Van Qoq

Tarixdə istedadı, bacarığı, qəribəlikləri ilə ad qoyan, tanınan və bundan sonra yüz illər keçsə belə, insanların yaddaşında qalacağına əmin olduğumuz çox şəxsiyyətlər var. İstedadlı insanın bəxti o zaman gətirir ki, o, cəmiyyət tərəfindən yaxşı qəbul olunub, lazım olan qiyməti alır. Vay o gündən ki, sənətkarın istedadını nə dostları, nə ən yaxınları, nə ətrafdakılar, nə də cəmiyyət anlaya və ya qəbul edə bilir. Amma bu insanların cəmiyyət tərəfindən qəbul olunması, sevilməsi bəzən onlar həyatdan köçdükdən və hətta üzərindən yüz illər ötdükdən sonra başlayır. Lap elə bizim qəhrəmanımız dahi Van Qoq kimi…

Çətin və anlaşılmaz həyatın başlanğıcı
1852-ci ildə Hollandiyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində Anna Kornelia Karbet və kilsə rahibi Teodor Van Qoqun ailəsində bir oğlan dünyaya gəlir. Yeni doğulmuş körpənin ailəyə böyük qələbələr və uğur gətirməsi üçün adını rahib babasının şərəfinə Vinsent, yəni “Qalib” qoyurlar. Lakin çox keçmir ki, yeni doğulmuş körpə dünyasını dəyişir. Baş vermiş hadisədən sarsılmalarına baxmayaraq, gənc valideynlər ümidlərini itirmirlər və nə az, nə çox,  düz bir ildən sonra ailəyə yenidən üçüncü bir üzv qatılır. Bu dəfə də uşağa Vinsent adını verirlər. Bəlkə valideynlər elə bununla özləri belə bilmədən böyük bir səhvə yol açırlar. Ölmüş övladlarının adını yeni doğulan körpəyə verməklə sanki  övladlarının öncədən qəmli və həzin bir həyat yaşamasına imza atırlar. Vinsentin daha bir qardaşı və üç bacısı vardı. Maraqlısı budur ki, uşaqların dayəsi xatirələrində balaca Vinsent haqqında xoş olmayan fikirlər  bildirir: “Bu uşaqların içərisində Vinsent ən yaramaz və qəribəsidir. Bilmirəm, bu qəribəlik nədir, amma insan onunla əlaqəyə girmək və yaxınlıq etmək belə istəmir. İnanmıram ki, gələcəkdə bu uşaqdan bir şey çıxa”. Hamıdan sakitliyi və yazıqlığı ilə seçilən Vinsent qəribə xüsusiyyətlərinə görə daima valideynləri tərəfindən cəzalandırılırdı.
7 yaşında kənd məktəbinə gedir, amma bir ildən sonra onu məktəbdən çıxarıb evdə – dayənin yanında öz bacısı Anna ilə birlikdə təhsil almağa məcbur edirlər. 1864-cü ildə Vinsent yenidən Zevenberqendə yerləşən internat-məktəbinə göndərilir. Evindən 20 km uzaqda olması Vinsentə çox ciddi psixi təsir göstərir və hətta o, bunu sonralar da unuda bilmir. 1866-cı ildə balaca Vinsent digər bir internat-məktəbdə təhsili davam etdirməyə qərar verir və o, burada ingilis, fransız, alman dillərini öyrənməklə yanaşı, rəssamlıq dərsləri də alır. Amma həmin ilin ortasında məktəbi tərk edib evə dönür və bununla da Van Qoqun  rəsmi təhsil alma dönəmi sona yetir. O, xatirələrində uşaqlıq illəri barədə yalnız bir cümlə yazır: “Mənim uşaqlığım, soyuq, boş və maraqsız idi”.

Sakit uşağın çılğın və dəlisov gənclik illəri
Uşaq vaxtı sakitliyi ilə seçilən Van Qoq gənc yaşlarında çılğınlığı ilə hamını dəhşətə gətirirdi. Oğlunun dəlisov hərəkətlərindən narahat olan atası onun ciddi bir işlə məşğul olmasını istəyirdi və buna görə də oğlunu qohumunun yanına “Goupil&Cie” firmasına işləməyə göndərir və bir müddət gənc rəssam öz dayısının yanında şəkil satmaqla məşğul olur. İşində uğur qazandığına görə Van Qoq 1869-1876-cı illərdə həmin mağazanın Haaqa, Brüssel, London, Paris şəhərlərindəki şöbələrində adi satıcı vəzifəsində çalışır. Mağazanın London şöbəsinə təyin olunan zaman Van Qoqun cəmi 20 yaşı var idi və Londonu çox sevən gənc bir oğlan üçün bu, yeni ümidlər, imkanlar  demək idi. Rəssam burada özünü inkişaf etdirir,  muzeylərə gedir, əntiq mağazalarla maraqlanır, sərgilərdə Jan-Fransua, Mil və Jül Bretonun əsərlərinə baxır və hərdən bu ab-havanın təsiri ilə nələrsə çəkməyə cəhd edir, amma hər dəfə buradakı yeni şəkillərə baxdıqca nədənsə fikrindən daşınır. 20 yaşlı Vinsent artıq öz atasından qat-qat çox pul qazanmağa başlayır. Londonda Ursula adlı dul qadının evində kirayədə qalır və ilk baxışdan ev sahibəsinin qızına vurulur. Evgeniya adlı bu qız da onunla maraqlanır, ancaq Van Qoqun evlənmək təklifini qətiyyətlə rədd edir. İlk məhəbbətinin daşa dəyməsi Van Qoqu çox sarsıdır. Bu hadisədən sonra Van Qoq nə şəkil çəkmək, nə işləmək, nə də yaşamaq istəyir və buna görə də tez-tez “Bibliya”ya müraciət edir.

1874-cü ildə Vinsent çalışdığı firmanın Paris şöbəsinə göndərilir, amma üç aydan sonra yenidən dözməyib Londona qayıdır. Londonda özünə yer tapa bilməyən Vinsent yenə Parisə dönür, işləri getdikcə daha da pisləşməyə başlayır və sonda Vinsent işdən qovulur. Bu hadisələrdən sonra rahib olmaq qərarına gəlir. 1879-cu ildə yenidən İngiltərəyə qayıdır və Remsgeytdə internat-məktəbdə məvacib almadan müəllim işləyir. Qərara gəlir ki, kasıb insanlar üçün pulsuz dərs deməyi davam etdirsin. Yeni il bayramında ailəsinin yanına gedən Vinsenti valideynləri bir daha geri qayıtmamaq üçün yola gətirirlər, o, Hollandiyada qalıb bir kitab mağazasında çalışmağa başlayır. Bu iş də onu qane etmədiyinə görə ailəsi Vinsentə kömək etmək qərarına gəlir və yaxşı rahib olması üçün onu Amsterdama dayısının yanına göndərirlər. Burada teologiyanı öyrənməyə cəhd edən Vinsent tezliklə başa düşür ki, təhsil onluq deyil və yenidən hər şeyi yarımçıq qoyub geri qayıdır. Bir müddət Belçikanın Borinaj şəhərində din xadimi kimi çalışır.



 

 
Sənətə doğru atılan inamsız, amma gözəl addımlar
Artıq Van Qoq yoxsulluğun nə olduğun anlamağa başlayır. Nə pulu, nə ailəsi, nə də evi olan rəssam düşdüyü ağır vəziyyətin ciddiliyinin fərqinə varır.  Van Qoq özünü incəsənət aləmində axtarmağa və bu yolda rastlaşacağı əziyyətlərə dözməyə qərar verir. Tərslikdən yeni həyata başlamaq istəyərkən yenidən vurulur. Bu dəfə onun seçimi qohumu Kee adlı qız idi. Lakin daha əvvəl də olduğu kimi, qız onun hisslərinə cavab vermir və Vinsent dərin stress keçirir. Bununla bağlı rəssamın xatirələrində adamı heyrətə gətirən bir hadisə də danışılır. Bir gün qızgilə qonaq gedən rəssam əlini alovun üzərində tutaraq qızın atasına deyir: “Qoy, Kee əlimi alovun üzərində saxladığım zaman qədər mənə vaxt ayırsın”.  Gördüyündən dəhşətə gələn ata onu evindən qovur. Amma özünü və hisslərini ələ alan rəssam yoluna davam etməyi bacarır və 1880-ci illərdən başlayaraq təsviri incəsənətlə məşğul olur. Brüssel (1880-1881) və Antverpendə (1885-1886) rəssamlıq akademiyalarında təhsil alır, Haaqada dövrünün tanınmış rəssamı A.Mauvedən məsləhətlər alır. 1880-ci illərdə rəssamın əsərlərində tünd rənglərə, kəskin keçidlərə, “qəmgin” mövzulara tez-tez rast gəlinir. Bu, həmin dövrdə rəssamın həyatında yaşanan dərin psixoloji problemlərə və gərginliklərə işarədir. Məsələn, onun “Kartof yeyənlər” (Ottyorlo), “Nyuenndəki köhnə kilsə binası”, “Kəndli qız”, “Sandallar” kimi əsərlərini məhz bu tipli əsərlərə nümunə göstərmək olar. Həm mövzu, həm süjet, həm rənglər, həm də işığın işlənməsi insanda qəmgin hisslər oyadır, məyusluq təəssüratı yaradır, rəssama qarşı bir acıma hissi oyadır.
1886-1888-ci illər ərzində Van Qoq Parisdə yaşayır, o, öz üslubunu tam formalaşdırır, işləmə stilini və təsvir metodlarını bütövlüklə yekunlaşdırır, Avropanın ən böyük pedaqoqlarından hesab edilən P.Kormonun yanında impressionizm və yapon qravürasını, Pol Qogenin əsərlərini öyrənməyə başlayır. Bu dövrdə yaratdığı  əsərlərdə müəyyən “ziddiyyətlər” ortaya çıxır. Əgər bir sıra əsərlərdə günəşli hava, mavi səma, qızılı tarlalara rast gəlinirsə, digərlərində qaranlıq küçələr, gecə klublarını müşahidə etmək olar. Bir sıra əsərlərində iş başında zəhmətkeş insanlar, digərlərində “yüngül” pul axtarışında olanlar, səfillər, fahişələr və s. ön planda olur. Yəni, bir sözlə, Van Qoqun fırçası daha dinamik və rəngli olmağa başlayır. “Aqustina Seqatori Tamburin kafesində”, “Sena çayı üzərindən körpü”, “Tanqi Ata” kimi əsərləri misal göstərmək olar.
 




Van Qoq, Pol Qogen, kəsilmiş qulaq
Van Qoq çox çılğın adam idi. Xatirələrindən onun məşhur rəssam Pol Qogen ilə dostluq münasibətlərində nümayiş etdirdiyi təəccüblü davranış hər kəsi həm maraqlandırır, həm də heyrətə gətirir. Araşdırmaçılar deyirlər ki, Van Qoq Qogeni dost kimi çox sevirdi, onlar birlikdə çox zaman keçirirdilər. Lakin elə anlar olurdu ki, onlar düşmən kimi davranır, böyük savaşın astanasından geri qayıdırdılar. Elə Van Qoqun bioqrafiyasında maraqlı anlardan biri də Pol Qogenlə bağlıdır. Məlumdur ki, hər iki rəssam bir müddət eyni dam altında yaşayıblar. İki dahinin bir yerdə yaşaması hər kəsin fikirləşdiyi kimi, doğrudan da, təhlükəli sonluqla bitir. Bir dəfə Van Qoq əsəbiləşərək əlindəki ülgüclə dostuna xətər yetirmək istəyir. Lakin Qogen hücumdan sağ-salamat çıxaraq canını qurtarır. Özünə gələn Van Qoq nə etdiyinin fərqinə varır və dəhşətə gəlir; axı o, dostuna xətər yetirə bilərdi! Çılğın rəssam o qədər əsəbiləşir ki, ülgüclə qulağını kəsir, bir paketə qoyaraq əxlaqsızlıq yuvasına gəlir və buradaca paketi yüngül əxlaqlı qadına hədiyyə kimi verir. Ev sahibi dərhal polis çağırır və Van Qoqu xəstəxanaya aparırlar. Kəsilmiş qulağı isə spirtli şüşədə saxlayırlar. Lakin bir neçə aydan sonra heç nəyə yaramayan qulağı atırlar. Bu hadisə haqqında başqa bir versiya da mövcuddur. Deyilənlərə görə, rəssam qulağını məhz həmin əxlaqsız qadına öz sevgisini sübut etmək üçün kəsir.
 




Və qadınlar…
Vaq Qoqun qadınlarla bəxti o qədər də gətirməyib. O, sevdiyi qadınlardan yox cavabı alması və həyatında bununla bağlı çoxsaylı böhranlar, psixoloji problemlər yaşaması ilə məşhurdur. Ancaq bu, o demək deyil ki, onun həyatında qadın olmayıb. O, tənha  idi, daimi həyat yoldaşı tapa bilmirdi, elə buna görə də əxlaqsız qadınlara üz tuturdu. Hətta əxlaqsızlıq yuvasında qarşısına çıxan hamilə, 5 yaşlı qızı olan, içki düşkünü əxlaqsız qadınla ailə həyatı qurmaq fikrinə belə düşmüşdü. Lakin  keşiş ailəsində anadan olmuş şəxsin əxlaqsız qadınla evlənməsi böyük cəsarət tələb edirdi, buna görə də Van Qoq ailəsini itirmək iqtidarında deyildi. Həm də həmin qadın bir müddətdən sonra rəssamı tərk edərək yenidən öz işinə geri dönmüşdü. Amma bütün bunlara baxmayaraq, bir müddət əxlaqsız qadınla yaşadıqdan sonra həyat ona normal ailə qurmaq şansı verir. 41 yaşlı bir qadın özü  rəssama birlikdə yaşamağı təklif edir. Dəlisov rəssam qadını təcrübəsiz ustaların bərbad hala saldıqları skripka ilə müqayisə edib, onun xarici görünüşünü bəyənmədiyini deyir. Buna baxmayaraq, Van Qoq həmin qadına yazığı gəldiyi üçün onunla evlənmək qərarına gəlir. Lakin valideynləri onlara mane olurlar. Xəbəri eşidən qadın özünə qəsd etmək istəyir, ancaq Van Qoq onu xilas edir. Van Qoq yenidən həyatdan küskün, qəmgin bir şəkildə əxlaqsız qadınlar aləminə geri dönür.

 

 
Qarışıq hisslər dünyası və müəmmalı son..
Van Qoq rəssamlıq tarixinin ən narahat, çılğın və dəlisov nümayəndələrindən biri idi. Düzdür, incəsənət adamları daima axtarışda və mübarizədə olmalıdırlar, amma Van Qoqun  axtarışları çox zaman öz-özü ilə müharibə aparmaqla məhdudlaşırdı. Onsuz da hamı özü ilə müharibə şəraitində yaşayır, amma onun həm özünə, həm də yaxınlarına olan münasibəti fərqlənirdi. Həyatının son illərində isə rəssamın gərgin iş rejimi, saysız maddi problemlər tez-tez stresslərə, depressiyalara, ruhi çatışmazlıqlara gətirib çıxarırdı. Ömrünün son illəri ruhi xəstələr üçün xəstəxanalarda keçir və daima yaxınlarına, xüsusilə də öz balaca qardaşı oğluna zərər verəcəyindən qorxur. Bir gün rəssam tarlada işləmək adı ilə evdən çıxır, evə gec qayıdır. Yorğun görkəmi evdəkiləri şübhələndirir. Sorğu-suallardan bezərək, tüfənglə özünü vurduğunu etiraf edir. Xəbərdən şoka düşən qardaşı Teo təcili həkim çağırır. Lakin iki gündən sonra 37 yaşlı Van Qoq həyatla vidalaşır. Amma həmin tüfəng tapılmır. Digər bir versiyaya görə isə Van Qoq müalicə olunduğu xəstəxanada canına qəsd edir. O, Over-Syur-Uaz ərazisində dəfn olunur, 25 il sonra isə qardaşı Teonun qalıqları  onun yanında basdırılır.
Xatuna Mahmud
«Discovery Azerbijan» jurnalı

0 şərh