Bədurə Əfqanlı

Bədurə Əfqanlı 1912-ci il oktyabrın 25-də Bakı şəhərində anadan olmuşdur. 1931-ci ildə Azərbaycan Rəssamlıq Texnikumunu bitirdikdən sonra əmək fəaliyyətinə teatr tamaşalarına tərtibat verməklə başlamışdır. O, 1934-1935-ci illərdə Aşqabad Dövlət Azərbaycan Musiqili Teatrında fəaliyyətini davam etdirmiş, 1938-ci ildən 1960-cı ilədək Azərbaycan Dövlət Dram Teatrında, 1960-cı ildən sonra isə “Azərbaycanfilm” kinostudiyasında tərtibatçı və geyim üzrə rəssam kimi çalışmışdır. Ölkəmizin ilk teatr rəssamlarından olan Bədurə Əfqanlının Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərlərinə verdiyi səhnə tərtibatı tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanmışdır. Onun fırçasının məhsulu olan hər bir iş Bədurə Əfqanlıtamaşaya qoyulan əsərin müəllifinin nəzərdə tutduğu ideyaları, obrazların daxili aləmini, onların mənəviyyatını tam dolğunluğu ilə açmağa və tamaşaçıya daha geniş çatdırmağa xidmət etmişdir.
Bədurə xanımın uzunmüddətli səmərəli fəaliyyəti sayəsində ölkəmizdə sanballı səhnə rəssamlığı məktəbi təşəkkül tapmışdır. Bu gün Azərbaycan teatrında çalışan tərtibatçı rəssamlar Bədurə Əfqanlının yaradıcılığından bəhrələnir və onu öz müəllimləri hesab edirlər.
Bədurə Əfqanlının quruluşçu rəssam kimi milli kinematoqrafiyamızın inkişafındakı xidmətləri də böyükdür. Rəssamın “Koroğlu”, “Dədə Qorqud”, “Leyli və Məcnun”, “Sevil”, “Dəli Kür” kimi kinofilmlər üçün çəkdiyi geyim eskizləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla nümayiş etdirilən bu kino əsərlərinin bədii dəyərini artıran əsl sənət nümunələridir.
Respublikamızın bir çox rəqs ansamblı və bədii özfəaliyyət kollektivinin geyimləri Bədurə Əfqanlının milli adət-ənənələrimizi, zəngin folklor-etnoqrafik mədəniyyətimizi təcəssüm etdirən eskizləri əsasında yaradılmışdır. Rəssamın əsərləri xalqımızın əsrlər boyu yaratdığı mədəni dəyərlərə dərin ehtiramın ifadəsi, gənc nəslə milli ideallara, tarixi keçmişə sədaqət və vətənpərvərlik ruhunu aşılamaq nümunəsidir.
Müasir Azərbaycan təsviri sənəti tarixində öz dəst-xətti ilə seçilən ilk Azərbaycan qadın teatr rəssamı Bədurə xanımın eskizləri və rəngkarlıq əsərləri ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda uğurla nümayiş etdirilmişdir. Bədurə xanım Əfqanlının yaradıcılığı müxtəlif illərdə yüksək mükafatlara layiq görülmüş, o, bir sıra orden və medallarla təltif edilmişdir.
Görkəmli rəssam, qayğıkeş insan Bədurə Əfqanlının işıqlı xatirəsi sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

0 şərh