Avqust Rodin

Avqust Rodinin fəaliyyəti haqqında qısa xarakteristika verərkən adətən onun yaradıcılığı ilə dünyanı dəyişdirən rəssamlara aid olduğunu deyirlər. Həqiqətən də bir çox müasirləri və davamçıları Rodini XIX əsrin sonu — XX əsrin əvvəllərinin görkəmli heykəltəraşı hesab edirlər.

O, təhsilinə Paris Gözəl Sənətlər Akademiyasında başlayıb, 1864-cü ildən daşla işləyib və artıq 1871-ci ildə Brüsselin fond birjasında dekorativ fiqurlar düzəltməsi üçün sifariş alıb. Eyni zamanda Rodin hələ Mikelancelo və Donatellonun plastikasının təsiri altında idi, eləcə də qotik heykəltəraşlıq tərzinə meyl edirdi. O bu tərzdə olan «Burnu sınmış insan» əsərini 1864-cü ildə yaratmışdı.

Rodinin ilk işləri cəmiyyət üçün o qədər qeyri-adi idi ki, ilk öncə onu qəbul edə bilmirdilər. Heykəltaraşı məşhurlaşdıran onun «Düşünən adam» heykəli oldu. Bu heykəlin qəhrəmanı “Bibi” ləqəbli sadə bir insandır. O, “Həvva", «Adəm», «Qüsurlu oğul», "Əzab" heykəllərinin də müəllifidir.

1875-ci ildə Rodin nəinki antik və İntibah dövrünə aid muzey heykəllərinin surətlərini yaratmağı, hətta onların nümunələrini yerindəcə — İtaliyada öyrənmək imkanı əldə edir. Rodin səyahətlərdən əldə etdiyi təəssüratlar əsasında 1877-ci ildə «Tunc dövrü» obrazını yaratmışdır. Heykəl o qədər canlı, dəqiq və dinamik idi ki, çoxları elə düşünürdü ki, Rodin onu birbaşa orijinala baxıb yaradıb. Rodinin bu heykəli 1884-cü ildə Londonda təqdim olunduqdan sonra məşhurlaşdı.

Rodinin ilk ciddi əsəri incəsənətdə sonradan impressionizm adlandırılan yeni bir istiqamətin meydana gəlməsini müəyyən etdi. Rodin heykəltəraşlıq sahəsində impressionistlərin rəssamlıq sahəsində etdiklərini edə bilmişdi. O, materialı xüsusi tərzdə işləməklə hava boşluğu hissini, həmçinin heykəlin forması və ətraf aləm arasındakı incə təmasını ötürmək vasitələri tapmışdı.

Vətəndaş müharibəsi hadisələrini və Paris Kommunasının məğlubiyyətini yaşadıqdan sonra Rodin özündə həm əzabı, həm də oyanışı əks etdirən «Məğlub» (digər adı- «Yaralı əsgər») heykəlini yaradır.



1880-ci ildən həyatının sonuna kimi Rodin dünyanı simvolik olaraq insan arzuları ilə bürüyən nəhəng kompozisiyalar üzərində işləyib. Obrazlarını yaradarkən Rodin Dantenin əsl adı «Cəhənnəm qapıları» olan "İlahi Komediası«ndan ilhamlanırdı. 

O adətən öz heykəlləri üzərində uzun müddət işləyər, onlar üçün bir çox eskizlər, təsvirlər edər və yalnız bundan sonra heykəli işləməyə başlayardı. Rodin ilk növbədə canlılığı hiss etməyi və daha sonra onu təbiətə ötürməyin lazım olduğunu düşünürdü.

Rodinin yaradıcılığında əsas yeri tədricən portretlər tutmağa başlayır. Portretlərin hər birində tək bir əsas sima modelini təsvir edir. Rodinin portret qalereyasının zirvəsi Balzak heykəli olur. Əsər 1897-ci ildə tamamlanıb.

Rodinin yaradıcılığı XX əsrin heykəltəraşlığa istiqamətlənmiş sənətkarlarına təsviri axtarışlarda böyük stimul verirdi — onun emalatxanasının qapıları hər zaman tələbələrə açıq idi. Onlar arasında məşhur fransız heykəltəraşları E.A.Burdel, A.Mayol, Ş.Despo və rus heykəltəraşı A.S.Qolubkina olub. 



portal.azertag.az
 

0 şərh