Fərhad Xəlilov

Azərbaycan milli incəsənətinin müasir rəngkarlıq istiqamətində xüsusi yer tutan rəssamlarımızdan biri də Fərhad Xəlilovdur. Öz fərqli qavrama tərzi, dünyaya özünəməxsus baxışı, fərdi ifadə üslubu onu başqalarından fərqləndirir. Rəssamın əsərləri yaşadığı mühit çərçivəsində, eləcə də Qafqaz regionunda unikal hesab edilir.
Fərhad Xəlilov çoxillik axtarışlarının nəticəsi olaraq özünəməxsus bədii üslubunu yaratmışdır. Onun yaratdığı üslub — şərti-fəlsəfi bədii formalar üslubudur. Rəssam daha cəsarətli və kəskin ümumiləşdirmə yolu ilə gedir: onun əsərlərində dağ elə dağdır, tikililər isə — onlardan doğan təəssürat, obrazdır. Rəssam əşyanın zahiri formasını hansısa güclü, gərgin hiss ilə əlaqələndirməyi bacarıb. Onun sənətində olan simvolika düşündürücü forma üslublarında öz əksini tapmışdır.
Rəssama doğma olan Abşeronun və Azərbaycanın müxtəlif yerlərinin mənzərələridir. Fərhad Xəlilovun yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Abşeron yarımadasının yaşayış məntəqələri — Nardaran, Buzovna, Zuğulba, Maştağa, MərdəkanFərhad Xəlilov Goradildə əsərivə başqaları buna misal ola bilər.
Fərhad Xəlilovun Abşerona həsr olunmuş əsərlərində həyat eşqi ilə dolu, rəng və məkanın, ritm və hərəkətin müasir ümumiləşdirilmiş yozumunu görmək mümkündür. Onun seçdiyi rənglər dolğun, tutumlu, lakonik biçimdədir. Təsvir daha çox frontal olmaqla dərinliyə doğru açılır. Rəssam əsərlərində süni detallardan qaçaraq inandırıcı dolğunluqla obrazın səciyyəsini açır.
F.Xəlilovun yaradıcılığında rəngin mühüm rolu var: dəniz yaşıl, səma göy, yetişmiş nar qırmızı və qonur rəngdədir. Rəssam çalışır ki, rəng naturanı təkrarlamasın, əksinə, psixoloji, dərin, bədii anlam kəsb etsin. Bu, rəssamın qəlbindən keçən obrazın rəngi, təbii boyalardır. Əsərlərinin ölçüsünün böyük olması isə onun Abşeronun çoxcəhətli obrazlı panoramını yaratmağa səy göstərməsinin nəticəsidir. Rəssam sevdiyi mənzərədə əbədiliyi, daimiliyi, sabitliyi axtarır və tapır.
O, milli və dünya incəsənəti ənənələrini dərindən dərk edib. Azərbaycanda və dünyanın müxtəlif guşələrinə səyahət zamanı görüb öyrəndiyi və sevdiyi hər şeyi kətan üzərində əks etdirməyi bacarıb. Fərhad Xəlilov öz dəstxətini, öz üslubunu, öz tərzini tapmış sənətkarlardandır.
Fərhad Xəlilovun yetkin yaradıcılığı — 1970-ci illərdən başlayaraq hazırkı vaxtadək rəngkarlıq prinsiplərini özündə əks etdirən inkişafıdır. Lakin şərti olaraq onu iki mərhələyə ayırmaq olar.
Birinci mərhələ — doğma landşaftla bağlı, lakin Avropa avanqardının müəyyən ənənəsinin təsiri hiss olunan rəngkarlıq nümunələrinin yarandığı dövrdür.
İkincisi isə rəssamın öz əvvəlki dünyaduyumuna tapınaraq mütərəqqi ifadə vasitələrinə tam keçid mərhələsidir.
Fərhad Xəlilovun yaradıcılığının təməli — onun sabiq sovet incəsənətinə öz mənzərələri ilə daxil olmasıdır. Dəniz, torpaq, səma rəssamın tablolarında yüksək əhəmiyyət kəsb edir. Təbiət onun əsərlərində rəssamın qeyri-adi poetik hissi ilə vəcdə gəlir, adi həyatın mənasını aça bilmədiyi sirləri özündə qoruyur.
Fərhad Xəlilov son onillikdəki öz abstrakt əsərləri ilə təkcə müasir incəsənətin dünya cərəyanına tam daxil olmur, o həm də öz yaradıcılığının özünəməxsusluğunu nümayiş etdirməkdə davam edir.


Müəllif: Kəmalə Cəfərzadə
Mənbə: Təsviri İncəsənət — 9 Ümumtəhsil məktəblərinin 9- cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə DƏRSLİK

0 şərh