Xalqların böyük köçü və hunlar

«Xalqların böyük köçü»nün başlanması. Avrasiya materikində türk tayfalarının yaşadığı torpaqlar kontinental iqlimə malik ərazilərdir. Burada çöl və səhralar zaman keçdikcə böyüyür. Bu isə otlaq sahələrinin azalmasına səbəb olur.
Erkən orta əsrlərdə də əsas məşğuliyyəti maldarlıq olan türk tayfaları qərbə yürüş etdilər. Həmin tayfaları ümumilikdə hunlar adlandırırdılar. Bu köçün siyasi və sosial səbəbləri də var idi. Əhalinin artımı və tayfalar arasında siyasi çəkişmələr də hunların köç etməsinə böyük təsir göstərdi. Tarixə «Xalqların böyük köçü»nün başlanğıcı kimi düşmüş bu yürüş eramızın IV əsrindən başlayaraq VI əsrə qədər davam etmişdir. 


Hunların böyük bir qismi İdildən (Volqadan) qərbə doğru yayıldı. Onların təsiri altında alanlar, qotlar və digər xalqlar da Mərkəzi və Qərbi Avropaya köç etdilər. Avropada quldarlıq quruluşu feodal münasibətləri ilə əvəz olundu.
Hunların digər bir hissəsi Ön Asiya istiqamətində hərəkət edərək Qafqaz dağlarını aşdı. Dərbənd keçidi vasitəsilə Azərbaycana, mənbələrdə deyildiyi kimi, «Odlar ölkəsinə» gəldi və bizim xalqımızın tərkibinə daxil oldu. Böyük bir hun birliyi isə Qərbi Türküstan ətrafına köçdü.
 
Qərbi Hun dövlətinin meydana gəlməsi. Qərbə doğru hərəkət edən hunlar Don sahilində alanları məğlub etdilər. Sonra onlar Don çayını keçib Azov ətrafı əraziləri, Şimali Qafqazı ələ keçirdilər. Krımda hunlar ostqot tayfaları ilə üzləşdilər. 371-ci ildə baş vermiş bir neçə döyüş hunların qələbəsi ilə nəticələndi. Dunay çayının sahillərinə gələn hunl ar burada məskunlaşmış digər qot tayfalarını da məğlub edərək Pannoniyada (indiki Macarıstan ərazisinin qərbi) yerləşdilər. Bununla da Cənub-Şərqi Avropanın bir hissəsi hunların tabeliyinə keçdi.
xalqlarin boyuk kocu

Atillanın hakimiyyəti dövründə Hun dövləti qüdrətli imperatorluğa çevrildi. İmperatorluğun sərhədləri şərqdə Volqa çayından qərbdə Reyn çayına, cənubda Balkan yarımadasından şimalda Baltik sahillərinə qədər böyük bir ərazini əhatə edirdi. Bu imperatorluğun ərazisinə müasir Rumıniya, Macarıstan, Avstriya, Çexiya, Slovakiya, Cənubi Rusiya və Almaniyanın bir hissəsi daxil idi.
Atillanın ordusunda hunlarla yanaşı, bir çox tayfa və xalqların döyüşçüləri vuruşurdular. Hər bir tayfanın Atillanın yanında nümayəndəsi var idi. Qərb dövlətlərində yaşayan əhali bu sərkərdəni «Tanrı qırmancı Atilla» adlandırırdı.  

Bizansla münasibətlər. Bizans Qərbi Hun imperatorluğu ilə bağladığı barışıq şərtlərini pozur, illik vergini əskik ödəyir və gecikdirir, qaçqınları himayə edirdi. 447-ci ildə Atilla yenicə təşkil olunmuş ordusu ilə Bizansa yürüş etdi. Yolu üzərindəki bütün şəhərləri ələ keçirdi və Konstantinopolu mühasirəyə aldı. Bizans imperatoru ölkəni xilas etmək üçün təcili olaraq Atillanın yanına elçi göndərdi, Atillanın tələb etdiyi bütün şərtlərə əməl edəcəyini bildirdi. Elçilər çox ağır şərtlərlə sülh müqaviləsi imzaladılar.
 
Katalaun döyüşü. Atillanın əsas məqsədlərindən biri Qərbi Roma imperiyasını tabe etmək idi. 451-ci ildə Atillanm 200 minlik ordusu Qalliyaya doğru irəliləməyə başladı. Hunlar Orleana çatdılar. Burada onlar Atillanın uşaqlıq dostu Aetsinin komandan olduğu Roma ordusu ilə qarşılaşdılar. Döyüş Katalaun ərazisində baş verdi. Qot tarixçisi həmin döyüşü geniş şəkildə təsvir edərək göstərir ki, həmin iyul günündə Katalaun düzənliyində 160 min hun və romalı həlak oldu. Atilla ordusunun yenilməzliyini görən Aetsi geri çəkilməyə məcbur oldu.
 
Atilla 452-ci ildə Roma üzərinə yenidən yürüş etdi. Romalılar papa III Leonun başçılığı ilə onun yanına böyük bir elçi heyətini göndərdilər. Papa bildirdi ki, romalılar onun bütün şərtlərini qəbul edirlər.
Atilla İtaliyadan zəfərlə qayıtdıqdan sonra İrana — Sasanilər dövləti üzərinə yürüş edib Sasaniləri özündən asılı vəziyyətə salmaq istəyirdi. Lakin o, 453-cü ildə qəflətən vəfat etdi. Atillanm ölümündən sonra ölkədə hakimiyyət onun oğlanları arasında bölündü. Bundan sonra Qərbi Hun imperatorluğu tədricən zəifləməyə başladı və 470-ci ildə süqut etdi.
 
Ağ Hun imperatorluğu. Qərbi Türküstan ətrafına köçən hunlar IV əsrin sonlarında burada Ağ Hun dövlətini yaratdılar. Ağ Hun dövləti öz ərazisini getdikcə genişləndirirdi. Onun torpaqlarına Mərkəzi Asiya, Əfqanıstan, Şimal-Qərbi Hindistanın bir hissəsi daxil idi. Ağ Hun imperatorluğunun sərhədləri Seyhun (indiki Sırdərya) çayı və Səmərqənd ətrafından başlayaraq qərbdə Xəzər dənizinin cənubuna qədər uzanırdı. V əsrdə hakimiyyətdə olan Eftal xanın adı ilə bu dövlət Eftallılar dövləti kimi də tanınırdı.
 
Ağ hunların qərb qonşusu və əsas rəqibi Sasani—İran imperiyası idi. 430-cu ildə Ağsuvar xanın hakimiyyəti dövründə Ağ hunlar Sasanilərə sarsıdıcı zərbələr endirdilər. Sasanilər Ağ Hun imperatorluğundan asılı vəziyyətə salındı.
 
V əsrin sonlarında, Mihiraqula xanın hakimiyyəti dövründə Ağ Hun imperatorluğu öz qüdrətinin ən yüksək zirvəsinə çatdı. Bu dövlət yaxşı silahlanmış və yüksək təlim görmüş nizami orduya malik idi. Ağ hunların döyüş filləri də var idi. Hindistan üzərinə aramsız yürüşlər davam edirdi. Nəhayət, onlar Şimal-Qərbi Hindistanı tamamilə özlərinə tabe etdilər. Zaman keçdikcə geniş ərazilərə malik olan imperatorluğu idarə etmək çətinləşirdi. Mərkəzi Asiyanın ən qədim vilayətlərindən biri olan Xarəzm də həmin vaxt Ağ Hun dövlətinin tabeliyində idi. Orada əkinçilik, sənətkarlıq və ticarət inkişaf etmişdi. Xarəzm hakimləri Xarəzmşah titulu daşıyırdılar. III əsrdən vilayətin mərkəzi Kiyat şəhəri idi. Sonra Ürgənc şəhəri paytaxt oldu.
 
VI əsrin ortalarından başlayaraq Ağ Hun dövləti zəifləməyə başladı. Ayrı-ayrı bölgələrdə mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı. Müstəqil xaqanlıqlar meydana gəldi. Bu zaman meydana gəlmiş yeni bir türk dövləti — Göytürk dövləti ilə toqquşmalar başlandı. 567-ci ildə Göytürk xaqanı İstəmi xanla Sasani şahı Xosrov Ənuşirəvanın birləşmiş qüvvələri Ağ hunlar üzərinə yürüşə keçdilər. Hunlar məğlub oldular. Nəticədə Ağ Hun imperatorluğu dağıldı. Onun torpaqları Göytürklərlə Sasanilər arasında bölüşdürüldü. Ağ Hun imperatorluğu dağıldıqdan sonra Xarəzm Göytürklərin tabeliyinə keçdi.
 
Təsərrüfat. Başqa türk tayfalarından fərqli olaraq, Ağ hunlar oturaq həyata daha tez keçmişdilər. Onlar əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olurdular. Ağ hunlar ticarət yollarının üzərində çoxlu şəhərlər salmışdılar. Böyük İpək yolu Ağ Hun dövlətinin ərazisindən keçirdi. Bu yolun bir hissəsi Ağ hunların nəzarəti altında idi. 

 

0 şərh