Niko Pirosmani - 1

XX əsrin əvvəllərində Tiflisdə, Kür çayının sol sahilində qəribə bir adam yaşayırdı – o, kinto Niko idi. Ucuboylu, solğun bənizli kinto Nikonu Tiflisdə hamı tanıyırdı, onu Tiflisin hər yerində görmək olardı, o, saatlarla şəhərin labirintə bənzər küçələrində fikirli-fikirli gəzib dolaşardı, çox vaxt da yüngülcə sərxoş olardı.
Tiflisdə onun məhəbbət macərası dillərdə dastan idi, o, Marqarita adlı bir aktrisanı dəlicəsinə sevirmiş, o, məhəbbətin uğrunda hər şeyindən keçib. Niko bir gün evini-eşiyini, dükanını – sata biləcəyi hər şeyini dəyər-dəyməzinə satır. Tiflisin bütün qızılgüllərini alıb aktrisanını yaşadığı küçəyə səpir.
Alla Puqaçovanını “Milyon, milyon qızılgül” mahnısını yada salın – bu məşhur mahnıdakı bədbəxt rəssam kinto Nikodur, Niko Pirosmanidir. Mahnının sözlərini Andrey Voznesenski yazıb, Voznesenski görkəmli şair, istedadlı memar və orijinal rəssamdır. Tiflisin mərkəzində ucaldılmış “Ana dili” abidəsinin üç müəllifindən biri Andrey Voznesenskidir.
Andrey Voznesenskinin babalarından biri gürcü olub, şair hər fürsətdə babalarından birinin gürcü olmasını qürurla vurğulayır.

***

Niko PrisomaniPirosmani Tiflis duxanları, meyxanaları, baqqalları üçün lövhələr çəkərdi – o, Tiflis meyxanalarının daimi müştərisi idi. Bütün meyxanaların divarlarında onun əsərlərinə rast gələrdin, o öz qiymətini bilmirdi, əsərlərini dəyər-dəyməzinə satırdı. Çox sevdiyi Ortaqalada onun nə evi, nə də emalatxanası vardı, Pirosmani əsərlərini meyxanələrdə, duxanlarda işləyərdi, elə meyxanələrdə, dükanlarda da gecələyərdi.

“Mən zəngini və yoxsulu, ağ və qaranı yaxşı anlayıram. Həyatda hər şeyin iki tərəfi var – xeyir və şər. Bax, ağ inək xeyirxahlıq, rahatlıq və məhəbbət rəmzidir. O, süd verir, ət verir, dəri verir. Ağ rəng məhəbbət rəngidir.
Qara öküz böyürür, savaşır – o, müharibədir” – sərsəri rəssam Pirosmani dünyanı belə görürdü və gördüyü kimi də təsvir edirdi.
Onun fırçasından çıxmış tabloları incələsək görərik ki, Pirosmani məşhur mahnıda deyildiyi kimi, qızılgüllərin qan qırmızı rəngini deyil, ağ gülləri çox sevərmiş.

Pirosmani Ortaqala gözəllərinin portretini qara fonda işləyir, əsərin bir küncündə ağ güllər çəkir. Qara rəng bu gözəl qadınların taleyidi, qara bəxtidi.
Əsərin bir yerində rəssam iri rəsmləri və ya ağ gül obrazı verir – ağ gül sevgi, məhəbbət və ümid rəmzidir.
Bir də rəssamın öz sözləri ilə desək, “mən ağ gül ilə onların günahlarını bağışlayıram” – bu, Pirosmaninin sözüdür.

***
Bəzən Pirosmanini Van Qoqla müqaisə eləyirlər, mən bu müqayisəni gəlişi gözəl bir təşbeh sayıram və əlimi ürəyimin üstünə qoyub tam səmimiyyətlə bu müqayisənin əsassız olduğunu söyləyirəm. Van Qoqun tamam fərqli bir mühiti vardı, o, Antverpendə, Haaqada, Londonda, Parisdə və Arlda yaşamışdı, pastor atanın dindar ailəsində tərbiyə alıb böyümüşdü, özü də gəncliyində dini təhsil almışdı, Pol Qogen, Tuluz Lotrek, Pol Sinyak kimi dostları Teo kimi vəfalı qardaşı vardı.

Pirosmani Van Qoqla müqayisədə daha tənha, daha talesiz insandır, sənətkardır.
Van Qoq öz devrinin avanqard sənət cərəyanının, postimpressionalizmin görkəmli nümayəndəsidir, Pirosmani təsviri sənətdə primitivizmin dühasıdır.
Bilmirəm insanlar niyə müqayisələrə belə meyillidirlər, fərqli mədəniyyətlərdən, gələnəklərdən bəhrələnmiş, estetik zövqləri bir araya gəlməyən, yaşam tərzləri uyuşmayan sənətkarları bir-biri ilə müqayisəli şəkildə araşdırmaq guya intelletukallıq əlaməitidir.

Əgər Pirosmanini hər hansı bir sənətkarla müqayisə etməliyiksə, onda gəlin səmimi olaq, primitivizmin görkəmli nümayəndəsi Jan Koktonun və Giyom Apollinerin dostu “Gömrükçü” ləqəbli Anri Russonu xatırlayaq. Məhz Anri Russo yaradıcılığı ilə “sadəlövh” sənət primitivizmi XX əsr mədəniyyətinə daxil olub.

qafqazlı kişilər masa arxasında


***

1912-ci ilin yayında özlərini futurist hesab edən üç nəfər gənc Peterburqdan Tiflisə qonaq gəlir. Onlardan biri Mixail Le-Dantyu (1891-1917) Çionlinskinin və Bernşteynin şəxsi studiyalarında rəssamlıq sənətinin sirlərini öyrənmişdi. O, Kirill Zdaneviçlə (1892-1969) eyni ildə Peterburq Rəssamlıq Akademiyasına girmişdi. Kirillin kiçik qardaşı İlya (1894-1975) hüquq fakültəsində oxuyurdu. Zdaneviçlərin ailəsi Tiflisdə yaşayırdı – Le Danyu dostu Kirillin dəvəti ilə Tiflisə yay tətilinə gəlir.

Kirill Zdaneviçə görə Tiflis doğulub böyüdüyü şəhərdi, Mixail Le-Dantyu isə ilk dəfə Qafqaza gəlirdi – Tiflis onun üçün Şərq nağılları kimi əsrarəngiz bir diyar idi.

Bir gün dostlar “Varyaq” traktirində nahar etməli olurlar, bu traktir Tiflisin onlarla başqa traktirlərindən heç nə ilə fərqlənmirdi. Amma dostlar traktirə girən kimi sanki ekzotik bir adaya düşürlər, traktirin divarlarından qəribə, indiyə qədər onlara tanış olmayan bir üslubda işlənmiş mənzərələr, natürmortlar, portretlər asılmışdı, onlar kino Niko ilə belə tanış oldular, daha doğrusu onun tablolarını gördülər.
O günlərdə Mixail Le-Dantyu Pirosmaninin iki əsərini çox ucuz qiymətə, necə deyərlər, su qiymətinə alır, Peterburqa anasına yazdığı məktubda bir gürcü rəssamının iki gözəl əsərini aldığını bildirir.

1910-1911-ci illərdə Mixail Le-Dantyu “Gənclər ittifaqı” rəsamlar qrupunda fəal iştirak edib, Molskva avanqardistləri ilə, xüsusən də futurist M.F.Larionovun öncüllük etdiyi “Oslinıy xvost” qrupu ilə yaxınlaşıb, əsələri “Oslinıy xvost”un sərgilərində yer alıb. V.E.Tatlin, V.S.Bart, M.Fabri, V.Yermolova, N.Laşin, K.Maleviç, D.Burlyuk, V.Xlebnikov kimi futurist rəssamlar və şairlər bu qrupda birləşmişdilər. Qrupun öndəri Mixail Vasilyeviç Larionova ünvanladığı məktubda da Le-Dantyu kinto Nikonun əsərlərindən ağızdolusu danışır, üzünü belə görmədiyi rəssamı dahi adlandırır. Beləliklə, Pirosmaninin əsərlərindən öncə onun adı Peterburq və Moskva rəssamlarına bəlli olur. Bütün səylərinə baxmayaraq, Mixail Le-Dantyu və Kirill Zdaneviç o zaman Pirosmani ilə görüşə bilmirlər. Pirosmaninin əsəri ilə Peterburqda dönürlər.

1913-cü ilin qışında İlya Zdaneviç Tiflisə gəlir, bir neçə gündən sonra o, Peterburqa, Le-Dantyuya teleqraf vurur – “Niko tapıldı!”
İlya Zdaneviç Pirosmani ilə görüşünü həyəcanla təsvir edir:
“Uzun axtarışdan sonra öyrəndim ki, o, Malakan küçəsi, 23 nömrəli binada, bir duxanda gecələyir. Ora getdim. Duxanın sahibi bunu təsdiqlədi, amma indi o, Qoqol küçəsində bir aşxanada işləyir, məsləhət gördü ki, ora baş vurum. Duxanın divarında Nikonun son işi asılmışdı, çox gözəldi. Öz ünvanımı duxanda qoyub Qoqol küçəsinə yollandım, bir binanın qabağında boz kostyumlu adam divarda sürix boyası ilə nəsə yazırdı, ona yaxınlaşıb Nikonu tanıyıb-tanımadığını soruşdum. O, mənəm – dedi”.

Beləliklə, İlya Zdaneviç Pirosmani ilə görüşüb uzun-uzadı söhbət edir:
“Ondan mənim portretimi çəkməsini istədim, o, razılaşdı. Amma dedi ki, iki gün məşğuldu, iki gündən sonra zirzəmiyə gəl”.
İki gündən sonra İlya Malakan küçəsindəki duxana gedir. Onlar 8 rubla razılaşırlar. O səmimi görüşdə duxanın sahibi Zdaneviçə Nikonun bir əsərini bağışlayır. Axşam yenə İlya duxana gələndə rəssam sobada əllərini isidirdi…Ardı

0 şərh