Səttar Bəhlulzadə

Səttar Bəhlulzadə öz qəribəlikləri ilə məşhur olan bir rəssam idi. Bəzən aylarla ev-eşik görməzdi. Əsərlərini pula satmazdı. Təmənnasız olaraq bağışlayardı. Baxmayaraq ki, varlı adam deyildi. 1909-cu il dekabrın 5-də Bakının Əmircan kəndində anadan olan Səttar əvvəlcə Azərbaycan Rəssamlıq Məktəbini, daha sonra Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirib.

Yaradıcılığa Əzim Əzimzadənin rəhbərliyi ilə “Kommunist” qəzetində başlayıb. Müşahidəçi rəssamın yaradıcılığında təbiət təsvirləri və mənzərə janrında əsərlər daha çox üstünlük təşkil edir. 

Xalq Rəssamı S. Bəhluladə Azərbaycan boyakarlıq sənətində mənzərə janrının ən böyük ustadlarından biri hesab olunur. “Doğma düzənliklər”, “Gölməçələrdə ördəklər” “Yuxarı Daşaltı”, “Cıdır düzü”, “Dumanlı dağlar”, “Yaşıl xalça” lövhələrində Azərbaycanın səfalı guşələrini kətan üzərində canlandırıb.

Onun Abşeron təbiətinə həsr etdiyi “Neft daşları” mənzərə silsiləsi diqqəti daha çox cəlb edir. 1946-1947-ci illərdə sərgilərində rəssamın Abşeron etüdləri — “Buzovna neft mədənləri”, “Əmircan” və digər əsərləri nümayiş etdirilib.

S. Bəhlulzadə tarixi mövzularda “Azərbaycan xalqının qəhrəman oğulları”, “Babək üsyanı”, “Fətəli xan”, “Xəttat Mir Əli” əsərlərini yaradıb. Görkəmli fırça ustasının zəngin yaradıcılığında “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı”, “Əfsanəvi torpaq”, “Şahnabat”, “Naxçıvan. Axşamçağı Ordubad bağlarında”, “Doğma düzənlər”, “Səhər şəfəqləri”, “Vətənimin baharı”, “Bakıda atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, “Şamaxı üzümlükləri” mənzərə əsərləri xüsusilə seçilir.



Rəssamın fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, Bolqarıstan, Almaniya, İraq, Kuba, Kanada, Belçika, Fransa və Yaponiyada da nümayiş etdirilib. Hazırda rəssamın əsərləri müxtəlif ölkələrin qalereya və muzeylərində saxlanılır. Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, Xalq Rəssamı Səttar Bəhlulzadə 1974-cü il oktyabrın 14-də Moskvada vəfat edib, doğulduğu Əmircan kəndində dəfn olunub.

azertag.az

0 şərh