Böyük coğrafi kəşflər və müstəmləkə sisteminin yaranması. Avropa sivilizasiyasinin Amerika qitəsinə yayılması

  1. Böyük Coğrafi Kəşflərin səbəbləri.
  2. Xristofor Kolumb. Amerika qitəsinin kəşfi.
  3. Hindistana dəniz yolunun kəşfi. Portuqalların müstəmləkə işğalları.
  4. Hindistana qərb yolunun kəşfi. İlk dünya səyahəti.
  5. Karib hövzəsinin müstəmləkələşdirilməsi. Meksikanın və Perunun işğalı.
  6. Portuqaliyanın müstəmləkələri.
  7. Müstəmləkələşmə və katolik kilsəsi.
  8. Böyük Coğrafi Kəşflərin nəticələri.

 

1. Böyük Coğrafi Kəşflərin səbəbləri.

XV əsrin ortaları – XVII əsrin birinci yarısı Böyük Coğrafi Kəşflər Avropada ilkin kapital yığımı prosesi ilə bağlı olmuşdur. Yeni ticarət yollarının və ölkələrin mənimsənilməsi, kəşf olunmuş torpaqların talan edilməsi bu prosesin inkişafına imkan yaradırdı.

XV əsrdə Böyük Coğrafi Kəşflərin pionerləri Pireney yarımadası ölkələri – İspaniya və Portuqaliya olmuşlar. XIII əsrdə ərəblərdən öz ərazilərini geri alan portuqallar XIV-XV əsrlərdə ərəblərlə müharibənin Şimali Afrikada davam etdirir və bu müharibələrin gedişində böyük donanma yaradırlar.  

Portuqallların coğrafi kəşflərinin I mərhələsi (1418-1460) şahzadə Dənizçi Enrikenin adı ilə bağlıdır. XV əsrin 20-30-cu illərində portuqallar Madeyra, Kanar və Azor adalarını kəşf etmiş və Afrikanın qərb sahilboyunadək gəlib çıxmışlar. Onlar Bahador burnunu keçərək Qvineya (1434) və Yaşıl Burun adalarına, 1462-ci ildə Siyerra-Leoneyə çatırlar. 1471-ci ildə portuqallar Qanada zəngin qızıl ehtiyatları aşkar edirlər.

XV əsrin II yarısında baş verən uzaq dəniz səyahətləri elm və texnikadakı uğurlar sayəsində mümkün olmuşdur. XVI əsrin sonunadək portuqallar təkcə kəşflərin sayına görə irəlidə getmirdilər. Onların səyahətlər gedişində qazandıqları biliklər başqa ölkələrin dənizçilərinə dəniz axınları, küləklərin istiqamətləri və s. haqqında qiymətli məlumatlar vermiş oldu. Xəritələrə yeni torpaqların salınması kartoqrafiyanın inkişafına imkan verdi. Portuqal xəritələri dəqiqliyinə görə seçilirdi. Bir çox ölkələrdə portuqalların dəniz səyahətlərinin hesabatları təkrar nəşr olunurdu. XVI əsrin əvvəllərində meydana çıxan xəritələrdə tropiklər və ekvator xəttləri, həmçinin enlik şkalaları qeyd olunur.

Yerin kürəşəkilli olması haqqında təlimdən çıxış edərək italyan astronomu və kosmoqrafı Paolo Toskanellinin tərtib etdiyi xəritədə Asiyanın sahilləri Atlantik okeanının qərb sahilboyunda yerləşdirilir: o, hesab edirdi ki, Avropa sahillərindən qərb istiqamətində üzməklə Hindistana çatmaq olar. İtalyan alimi 12 min km səhvə yol verib Yerin ekvator boyu uzunluğunu düzgün verməmişdi. Onun bu böyük səhvi böyük kəşfə gətirib çıxardı.

XV əsrin sonuna doğru naviqasiya cihazları təkmilləşir, yeni gəmi növü – karavella meydana çıxır; karavella həm küləyin istiqamətində, həm də əksinə saatda 22 km sürətlə üzə bilirdi.

ilk coğrafi kəşflər

2. Xristofor Kolumb. Amerika qitəsinin kəşfi.

XV əsrin sonu ispanlar da yeni ticarət yolları axtarışında idilər. 1492-ci ildə ispan hökmdarları Ferdinand və İzabellanın yanına genuya dənizçisi Xristofor Kolumb (1451-1506) gəldi. Kolumbun gəncliyi haqqında məlumat azdır. O, Genuyada toxucu ailəsində anadan olmuşdu, gəncliyində bir neçə dəniz səyahətində iştirak etmişdi, astronomiya və coğrafiyanı gözəl bilirdi. Kolumb Atlantikadan keçməklə Hindistana çatmağın layihəsini əvvəlcə portuqal monarxına təqdim etmişdi, lakin həm ondan, həm də sonra ingilis və fransıx monarxlarından yox cavabı almışdı. Portuqallar bu zaman Hindistana Afrikanı keçməklə yolu kəşf etmək ərəfəsində idilər, ona görə V Alfonsu Kolumbun təklifini qəbul etməmişdi. İngiltərə və Fransanın isə ekspedisya təşkil etmək üçün kifayət dərəcədə dəniz qüvvələri yox idi.          

İspaniyada isə Kolumbun planını həyata keçirmək üçün şərait əlverişli idi. 1492-ci ildə Qranadanın işğalı və ərəblərlə müharibənin sona yetməsi ilə ispan monarxiyasının iqtisadi vəziyyəti xeyli ağırlaşmışdı. Xəzinə boşalmışdı, monarxiyanın satmaq üçün boş torpaqları yox idi, ticarətdən gələn gəlirlər az idi. Zadəganların (idalqo) böyük bir qismi vəsaitsiz qalmışdı; onlar iqtisadi fəaliyyəti bəyənmir və yalnız müharibəni gəlir mənbəyi hesab edirdilər. İspan idalqoları yeni işğallara hazır idilər. Hakimiyyət də bu narahat zadəganların İspaniyadan uzaqlaşmasında maraqlı idi. Digər tərəfdən, ispan sənayesi yeni bazarlara ehtiyac duyurdu. Öz coğrafi mövqeyi və ərəblərlə uzunmüddətli savaşı səbəbindən İspaniya XV əsrə Aralıq dənizi ticarətindən ayrı düşmüşdü. Hindistana Afrikanı üzməklə gedən yol isə ispanlar üçün bağlanmışdı, çünki bu istiqamətdə hər hansı bir hərəkət İspaniyanı Portuqaliya ilə toqquşması demək idi.

Başqa sözlə, Kolumbun layihəsinin ispan sarayı tərəfindən qəbul olunması üçün şərait var idi. Bu ideya katolik kilsəsi və Avropanın məşhur Salaman universiteti tərəfindən də dəstəklənir. İspan hökmdarları və Kolumb arasında müqavilə (kapitulyasiya) bağlanır; müharibəyə görə dənizçi kəşf olunacaq torpaqların vitse-kralı təyin olunurdu, admiral titulu alırdı, ona yeni mülklərin gəlirinin 1/10-u, ticarətdən gələn gəlirin 1/8-ini almaq hüququ verilirdi.

3 avqust 1492-cü ildə Sevilya yaxınlığındakı Palos limanından 3 karavelladan ibarət donanma cənub-qərbə istiqamət götürdü. Kanar adalarını keçəndən sonra, Kolumb eskadranı şimal-qərb istiqamətinə yönəltdi və bir neçə gündən sonra Sarqas dənizinə çatdı. Burada gəmi bir neçə günlük passat zonasına düşdü – dənizçilərin arasında yaranan ruh düşgünlüyü qiyam təhlükəsi yaratdı. Oktyabrın əvvəllərində heyətin təzyiqi ilə Kolumb kursu cənub-qərbə dəyişməli oldu. 12 oktyabr 1492-ci ildə nəhayət ki, quru sahəsi göründü, donanma Baham adalarından birinə (ispanların «San-Salvador» adı verdiyi Quanaxani adasına) yaxınlaşdı. I səyahətin gedişində (1492-1493) Kolumb Kuba adasını kəşf etdi.

Kubanı Yaponiya sahillərindəki adalardan biri kimi qəbul edən Kolumb qərbə doğru hərəkət etdi və Haiti (Espanyola) adasını da kəşf etdi. Haiti sahillərində Kolumb ən böyük gəmisini itirdi və heyətin qalan hissəsini Espanyolada qoydu. Burada istehkam və qala tikildi. Espanyoladakı qala – «Navidad» (Milad günü) Yeni dünyada ispanların ilk məskəni oldu.

1493-cü ildə Kolumb İspaniyaya döndü və burada böyük hörmətlə qarşılandı.

Kolumb Amerikaya daha 3 səyahət etdi: 1493-1496, 1498-1500, 1502-1504-cü illərdə. Bu səyahətlər gedişində Kiçik Antil adaları, Puerto-Riko, Yamayka, Trinidad adaları kəşf edildi. Kolumb ömrünün sonunadək hesab edirdi ki, o, Hindistana qərb yolunu tapıb; ona görə də XVI əsrin sonunadək rəsmi sənədlərdə West Hind (Qərbi Hindistan) adına rast gəlinir. Lakin səyahətləri zamanı Kolumb zəngin qızıl ehtiyatları tapa bilmədi. Kolumbun düşmənlərinin sayı isə getdikcə artırdı. 1500-cü ildə Kolumb vəzifəsinin yerinə yetrilməsində yol verdiyi səhlənkarlıqlara görə həbs olunaraq İspaniyaya gətirildi. Kraliçanın birbaşa təsiri ilə Kolumb azad edildi, titulları ona qaytarıldı.

Özünün sonuncu səyahətində Kolumb böyük kəşflər etdi: o, Kubadan cənuba materikin sahilboyusunu aşkar etdi. Karib dənizinin cənub-şərb sahillərini 1500 km boyunca öyrəndi. Sübut olundu ki, Atlantik okeanı «Cənub dənizindən» və Asiya sahillərindən torpaqla ayrılırıb. Beləkilə, Kolumb Atlantik okeanından Hind okeanına keçidi tapa bilmədi.

Kraliça İzabellanın vəfatından sonra Kolumb ispan sarayında böyük dəstəkdən məhrum oldu. Onun İspaniyadakı əmlakı müsadirə edilərək satıldı. 1506-cı ildə Kolumb dilənçi vəziyyətində vəfat etdi. Onun ölümü haqqında xəbər yalnız 27 il sonra dərc olunmuşdu.                        

3. Hindistana dəniz yolunun kəşfi. Portuqalların müstəmləkə işğalları.  

1497-ci ildə Afrikanı üzüb keçməklə Hindistana dəniz yolunu axtarmaq üçün Vasko da Qamanın təşikl edildi. Ümid burnunu ötüb keçən portuqal dənizçiləri Hind okeanına çıxdılar. Afrika sahilləri ilə şimala hərəkət edən Vasqo de Qama Mozambikdəki ərəb ticarət faktoriyalarına gəlib çıxdı. 1498-ci ilin mayında ərəb dənizçisinin köməyilə eskadra İspaniyanın Kalikut limanına çatdı. Bu səyahət bütünlükdə 1 ay çəkmişdi. Səyahətin gedişində heyətin 2/3-ü həlak olmuşdu.

   Vasko da Qamanın bu uğuru Avropada böyük əks-səda doğurdu. Böyük itkilərə baxmayaraq, məqsədə nail olunmuşdu. Tezliklə portuqallar ərəbləri Hind okeanından sıxışdırıb çıxararaq ləniz ticarətini öz əllərinə aldılar. Portuqallar çox qəddar idilər, Hindistanın sahilboyu vilayətləri, Malakka və İndoneziya əhalisini vəhşicəsinə istismar edirdilər.

Hindistanın özündə portuqallar sahilboyu məntəqələri tutmaqla kifayətlənirdilər. Hindistanla ticarət portuqal kralının inhisarı elan olunmuşdu. Daha sonra portuqallar Hindistana qərb yolunu da axtarmağa başladılar. XV əsrin sonu – XVI əsrin əvvəllərində Florensiyalı dənizçi və astronom Ameriqo Vespuççinin rəhbərliyi ilə ekspedisiya Amerika sahillərinə səyahət etdi. II səyahət zamanı portuqal eskadrası Braziliya sahillərinə çıxdı. 1501-ci ildə Vespuççi Braziliya sahillərini tədqiq edən ekspedisiyada iştirak etdi və belə bir nəticəyə gəldi ki, Kolumb Hindistan sahillərini yox, yeni bir qitəni kəşf etmişdir. 1515-ci ildə Almaniyada «Amerika» adı salınan qlobus və xəritələr meydana çıxdı.

4. Hindistana qərb yolunun kəşfi. İlk dünya səyahəti.

Vespuççinin fərziyəsi Magellanın dünya səyahəti (1519-1522) nəiticəsində qəti şəkildə təsdiqlənir.

Fernando Magellan portuqal zadəganlarından olmuşdur. Gənc yaşlarında bir neçə dəfə Molukka adalarına səyahətdə iştirak etmişdi. O hesab edirdi ki, qərbə doğru hərəkət edərək və yeni kəşf olunmuş qitəni cənubdan keçərək Molukka adalarına çatmaq olar. Bu zaman artıq məulm idi ki, Panama fərzəxindən qərbə «Cənub dənizi», yəni Sakit okean yerləşir. İspan höküməti də onun bu layihəsinə maraq göstərirdi. Magellanla ispan kralı arasında başlanmış müharibəyə görə, yeni torpaqlardan gələcək gəlirlərin 1/20-i Magellana verilirdi.

20 sentyabr 519-cu ildə 5 gəmidən ibarət eskadra İspaniyanın San-Lukar limanından qərbə istiqamət götürdü. 1 ay sonra donanma Amerika qitəsinin cənub ucqarına çatdı və indi Magellanın adını daşıyan boğaz boyu 3 həftə üzdü. 1520-ci ilin noyabrında eskadra Sakit okeana çıxdı. Hava sakit olduğu, külək isə əlverişli əsdiyi üçün Magellan bu okeana belə ad verdi. 3 ay bu okeanda üzən heyətin böyük bir hissəsi aclıqdan və xəstəlikdən tələf oldu. Yalnız 6 mart 1521-ci ildə dənizçilər Mariann adalarından birinə gəlib çatdılar. Burada su və ərzaq ehtiyatı götürən Magellan qərbə doğru hərəkəti davam etdirərək Filippin adalarına çatdılar – bu adalardan birində yerlilərlə toqquşmada Magellan həlak oldu. D`Elkanonun komandanlığı ilə yerdə qalan 2 gəmi xeyli miqdarda ədviyyat ehtiyatı götürərək yola düzəldi. 6 sentyabr 1522-ci ildə eskadra San-Lukara çatdı. Heyətin 253 üzvündən cəmi 18-i sağ qalmışdı.

Yeni kəşflər İspaniya ilə Portuqaliya arasında əvvəlki ziddiyytələri daha da kəskinləşdirdi. Uzun müddət hər iki ölkənin mütəxəssisləri yeni açılmış adaların dəqiq öyrənilməməsi səbəbindən ispan və portuqal mülklərinin sərhədlərini dəqiq müəyyənləşdirə bilmirdilər. Nəhayət, 1529-cu ildə əldə olunan razılaşmaya görə, İspaniya Molukka adalarına olan iddialarından əl çəkirdi, Filippin adaların üzərində olan hüququ isə saxlayırdı (ispan şahzadəsi, gələcək kral II Filippin şərəfinə adalar belə adlandırılmışdı).

5. Karib hövzəsinin müstəmləkəşdirilməsi. Meksikanın və Perunun işğalı.

1510-cu ildən başlayaraq Amerikanın işğalının yeni mərhələsi – qitənin daxili rayonlarının müstəmləkələşməsi başlayır. XVII əsrin ortalarınadək davam etmiş bu mərhələ tarixşünaslaqda «konkusta» (işğal) adlanır. 1510-cu ildə konkustadarların Panama boğazını keçməsi və qitədə istehkamlar qurması bu mərhələnin başlanğıcını qoyur. 1513-cü ildə Vasko Nunyes Balboa Sakit okean sahillərinə çıxır və sahildə Kastilya kralının bayrağını sancır. 1519-cu ildə Amerika qitəsində ilk şəhər – Panama salınır.

1517-1518-ci illərdə Ernando de Kordoba və Xuan Qrixalvanın dəstələri Yukatan yaramadasının sahillərinə çıxır və burada mayyalıların dövləti ilə rastlaşır. İstər hərbi cəhətdən konkistadorlardan zəif olmaları, istərsə də şəhər-dövlətlər arasındakı mübarizə mayya dövlətinin işğalını asanlaşdırır. Yerli əhalidən ispanlar öyrənirlər ki, qiymətli metallar buraya şimaldan – astek ölkəsindən gəlir. 1519-cu ildə bu torpaqları ələ keçirmək üçün Kortesin başçılığı ilə dəstə göndərilir.

Astek dövləti Meksika körfəzi sahillərindən Sakit okean sahillərinədək uzanırdı. Ölkənin mərəkəzi Mexiko vadisi idi. Mayyalılardan fərqli olaraq, asteklər mərkəzləşmiş dövlət yarada bilmişdilər. Lakin hakimiyyət uğrunda mübarizə dövləti zəiflətmişdi. Hərçənd ki, Meksikanın tam işğalı 200 il çəkmişdi. Mayyalıların isə ispanlar tərəfindən yalnız 1697-ci ildə, yəni Yukatana hücumdan 173 il sonra ələ keçirilmişdi. Meksika, həqiqətən, ispanların ümidini doğrultmuşdu: burada zəngin qızıl və gümüş yataqları var idi. Hindulardan isə tikintidə və mədən işlərində vəhşicəsinə istifadə olunurdu. Təkcə 50 il ərzində yerli əhali 4,5 milyondan 1 milyona azalmışdı.

Meksikanın işğalı ilə eyni vaxtda ispan konkistadorları əfsanəvi «qızıl ölkəsi» Eldoradonu Cənubi Amerika sahillərində də axtarırdılar. 1524-cü ildə indiki Kolumbiya ərazisinin işğalı başladı,burada Santa-Marta limanının əsası qoyuldu. Buradan ispan konkistadoru Ximenes Kesada Maqdalena çayı boyu üzü yuxarı üzərək Boqota platosuna çıxdı. Burada yaşayan tayfalar arasında toxa əkinçiliyi, dulusçuluq və toxuculuq inkişaf etmişdi. Xüsusilə çibça tayfası zərgərlik məmulatları ilə məşhur idi. Ən iri knyazlığı ələ keçirən Kesada 1536-cı ildə Santa-Fe de Boqota şəhərinin özülünü qoydu.

Müstəmləkəçiliyin ikinci istiqaməti Panama boğazından Amerikanın Sakit okean sahili boyu ərazilərinə yönəlmişdi. Burada Peru və ya Biru ölkəsi avropalıları cəlb edirdi. Bu dəstələrdən birinə ispan tacirlərindən biri Fransisko Pisarro başçılıq edirdi. 1524-cü ildə o, həmyerlisi Diyeqo Almaqro ilə birgə Amerikanın qərb sahilboyu ərazilərinə istiqamət alaraq müasir Ek-vador ərazisinə gəlib çıxır. Zəngin əkin sahələri, böyük həcmdə lama ehtiyatları Pisarronu cəlb edir. İspaniyaya dönən Pisarro 1531-ci ildə kralla müqavilə imzalayır və konkistador dəstəsinin başçısı – adelantado titulu qazanır. 1532-ci ildə Pisarronun dəstəsi Ekvadora gəlib çıxır və qısa müddətdə burada əhalini tabe edə bilir. Elə həmin il ispanlar Peruya daxil olur. Demək olar ki, müqavimətə rast gəlməyən Pisarro ink dövlətinin mühüm mərkəzi – And dağlıq rayonunda yerləşən Kaxamarkaya çatır. Şəhərin başçısı əsir alınır, ispanlar tərəfindən yeni hakim təyin olunur. 1535-ci ildə Lima şəhərinin əsası qoyulur. Perunun ərazisinin işğalı 40 il çəkir.

1535-1537-ci illlərdə adelantado Diyeqo Almaqro Çiliyə yürüşə başlayır. Lakin bu zaman konkistadorlar arasında nifaq başlayır: onun gedişində Pisarro, Diyeqo Almaqro həlak olur. Çilinin işğalı Pedro Valdiveya tərəfindən davam etdirilir. Burada yaşayan araykan qəbilələri böyük müqavimət göstərdiklərindən, Çilinin cəmi işğalı yalnız XVII əsrin sonu başa çatır. 1515-ci ildən başlayaraq Paraqvayın işğalı baş verir.

Əgər I mərhələdə konkistadorlar əvvəlki dövrlərdə yığılmış qiymətli metalları ələ keçirirdilərsə, 1530-cu ildən başlayaraq Meksika, Peru və müasir Boliviya ərazisində zəngin ehtiyatların sistemli istismarı başlayır.

Bu dövrdən başlayaraq kolonlaşmanın xarakteri də dəyişir. İşğalçılar yeni torpaqların təsərrüfat mənimsənilməsindən imtina edir və məskunlar üçün zəruri olan hər bir şey qızıl, gümüş müqabilində Avropadan gətirilir. Amerika koloniyalarına müstəsna olaraq zadəganlar gedirdi. Onların əlində Amerikanın böyük qızıl və gümüş ehtiyatı toplanır və həmin ehtiyatlar daha çox ispan krallarının hərbi avanturalarına sərf olunur. Təsadüfi deyil ki, ispanlar Meksikada, Peruda və s. digər rayonlarda hindu icmalarını saxlayır və icmaçıların əməyindən geniş istifadə edirlər. İcma başçıları isə vergi və mükəlləfiyyətlərdən azad olunur, yerli əyanlar ispan kralına xidmətə cəlb olunur.

1512-ci ildən başlayaraq hinduların köləliyə cəlb edilməsini qadağan edən qanunlar verilir. Formal olaraq onlar ispan kralının təbəələri sayılırdı, xüsusi «tributo» vergisi ödəməli və mükəlləfiyyətlər daşımalı idilər. XVI əsrin 20ci illərinin sonlarından başlayaraq hinduların istismarının xüsusi forması – enkomyenda meydana gəlir. İlk dəfə o, Meksikada E.Kortes tərəfindən tətbiq edilir. Enkomyenda torpaq üzərində mülkiyyət hüququ vermirdi. Onun sahibi – enkomendero enkomyendanın ərazisində yaşayan hindu-icmaları istismar etmək hüququ alırdı. Enkomendero yerli əhalinin xristianlaşdırılmasına çalışmalı, «tributo»nun vaxtlı-vaxtında ödənilməsinə nəzarət etməli idi.

XVI əsrin birinci yarısında Amerikada ispan koloniyalarının idarəetmə sisteminin ümumi cəhətləri formalaşır: Yeni İspaniya (Meksika, Mərkəzi Amerika, Venesuela və Karib dənizi adaları) və Peru vitse-krallığı (bura Braziliyanı çıxmaq şərtilə Cənubi Amerikanın qalane əraziləri daxil idi) yaradılır. Vitse-krallar ispan əyanları içərisindən seçilirdi, onlar koloniyada 3 illiyə göndərilirdi, burada torpaq ala bilməz, sahibkarlıqla məşğul ola bilməzdilər. Vitse-kralların fəaliyyətinə «Hindistan Şurası» nəzarət edirdi.

Koloniyalarla ticarət «Sevilya ticarət palatası»nın (1503) nəzarəti altında idi. O, bütün mallara gömrük müəyyən edir, rüsumları toplayır və köçürülmə proseslərini nəzarət altında saxlayırdı. İspaniyanın digər şəhərləri Sevilyanın vasitəçiliyi olmadan Amerika ilə ticarət aparmaq hüququndan məhrum idilər. İspan koloniyalarında əsas təsərrüfat sahəsi dağ-mədən sənayesi idi. Bununla əlaqədar vitse-kralların mühüm vəzifəsi mədənləri işçi qüvvəsi ilə təmin etmək idi. Vitse-kral həm də hərbi və məhkəmə hakimiyyətinə malik idi.

İspan koloniyalarında iqtisadiyyatın birtərəfli inkişafı qitənin gələcək inkişaflarına böyük ziyan vururdu: əhali kütləvi sürətdə qırılır, əkin sahələri yararsız hala düşürdü. Tədricən ispan məskunları içərisində xüsusi qrup yaranır ki, onlar koloniyalarda doğulmuşdu, burada daimi yaşayırdı və metropoliya ilə demək olar ki, əlaqəsi yox idi. Bunlar yerli əhaliyə qarışmışdılar və «kreollar» adlanırdılar.

Kolonlaşma şəraitində hindu etnik qruplarının və qəbilələlərinin sürətlə assimilyasiyası və dillərinin ispan dili tərəfindən sıxışdırılması baş verir. Belə ki, mədənlərdə müxtəlif hindu tayfaları işlədiyindən, onlar üçün ümumi dil ispan dili olur. Eyni zamanda ispan məskunlarının hindu əhali ilə qarışması prosesi – metisləşmə gedir, metislərin sayı sürətlə artır. XVII əsrin ortalarında bir çox rayonlarda avropalıların zəncilərlə nigahından çoxsaylı mulat əhalisi yaranır. Bu, Karib sahilboyu ərazilər, Kuba və Haiti üçün səciyyəvi idi – çünki bu ərazilərdə plantasiya təsərrüfatı hökmran idi və həmin plantasiyalara Afrikadan kölələr gətirilirdi. Öz sosial və hüquqi statusuna görə avropalılar, hindular, metislər, mulatlar, zəncilər bir-birindən kəskin fərqlənirdi. İnsanın cəmiyyətə mövqeyi ilk növbədə onun etnik və irqi əlamətlərinə görə müəyyən olunurdu. Nisbətən bərabərhüquqlu olanlar – kreollar idi. Metislərə isə icmada yaşamaq, torpaq sahibi olmaq, silah daşımaq qadağan olunurdu; amma onlar mükəlləfiyyətlərdən və «toributo»dan azad idilər. İspan Amerikası şəhərlərində metislər və mulatlar əhalinin böyük əksəriyyətini təşkil edirdilər.

6. Portuqaliyanın müstəmləkələri.

Portuqal mülklərində təşəkkül tapmış müstəmləkə sistemi isə özünəməxsus cəhətlərə malik idi. 1500ci ildə portuqal dənizçisi Pedru Alvariş Kabral Braziliya sahillərinə çıxdı və bu ərazini portuqal kralının əmlakı elan etdi. Braziliyada, bəzi sahilboyu rayonları çıxmaq şərtilə, oturaq əkinçi əhali yox idi; azsaylı hindu qəbilələri isə ölkənin dərinliklərinə çəkilmişdilər.

Braziliyaada qiymətli metallar və ispan ehtiyaltarı az idi. Burada müstəmləkəçiliyin ikinci mühüm amili ticarət kapitalının daha yüksək inkişafı idi. Braziliyanın mütəşəkkül koloniyalaşdırılması 1530cı ildən başlayır və sahilboyu rayonların təsərrüfat mənimsənilməsi formasında gedir. Sahilboyu ərazilər 13 kapitaniyaya bölünür və onların sahibləri bütün hakimiyyəti ələ keçirir. Lakin Portuqaliyada əhali o qədər çox olmadığından, müstəmləkələrin məskunlaşması da zəif gedir. Kəndli-məskunların olmaması, yerli əhalinin isə azlığı təsərrüfatın feodal qaydaları ilə qurulmasını qeyri-mümkün edir. Plantasiya sisteminin mövcüd olduğu rayonlarda təsərrüfatın təşkili zəncilərin istismarına əsaslanırdı. XVI əsrin II yarısından başlayaraq afrikalı kölələrin gətirilməsi sürətlə artır. 1583-cü ildə müstəmləkədə 25 min ağdərili məskun, milyonlarla qul yaşayırdı. Metisləşmə burada geniş yayılmamışdı; portuqal mədəniyyətinin yerli əhaliyə təsiri isə məhdud idi. Portuqal dili də hakim ola bilmədi, hindu və portuqalların ünsiyyəti üçün xüsusi dil – «lenqua jeral» yaranır. Lenqua jeral dilində Braziliyanın bütün əhalisi sonrakı 2 əsr ərzində danışır.

7. Müstəmləkələşmə və katolik kilsəsi.

Amerikanın müstəmləkələşməsində katolik kilsəsi də böyük rol oynamışdır. Amerikanın kəşfi və işğalı papalıq tərəfindən yeni xaç yürüşü olaraq qəbul edilmişdi və bu yürüşün məqsədi yeril əhalinin xristianlaşdırılması idi. Bununla bağlı ispan kralları missionerlik fəaliyyətinə rəhbərlik və kilsə tikintisi hüququnu qazanır. Kilsə ən iri torpaq mülkiyyətçisinə çevrilir. XVI əsrin I rübündə Amerikaya ən müxtəlif rahib orderlərinin nümayəndələri gəlir və qitədə böyük nüfuz qazanır. Onlar burada öz qəsəbələrini – missiyalarını yaradırlar. Sonralar missiyalarda hindu uşaqları üçün məktəblər təşkil olunur, missiyalarda qarnizonlar da yerləşdirilir. Beləliklə, missiyalar ispan mülklərinin sərhəd məntəqələrinə çevrilir.

Katolik missionerlər xristian mədəniyyətini yerli mədəniyyətlərlə sintezdə yaymağa məcbur olurdular. Məsələn, Mexiko şəhəri yaxınlığında dağıdılmış hindu məbədinin yerində Mariya Qvadelupa kilsəsi salınmışdı və kilsənin ikonalarında Mariya hindu qadını sifətində təsvir olunurdu.

8. Böyük Coğrafi Kəşflərin nəticələri.

Böyük Coğrafi Kəşflər öz nəticələrinə görə də əvvəlki dövrlərin kəşflərindən seçilirdi. Belə ki, Böyük Coğrafi Kəşflər nəticəsində coğrafi biliklərlə yanaşı, dünya və dünya xalqları haqqında elmlərin inkişafı üçün imkan yaranır. Avropalıların öz qitələrindən kənarda yaşayan xalqlar, onların mədəniyyəti və tarixi haqqında bilgiləri yaranır və inkişaf edir. Qərbi Avropa ölkələrinin sənaye və ticarətinin genişlənməsi, maliyyə sisteminin, bank və kredit işinin yeni formalarının yaranması üçün də Böyük Coğrafi Kəşflərin rolu əvəzedilməz olmuşdur.

«Qiymətlər inqilabı» və onunla bağlı olan kapitalın ilkin yığımı prosesi də Böyük Coğrafi Kəşflərlə əlaqəlidir. Belə ki, Amerika qitəsindən külli miqdarda qızılın və gümüşün Avropaya axması burada qızılın qiymətinin aşağı düşməsinə, digər məhsulların, o cümlədən ərzaq məhsullarının qiymətinin isə kəskin şəkildə artmasına (bəzi ölkələrdə 3-4 dəfə), yəni «qiymətlər inqilabı»na gətirib çıxarmışdı. Bu hadisə də öz növbəsində kapitalın ilkin yığımının əsas mənbələrindən biri olmuşdur.

Böyük Coğrafi Kəşflər Avropa ilə Amerika arasında daimi əlaqələrin yaranmasına səbəb oldu. Eyni zamanda bu kəşflər yerli əhalinin tabeçilik altına salınmasına, onların mədəniyyətinin bir çox hallarda məhvinə, kəşf olunmuş torpaqların müstəmləkələşdirilməsinə səbəb olur. Böyük Coğrafi Kəşflərin ən böyük nəticələrindən biri də müstəmləkə sisteminin yaranmasıdır.

Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında

 

0 şərh