Əbdürrəhmanov Fuad Həsən oğlu

Fuad Əbdürrəhmanov 1915-ci il may ayının 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929–1932) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1935-1939) təhsil almışdır.1942–1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir.
Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin «Atıcı» (1934), «Gənc aşıq» (1939) və ilk monumental əsəri olan M. Füzulinin heykəlini (1939, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ.Məmmədovun, Q. Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H. Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.
Rəssam Əbdürrəhmanov Fuadın İskəndərin Nüşabə ilə görüşü (İskəndərnamə)  əsəri
 
O, həm də mahir portret ustası kimi tanınmışdır. Səttar Bəhlulzadə (1947), R. Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B. Bağırova (1951), Səməd Vurğun (1957), Kubalı Xesus (1962) və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir.
Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltəraşlıq mühüm yer tutmuşdur. Nizami Gəncəvinin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S. Dadaşov və M. Hüseynov), Bakıda S. Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M. Hüseynov) və s. əsərləri Azərbaycan monumental heykəltəraşlığının ən yaxşı nümunələrindəndir. 1950–1960-cı illərdə yaratdığı "Çoban" (gips, 1950, Azərbaycan İncəsənət Muzeyi; tunc, 1951, Tretyakov qalereyası, Moskva), «Azərbaycanlı qadın» (gips, 1951), «Azadlıq» (tunc, 1957; hər ikisi Azərbaycan İncəsənət Muzeyi), «Azad qadın» (tunc, qranit, 1960, memar M. Hüseynov) və s. əsərlərində milli xüsüsiyyətlər zəngindir.
Geniş yaradıcılıq diapazonuna malik olan Fuad Əbdürrəhmanov elm və mədəniyyət xadimlərinin, həmçinin müharibə və əmək qəhrəmanlarının surətlərini canlandıran heykəl qalereyası yaratmışdır.
Monqolıstanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X. Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S. Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rüdəkinin (tunc, qranit, 1964, memar M. Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olmuşdur; memar H. Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olmuşdur; memar M. Hüseynov) yaratmışdır.


Mənbə: azteatr.musigi-dunya.az

0 şərh