Sirli şam yeməyi | Salvador Dali


Salvador Dali “Sirli şam yeməyi” 1955, kətan, yağlı boya, 167×268 sm, Milli incəsənət qalereyası, Vaşinqton, ABŞ.

Dali klassik bibliya sujetinə əsaslanan bu rəsm əsərini üç aya tamamlamışdır. Dalinin interpretasiyasında Sirli şam yeməyi əsərini bir çox incəsənət tənqidçiləri tamamilə rədd etsələr də, digərləri rəssamın bu əsərini onun bibliya mövzusunda ən yaxşı əsərlərindən biri sayırlar.

Rəsm əsəri matematikanın prinsipləri əsasında çəkilmişdir. Dali intibah dövrü elminin nailiyyətlərindən və Leonardo Da Vincinin yaradıçılığından bəhrələnərək bu rəsm əsərini yaratmışdır. Sonuncu şam yeməyi — İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə yediyi yemək. Bu yeməkdə İsa Məsih Rəbbin Sürfəsi ayinini təsis etmişdir. Bu yeməyə həmçinin “sirli” və ya “gizli” şam yeməyi deyirlər, çünki İsa ilə şagirdləri o gecə yəhudilərin ali məclisi olan Sinedriondan gizlənmək məcburiyyətində idilər.

Növbəti məlumat göstərilən mənbədəndir.
Mənbə: Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009
Sonuncu şam yeməyi barədə dörd Müjdənin hər birində yazılmışdır (Matta 26:17-35; Mark 14:12-26; Luka 22:7-39; Yəhya 13-14). Bundan əlavə, həvari Paulun Korinflilərə 1-ci Məktubunda bu yemək haqqında qısaca yazılmışdır (1Kor. 11:23-25).

Bütün bu yazılar ümumiyyətlə bir-birinə uyğun gəlir. Cüzi fərqlər müəlliflərin sonuncu şam yeməyini müxtəlif nöqteyi-nəzərlərdən təsvir etdikləri ilə izah edilə bilər. Yəhyanın Müjdəsində əhvalat o biri Müjdələrdən daha uzun şəkildə nəql edilir və fərqli cəhətlərə diqqət yetirilir. Matta, Mark və Lukadan fərqli olaraq, Yəhya yevxaristiyanın təsis edilməsindən bəhs etməmiş, lakin İsa Məsihin şagirdlərinin ayaqlarının yuması və şagirdləri ilə son söhbəti haqqında təfərrüatlı surətdə yazmışdır. Sonuncu şam yeməyi yəhudilərin Pasxa bayramı zamanında baş vermişdir.

Həm bu şam yeməyi, həm də yevxaristiya Tövratın dini simvolikası ilə sıx bağlıdır. İnsanların bir-birləri və Uca Tanrı ilə birliyin rəmzi olaraq müqəddəs süfrədə iştirak etmə adəti qədimdən olmuşdur. Yəhudilərin arasında da belə adət-ənənə var idi. İsa Məsih bu qədim adət-ənənə əsasında müqəddəs “şəriklik süfrəsi”, yaxud Rəbbin Süfrəsi və ya sonradan xristian kilsəsində yevxasirtiya kimi qəbul olunan müqəddəs mərasimi təsis etmişdir.

0 şərh