Rəssamların rəssamı Pol Sezan

Pol Sezan (1839 - 1906) həyatının sonuna qədər rəssam kimi qəbul edilməmişdi və dövrünün bir çox sənətşünası tərəfindən "istedadsız" kimi xarakterizə edilmişdi. Fransız post-impersionist rəssam Sezan impersionizmlə kubizm arasında körpü qurmuşdu, onun sənət anlayışı 20-ci əsrə yeni pəncərə açdı.

Modern rəssamlığın inkişafında verdiyi töhfələr və sonrakı nəslə olan böyük təsirindən dolayı Pikasso onu "hamımızın atası", Renuar isə "əsrarəngiz şəxsiyyət" adlandırırdı. Həyatı boyunca əsərləri nadir hallarda sərgilənən rəssam çox sakit bir ömür yaşayıb. Sadəcə bir neçə üslubda şəkil çəkirdi. Sağlığında heç vaxt qiymətləndirilməsə də, sonradan dövrünün ən böyük rəssamı kimi qəbul edildi.


Ailə

Sezanın həyatının böyük bir qismi çox güclü və əzici şəxsiyyəti olan atasının tabeliyi altında keçmişdi. Rəssamlığa olan böyük marağına baxmayaraq, 1856-cı ildə daxil olduğu rəssamlıq akademiyasından çıxmış və atasının əmriylə Hüquq Məktəbinə daxil olmuşdu. İnsanlarla ünsiyyətə girməyi sevməyən və bunu "mən tək başıma qalmaq üçün yaradılmışam" cümləsiylə ifadə edən rəssam sərt, qaba, qəsdən etdiyi kobud davranışlarıyla özünü qoruyan bir qabığa bürünərək yaşayırdı. Həyatında etibar etdiyi yeganə şəxs atasıyla olan gərgin münasibətləri fonunda onu müdafiə edən anası idi.

Həyatda uduzdu, sevgidə uduzdu, amma sənətdə uddu

Pol Sezan 1869-cu ildə Mariye-Hostens Fikeylə tanış olarkən, şəkillərinə hələ də alıcı tapa bilmədiyindən dolayı, yaşamaq üçün atasının yardımına ehtiyac duyurdu və tez-tez onun təhqirlərinə dözməli olurdu. Sezanın bəzi əsərlərində bəzən gözəl, bəzən adi, bəzən də iri qara gözlü əsmər olaraq görünən Fike yoxsul ailənin qızıydı və Sezandan 11 yaş kiçikiydi. Sezanın 30, Fikenin isə 19 yaşı varıydı. Fike deyingən və dikbaş bir qadınıydı, pul xərcləməyi də çox sevirdi. Fikenin rəssamın əsərlərini tez-tez təhqir etdiyi, buna görə də Sezanın dostlarının ondan xoşu gəlmədiyi məlumdur. Amma qadınlardan çəkinən Sezan, gənc Fikeyə o dərəcədə vurulmuşdu ki, o günə qədər tənha yaşamasına səbəb olan az gəlirini təhlükə altına salmağa risk etmiş, təkcə münasibətini deyil, 1872-ci ildə Fikedən dünyaya gələn oğlunu da atasından gizlətmişdi. Amma gec ya tez, atası bu xəbəri eşidəcəkdi. Sezana verdiyi xərcliyi də yarıya qədər aşağı salacaqdı.



"Heç kimi vecinə almadan çalışmaq və güclənmək sənətcinin əsas məqsədidir: geridə qalan hər şey mənasızdır"

"Rəsmin əsas elementi olan rəngi cizgilərdə və həqiqi təsvirdə həddindən artıq istifadə etdiyi üçün, yəni "həqiqi bir rəssam deyil,rəngkar" olduğundan dolayı" gördüyü işlər Paris İncəsənət Akademiyası tərəfindən dəfələrlə rədd edilmişdi. Sezan impersionizmdən yola çıxaraq yeni sənəti ifadə edən post-impersionizmin ən böyük ustası olmuşdu. O, eyni zamada 20-ci əsr janrlarının (kubizm, fovizm və abstrakt) təməlini qoyan fərdiyyətçi və yenilikçi bir sənətkarıydı. Modern rəssamlığın ən ciddi nümayəndələri Sezanı özlərinin inkişafında ən önəmli şəxs kimi gördüklərini bildirirdilər. Doğrudan da onun yeni məkan anlayışı və ənənəvi perspektiv qayda-qanunlarını inkar etməsi rəsm anlayışını yeniləmiş, "avtonom" rəsmin və rəsmi geometrik ünsürlərə ayıran yeni növ cərayanların meydana çıxmasına yardım etmişdi.

Son

Sezanın əsərləri xüsusilə 1907-ci ildə Parisdə açılan "Salon d'Automne" sərgisində hərarətlə qarşılanmış və bu əsərlər XX əsr rəsm əsərlərinin ən önəmli nümunələri adlandırılmışdı. O, sonradan müasir rəssamlığım formalaşmasında mühüm rol oynayan fovlar, kubistlər və abstrakt rəssamlara: yeni nəslə çox ciddi şəkildə təsir etmişdi.

Sezan 1906-cı ildə fırtınanın olmasına baxmayaraq çöldə şəkil çəkməkdə davam edərkən halı pisləşmiş və bir həftədən sonra sətəlcəmdən vəfat etmişdi. 20-ci əsr modernistlərinə görə, Sezan modern rəssamlığın atasıdır.

Həmçinin bax:

Müəllif: Cavid Ramazanov/ ann.az-a istinadən

 

1 şərh

ShiringulMusayeva
Bütün ömrü boyu tanınmadı, öləndən sonra məşhurlaşdı...Belə sənətkar olmağı istəməzdim.Amma ,deyəsən,elə belələrindən olacağam.