İmpressionizm: Təəssüratların poeziyası

XIX əsrin ortalarınadək rəssamlar emalatxanalarda, studiyalarda insan, mənzərə və ya tarixi hadisələr mövzusunda əsərlər yaradırdılar. Sonralar rəssamlar rəngkarlıqda yaradıcılıq zamanı yeni yanaşma və metodlardan istifadə etməyə başladılar. Artıq onları akademizmin1 məqsəd və vasitələri qane etmirdi. İncəsənət tarixində ilk dəfə bir qrup gənc rəssam əsərlərini emalatxanada deyil, açıq havada yaratmağı özləri üçün qaydaya çevirdi. Onlar dəyişən mühitdə işıq və rəng keçidinin bütün məqamlarını dəqiqliklə təsvir etdilər. Parisdə keçirilən sərgidən sonra bu rəssamları impressionistlər adlandırdılar. Bu söz onların yaratdığı əsərlərə çox uyğun gəlirdi, çünki rəssamlar bilavasitə gördüklərindən aldıqları təəssüratları təsvir edirdilər. Təəssürat. Doğan günəş(Marmottan-Mone muzeyi, Paris. 1872)
“İmpressionizm” termini ilk dəfə tənqidçilərdən biri tərəfindən Klod Monenin mənzərə əsəri olan “Təəssürat. Doğan günəş” haqqında yazısında istifadə edilmişdir. Bu yazıdakı “İmpressionistlər” (“Təəssüratçılar”) ləqəbini gənc rəssamlar öz qruplarının adı kimi qəbul etdilər.
İmpressionistlər əsərlərində ətraf aləmin təsvirinə yeni tərzdə yanaşırdılar. Onların əsərlərində insan fiqurları və əşyaların əhatə olunduğu işıq və hava mühiti çox böyük əhəmiyyət kəsb edirdi. Bu əsərlərdə külək və yağışdan sonra nəm, günəşin hərəkəti hopan torpaq hiss olunurdu. İmpressionistlər təbiətin heyrətamiz rəng zənginliyini görməyə və göstərməyə çalışırdılar.
İmpressionizm akademik rəngkarlıqdan fərqlənir, ilk növbədə, ona görə ki konturdan imtina edən impressionistlər onun əvəzinə kiçikölçülü, kontrast rəngli yaxmalardan istifadə edirdilər. Beləliklə, boyaları palitrada qarışdırmadan, onları kətan üzərinə düzgün yaxmaqla lazımi rəngi almaq mümkün oldu. Bu, sonralar onların qara rəngdən tamamilə imtina etməsinə səbəb oldu.
Klod Mone. “Xanım Sent-Adress bağında”. Dövlət Ermitajı, Sankt-Peterburq 1886Zaman keçdikcə impressionistlər əsər üzərində bütün işləri emalatxanada cəmləşdirməkdən tamamilə imtina edir və plenerə2 üstünlük verirlər. Plener sayəsində boyalar tübiklərdə — kiçik borucuqlarda istehsal olunmağa başladı. Ağzı bağlı qablarda qaldığından boyalar qurumurdu. O vaxta qədər isə rəssamlar boyaları öz emalatxanalarında hazırlamalı olurdular.İntibah (Renessans) dövrünün əsərlərində olduğu kimi, impressionizm üslubunda olan əsərlər də perspektivin qaydaları və qavrama bacarıqları üzərində qurulurdu. İmpressionistlər üçün rəsmdə nə təsvir olunması o qədər də əhəmiyyətli deyildi, lakin necə təsvir olunması çox vacib idi. İmpressionistlər əsərlərində həyatı yalnız müsbət tərəflərdən təqdim edirdilər, aclıq, xəstəlik, ölüm kimi sosial problemlərə toxunmurdular. Rəssamlar tez-tez insanları istirahət və ya əyləncə zamanı hərəkətdə, müəyyən bir yerin görüntüsündə, müəyyən işıqda çəkirdilər. Onların əsərlərinin başlıca motivlərindən biri də təbiət idi.
İmpressionizm üslubunun meydana gəlməsinə təkan verən əsas səbəblər o dövrdə çox mühüm elmi kəşflərdən sayılan fotoşəklin ixtira edilməsi, “rəng dairəsi” nəzəriyyəsinin meydana çıxması və boya tübiklərinin icadı idi.
Klod Mone, Eduard Mane, Edqar Deqa, Kamil Pisarro, Qustav Kaybot, Pol Sezan, Ogüst Renuar, Alfred Sisley və başqaları impressionizm cərəyanının ən məşhur rəssamlarından sayılırlar.
İmpressionistlərin yaradıcılıq yolu elə də asan olmamışdır. Əvvəlcə onları qəbul etmirdilər, çünki rəngkarlıq əsərləri çox cəsarətli və qeyri-adi görünürdü. Amma onlar geri çəkilmədilər, nə yoxsulluq, nə də aclıq onları öz yollarından imtina etməyə məcbur edə bildi.
İmpressionizm — XIX əsrdə Fransada mövcud olan ən böyük bədii hərəkat idi. İmpressionizm müasirlərinin yaddaşında inqilab edərək, yeni üfüqlər açdı, incəsənətin inkişafına, yeni konsepsiya, cərəyan və formaların yaranmasına təkan verdi.

Müəllif: Kəmalə Cəfərzadə, Məhsəti Məmmədova
Mənbə: Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Təsviri İncəsənət fənni üzrə DƏRSLİK 

0 şərh