Sürrealizm və Salvador Dali

Əslində dahilik çətin, qarışıq, anlaşılmaz olanı insan üçün sadələşdirmək, əlçatan eləməkdir. Sürrealistlər isə çətini asanlaşdırmaq yerinə qəlizləşdirir, tamaşaçını çıxılmazlığa salır.

XX əsr avanqard cərəyanlarının ən sonuncusu olan sürrealizm fransız dilində “realizmdən üstün» anlamındadır. Bu cərəyan Avstriya psixiatrı Ziqmund Freydin nəzəriyyəsi, irrasionalizm (duyğuları idrakın əsas özəlliyi kimi qəbul edən fəlsəfi təlim) və alogizmə (məntiqsizlik, idrakı inkar edən düşüncə tərzi) söykənir. Adıçəkilən cərəyan ötən yüzilin 20-ci illərində Fransada ədəbiyyatçılar arasında yaranıb. Ədəbiyyatda Luis Araqon, Pol Elüar və başqaları bu cərəyanın ilk nümayəndələri sayılırlar.

Z.Freydin “şüurdan instinktə keçid üçün azad assosiasiya nəzəriyyəsi” üzərində qurulan sürrealizm XX yüzildə ən məşhur və uzunömürlü sənət cərəyanlarından biridir. Bu cərəyan I Dünya müharibəsi illərində psixiatriya sahəsində işləyən və Freydin düşüncələriylə yaxından tanış olan Andre Breton tərəfindən sistemləşdirilib. 

Sürrealistlər instinktləri, xəstə əhvalları, sayıqlama, qarabasma və yuxuları bədii yaradıcılığın başlıca qaynağı və estetik prinsipi sayırdılar. Sürrealizmə əcaiblik, gerçəkliyə uyuşmayan məntiqsiz düşüncə tərzi daha xarakterikdir. Bu cərəyanın əsas istəyi instinktin idrakdan üstünlüyünü göstərməkdir.

Bretonun ətrafında Pol Elüar, Benjamin Peret, Rene Krevel, Robert Desnos, Marsel Duxamp, Andre Masson və başqa qələm sahibləri var idilər. 1924-cü ildə onlar özlərinin ilk “Surrealist manifesto” adlı kitablarını nəşr etdirirlər. Bretonun səylərinə baxmayaraq, sürrealistlər fikir birliyinə gəlmədilər. Bu yazarlar bir-birini nədəsə suçlayır və onlarla razılaşmayanları sıralarından çıxarırdılar. 

Fransız filosofu Henri Berqsonun intuitivizm (həqiqətin duyğularla ortaya çıxmasını önə çəkən fəlsəfi təlim) təlimi də sürrealizmə təsir edib. Bu cərəyan öz qarşısına insanın sosial, mənəvi, intellektual azadlığına nail olmağı qoymuşdu və həm də incəsənətin kommersiya vasitəsinə çevrilməsinə qarşı idi. Di gəl ki, tarix başqa bir gerçəkliyi ortaya qoydu. S.Dali başda olmaqla bütün tanınmış sürrealist rəssamların əsərləri bu gün dünyada ən bahalı əsərlərdir. 

Qeyd edək ki, sürrealistlərin sələfləri məntiqi inkar edən dadaistlər olublar. Bu cərəyanın Belçikadakı ən önəmli nümayəndəsi olan Rene Magritte gerçək məntiqə uyuşmayan, zahirən fəlsəfi görünən əsərlər yaradırdı. İspan rəssamı Ruan Miro da gözlənilməz biçim və rənglərdən istifadə edirdi. Onun əsərləri üçün ən başlıca özəllik qarmaqarışıqlıq idi. Rəssamın əsərlərində predmetlər var, ancaq onların nə ifadə etdiyi müəmmalı olaraq qalır, əsərlər ilk baxışdan kollaja oxşayır.

20-ci illərdə bir çox sənətkarlar kimi bəstəkarlar da sürrealizmin təsirinə düşmüşdülər. Sürrealizm özünü caz və bluz musiqilərinin improvizasiyasında da göstərirdi. 30-cu illər adıçəkilən cərəyanın ən uğurlu dönəmi sayılır. Dali və Magritte sürrealizmin prinsipial əsərlərini yaradırlar. Lakin bu dövrdə sürrealizm ədəbiyyatda önəmini itirir, L.Araqon, P.Elüar və başqaları ondan uzaqlaşırlar. 40-cı illərdə sürrealizmin mərkəzi ABŞ olur, Andre Breton, Salvador Dali və başqa yaradıcılar yaşamaq üçün buraya köçürlər. II Dünya müharibəsindən sonra Avropada faşizmə nifrət edən rəssamların çoxu Şimali Amerikaya üz tuturdular. Buna görə bir çox amerikalı rəssamlar da sürrealizmlə məşğul olmağa başlamışdılar. Sürrealizm Amerika incəsənətinin, mədəniyyətinin inkişafında ayrıca rol oynayıb. Sürrealizmin ən tanınmış nümayəndələrindən olan ispan rəssamı Salvador Dali eyni zamanda heykəltəraş, rejissor kimi də dünya incəsənət tarixində iz qoyub. O, 1904-cü ildə İspaniyanın Fiqeras şəhərində doğulub, rəssamlığa marağı uşaq yaşlarından yaranıb. 1916-cı ildə o, ilk dəfə modernist incəsənətlə tanış olur və bu, onun gələcək yaradıcılığına təsir edir. 1919-cu ildə Dalinin ilk fərdi sərgisi keçirilir. 

1921-ci ildə o, Madriddəki San-Fernando İncəsənət Akademiyasında oxumağa başlayır. Burada ispan incəsənətinin bir çox nümayəndələri ilə yaxından tanış olur. Bu dövrdə kubizm və dadaizm cərəyanlarına da meyl göstərir. 1926-cı ildə müəllimlərə qarşı saymaz davranışına görə akademiyadan xaric edilir. Elə həmin il Parisdə Pikasso ilə tanış olur. 1929-cu ildə o, A.Breton tərəfindən təşkil olunmuş sürrealistlər dəstəsinə qoşulur. 1934-cü ildə Dali fransız şairi Pol Elüarın xanımı rus əsilli Qala (Yelena Dyakonova) ilə qeyri-rəsmi nikah bağlayır, ömrünün sonuna kimi bir yerdə yaşayırlar. Qala sonradan rəssamın bir çox əsərlərində əsas obrazlardan birinə və ilhamvericisinə çevrilir.

1936-cı ildə İspaniyada başlanan vətəndaş müharibəsi Salvador Dali ilə onun solçu düşüncələrə malik sürrealist yoldaşları arasında fikir ayrılığına səbəb olur. Dali bu dəstədən xaric edilir, buna cavab olaraq o, “sürrealizm mənəm” fikrini söyləyir. 1940-cı ildə Dali həyat yoldaşı Qala ilə birlikdə ABŞ-a köçür və 1948-ci ilədək orada yaşayırlar. 1949-cu ildə vətənə qayıdır, Kataloniyada məskunlaşır.

Dalinin rəsm əsərləri hələ sağlığında sənət bilicilərinin diqqət mərkəzində olub. O bütün əsərlərində sürrealizmin prinsiplərinə sadiq olub. Onun əsərləri ən hazırlıqlı tamaşaçı üçün də bir müəmmadır. Rəssam nə demək istəyir? — hamı bunu bilməyə can atır və heç nə öyrənə bilmir, yəni hansısa məntiqi sonuca varmaq olmur. 

Hələ də bəziləri bu düşüncədədirlər ki, Dali əsərlərində gələcək haqqında hansısa bilgilər qoyub. Guya orada gələcək haqqında önəmli, bəşərin yönünü dəyişəcək fikirlər yer alıb. Əslində bu, Dali haqqında yaradılan mifdir. Bu baxımdan Dalinin əsərlərində gələcəyi axtarmağın özü məntiqsizlikdir. Ona görə ki, onun əsərlərində ilk baxışdan insanı cəlb edən sirli müəmma açılmaq əvəzinə, daha da anlaşılmazlığa dirənir. Tamaşaçı idrak sonuca vara bilmir, çünki məntiq qırılır. Rəssam bizi inandırır və aldadır. Bu isə illüziyadır. Bu baxımdan məntiqsizlik onun əsərlərinin başlıca “məntiq”idir. Rəssamın diqqətçəkən bədii üsullarından biri illüziyalardan uğurla istifadə etməsidir. 

Dalinin bu müəmma dolu dahiliyi bizə nə vəd edir? Əslində dahilik çətin, qarışıq, anlaşılmaz olanı insanlıq üçün sadələşdirmək, asanlaşdırmaq, əlçatan eləməkdir. O isə çətini asanlaşdırmaq yerinə onu qəlizləşdirir, tamaşaçını çaşdırır, çıxılmazlığa salır. Bu, əslində XX əsr incəsənətinin çox yayğın xüsusiyyətidir ki, bu gün modernist rəssamlar arasında dəbdədir. Onlar kiməsə nəyisə izah etməyə gərək duymurlar. Yəni, kim necə istəyir, anlasın. Beləcə həmin əsərlər illər boyu anlaşılmaz olaraq qalacaq...



Dali 1500-dən çox rəsm əsəri çəkib. Eləcə də o, onlarla heykəl, daş üzərində müxtəlif səpkili əsərlər yaradıb, kitab illüstrasiyaları, teatr dekorları və kostyumların yaradıcısı olub. 1981-ci ildə rəssamın mərkəzi sinir sistemində problemlər yaranır, o, Parkinson xəstəliyinə tutulur. 10 iyun 1982-ci ildə həyat yoldaşı Qala vəfat edir. 1984-cü ildə Dalinin yataq otağında yanğın baş verir. Deyilənə görə, o, intihara cəhd edibmiş. Xidmətçiləri onu xilas edə bilirlər. 

Dali ömrünün qalan hissəsini öz adını daşıyan teatr muzeyində yaşayır. 1988-ci ildə infarkt keçirir, 23 yanvar 1989-cu ildə ürək çatışmazlığından dünyasını dəyişir.

S.Qaliboğlu
«Mədəniyyət» qəzeti

0 şərh