Pol Sezann

İndi ən məşhur hərrac evləri Sezannın heç olmasa bircə akvarelini satışa çıxarmağı arzulayır. Ən bahalı rəssamların sırasında Pikasso, Klod Mone, Van Qoqdan sonra o, dördüncüdür. Onun 1999-cu ildə 60,5 milyon dollara satılmış «Pərdə, dolça və meyvə ilə boşqab» natürmortu 20 il ərzində satılmış ən bahalı 500 əsərlərin sırasında 6-cı yerdə dayanır. Amma cəmi 100 il əvvəl Sezann əsərini  40 franka satanda çox sevinirdi. O vaxtın qiymətlərinə görə Parisdə ev kirayəsi 20 frank idi, 10 franka rəssam kətan və rəngləri ala bilərdi. Kənardan baxanda Sezannın həyatı son dərəcə sadə və sakit görünür. O Qoqen kimi Taitiyə qaçmır, Van Qoq kimi özünə qəsd eləmir, Tulus Lotrek kimi içki badəsində «batmır».
«Eksdən olan zahid»
Müasirləri onu «Eksdən olan zahid» adlandırardı. O, Eksdə doğulub, yaşayıb, işləyib, vəfat eləyib və basdırılıb. Onun Parisdəki həyatı bir neçə ay, ya da bir neçə il olsa da Eksdəki rahat həyatında puazalar sayıla bilər. Xaricə isə cəmi bir dəfə gedib. O da kı, bütün rəssamların «Məkkə»si sayılan İtaliyaya yox, İçveçrəyə.
Botreyi küçəsindəki evində o, dəhşətə gətirəcək səliqəsizlik içində yaşayırdı. Əlüzyuyan, divan, köhnə qırıq şkaf, içi batmış həsir oturacaqlı stullar, qarşısında il ərzində yığılmış kül qalağı olan soba – rəssamın var-yoxu elə bundan ibarətdir. Sezann emalatxanada süpürməyi qadağan eləyib, çünki hələ qurumamış rəsmlərin üstünə toz qonub yapışa bilər. Hər yer fırcalar, rəng tübikləri, çirkli boşqablar və içinə vermeşilin artığı yapışmış qazanlarla doludur. Eksizlər tavandan tutmuş döşəməyəcən sel kimi topalaşaraq yerdə arabir kətan lovhələrlə birgə rəsm uçqunu əmələ gətirir. Yazıq naturaçılar! Bu kobud, adamayovuşmazdan nələr çəkməli olurlar? O guya ki, onlara heç gözünün ucuyla da baxmır, amma onlar soyunan kimi gözləri dumanlanır və başı gicəllənirdi. Bəzən özündə olmayaraq qadını yarıçılpaq vəziyyətlə hazırlanmış oturacağa tullayır, içində yanan alovdan qovrularaq molbertin qarşısına keçib bu dəfə qadını kətan üzərində «uzadırdı». Qəzəbli, az qala hallisunasiyalı, özündən çıxmış vəziyyətdə o, gah rəssamlığı «it peşəsi» adlandırır, cah da sonsuz sevincdən sərxoş halda «Mən yazanda elə bilirəm ki, öz-özümü qıdıqlayıram» deyirdi.
Qaradinməz, qaraqabaq və adamayovuşmaz
Sezannın əcdadları kəndli olub, babası şəhərə gələrək dərziliyi öyrənib. Atası Lui-Oqüst şlyapa alveriylə məşğul olurdu. Eksdə Mirabo küçəsində 55 saylı evin qarşısında «Şlayapa emalatxanası» dövhəsi indi də durur. Ətrafdakıların kin-ədavətinə məhəl qoymadan sakit, aramlı həyat tərzi sürən burjuanın sələmçilikdən başqa bir günahı da vardı. Anna Yelizabet ona Pol adlı oğlunu nigahdan kənar doğmuşdu. Atası oğlunu həmən qəbul edib öz adını versə də rəsmi nigaha girəndə uşağın artıq 5 yaşı vardı. Bu yerində Freyd nəticələr çıxarardı, çünki Pol Sezann da oz oğluna doğulanda adını versə də rəsmi nigaha girəndə yanlarında 14 yaşlı yeniyetmə dayanmışdı.
Pol qəribə uşaq idi. Atası kimi tərs, qaraqabaq və dediyini yeridəndi. Bəzən ayaqlarını yerə vurub istədiyini çığırtı ilə tələb eləyir. Amma hamı bilir ki, onun qədər mehriban uşağı tapmaq çətindir. Bacılarını, anasını, hətta qorxduğu atasını da hədsiz sevir. Valideynləri evlənəndə Pol balacaydı, bacısı və özünü qanuni uşaq sayan bu mərasimin mənasını anlamazdı. Mərasimin sonun gözləməyə səbri çatmayan uşaq evə tələsir, çünki təzə uydurduğu oyunun ardını oynamaq fikrindədi. Anası da etiraz eləmir, çünki Pol divarları kömürlə yazanda evdə sakitlik olur. Pol rəsm dərnəyinə gedən kimi anası onun dahi rəssam olacağına artıq əmin idi. Axı uşağın adı Rembrand və Rubensdə olduğu kimi Pol idi. Nədənsə rəsm müəllimi də belə düşünmürdü.
Atası evə gəlib anasının üstünə çığıranda Polun bircə arzusu olur, istəyir ki, hamı onu unutsun. Pol özü yaratdığı məkana qapılanda ona heç kim qalib gələ bilmir. Polun uşaqlığı orta səviyyəli provanslı, təminatlı bankir ailəsində keçib. O, səviyyəli kollecin tələbəsi olub, sonra atasının təkidiylə yerli universitetin hüquq məruzələrini dinləyib. Bioqraflar Sezannın bu dövrünü belə təsvir edir: «O, ətraf mühitin təsirinə o qədər həssasdır ki, müəllimləri onu xaraktersizliyinə görə danlayır. Amma arabir, bəzən çox tez-tez izahedilməz qəzəb tutmalarına düşür. Qəribədir ki, belə səbirsizlik ona səliqəli şagird olmağa mane olmurdu. Nailiyyətlərinə görə qabliyyətinə yox, sitematik məşğul olma bacarığına minnətdar olamalıdır. Necə deyərlər, o, göydə ulduz axtaranlardan deyil». Evdə ağzını açmağa qorxan uşaq üçün kollec içini boşaltmağa gözəl imkan ola bilərdi. Amma dostlarıyla ünsiyyətdə təbiiliyi çatışmır. Kimsə təsadüfən ona toxunarsa diksinib çığırır. Bir dəfə dəhlizdə qaçan uşaqlardan biri təsadüfən yıxılıb Polun ayağına möhkəm dəymişdi. Bu hadisədən sonra o, insanlara etibar eləmədən, ona toxunanda diksinən adam kimi böyüyür.
Tədqiqatçılardan «Sezannda sənətə dönüş nə vaxt əmələ gəlib?» soruşanda onlar çiyinlərini çəkirlər. Onun bioqrafiyasında yeganə bir gün, ya da gözünün açıldığı və rəssam olmadan yaşaya bilməyəcəyini anladığı təkrarsız görüş anı yoxdur. Atası oğlunun rəsm dərslərinə etiraz eləmir, çünki oğlunun rəssam olacağını ağlına da gətirmir. Həm də ki, rəssamlıq və musiqi zəngin uşaqların boş vaxtlarını sərf edəcək layiqli məşğələ sayılırdı. Bir də ki, oğlanın bağlı qapı arxasında şəkil çəkməyi kafelərdə sülənib hər hansı balağın dalıyca sürünməyindən daha yaxşı idi. Lui Oqüst Ja-de-Buffan adlanın malikanəni alanda özüylə çox fəxr eləyirdi. Belə ikimərtəbəli, şabalıd ağacları alleyasıyla əhatə olunmuş malikanədə böyümək hər rəssamın bioqrafiyasını bəzəmir.

Atalar və oğullar
«Sezanna nəyisə sübut eləmək Notrdam kilsəsini kadril oynamağa məcbur eləmək qədər çətindir. O, hər hansı işə razılıq versə də yerindən tərpənməz. Elə bil ki, bərk, möhkəm bir materialdan hazırlanıb deyə onu sındırmaq mümkün deyil.» — bu xasiyyətnaməni Emil Zolya artıq yetkin yaşlarında demişdi. Sezann yolunu seçəndən sonra atasına eyham vurur ki, hüquqşünas və bankir olmaq fikrində deyil. Atası şoka düşsə də bir kəlməylə də oğlunu qınamadı və tarixdə olduğu kimi oğlunu qarğıyıb maddi dəstəkdən məhrum da eləmədi. Amma oğlunun yaradıcılığına olan nifrətini ömrünün sonuna kimi ürəyindən silə bilmədi. Lui Oqüst inana bilmir onun oğlu, varisi, məntiqlə varidatının başında dayanacaq bir adam belə axmaq arzularla yaşaya bilər. Ola bilər ki, bütün axmaq fikirləri onun başına Parisdə kef eləyən Zolya salır. Ədəbi istedadını tam istifadə eləyən Zolya Paris həyatından gözəl məktublar yazırdı və orda çəkdiyi aclıq, xəstəlik, imkansızlığından bir cümlə də demirdi. Heç olmasa Pol rəssamlıq eləyərək paralel hüququ da öyrənsin.  Ata düşünür ki, Pol hər şeyin dadına baxsa yaxşıdı. Ola bilər ki, bir neçə ay aclıq çəkmək hər şeyi daha yaxşı yerbəyer eləyə bilər.
Atasınna ölmündən sonra Sezann deyəcəkdi: «Mənim atam dahidir ki, mənə 20 min renta qoyub gedib». Amma sağlığında ata tez-tez aylıq təzminatı azaltmaq hədələri eləyirdi. Axı əvvəl rəssamın yaradıcılığı ona bir qəpik də xeyir vermirdi. Ona görə də Pol öz naturaçısı ilə evləndiyini, oğlunun doğulduğunu atasından gizləmişdi. Çünki ailəsini atasınınn ayda verdiyi 150-200 franka dolandırırdı. Arvadı Qortenziya və oğlu Pol heç Eksdə yaşamırdı. Sezann valideynlərinə deyəndə ki, Estaka dəniz qırağında rəsm çəkməyə gedir əslində o, arvadı və uşağını görməyə gedirdi. İlk müştərilər, qalereya sahiblərinin marağı, sərgilər hələ çox sonralar, həyatının sonuna yaxın olacaqdı.
Daimi Paris- Eks marşrutu
Parisdə qəbul imtahanlarından kəsilməyi də rəssamın yolunu kəsə bilməzdi. O Parisdə Süisin akademiyasına gedir, çünki bir balaca xərclə burda canlı naturadan çəkmək olardı. Sezann Qerbuanın kafesinə tez-tez gəlir, axı burda rəssamlar yığışırdı. Sezann heç bir xüsusi sənət dərsləri almır və ömrünün sonuna kimi akademik doqmalara baş əyməkdən boyun qaçırır. İmpressionistlərlə müştərək sərgilərdə iştirak eləsə də onların ani təssüratı əbədiləşdirmək istəyini bölüşmür. Onun müasirləri impressionistlər muzeyləri çoxdan unudub molbertlərini açıq havaya çıxarıb həyatın anlarını, təssüratı (impression) tutmağı çalışanda o, günlərlə Luvr sarayında klassik rəssamların işlərini klpyalayır. Az sonra Sezann özünü təbiəti yeni gözlə görmək istəyində tapacaq. Təbiətsə Parisdə yox, Eksdədir. Ona görə də Paris-Eks marşrutu Sezann üçün daimi olacaq.
O bura hər il yayda qayıdır, Bibemyu karyerlərində gəzişir, Sent Viktuar dağını dolaşır: «Mən və mənim tablom eyni şeyik. Mən Kainatın nəfəsini duyuram. Kəskin rəng hissi mənə əziyyət verir. Mən Günəşin şüalarında sanki əriyirəm, motivə çevrilib sonra cücərirəm». Onuncün fərqi yoxdur ki, nəyi çəkir, amma obrazın necə inkişaf edəcəyinin marağındadır. Ona görə də Bibemyu karxanasını 11 dəfə yağlı boya, 18 dəfə akvarellə çəkir. Jade-Buffan malikanəsini 36 tablo və 17 akvareldə görmək olar. Qara malikanəni isə 11 kətan və 2 akvarelə köçürüb. Sent-Viktuar dağı bu mənada əsil reklrdçudur: 44 yağlı boya və 43 akvarel. Sezann təkcə peyzaj ustası deyil, o, insanları da yaxşı duyur və anlayır. Qohumları, dostları və avtoportretlərindən ibarət seriyanı yaxından öyrənməklə rəssamın insanlara münasibətindən çox şey danışmaq olar. Onu psixologiya maraqlandırmır, bu insanlar da təbiətin bir parçası kimi həmin parçadan yonulub.
Həcmli dünyanı hamar kətana köçürmək
Sezannın özünü rəssam kimi yetişdirməsi daşyonanın daş karxanasında işinə daha çox oxşayır. Eksdən bir neçə kilometr aralıda hələ qədim romalıların vaxtından daş çıxarılan yerlər vardı. Əsrlər boyu insanlar yeri «kəsir», qəribə peyzaj yaradaraq zolaqlar əmələ gətirirdilər. İndi həmin yarğanlar ağaclar və quru otla örtülüb. Buralara gələndə anlayırsan ki, Sezann ilhamını nədən alırmış. Bax bura «Qırmızı qayalar» tablosunun yeridir. Aşağıda isə sanki canlanmış peyzaj dayanıb. Elə bil ki, heç 100 il keçməyib. Burda təbiət peyzaja muzeylərin Sezannın əsərlərini qoyuduğundan daha yaxşı saxlayıb…
Artıq ahıl yaşlarında Sezann karxananın içində bir daş ev də kirayələmişdi. Burda o, ləvazimatını saxlayırdı. Hərdən isə gecələyirdi ki, istilik və yorğunluqdan qurtula bilsin. Bu koma indi də qonaq qarşılayır. Bu ev Sezannın öz palistrasını necə düzəltməsini yaxşı sübut eləyən vəsaitdir. Çünki Sezannın müəllimi təbiət özü olub. Rəsm üzərində işldəyərkən o nəinki tənqidi, bütün dünyanı da unuda bilirdi. Günlərlə yemək yeməyi yaddan çıxarırdı. İş alınmasaydı söyə-söyə (müasirləri təsdiqləyir ki, Sezannın ağzı möhkəm söyüşcül idi) yeni işini başlayırdı. Yenə də yeməyi unudar, yalnız acından ayaqları onu saxlamayanda molbertdən aralanardı. Sezannın necə işləməsini müşahidə eləyənlər deyir ki, rəssam uzun müddət molbert qarşısında dayanıb fikrə gedə bilərdi. Sonra bircə rəng yaxması eləyib yenə də fikirlərə baş vurardı.
Emin Zolya və Pol Sezann
Səhərin sükutunu kətanın cırıltı səsi yardı. Pol Sezann qırğı kimi cumub bir göz qırpımında söyə-söyə kətanı cırıq-cırıq elədi. Sonra onu pəncərəyə tərəf tulladı, pəncərədə Emil Zolyanın «Yaradıcılıq» romanı dururdu. Kitabı götürüb onu da kətan kimi cıraraq küncə tulladı. Yüz ilin dostluğundan sonra belə şeyi necə yazmaq olardı? Zolya dostunun yaradıcılığını anlayıb qəbul eləyə bilmirdi. Hətta rəssamın ilk şedevrləri tanınanda da Zolya «İnsanlar bu dahi, amma hələ də yetkinliyə çatmamış rəssamın cizgilərini özləriyçün kəşf elədilər» yazmışdı. Adamayovuşmaz xasiyyəti ucbatından Pol sənətlər və günahlar şəhəri, şirnikləndirici Parisdə özünə yer tapmaqda çətinlik çəkirdi. Ona görə Zolya «Bəlkə də Polun rəssam istadadı çoxdur. Amma onun rəssam olmağa iradəsi və əzmi çatmır. Bir balaca maneə olan kimi əlləri yanına düşür» yazırdı.
Uğursuzluqdan ruhdan düşən Sezann ağrısını işləməkdə ovudan vaxt Zolya akademizmə qarşı məqalələriylə məşhurlaşırdı. O, dostunu sıraya qatmadan impressionizmin tarixi rolunu çox yaxşı anlamışdı. Sezann bu cür münasibətdən incimirdi. Onların dostluğu Zolyanın «Yaradıcılıq» romanından sonra pozulur. Əsərin qəhrəmanı rəssam Klod Lantye Pol Sezannın portreti idi. Zolya «O, heç də vacib rəssam deyil, amma bütün təbiəti bir tabloya yerləşdirmək iddiası olan yaradıcıdır. Heç vecinə deyil ki, bunu eləyərkən ölə də bilər»- yazmışdı. Sezann əsərdə özünü tanıdı və dostunun onun xasiyyətini zəif tərəflərini çılpaq şəkildə araya qoymasından dəhşətli dərəcədə incidi. Uzun illər Zolya ilə dostluq eləmiş impressionistlər də bu romandan sonra özlərini təhqir edilmiş sayaraq yazıçıyla əlaqəni kəsdilər. Zolyaya minnətdarlıq məktubu yazandan sonra onlar bir daha görüşmədi. Amma Zolya vəfat eləyəndə Sezann emalatxanasını kilidləyib bütün günü uşaq kimi bərkdən ağlamışdı.
«Çimən kişilər» yağmura dözmədi
Sezannın adı tədricən tanınır. O vaxt «Le Pti Parizyen» qəzeti yazırdı: « Sezann özündən razı, tündməcaz, özündən tez çıxan rəssamdır. Əgər sərgiyə sizinlə birgə hamilə qadın gəlibsə ona «Kişinin portreti» qarşısında dayanmağa imkan verməyin. Təmizlənməmiş ayaqqabı çalarlarında olan bu sifət o qədər qəribə görünür ki, hələ doğulmamış körpədə qızdırma yarada bilər».
Yalnız ömrünün son 20 ilində Sezann ayaqda möhkəm dayanmış, sabit həyat yaşadı. Atası rəhmətə gedib ona miras pul qoyandan sonra Qortenziya onun rəsmi arvadı olur. Az keçməmiş o, ikimərtəbəli binanı emalatxanaya çevirir. Emalatxananın pəncərəsindən Sent Viktoriya dağı çox yaxşı görünür. Bura indiyədək əvvəlki görkəmində qalır. Gözü qaçırmayan açıq boz divarın rəngi də, molbert, əl ağıcı, geyimlər, hətta qurudulmuş meyvələr də yerindədir. Bu divarlar çoxlu natürmortların yaranışını görüb. Kamodun üstündə isə üç insan kəlləsi var, dünyanın faniliyinin simvolu kimi. Sezannın ən monumental işi «Çimən qadınlar» tablosu da yarımçıq qalıb, öldüyü gün kimi hələ də molbertin üstündədir.
Dünyasını dəyişəndə onun 67 yaşı vardı. Havanın açılmasından istifadə eləyərək o, emalatxana yaxınlığında peyzaj çəkməkçün yollanır. Yağış başlayır, amma rəssam bunu görmürmüş kimi işləməyindədir. Bir neçə saatdır ki, yağış vedrədən tökülürmüş kimi bərk yağır. Yaş paltarda, soyuqdan tir-tir titrəyən rəssam nəhayət ki, getməyi qərara alır. Molbert və rəng yeşiyinin ağırlığı altında ayaqlarını güclə sürüyür. Birdən halsızlıqdan huşunu itirir. Onu belə vəziyyətdə tapıb evə gətirirlər. Rəssam ağ ciyərlərinin sətəlcəmindən sağ çıxa bilmir.
Həmçinin bax:
Pol Sezan haqqında

1 şərh

kulturoloq
öz təşəkkürumuzu bildiririq bu rəssam haqqında məlumata görə