Əsirlikdən admirallığa yüksəlmiş müsəlman xədim

Orta əsrlər tarixinin ən böyük dəniz donanması olan “İmperial Ming Armadası”nın komandanlığı müsəlman ailədən gələn xədim Zheng Heya tapşırılmışdı.
Əsirlikdən komandirliyə yüksəlmiş, dünya tarixinin ən böyük admiral və diplomatlarından biri hesab edilən Zheng He (1371 – 1433) okeanların ilk fatehlərindən biri sayılır. O, tabeçiliyində olmuş yüzlərlə gəmi və minlərlə nəfərlik heyətdən ibarət əzəmətli donanma ilə Sakit və Hind okeanlarına avropalı dəniz səyyahlarından çox öncə uğurlu ekspedisiyalar təşkil etmişdi. Onun dəniz səfərləri, Çin tarixinin ən qüdrətli hakim ailələrindən biri olan Ming sülaləsinin (1368 – 1644) nüfuzunun bütün Şərqi və Cənub-Şərqi Asiya, Sakit və Hind Okeanı hövzələri və şərqi Afrika ölkələrinə yayılmasında, siyasi, iqtisadi və mədəni təsirinin artmasında, ən əsası, okean yollarının inkişafında, qitələrarası ticari və diplomatik əlaqələrin qurulmasında müstəsna rol oynayıb. Ming armadası ispan, holland, ingilis, fransız və portuqal donanmalarına qədər Qərb dənizlərinə (Hind okeanı) sistematik şəkildə 7 dəfə səfər təşkil etmişdi.
Zheng He və donanmasının Asiya və Afrika səfərlərindən dönüşünü təsvir edən illüstrasiya.
Çinlilərin sahib olduqları yüksək gəmiqayırma texnologiyası, güclü xəritəçilik bacarıqları və maqnetik kompas genişmiqyaslı ekspedisiyaların həyata keçirilməsində mühüm rol oynayıb. Həmçinin Zheng Henın yüksək idarəçilik bacarığı, strateji düşünmə qabiliyyəti, hərbi biliyi və diplomatik zəkası, səfər etdiyi ölkələrdə xalqlararası mədəni, siyasi və iqtisadi əlaqələrin, strateji müttəfiqliklərin qurulmasında böyük rol oynamış, bölgənin geosiyasi və geoiqtisadi mənzərəsinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdi.
İmperial Çin sarayı tarixən müxtəlif ideoloji qrupların əsas mübarizə meydanlarından biri idi. Hakimiyyətə gələn hər sülalənin öz mənafeyinə uyğun olaraq dəstəklədiyi siyasi qüvvələr, daha əvvəl sarayda dominant olmuş qüvvələri sıxışdırırdı. Bu siyasi mübarizə ənənəvi olaraq, Konfutsi (Kongzı), Taoist, Leqalist, Neo-Konfutsi və Buddist tərəfdarları arasında cərəyan edirdi və üstünlüyü ələ ala bilən tərəfin fəlsəfi baxışları, bürokratik sistemin və dövlət siyasətinin özəyini təşkil edirdi. Sarayda təsir və nüfuz dairələri artan başqa bir əsas siyasi qüvvə də xədimlər idi. Uşaqlıqdan sarayda yetişdirilən xədimlər hakim ailənin ən etibarlı kölələri hesab edilirdilər, imperatora, eləcə də hakim ailənin üzvlərinə yaxınlıqları sayəsində olduqca önəmli vəzifələrə qədər yüksələ bilirdirlər. “Əjdaha taxtı” (yarı tanrı hesab edilən Çin imperatorunun taxtı belə adlandırılırdı) uğrunda yaşanan mübarizədə aparıcı siyasi qüvvə olan xədimlər, uzun əsrlər boyu Çinin imperial sülalələrinin taleyinə təsir edə biliblər. Yasaq şəhərdəki (Pekin şəhərində yerləşən, imperator və ailəsinin məskunlaşdığı saray kompleksi) xədimlərin sayı Ming hakimiyyətinin son illərində 70.000 civarında idi və yalnız Mançuların Çində hakimiyyətə gəlişiylə başlayan Qing sülaləsinin (1644 – 1912) dövründə onların sayı, dövlət məsələlərində oynadıqları təsirli rola görə 3000-ə qədər azaldılmışdı. Bu mənada Ming dövründə bilik və bacarıqları sayəsində imperatorun etimadını qazanaraq sarayda yüksək vəzifələrə layiq görülmüş xədimlərdən biri də Zheng He olmuşdu.
Zheng Henın maraqlı və bir o qədər də məşəqqətli həyat hekayəsi olub. Əsl adı Ma He (“Ma” ismi, çinli müsəlmanların “Məhəmməd” adı üçün istifadə etdikləri əvəzləyicidir) olan Zheng He (“Zheng” imperator Yonglenın, ona xidmətləri müqabilində verdiyi addır), Çinin cənub-qərbində, Himalay dağlarının ətəklərində yerləşən Yunnan əyalətində, zəngin müsəlman ailəsində 1371-ci ildə dünyaya gəlib. Onun 10 yaşı olanda monqolların Yuan imperiyasından (1279 – 1368) geriyə qalan son qalası Yunnan əyaləti Ming ordusu tərəfindən ələ keçirilir. Zheng Henın atası Yunnan uğrunda monqollarla çinlilər arasında gedən döyüşdə öldürülür, özü də Ming ordusu tərəfindən əsir alınır. Sonra isə axtalanaraq (Çində 4000 ildir mövcud olmuş ənənə) Ming imperatorun dördüncü oğlu, şahzadə Yonglenın xidmətinə verilir. Gələcək imperator Yonglenın etibarını qazanaraq yaxın dostluq münasibətləri quran Zheng He, onunla birlikdə şimal cəbhəsində monqolların əleyhinə qatıldığı döyüş əməliyyatlarında göstərdiyi şücaət və fədakarlığa görə qısa zaman ərzində böyük nüfuz qazanır. Hərb sənətinin incəliklərini mənimsəməklə bərabər, o, həmçinin Beipingdə (Pekin) təhsil alaraq siyasət, fəlsəfə və ədəbiyyat kimi sahələrdə də elmini artıra bilmişdi. Yongle, Ming taxtı uğrunda şahzadələr arasında gedən mübarizədə Zheng He və silahdaşlarının hərbi və siyasi dəstəyi ilə hakimiyyəti ələ keçirərək 1402-ci ildə bütün Çinin imperatoru ola bilmişdi.
Çin tarixinin güclü hökümdarlarından biri olan imperator Yonglenın (əsl adı Zhu Di) və saray əyanlarının təsvir edildiyi illüstrasiya.
Dövrün hər ambisiyalı hökmdarı kimi imperator Yongle da (1402 – 1424), Ming imperiyasının qüdrətinin hüdudlarını genişləndirməyə çalışırdı və bu missiyanın həyata keçirilməsi üçün təkcə quruda yox, həm də dənizlərdə hegemon olmağın əhəmiyyətini dərk edirdi. Ming sülaləsindən öncə də mövcud olmuş qədim Çin imperiyalarının böyük hərbi və ticari gəmilər hazırlama potensialı və təcrübəsinə sahib gəmiqayırma sənayeləri var idi. Çinin ilk dəniz donanması qədim Xan imperiyası (e.ə. 206 – e.s. 220) zamanında qurulsa da, daimi olaraq fəaliyyət göstərmiş ilk dəniz donanmasının əsası 1132-ci ildə Song sülaləsi (960 – 1279) tərəfindən qoyulmuşdu. Songlu səyyah və tacirlər, Şərqi və Cənubi Çin dənizlərində hərbi və iqtisadi dominantlığı ələ almışdılar. Songdan sonra və Mingdən öncə Çinə hökm etmiş monqol əsilli Yuan sülaləsinin başçısı Xubilay Xan da (1260 – 1294), hazırlatdırdığı nəhəng hərbi donanma ilə Yaponiya, Vyetnam və İndoneziya torpaqlarına sonu uğursuzluqla bitmiş hücumlar təşkil etmişdi.
1405 – 1433-ci illərdə Zheng Henın komandanlığı altındakı Ming Armadasının səfər istiqamətlərini göstərən xəritə.
Dənizlərə yenidən hökm etmək arzusuyla hərəkətə keçən imperator Yongle, 35 yaşındakı Zheng Henı dövrün ən müasir silah və texnologiyası ilə təchiz edilmiş donanmanın rəhbərliyinə təyin edir. Bununla da Zheng He, dünya tarixində admiralllıq kimi ali rütbəyə yüksələn nadir xədimlərdən biri olur.
Ming dönəmində dünyadakı heç bir dövlət Çinin gəmiqayırma və naviqasiya sahəsində sahib olduğu texnoloji üstünlüklə rəqabət apara bilmirdi.
İlk dəniz səfərinə 1405-ci ildə 317 gəmi və 28.000 nəfərə yaxın heyətlə və Song sülaləsi dövründən istifadə edilən marşrutla hərəkətə başlayan nəhəng Ming armadası, Vyetnam, Tayland, Malayziya və İndoneziya kimi Cənub-Şərqi Asiya ölkələrini ziyarət etdikdən sonra Hind okeanına çıxaraq Cənubi Asiyanın ən böyük beynəlxalq liman şəhəri Kəlkütə (Hindistan) çatır. Adı çəkilən şəhərdə bir neçə ay kommersiya məqsədi ilə qalan donanma, ehtiyacı olan məhsulları tədarük etdikdən sonra limanı tərk edir. Zheng He səfərdən geri dönərkən Malay yarımadasını Sumatra adasından ayıran, Sakit və Hind okeanları arasında yerləşən böyük geostrateji önəmə sahib Malakka boğazına nəzarət edən dəniz quldurlarını Palembang döyüşündə (1407) məhv edərək həm dəniz yollarının təhlükəsizliyini təmin edir, həm də yerlilərin dəstək və hörmətini qazanır.
Bu ekspedisiyaların məqsədi Çinin qüdrətini nümayiş etdirməklə yanaşı, dəniz yollarının təhlükəsizliyini təmin etmək, ticarət marşrutlarının inkişafına əngəl törədəcək maneələri aradan qaldırmaq və Ming imperiyasının ehtiyac duyduğu resurs və məhsulları əldə etmək idi. Bəhs etdiyimiz dövrdə dəniz quldurları ticari gəmi və yollar üçün böyük təhlükə törədirdi, xüsusən, yapon dəniz quldurları (wokou) Çinin və Koreyanın liman şəhərlərinə hücumlar təşkil edərək talançılıq edirdilər. Bölgədə qaçalmalçılıq da geniş yayılmışdı. Bu mənada, Ming armadası bölgədə həm də jandarm rolunu icra edirdi. Bundan başqa, donanma ilə birlikdə Çinin, dəniz sahilində yerləşən əyalətlərindən Cənub-Şərqi Asiya ölkələrinə xeyli sayda çinli miqrant köçərək öz koloniyalarını qururdular.
Qeyd edək ki, 317 gəminin 62-i, donanmanın ziyarət edəcəyi dövlət başçıları üçün nəzərdə tutulmuşdu və Ming imperatorunun səxavətinin göstəricisi sayılan hədiyyələrlə (çay, ipək, çini qablar, zərgərlik məmulatları, yazı və kalliqrafiya nümunələri, dəyərli daş-qaş və s.) doldurulmuşdu.
Gəmilərdə, adətən, əsgər (piyada və süvarilər) və dənizçilərlə yanaşı imperiya maraqlarını təmsil edən dövlət məmurları, tacirlər, astroloqlar, tərcüməçilər, missionerlər, salnaməçilər, mühasiblər, həkimlər, dülgərlər, aşpazlar, kartoqraflar (xəritəşünas) və botaniklər (ziyarət ediləcək ölkələrin fauna və florasını araşdırmaq üçün) də olurdu. Bundan dolayı, Ming donanması, “üzən şəhər” adlandırılırdı. Səyahət əsnasında heyət üzvlərindən hər hansı birinə maddi və fiziki zərər dəysəydi, zərərçəkənin özünə, yaxud ailəsinə təzminat ödənilməsi nəzərdə tutulmuşdu. Ming armadası hər nə qədər sülhməramlı görünsə də, donanmanın tərkibindəki döyüş gəmilərinin sayı, tarixin ən böyük hərbi dəniz donanmalarından biri olmuş İspaniya imperiyasının “Məğlubedilməz Armadası”ndakı (1588-ci ildə La Manş döyüşündə ingilislərin məhv etdiyi məşhur donanma) döyüş gəmilərinin sayından daha çox idi. Yeri gəlmişkən, ispanların döyüşə çıxartdığı “Məğlubedilməz Armada”nın tərkibində olan ümumi gəmi sayı da (130 gəmi), Ming armadasının birinci ekspedisiyası zamanı yola çıxdığı gəmi sayından (317 gəmi) təxminən 2.5 dəfə az idi.
Üçüncü ekspedisiya zamanı (1409), Seylon adasında (Şri-Lanka) mövcud olmuş Kotte dövlətinin hökmdarı Nissanka Alagonakkara ilə münaqişəyə girən Zheng He, onu və ailəsini əsir alaraq Çin imperiyasının paytaxtı Nanjingə (Nankin) gətirir və Alagonakkara, imperatorun vassallığını qəbul edib xərac ödəcəyinə ilə bağlı söz verəndən sonra azad edilir.
Ming armadasının tərkibinə daxil olan gəmi növləri.
Zheng Henin dördüncü dəniz səfəri (1412) miqyasına görə ən böyük ekspedisiya idi. İlk öncə Hörmüz və Fars körfəzinə qədər gələn donanma, ordan Ərəbistan, Misir, Somali və Kenya sahillərində yerləşən limanları ziyarət edir. Burdan cənub istiqamətində yoluna davam edən donanma, Hind okeanının qərbində, Afrika qitəsi ilə Mozambik adası arasında yerləşən, dünyanın ən uzun boğazı olan Mozambik boğazına qədər yol qət edir. Səfərdən qayıdan zaman Sumatra adasının şimalında yerləşən Semudara Sultanlığında üsyan nəticəsində taxtdan salınmış legitim sultan, Zheng Henın siyasi və hərbi dəstəyi ilə yenidən hakimiyyətə qaytarılır və bununla da Semudara Sultanlığı da Ming imperiyasının himayəsinə keçir.
Bu dəfəki eskpedisiya zamanı onlarla ölkədən donanmaya qatılmış elçilər və hökumət nümayəndələri, imperator Yongleya dəyərli hədiyyələr təqdim edərək hərbi dəstək və ticari imtiyazlar müqabilində sədaqətlərini bildirmişdilər. Qeyd edək ki, Zheng Henin müsəlman olması və islam dəyərlərini dərindən bilməsi onun ərəb və müsəlman ölkələri ilə əlaqələr qurub müttəfiqlər qazanmasına yardımçı olmuşdu. Digər tərəfdən də bölgədəki sabitliyi pozub ticarətə maeəçilik törədən bütün əngəllər (dəniz quldurluğu, qaçaqmalçılıq, hakimiyyət uğrunda gedən daxili çəkişmələr, yerli qəbilələr arasında hökm sürən münaqişələr və s.) zor gücünə olsa da, aradan qaldırılırdı.
1417 və 1422-ci illərdə baş tutan beşinci və altıncı dəniz səfərlərini əvvəlki marşrut üzrə davam edən donanma, daha əvvəl özləri ilə Çinə gətirdikləri dövlət başçılarını, xarici diplomatik nümayəndələri, tacir və digər peşə sahiblərini geri daşımışdılar. Altıncı eskpedisiya zamanı, Zheng He Afrika sahillərinin araşdırılmasını donanmasına tapşıraraq kiçik bir qrupla Çinə geri qayıtmışdı.
Cənub-Şərqi Asiya ölkələri, Hindistan, Ərəbistan, İran, Misir və Şərqi Afrika sahillərinə dəfələrlə lövbər salmış Ming donanması, geri qayıdanda uzaq şərq diyarlarına tamamilə yad olan ekzotik heyvanlarla (zebra, zürafə, aslan, tovuzquşu, dəvəquşu və s.) bərabər, fil və kərgədanın sümük və buynuzlarından düzəldilmiş bəzək əşyalarını imperatora hədiyyə olaraq gətirirdi. Fərqli sivilizasiyalardan gətirilmiş bu və bənzəri hədiyyə və mallar donanmanın maddi qazancını, eyni zamanda nüfuz və qüdrətini daha da artırırdı.
Tarixdə ilk dəfə olaraq Uzaq Şərqdən tutmuş Şərqi Afrika sahillərinə qədər nəhəng bir coğrafiya, tək bir imperial gücün həm siyasi, həm də iqtisadi nəzarəti altına keçmiş və bunun sayəsində Tang dönəmindən (618 – 907) bəri mövcud olan tarixi “dəniz ipək yolu” da inkişaf etmiş, vahid iqtisadi zonanın yaranmasıyla nəticələnmişdi.
1424-ci ildə imperator Yonglenın vəfatından sonra sələfi imperator Hongxi (1424 – 1425), dəniz ekspedisiyalarını qadağan edir. Donanma işinin bütün daxili qərarları birbaşa Zheng Henın özü tərəfindən müstəqil şəkildə verilsə də, Yonglenın ölümündən sonra Konfutsi alimlərinin (daha çox sabitliyin və aqrar cəmiyyət quruculuğunun tərəfdarı olan konfutsiçilər, saraydakı əsas siyasi rəqibləri olan xədimlərin rəhbərliyi ilə təşkil edilən riskli və məsrəfli eskpedisiyalara soyuq yanaşırdılar) siyasi təzyiq və həmlələri ilə saraydakı mövqeləri zəifləyən xədimlər, tədricən, idarəçilik məsələlərindən uzaqlaşdırıldılar. Lakin imperator Hongxinin ani ölümündən sonra onun yerinə gələn oğlu, imperator Xuande (1426 – 1435), babası Yonglenın xarici siyasət kursunu davam etdirərək Zheng Henın səfərə çıxmağına icazə verir.
1431-ci ildə yeddinci və sonuncu səfərinə çıxan Zheng He, Asiyadan Afrikaya qədər uzanan liman şəhərlərini yenidən ziyarət edir. Rəvayətə görə, kiçik bir qrupla donanmadan ayrılan Zheng He, Həcc ziyarəti üçün Məkkəyə yollanır. 1433-cu ildə geri dönüş yolunda vəfat edən böyük admiralın nəşi dənizə tapşırılır (ölüm və dəfniylə bağlı məlumatlar ziddiyyətlidir). Məzarının harda olması heç vaxt dəqiq bilinməsə də, onun şərəfinə təkcə Çində deyil, eləcə də İndoneziya, Sinqapur və Malayziya kimi bir sıra Cənub-Şərqi Asiya ölkələrində məbədlər ucaldılıb. Zheng Henin 1405-ci ildə birinci dəniz səfərinə çıxdığı gün- 11 iyul tarixi də hər il Çinin Milli Dənizçilik günü olaraq qeyd edilir.
Donanma haqqındakı rəsmi saray qeydləri məhv edildiyi üçün, təəssüf ki, Zheng He və ekspedisiyaları barədə məlumatların dəqiqliyində yaşanan sıxıntılar onun haqqında müxtəlif rəvayətlərin yaranmasına səbəb olub. Bunların arasında Ming armadasının Afrikanın Ümid burnundan keçərək Atlantik okeanına çıxması və Xristofor Kolumbdan yarım əsr öncə Amerika qitəsini kəşf etməsi, Avstraliya, Yeni Zellandiya və Antraktidanın şimal ərazilərinə çatmaları, Zheng He və ona yaxın müsəlman xədimlərin səfər etdikləri yerlərdə İslam dinini təbliğ etmələri və məscid tikdirmələri kimi rəvayətlər geniş yayılıb.
İmperator Yongle və Admiral Zheng Henin ölümlərindən sonra donanma tənəzzül dövrünə qədəm qoyur. Çin imperiyası, tədricən, dünyadan təcrid siyasətinə başlayır. Bununla yanaşı, hökumət, donanmanın saxlanma xərclərini Şimal cəbhəsinin möhkəmləndirilməsi, yeni paytaxt Pekinin qurulması və Çin səddinin bərpası kimi böyük məsrəf tələb edən layihələrə yönəldir. Ming paytaxtının Sakit okeana axan Yantsızı çayının (Asiya qitəsinin ən uzun çayı) deltasında yerləşən Nanjing şəhərindən, dənizlərə birbaşa çıxışı olmayan Beijing şəhərinə (Pekin) köçürülməsi və “Böyük Kanal”ın (Xuanxe və Yantsızı çaylarını birləşdirən, dünyanın insan əliylə tikilmiş ən böyük kanalı) bərpa edilərək yenidən istismara verilməsi də Çinin dənizçilik ənənələrinə zərbə vurur. Sonrakı imperatorların laqeydliyi, donanmanın şöhrətinin verdiyi narahatçılıq və Zheng Henin əfsanələşdirilmiş şəxsiyyətinə qarşı yaranmış qısqanclıq ucbatından yüzlərlə gəmi və səfərlərə aid yazılı mənbə və xəritələr yandırılaraq məhv edilir.
Dənizlərdə itirilən gücün cəfasını və peşmançılığını Çin, XIX əsrdə Britaniya imperiyası ilə aparacağı Tiryək müharibələrində çəkəcəkdi.
 
 
Müəllif: Vüsal Quliyev
Mənbə: azlogos.eu
 

0 şərh