"Paris məktəbi" rəssamları-1

İyirminci əsr təsviri sənətində, ümumiyyətlə incəsənət tarixində “Paris məktəbi” rəssamları önəmli yer tutur. Maraqlıdır ki, bu rəssamların arasında mənşəcə bir fransız sənətkar belə yoxdur. “Paris məktəbi”nə mənsub olan rəssamlar Birinci Dünya Savaşı ərəfəsində və savaşdan sonra Avropanın müxtəlif ölkələrindən, fərqli mədəniyyətlərdən gəlib kosmopolit Parisdə məskunlaşan, burada yaşayıb-yaradan sənətkarlardır. Bununla belə, onların yaradıcılığını Fransız mədəniyyəti konteksində qəbul etmək və incələmək ən düzgün yoldur.

Modilyani, Kislinq, Pasgen, Şaqal, Lipşist, Çatkin, Fucita və yeri gəldikcə xatırlayacağımız sənətkarlar “Paris məktəbi”nin nümayəndələridir. Onlar bu və başqa dərəcədə yeni fransız rəssamlığının təcrübələrindən bəhrələniblər. İmperossionizm cərəyanından tutmuş kubizmə qədər çeşidli üslublar bu rəssamların yaradıcılığında öz izlərini qoyub. Amma bu rəssamların daxili mədəniyyəti fransız mədəniyyətinə yabançıydı. Onlar Parisin orqanik bir üzvü olmadılar, onların gözlərində daima qürbət hüznü vardı. Onlar Parisə Almaniyadan, Rusiyadan, Polşadan, Bolqariyadan, İtaliyadan, Çexoslovakiyadan və başqa ölkələrdən gəlmişdilər, onlar mühacir həyatı yaşayırdılar, yeni mühitə, yeni mədəniyyətə adaptasiya olmaq ağrılı-acılı bir prosesdir.

“Paris məktəbi”nin ən görkəmli nümayəndəsi, mənim fikrimcə, Amadeo Modilyanidir.

Modilyani haqqında danışırıqsa, mütləq Janna Ebyüterni də yada salmalıyıq. Şöhrətinin astanasına cəmi bir neçə addım qalmış dünyadan gedən rəssamın cəfakeş və vəfalı xanımı Janna ertəsi gün özünü altıncı mərtəbədən ataraq intihar elədi.Amadeo Modilyaninin lüt qadın rəsm əsəri

Amadeo Modilyani 1884-cü ilin iyun ayının 12-də İtaliyada, Livornoda yəhudi ailəsində doğulub. Amadeo hələ uşaqlıq illərindən rəssam olmaq arzusu ilə yaşayırdı. 1902-ci ildə Florensiyada rəssamlıq təhsili alandan sonra gənc rəssam bir müddət Romada və Neapolda yaşayıb. Amma bohem Paris həyatı onu özünə cəlb edirdi, nəhayət, o, Parisə gəlir, əvvəlcə Monmartrda, sonra isə Monparnasda yoxsul rəssam həyatı yaşayır. 1909-1914-cü illər arasında, yəni beş il müddətində o, nə az, nə çox, düz on iki mənzil dəyişmək məcburiyyətində qalıb. Dostlarının xatirələrində onun unikal poetik yaddaşı olduğu söylənilir. O, Pol Varlenin, Artur Rembonun şeirlərini əzbər bilirdi və yeri gələndə bu şairlərin şeirlərini xatırlayırdı.

Parisdə Modi Moris Utrillo ilə yaxınlaşdı və kübar italiyalı alkoqola meyl etməyə başladı.
Gənc rəssam ekstravaqant bir xanımla – ingilis şairə Beatris Xestinqlə eşq macərası yaşayırdı. O, Beatrisin bir neçə portretini işləyib, amma hələ ki, Amadeo daha çox heykəltəraş kimi tanınırdı. O, rumın heykəltəraşı Konstantin Brankuzinin emalatxanasında işləyirdi və Afrika heykəltəraşlığı ilə ilgilənirdi. 1910-cu ildə müstəqil rəssamların sərgisində Amadeo Modilyaninin iki əsəri, “Violençelist” və “Livornolu dilənçi” tabloları sərgiləndi. Amadeo tədricən heykəltəraşlıqdan uzaqlaşırdı. Beatrislə eşq məcarəsi uzun sürmədi, rəssamın həyatına Simona Tiru adlı bir qadın daxil oldu.

Modilyaninin həyatında polyak şairi Leopold Zborovskinin və xanım Zborovskayanın önəmli rolu olub. Onlar Modilyaninin yaradıcılığını yüksək qiymətləndirirdilər, Modilyani isə Parisin ortasında özünü Don Kixot kimi yalqız hiss edirdi. O, alkoqoldan və tiryəkdən yaxa qurtara bilməmişdi. Səhhəti də günü-gündən zəifləyirdi. Ən ağır günlərində belə rəssam palitradan və fıraçalardan ayrılmırdı, bir-birinin ardınca orijinal portretlər işləyirdi.

1917-ci ildə Modi ilə Jannanın ömür yolları kəsişəndə rəssamın otuz üç yaşı vardı. Madmuazel Janna isə on doqquz yaşındaydı. Onlar cəmi üç ilə yaxın birgə yaşadılar. 1920-ci ilin yanvarında, şöhrətinin kandarına cəmi iki-üç addım qalmış Modi – Amadeo Modilyani yıxıldı və bir daha ayağa qalxmadı.

Amadeo Modilyani və Janna Eyütern Per-Latez qəbiristanlığında eyni məzarda əbədiyyətə qovuşublar…

Mois Kislinq Amadeo Modilyaninin ən yaxın dostlarından biri idi. Kislinq yaradıcılığını professional baxışdan araşdırsaq, hardasa Modilyani yaradıcılığı ilə səsləşən tablolar göz önünə gələcək. Bəli, Kislinq yaradıcılığında Modinin təsiri duyulur. Onu da deyim ki, Modilyani nə kubistlərə, nə fovistlərə, nə də simvolistlərə qoşuldu, futuristlərin manifestinə imza atmamışdı.


***

Mois Kislinq Krakovda (1891) doğulub, elə doğma şəhərindəcə rəssamlıq təhsili alıb. Kislinqin böyük istedad sahibi olduğunu görən müəllimi ona Parisə getməsini tövsiyə edir və on doqquz yaşlı Mois Parisə, rəssamların Məkkəsinə yollanır. Bu da Paris. Bu da Monmartr – rəssamlar məhəlləsi, O dönəmdə Pablo Pikasso, Mark Şaqal, Amadeo Modilyani və onlarla gələcəyin məşhur sənətkarı olacaq fransız rəssamları bu məhəllədə məskulaşmışdılar. Kislinq ovqat rəssamıdı, onun fırçaya aldığı obrazların melanxolik ovqatı ansız olaraq tamaşaçıya sirayət edir. Kislinqin portretlərinə baxan adamın qəlbində bu obrazlara qarşı rəğbət hissi oyanır.
Rəssamın xanımı Rene Kislinqin portreti – (Köln, Lüdviq muzeyi) gənc qadının iri, kədərli gözləri tamaşaçının gözlərinin içinə baxır.Mois Kislinq

Mənə elə gəlir ki, sevdiyi qadının portreti üzərində işləyərkən rəssam ömrünün ən gözəl, ən xoşbəxt anlarını yaşayırmış. Zira portret qüssə qarışıq bir xoşbəxtlikdən xali deyil. “Monparnaslı Kiki” – qırmızı paltarlı gənc qadın öz aləminə qapılıb harasa uzaqlara baxır. Tamaşaçı gənc qadının baxışlarını tuta bilmir. Bu portret Cenevredə Piti Pale muzeyində saxlanılır. İnteryer və ya natürmort Mois Kislinqin kompozisiyalarında təsadüfən dekorativ elementlər sayıla bilməz, burda interyer obrazın xarakterinin və yaşam tərzinin açıqlanmasına xidmət edir.

Şair və dramaturq Jan Koktonun portreti, Kokto interyerdə təsvir olunur. Bura tipik Paris monsardıdır – köhnə döşəmə, dəyirmi masa, pərdə, pəncərə. Pəncərədən ətrafdakı binaların damları və buludlu səma görünür. Kokto qırmızı kresloda əyləşib, Koktonun şair xəyalı bu anda kim bilir haralarda dolaşır…

Kislinqin portretləri lirik, poetik ovqatı ilə mənə dostum Fikrət İbrahimlini xatırladır. Jan Koktonun portretdə təsvir olunan tipik Paris mansardı eynən Fikrətin emalatxanasına bənzəyir.

Fransa vətəndaşlığını qəbul edən Kislinq 1940-46-cı illərdə Amerikada yaşayıb və altmış iki yaşında Parisdə dünyasını dəyişib.
Ardı Paris rəssamlıq məktəbi-2

0 şərh