Lətif Hüseyn oğlu Kərimov (1906—1991)

\Lətif Kərimov 1906-cı ildə Azərbaycanın Qarabağ mahalının Şuşa şəhərində anadan olmuşdur. Onların nəsli – bütün «Allahverənlər» tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olmuşdur.
1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçmüşdür. Xalça sənətinə məhəbbəti Lətifi burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib çıxarmışdır. Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənmişdir.
Şuşa şəhərində «Qarabağxalça» artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənirdi.Lətif Kərimovun Leyli və Məcnun xalçası
O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi «Azərbaycanxalça» birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərmişdir.
İlk dəfə olaraq Bakıda və Qubada (1932-1936) xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olmuşdur. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərmişdir.
1930-1940-cı illər Lətif Kərimovun yaradıcılığında xüsusi yer tutur. Bu illərdə yaratdığı bədii təptibatlarda və başqa sahələrdə Şərqin bədii sənət xəzinəsindən ilham almış ustad əlinin izlərini görürük.
Lətif Kərimovun xalçaları həmin illərdən başlayaraq artıq Azərbaycandan uzaqlarda da böyük rəğbət və maraqla qarşılanır. Onun Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalçası 1934-cü ildə Parisdə Ümumdünya sərgisində uğurla nümayiş etdirilmişdir. O, min illərdən başlayaraq Azərbaycan xalçaçılarının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplanmış və beləliklə Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığıb, onların rəngli reproduksiyasını hazırlamışdır.
Onun 1937-1939-cu illərdə Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan Respublikasının pavilyonuna verdiyi bədii tərtibat, binanın Milli memarlıq forması ilə möhkəm vəhdət təşkil edirdi.
Lətif Kərimov tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940-1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlamışdır. Bu xalçalarda şairin «Xəmsə»sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilmişdir.
Keçən əsrin 40-cı illərində Lətif Kərimov Azərbaycan Radiosunda fars diktoru vəzifəsində çalışıb. 1946-cı ildə Aydın Qaradağlının səsini bəyənib radionun sədri Şəmsəddin Abbasova təqdim edərək görkəmli sənətkarın yaradıcılıq yoluna yaşıl işıq yandırmışdır. Elmi-yaradıcılıq fəaliyyətinə Azərbaycan SSRİ EA-nın Memarlıq və İncəsənət institutunda başlayan Lətif Kərimov 1945-ci ildə ayrıca xalça şöbəsinin açılmasına nail olmuşdur. Onun «Azərbaycan xalçalarında ornament» kitabı xalçalarımızdakı naxışların, ornamentlərin öyrənilməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Böyük elmi əhəmiyyəti olan bu əsərə görə 1950-ci ildə Lətif Kərimova Leninqrad şəhərində sənətşünaslıq namizədi-alimlik dərəcəsi verilmişdir. Onun monumental tədqiqat işlərindən biri də çoxcildli «Azərbaycan xalçası» monoqrafiyasıdır. Birinci cildi 1961-ci ildə dərc edilən monoqrafiya qırx ilə yaxın aparılan elmi işlərin bəhrəsidir.
Lətif Kərimovun təşəbbüsü ilə 1972-ci ildə Bakıda xalça muzeyi təşkil olunmuşdur.

Lətif Kərimovun bir sənətkar və alim kimi əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1949-cu ildə İ.Stalinin anadan olmasının 70-illiyinə töhfə olunan nəhəng və nəfis xalçanı toxuyan kollektivə bacarıqla rəhbərlik etdiyinə görə öz həmkarları ilə birgə Stalin mükafatı laureatı adına layiq görülmüşdür. Xalqlar Dostluğu Ordeni ilə təltif olunmuşdur.

Müəllif: Karabakhmedia.az
 

0 şərh