiş və igid sərkərdənin təqib edilməsinə icazə verməmişdi.

Həmin döyüşlərdə Cəlaləddinin 7 yaşlı oğlu əsir düşür. Çingiz xan gələcəkdə övladları və nəvələri üçün təhlükə yaradacağından ehtiyat edərək Sultan Cəlaləddinin 7 yaşlı oğlunu edam etdirir. Çingiz xanın fütuhatı xalqların zehnində silinməz iz buraxdı. Bu iz xüsusilə rus dastanlarında milli təəssübkeşlik motivlərinin yaranmasına səbəb oldu. Onun nəvəsi Batı xan babasının zəfər bayrağını Adriatik sahillərinə kimi apardı və nəticədə dünya tarixində bütöv bir fəsil və dövr əmələ gəldi.

Əgər Monqolustanda böyük xan Ugedey ölməsəydi, Avropanın taleyi başqa cür olacaqdı. Bütün xanlar və sərkərdələr Monqolustana gedib yeni xan seçdilər. Yeni seçilən xan Ugedeyin oğlu Quyuk xan idi. Beləliklə, monqol qəhramanının oğlu Çingiz xanın dövləti onlarla dövlətin sərhədlərini yox edib onlarla tac daşıyan başları dəyişdi. Onlarla xalqın dilində yeni sözlər, yeni adlar, yeni anlayışlar və həyat tərzi gətirdi. Bu fütuhat dünyanın müxtəlif guşələrinə türk dilli xalqların yeni axınını təmin etdi və onların dillərindəki saysız fel birləşmələrinin yaranmasına səbəb oldu. Bütün bunların tarix və gələcək millətlər üçün xeyirlimi, zərərlimi olduğunu demək çətindir. Necə ki, ümumiyyətlə, nəyin yaxşı, nəyin pis olduğunu ayırd etmək qeyri-mümkündür. Bir şey həqiqətdir ki, xalqların hegemonluq uğrunda gizli və açıq mübarizəsi gedir və hələ çox gedəcək. Bəzi xalqlar bu mübarizədən yorulub çəkilir, bəziləri məğlub olub „əriyir” və sonra haçansa tamam başqa qiyafədə peyda olur.

Tarix davam edir. O hansı tərəfə gedir, heç kim deyə bilməz. Çünki gələcək hadisələrin planı gözəgörünməz yerdə və gözəgörünməz əldədir. Çingiz xanın qurduğu imperiya Böyük İsgəndərin imperiyasından dörd dəfə, Roma imperiyasından iki dəfə böyük idi. Çingiz xanın həyatı və döyüşləri barədə akademik Ziya Bünyadov “Sultan Cəlaləddin Mənkiburnunun həyatı”, Əlisa Nicat „Dünya sərkərdələri”, Vasili Qriqoryeviç Yan “Çingiz xan” və „Batı” kitablarında geniş məlumat verirlər.

Mənbə:tarix.info

1 şərh

istorik_c
Vaxtilə bu məqalənin müəllifi ilə mübahisələrim olub. Çingiz xanın nəsli türkləşməyib. Əksinə Xubilay xandan sonra onlar Çin təsirinə məruz qaldılar. Bəzi tarixi proseslər var onlar bu məqalədə yanlış formada verilir. Topikin müəllifi yenə də məndən inciməsin. Amma həqiqət budur.