Fikrət Mualla

Fikrət Mualla(1903-1967)
Fikret MuallaAyıb bir şey – mən bu dünyada, iyirminci yüzildə belə bir rəssamın yaşayıb-yaratdığı haqqında yalnız iki il bundan öncə xəbər tutdum. Onun tablolarına baxıb heyrətə gəldim. Həyatı ilə maraqlandım. Öyrəndiklərimi bu gün sizinlə bölüşmək istəyirəm.

1932-ci ildə İstanbulda “Şillerin həyatı və yaradıcılığı” adlı bir kitab nəşr olunur. Kitabın müəllifi – Fikrət Mualla.
Ədəbiyyata böyük maraq göstərən rəssam bircə kitabla yetinməyərək az sonra daha iki kitab nəşr etdirir. Onun həmin dönəmdə 30 yaşı vardı.

Fikrət Mualla İstanbulda doğulub. Bir çox valideyinlərdən fərqli olaraq onun ata-anası qız uşağı arzulayır və gözləyirdilər. Hətta ona ad da fikirləşib tapmışdılar – Mualla. Ancaq onların gözləntilərinin əksinə oğlan uşağı doğulunca Muallanın qabağına bir Fikrət də əlavə etməli olurlar.

Fikrət Qalatasaray litseyində oxuyan zaman futbola çox böyük həvəs göstərirdi, ancaq bu həvəs sonunda onun topal olmasına gətirib çıxarır. Bir dəfə oyun zamanı onun ayağı sınır. Həkimlər sümüklərin bitişməsinə nail ola bilsələr də ayağı tam qaydasına sala bilmirlər və Fikrət ömrü boyu axsaya-axsaya gəzməli olur. O, bu halından çox utanır, sıxılırdı və bu kompleksindən qurtula bilməyən rəssam daim mənəvi əzab çəkirdi.

Fikrət hələ uşaq ikən anası dünyasını dəyişir, atası isə dərhal gənc bir qadınla evlənir. Bununla da onun psixoloji vəziyyətində daha köklü dəyişikliklər baş verməyə başlayır. Əsəbləri yerindən oynayır. Daha sonra atası onu İsveçrəyə göndərir ki, oğlu mühəndis ixtisasına yiyələnsin. Fikrət isə bunu sürgün kimi qəbul edir. İsveçrədə təhsil aldığı illərdə o, mühəndis ixtisassından çox rəssamlıq sənətinə maraq göstərməyə başlayır. Həmin dönəm birinci dünya müharibəsi vaxtlarına təsadüf edirdi.

Fikrət bir müddət pulsuz-parasız qalıb əziyyət çəkmişdi. Rəssamlıq sənətinin ona daha uyğun olduğunu qət edəndən sonra Fikrət mühəndis olmaq fikrindən daşınır və rəssamlıq təhsili almaq üçün İsveçrədən Almaniyaya gedir. Münhen İncəsənət Universitetinə daxil olur. Atası bir müddət ona pul göndərə bilmir. Fikrət pulsuzluğundan və çolaq olmağından çox utanırdı. Bu hissləri yox etmək üçün o, zəmanəsinin bir çox rəssamları kimi içkiyə qurşanır, ancaq bunun fəsadı da özünü çox gözlətmir – Fikrət tezliklə xəstəxanaya düşür.

Müalicəsini bitirdikdən sonra qısa bir müddət Fransa və İtaliyanı gəzir. 1937-ci ildə Fikrət Mualla İstanbula qayıdıb Qalatasaray Litseyində rəsmdən dərs deməyə başlayır. Ancaq nə bu iş, nə də bundan sonrakı işlər onu qane etmirdi. Bir müddət o, kitablara illüstrasiyalar edir (Nazim Hikmətin kitablarını da Fikrət Mualla illüstrasiya etmişdi), teatr tamaşaları üçün dekorasiyalar edir, kostyum layihələri hazırlayır. Və elə bu dönəmdə onun atası dünyasını dəyişir. Bununla Fikrətin həyatı da dəyişir – belə ki, atası onun üçün yaxşı miras qoyub getmişdi.

Fikrət Mualla dərhal bu malı-mülkü satıb çoxdankı arzusunu gerçəkləşdirir: o vaxt dünyanın mədəniyyət və incəsənət mərkəzi sayılan Parisə köçür. Burada bir müddət təm-təraqlı bir həyat sürür. Fikrət əyləncələrindən qalmasa da, rəsm çəkməyi də heç zaman unutmur. O, özünün yalnızlığından mənəvi təskinliyi daha çox rəsm işləyən zaman tapırdı. Bu da işə yaramayanda yenə şüşənin boğazından yapışırdı.

Bu dönəmdə Fikrət incəsənətdə yeni yaranmış supermatizm cərəyanının təsiri altına düşmüşdü, Vasiliy Kandinski, Anri Matiss, Edvard Munkun əsərlərindən və texnikasından yararlanırdı. O, sənətini elə bir səviyyəyə çatdırmışdı ki, artıq Parisdə məşhur rəssam kimi tanınırdı. Ancaq Almaniyanın Fransanı işğal etməsilə əksər rəssamlar kimi onun da vəziyyəti çox gərginləşir. Pulsuz qalan rəssam öz tablolarını dəyər-dəyməzinə satmağa başlayır. Müharibə qurtarandan sonra Fikrət Mualla yenə psixoloji sarsıntı keçirib xəstəxanaya düşür. Parisli dostları onu burada tək qoymurlar. Xəstəxana palatasında da o, rəsm çəkməyindən qalmır. Burada yadıma onun həmkarları Munk, Van Qoq düşür – onlar da öz həyatlarında eyni aqibəti yaşamışdılar. Bu rəssamlar hamısı (bunlardan başqaları da var, gələn yazılarımda söhbət edəcəm) psixoloji sarsıntı keçirib dəlixanaya düşmüş, orada da öz şedevrlərini yaratmışdılar.

Fikrət Mualla 25 il ərzində fərdi sərgisini aça bilməmişdi. Nəhayət o, 1954-cü ildə Parisdə ilk sərgisini açır. Məhz bu sərgidən sonra Paris onu tanıyıb qəbul edir. Pikassonun da diqqətini o, məhz bu sərgidən sonra çəkmişdi. Pikasso Fikrət Muallanın rəsmlərinin vurğunu idi və ondan bir tablo almışdı. Hətta bir gün Fikrətin yanına gələn Pikasso ona bir tablosunu da hədiyyə etmişdi. Ancaq Fikrət Mualla sonradan bu tablonu bir şüşə içkiyə dəyişmişdi. Bu sərgidən iki il sonra Fikrət Mualla ikinci sərgisini açır və bundan dərhal sonra yenə psixoloji krizis keçirib dəlixanaya düşür. Yenə də rəsm çəkməyə davam edir. Bu dönəmdə artıq onun stabil alıcıları vardı.

Fikrət öz əsərlərini başlıca olaraq kağız üzərində quaş və temperayla işləyirdi. Onun əsərlərində əsasən şəhər motivləri, qadınlar təsvir olunur. Musiqiçilər, natürmortlar, təbiət mənzərələri – rəssam bunları çox böyük məharətlə və artıq yalnız onun özünə məxsus olan texnika ilə təsvir edirdi. 1967-cildə Parisdə dünyasını dəyişən rəssamın bir müddət sonra, yəni 1974-cü ildə sümükləri çıxarılaraq Türkiyəyə gətirilir və İstanbulda torpağa verilir.


Fərhad Yalquzaq
Mənbə: 1937.az
 

0 şərh