Rəsm əsərindən fotoşəklə qədər

Uzun yüzilliklər ərzində rəssamlar onları əhatə edən gerçəkliyi daha dəqiq təsvir etmək üzərində çalışıblar. Onlar təsviri uzun və üzücü zəhmət tələb etmədən gerçəkləşdirmək üsulunu tapmağa səy göstərirdilər.
Rəssamlar onların ətrafında baş verən hər anı saxlamağın üsullarını axtarırdılar. İncəsənə- tin tamamilə yeni istiqaməti olan fotoqrafiyanın1 kəşfi olub-keçənləri əbədiləşdirməyi mümkünləşdirdi. “Fotoqrafiya” anlayışı “işığın köməyi ilə rəsm” deməkdir, çünki əvvəlcə o, rəsmə kömək etmək üçün icad edilmişdi.
Fotoqrafiyanın tarixini öyrənərkən onun rəngkarlıq əsərlərinə oxşarlığından öz ifadə dilinin axtarışına doğru meyilləndiyini görmək olar.
Həyatdakı konkret hadisələrin onların görünən əşyaların timsalında canlandırılmasına əsaslanan yaradıcılıq növləri təsviri sənət adlanır. Bu növlər qrupuna heykəltəraşlıq, rəngkarlıq və qrafika aiddir. Fotoqrafiya təsviri sənətin daxilində inkişaf edirdi. Bizim günlərdə bədii fotoqrafiyanı da bu növlər qrupuna daxil etmək məqbul sayılır.
Həm rəngkarlıq, həm də fotoqrafiya obraz və vizual rəmzlər yaratmalı olan vizual incəsənətin formalarıdır. Vizual incəsənətin bütün məlum formaları arasında fotoqrafiyanın rəngkarlığa təsiri hamısından güclü olub. Yalnız çox az rəssam bu təsirdən uzaqlaşa bilib.
Görünən oxşarlıq, obraza bənzətmə və gerçəklik — bu incəsənət növlərinin xarakterik cəhətidir. Bədii fotoqrafiya sənədli təmələ — konkret hadisənin şəklinə əsaslanır. Fotoqrafiyanın sayəsində tarixin təşəkkül və inkişaf yolunu izləmək olar.
Müasir fotosərgi
Fotoqrafiyanın rəngkarlığa təsiri XIX əsrin ikinci yarısında hiss edilməyə başladı. Rəssamların əksəriyyəti təsvirin kətanda əksini almaq üçün obskura2 kamerasından istifadə edirdi.
Leonardo da Vinçi, Velaskes, Karavacco və bir çox başqa rəssamlar öz əsərləri üzərində çalışarkən linzalardan, güzgülərdən, həmçinin bir çox başqa optik cihazlardan istifadə etmişdilər.
Fotoqrafiya yalnız təsviri sənət üçün deyil, bütün təsviri mədəniyyətdə həyati əhəmiyyət daşıyan ünsürə çevrildi. 1859-cu ildə Parisdə ənənəvi incəsənət sərgisində yeni incəsənət növü kimi fotoqrafiyaya ilk dəfə yer ayrıldı. Artıq 1863-cü ildə Fransa fotoqrafiyanı rəsmi olaraq yeni incəsənət forması kimi tanıdı.
Fotoaparat - karandaş və ya fırça kimi bir vasitədir. Heç bir foto insanın iştirakı olmadan çəkilə bilməz. insanın çəkiliş prosesində iştirakı nə qədər çox yaradıcı xarakter daşıyırsa, fotoşəkil də incəsənətə bir o qədər çox yaxın olur.
Rəngkarlıqla fotoqrafiya arasında oxşarlıq kifayət qədər çoxdur. Hər şeydən əvvəl, rəngkarlıq və fotoqrafiya konkret məqamı qeydə almağı və onu düzgün çatdırmağı bacarır. Rəsmdə olduğu kimi, fotoşəkildə də əsas rol onun fikrini ifadə edə bilən yaradıcısına məxsusdur.
İmpressionistlərin incəsənət aləminə necə güclü təsir etdikləri hamımıza məlumdur. Belə hesab edilir ki, impressionizm öz məşhurluğuna görə daha çox məhz fotoqrafiyaya borcludur.
Adətən, rəssamlar təbiətdə etdikləri qaralama cızgilərdən istifadə edərək studiyada çalışırdılar. İmpressionistlər isə bunun əksini edir, kətanı, boyaları götürüb təbiətin qoynuna çıxır və həmin məqamda gördüklərini naturadan birbaşa kətana köçürürdülər. Onlar işığın təsiri ilə baş verən incə dəyişiklikləri qeydə alaraq ötəri işıq effektini tutmağa cəhd göstərirdilər.
Fotoqrafiya - müasir incəsənətin yaranmasına gətirib çıxaran yeni təsvir üsuludur. Fotoqrafiya impressionizm, simvolizm, abstraksionizm, kubizm, sürrealizm, konstruktivizm və digər istiqamətlər kimi dövrün qrafika və rəngkarlığı ilə yaxınlaşmağa cəhd edirdi. Zaman keçdikcə belə bir effektə nail olmaqdan ötrü fotoqraflar xüsusi çəkiliş və çap texnikasından istifadə edirdilər.
Abstrakt fotoqrafiya çəkilən təsvirin hökmən tanınmalı olduğunu rədd edir. Abstrakt incəsənət bir cərəyan kimi rəngkarlıqdan fotoqrafiyayadək, demək olar ki, bütün təsviri sənət növlərini əhatə etmişdi.
Sürrealist üslubda olan fotoqrafiya sanki sürrealist rəngkarlıqdır: obyektlərin qəribə yığını ilə doludur. Müəlliflər belə işlərdə reallıqdan üz döndərir, fantaziya və yuxugörmələrə müraciət edərək onlardan götürdükləri rəmzləri bədii obrazlara köçürürlər.
Portretin fotoçəkilişi fotoqrafiyanın yaranması ilə eyni vaxtda meydana gəlib. Foto sənətinin rəngkarlıq və qrafikanın birbaşa təsiri altında təşəkkülü məhz portret janrında baş verir.
İstənilən yerdə insanın fotoşəklini çəkmək olar: studiyada, parkda… Lakin hər fotoşəkli portret hesab etmək olmaz. Məhz bir nəfərə və ya bir qrup insana daha çox diqqət yetirildiyi foto portret fotoşəkli hesab edilir. Çox zaman arxa fon sadə və birrəngli edilir ki, tamaşaçının diqqəti portretdən yayınmasın. Belə bir şəkli fərəh hissi ilə çap edib fotoalbomda yerləşdirmək, yaxud çərçivəyə salmaq olar.
Yaradıcı və peşəkar fotoqrafın əlində ötəri kadr şedevrə çevrilir. Alışdığımız adi həyatda istənilən anı qaçırmamaq üçün uşaq müşahidəçiliyini və tədqiqatçı marağını, psixoloq səbrini və filosofun xəyal düşüncəsini qovuşdurmaq lazımdır.
Yaxşı fotoşəkil fotoqrafın dərin hisləri ilə birgə, gerçəkliyin əlçatmaz və əvəzolunmaz məqamlarını əks etdirir. Belə kadr xeyli hiss, düşüncə və emosiya doğurur. Yaxşı fotoşəkil — açılmasına dəfələrlə cəhd göstərilən kitabdır.
Fotoqrafiya hələ intibah dövründə rəngkarlığın ən mühüm vəzifələrindən sayılan faktın təsvirini təsbit etməkdən xilas etdi. Demək olar ki, fotoqrafiya bununla rəngkarlığın inkişafına köməklik göstərdi, onun təkrarsız xüsusiyyətlərinin tam aşkarlanmasına təkan verdi. Lakin fotoqrafiya özü də təsviri sənətin çoxəsrlik inkişafından çox şey mənimsədi. Rakurs və perspektivin qurulması, tamaşaçının fotoşəkli həcmli məkanın səth üzərində təsviri kimi “oxumaq” bacarığı — bütün bunlar fotoqrafiyaya rəngkarlıqdan miras qalmış mədəni irsdir.
Müasir dövrdə foto sənəti cəmiyyətin bədii mədəniyyətinin tərkib hissəsi sayılır. O, dünyanın estetik öyrənilmə vasitəsi olmaqla yanaşı, həm də cəmiyyətin mənəvi və ictimai həyatında nəzərəçarpacaq rol oynayır.


Müəllif:Kəmalə Cəfərzadə
Mənbə: Təsviri İncəsənət 9 Ümumtəhsil məktəblərinin 9 cu sinfi üçün Təsviri İncəsənət fənni üzrə Dərslik

0 şərh