Abstrakt sənətdə axtarışlar | Vasili Kandinski

İnsanlar hələ qədim zamanlardan ətraf aləmin gözəlliyini və möhtəşəmliyini təsvir etməyə cəhd göstəriblər. incəsənətdə hər bir cərəyan bu və ya digər dövrlərdə yaşayan insanların dünyanın dərk edilməsi ilə bağlı müəyyən məqsədlərə çatmasına səy göstərir.
Lakin rəngkarlıqda və heykəltəraşlıqda elə üslublar var ki, onlar konkret obrazı deyil, təsvir edilənləri formasız çatdırmağa səy göstərir. Belə incəsənətin məqsədi — təxəyyülü inkişaf etdirməkdir. Belə yaradıcılıq nümunələrini izləyən hər kəs özü üçün orada başa düşüləni tapır.
1910-1913-cü illərdə eyni vaxtda Avropanın bir neçə ölkəsində mücərrəd, formasız incəsənət — abstraksionizm1 yarandı. O həmin dövrədək təsviri sənətdə tətbiq olunan görünməmiş sınaq və təcrübələr nəticəsində meydana gəldi. Bir sıra rəssamlar ilham almaq üçün gerçək həyatda heç bir səbəb tapa bilmirdi, real əşyalar onları daha maraqlandırmırdı.Vasili Kandinski Kəsişən xəttHər hansı bir modelin bütün incəliklərini rəssamdan daha yaxşı çatdırmağa qabil olan foto sənətinin coşqun inkişafının bu meyildə rolu az olmadı. Beləliklə, fırça ustaları fotoşəklin məharətlə öhdəsindən gəldiyi bir sıra vəzifələrdən azad oldular. Abstraksionizm kubizmin əsasında yarandığından onun məntiqi davamı sayılırdı. Kubizm yaradıcı prosesi əşyavi aləmdən mücərrədliyə doğru apardı. Mücərrəd incəsənət dünyanın, həyatın və insan şüurunun sirlərini aşkara çıxarırdı. Abstrakt üslubda fəaliyyət göstərən rəssamlar öz kompozisiyalarını formal elementlərin — xətt, rəng parçası, formanın yayınan xarici görünüşü əsasında qururdular.Pikasso kubizm prinsiplərini təkmilləşdirərək, zəif də olsa, təsvirlə gerçək obyektlər arasındakı əlaqəni saxlamış, tam mücərrədliyə gedib çatmamışdır. Pikassonun yeniliklərini digər rəssamlar başa çatdırdılar. Rəngkarlığın dili rus rəssamı və qrafiki, abstrakt sənətin banisi və nəzəriyyəçilərindən biri olan Vasili Kandinskinin əsərlərində tədricən mücərrədləşir, obrazlılığını və formasını itirir.
Kandinski bir çox tabloların yaradıcısı, rəssamlıq barədə bir neçə kitabın müəllifi və tədqiqatçı-etnoqrafdır. Bir zamanlar Mikelancelo heykəltəraşlığa münasibəti dəyişdiyi kimi, Kandinski də rəngkarlıq barədə təsəvvürləri alt-üst etdi. Kandinski abstrakt sənətə impressionizmdən keçərək gəlmiş, onun ilk əsərləri bu üslubda çəkilmişdir. 1910-cu ildən başlayaraq Kandinski, əsasən, sırf abstrakt tablolar çəkirdi. Kandinskinin sözlərinə görə, onun bütün abstrakt əsərləri üç qrupa bölünür: impressiya, improvizə və kompozisiyalar.
Əgər impressiya xarici aləmin təəssüratı kimi yaranırsa, improvizə isə, əksinə, şüurdan asılı olmayaraq daxili təəssüratı ifadə edir. Nəhayət, kompozisiya — abstrakt rəngkarlığın ali və ən ardıcıl formasıdır. Burada gerçəkliklə birbaşa heç bir əlaqə yoxdur, onların yaradılmasında şüur iştirak edir. Vasili Kandinski üçün kompozisiya bir anlayış olaraq istənilən yaradıcı fəaliyyətin təməlidir. Rəng parçaları və xətlər hərəkət qüvvəsinin cəlbedici ruhunu yaradır. Kandinski bir çox kompozisiyalarına ad vermir, sadəcə nömrələyirdi (on belə əsərdən yeddisi bu günədək qorunub saxlanılmışdır).

Müəllif: Kəmalə Cəfərzadə
Mənbə: Təsviri İncəsənət — 9 Ümumtəhsil məktəblərinin 9- cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə DƏRSLİK

0 şərh