“Lion cəlladı” - Jozef Fuşe

“Hətta Allaha belə ömür boyu sadiq qalacağı barədə and içmirsə, insanlar haqqında heç söhbət ola bilməz” – Svayq, “Jozef Fuşe”.

Onun qərarları gilyotindən daha kəskin idi. Heç zaman yanılmazdı. Nə inqilabın şöhrətinin başgicəlləndirici vaxtlarında, nə Direktoriya, nə də ki imperiya dönəmində başını qurban verdi. Əksinə, çoxlu başlar aldı. Bir göz qırpımında çoxlu insan öldürdü. İnsanları bir-birinə bağlayaraq top gülləsi ilə birdəfəlik o dünyaya yola saldı.

Kilsələri tarimar, İncili təhqir elədi, müqəddəs xaça tüpürüb, sonra süpürüb atdı. Halbuki, özü dini təhsil almışdı, moizələr oxumuşdu.

Bu adam əksəriyyətin ilk olaraq Svayqın əsərindən tanıdığı Jozef Fuşedir.

Əgər yeni dünyanın tarixi 1789-cu il fransız devrimindən başlayırsa, bu mərhələdə iştirakçı olan bütün fiqurlar tarix üçün önəmlidir. Yakobinçilər, həm jirondistlər, krala sadiq qalanlar, gələcək imperiyanın təməlini hazırlayanlar, bir sözlə, hər kəs bu mərhələnin önəmli kimsələridir. Bu kimsələrdən Robespyer şimşək tək çaxaraq hüquq tanrısı rolunu oynayır, Napoleon ordu generallığından imperator taxtına qədər yüksəlir.

Amma birdə bunların kölgəsində gizlənən, amma kölgəsi ilə onların hər ikisini yola salan şəxs var idi: Jozef Fuşe.

Ata-babası kimi səhhətinə görə dənizçi ola bilmir. Kilsədə din xadimi kimi yetişməsi üçün təhsil alır. Burada biliyi ilə seçilir, riyaziyyat, fizika üzrə mütəxəssis olur, dərs deyir. Amma Allaha və kilsəyə sonsuza qədər sədaqətli qalacağına dair monarx andını içmir. Çünki Allah daxil, kiməsə daimi bağlı qalmaq ona yad bir hiss idi. On il monastır divarları arasında həyat sürən bu şəxs yekun anddan imtina edir. Amma əvəzində bu on ildə (20-30 yaş) o, mühüm bir xarakterə yiyələnir:

“Bütün öyrəndikləri – susa bilmək texnikası, öz fikirlərini gizlədə bilmək bacarığı, insanın daxili aləmini və psixolojisini dərk etmək məharəti gələcək diplomat Jozef Fuşenin xeyrinə oldu”.

Artıq Fransada ab-hava dəyişmişdi. Ən mühafizəkar monastır divarlarını da yeniliklər dələ bilmişdi. Həm fikir sahəsində, həm də elmdə inqilablar özü ilə bərabər yeni klubların, dərnəklərin yaranmasını şərtləndirmişdi.

Fuşe belə dərnəklərdən biri olan “Rozati”də vəkil Robespyerin çıxışalarını dinləyir, onunla dost olur, bacısı Şarlotta ilə evlənmək istəyir. Hətta Robespyer Versala deputat göndəriləndə Fuşe onun cibinə yol xərcliyi qoyur. Özünü də deputatlığa hazırlayır. Kilsə ilə — Oratorianlar məktəbi ilə birdəfəlik sağollaşan Fuşe Nantda “Konstitusiya dostları” klubunu təsis edir, varlı bir tacirin çirkin qızı ilə evlənir, yağlı vədlər verir və hədəfinə çatır. 1792-ci ildə o, Konventə deputat seçilir.  Amma daha mühüm seçim onu Konventin ilk iclasında gözləyirdi: nantlı deputat harada əyləşəcəkdi, jirondistlərin, yoxsa yakobinçilərin təmsilçisi olacaq?

“Fuşe çox fikirləşmir. O, ömrünün sonuna qədər sadiq qalacağı təkcə bir partiya tanıyır – güclülər partiyası, çoxluq partiyası. Bu dəfə vəziyyəti götür-qoy edir və özlüyündə səsləri sayır, hazırkı şəraitdə qüvvənin jirondistlər – mötədillər tərəfində olduğunu görür”.

Artıq bu gündən dostu olmayacaq Robespyer isə qarşı tərəfdə təmsil olunur. Amma vaxt gələcək Fuşe Yakobinçilər klubunun prezidenti seçiləcəkdi...

Baş vermiş inqilabı hər kəs, xüsusilə deputatlar sahibləndiyindən Konventdə çıxış etmək, əmr etmək, hökm kəsmək uğrunda savaş gedir. Kütlənin dünən qəhrəman elan etdiyi adamlar, sabah vətən xaini kimi təhqir olunur, gilyotinə göndərilirdi. Belə bir vaxtda isə Fuşe hadisələri izləyir, kəlmə kəsib hər an dəyişə bilən güc yerdəyişməsində tərəf və qurban olmaq istəmirdi.

“Hər bir inqilabda ona yaxşı məlumdur ki, qələbə birinciyə, başlayana deyil, yalnız sonuncuya, bitirənə və onu qənimət kimi ələ gətirənə qismət olur”.

Amma Konventin çıxaracağı tarixi bir qərarda Fuşe mütləq öz mövqeyini ortaya qoymalı idi. O, kralın edam edilməsinə ya “hə”, ya da “yox” cavabı verməli idi.

Bu hadisə 1793-cü ilin 16 yanvarında baş verir. Mühafizəkarların-jirondistlərin yanında təmsil olunan Fuşe gecə boyu uzun sürən müzakirələrdən sonra kralın bağışlanması ilə bağlı Konventdə edəcəyi nitqin mətnini hazırlayır. Çünki radikal yakobinçilərdən fərqli olaraq o, mötədillərin yanında təmsil olunurdu.

“O, səssiz addımlarla tələsik tribunaya qalxır və qanı qaçmış dodaqlarından yavaşca “la mort” – ölüm sözü çıxır”.

Fuşe kralın edamını istəyən çoxluğun yanında yer alır. Kilsədən sonra ikinci dəfə jirondistlərə xəyanət edir.

Artıq yakobinçilər tərəfində olan Fuşe az keçmir ki Respublika tərəfindən xüsusi görəvə göndərilir. Lion üsyanını yatırtmaq. Tarixə “Lion cəlladı” kimi keçən Fuşe tapşırığın öhdəsindən layiqincə gəlir, minlərlə adamı öldürür, kilsələri yağmalatdırır, ateizmi təbliğ edir, ilk kommunist manifestini yazaraq etdiklərinə haqq qazandırır. Amma onun bu vəhşilikləri Konventi və Robespyeri zərbə altında qoyurdu. Nəhayət, o, cəzalandırılması üçün məclisə çağırılır.

Fuşe etdiklərinə görə, Robespyerdən üzr istəməyə çalışır, lakin sonuncu onu bağışlamır. Fuşe başının gilyotinə gedəcəyini görüb, onu bu sona hazırlayacaq adamı, yəni Robespyeri aradan götürməyi qərara alır. Sıranın özündən sonra digər deputatlara gələcəyini gizlicə onlara ötürən Fuşe Robespyerə qarşı cəbhə aça bilir. Bu cəbhəni qorxu yaradır. Fuşe Robespyerin gizli edam siyahısının olduğuna deputatları inandıra bilir.  Tarixə “9 termidor” günü kimi keçən hadisə sonucunda Robespyer və dostları gilyotinə göndərilir.

Tarix 28 iyul, 1794-cü il idi. Fuşe mühüm rəqibini sıradan çıxarmışdı.
Rebospyerin ölümü ilə varlılar gizlətdikləri pulları üzə çıxarırlar. Gilyotin aradan qalxır, pul iqtidara keçir. Fuşe ortalıqda qalır, ailəsi ilə birlikdə yoxsul həyat keçirir. Hakimiyyətdə Direktoriyadır. Direktoriya məclis tərəfindən seçilən beş üzvdən ibarət idarəetmədir. Direktoriyaya isə Barras rəhbərlik edir.

Direktoriya dönəmində Fuşe yenidən yada düşür. Barras əvvəlcə ondan xəfiyyə kimi istifadə edir. Daha sonra “Lion cəlladı” imicini onun üzərindən atmaq üçün səfir təyin edir.

“1799-cu ildə gizli tapşırıqla Hollandiyaya göndərilmiş Jozef Fuşe qəflətən Fransa respublikasının polis naziri təyin edilir”.

Tarix onu yenidən yüksəltmişdi. Fuşenin ilk işi bir zamanlar deputatları aldadaraq prezidenti seçildiyi Yakobinçilər klubunu bağlamaq olur. Fuşe polis naziri kimi tezliklə elə bir şəbəkə qurur ki, ən başda olandan topuqdakına qədər hər kəs haqqında məlumat toplayır, masasının üzərinə axın-axın bilgi gəlir. Artıq Fransanı gilyotinə sahib olanlar deyil, məlumata daha tez sahib olanlar idarə edir.

Necə ki, Fuşeyə aydın olur ki, artıq Direktoriyanın da sonu gəlib və Misir savaşından geri dönən general Napoleon hakimiyyəti ələ alacaq. Çünki o, gələcək imperatorun kəmağıl arvadı Jozefinanı artıq pulla ələ almışdı.

Artıq Direktoriya ilə Napoleonun üz-üzə gəldiyini görən Fuşe bu dəfə də güclünün – Napoleonun yanında yer alır. Fransada daha bir mərhələ bitir və 1799-1804-cü illəri əhatə edəcək konsulluq dönəmi başlayır.

Amma Fuşenin bütün keçmişini bilən, xarici dövlətlə gizli yazışmaları aşkar olan, həmçinin özünə qarşı sui-qəsddə keçmiş yakobinçiləri günahlandıran Napoleon bu adamdan qurtulmaq üçün polis nazirliyini ləğv edir, ona hersoq rütbəsi və çoxlu pul verib özündən uzaqlaşdırır. Fuşe siyasətdən atılsa da, zəngin bir həyat sürməyə başlayır.  1810-15-ci illər beləcə keçir.

Napoleonun Elbadan qayıtdıqdan sonrakı yüz günlük hakimiyyəti dönəmində Fuşe yenə polis naziri təyin edilir. Bu ağır gündə Napoleonun ona ehtiyacı var idi. Lakin Vaterloo savaşında məğlub olan imperator Yelena adasına sürüləndən sonra müvəqqəti hökumət yaradılır. Hiyləgərliklə bu hökumətin sədrliyini ələ keçirən Fuşe artıq birinci şəxs idi.

“Ancaq daha sata biləcəyi ağası olmadığından, onun öz-özünü, öz keçmişini satmaqdan savayı çarəsi qalmır”.

Hakimiyyəti XVII Lüdoviqə satır, yenidən nazir olur. Lakin bir zamanlar XVI Lüdoviq üçün “ölüm” seçimi etmiş bu adam tezliklə vəzifəsindən çıxarılır, səfir göndərilir. Artıq onun qürubu başlamışdı. Tezliklə o, səfir göndərildiyi Drezden də istənilmir və keçmiş kral qatili kimi ömürlük sürgün həyatı başlayır. 1821-ci ildə o, Triyestdə vəfat edir...

Qəribədir, bütün bu cür xəyanət dolu həyatını o nə qadın, nə şöhrət, nə içki, nə də qumar üçün yaşadı. Onun həzzi hökmdarlıq deyil, hökmdarlarla oynamaq idi.

Balzak onu “Singulier genie” – “yeganə dahi” adlandırmışdı.

Mənbə:kult.az

 

0 şərh