Рейтинг
+106.10

Məşhur rəsmlər və rəssamlar

90 üzv, 120 topik

Məktəb görməyib məktəb yaradan rəssam

Məşhur fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi Pol Sezan (1839-1906) adını dünya təsviri sənət tarixinə qızıl hərflərlə yazıb. Onun yaradıcılığını impressionizmlə kubizm arasında körpü də adlandırmaq olar.

Sezan 1839-cu ildə Fransanın Eks-an-Provans şəhərində dünyaya gəlib. Atası Lui-Ogüst Sezan bankir idi və oğlunu hüquqşünas görmək istəyirdi. Gələcəyin dahi rəssamı əvvəlcə atasının dediyi sənəti seçir. 1858-ci ildə təhsilini bitirdikdən sonra atasının kontorunda işləməyə başlayır. Di gəl ki, gənc Sezanın öz dünyası vardı, bu, onun sənət axtarışları dönəmiydi.

Atası ona yaradıcı axtarışlarının dalınca Parisə getməyə razılıq verir. Pol 1862-ci ildə Parisdəki Zərif Sənətlər Məktəbinə imtahan versə də, qəbul oluna bilmir.
Davamı →

Günəbaxanlar | Van Qoq

Van Qoq bütün dünyanın tanıdığı məşhur holland rəssamıdır. O, incəsənət tarixi boyu çətinliklərlə dolu bir ömür yaşayan simalardandır. Ən azı, həyatını sui-qəsd ilə bitirməsi buna danılmaz sübutdur.
Dahi rəssam 1880-ci illərdən başlayaraq, təsviri incəsənətlə məşğul olmağa başlayır. 1880-1881-ci illərdə Brüssel və 1885-1886-ci illərdə isə Antverpendə rəssamlıq akademiyalarında təhsil alır, Haaqada dövrünün tanınmış rəssamı A.Mauvedən məsləhətlər alır. Məhz bu məsləhətlər onun gələcək iş üslubuna təsir edir.

1880-ci illərdə onun əsərlərində tünd rənglərə, kəskin keçidlərə, “qəmgin” mövzulara rast gəlinir. Bu, həmin dövrdə rəssamın həyatında yaşanan dərin psixoloji problemlərə və gərginliklərə işarədir. O, həyatı boyu 2000-dən artıq şəkil, eləcə də, 3000-ə yaxın rəsmin müəllifidir. Onun əsərlərinin təsviri üçün sözlər kifayət etmir, ən azı, ona görə ki, hər bir insanın bu əsərlərin seyrindən sonra keçirdiyi hisslər müxtəlifdir. O, hər bir insanın zövqünü oxşaya biləcək tərzdə yaradıb. Burada hər şey insanın qavrayışından, həssaslığından, emosionallığından asılıdır.
Davamı →

Suda boğulan Ofelia

John Everett Millais – “Ophelia” (1851-1852)

İngilis rəssam Con Everet Millenin 1852-ci ildə tamamladığı ən məşhur əsərlərindən biri. Bu rəsm Şekspirin “Hamlet” əsərindəki Ofelia obrazının çayda boğulduğu anın ən müvəffəqiyyətli təsviridir. Viktoriya dönəmində həm Şekspirin əsərləri, həm də Ofelia tez-tez təsvir edilirdi. Lakin “Ofelia” deyilərkən ağla gələn ilk rəsm bu olmuşdur.
Davamı →

Sirli şam yeməyi | Salvador Dali


Salvador Dali “Sirli şam yeməyi” 1955, kətan, yağlı boya, 167×268 sm, Milli incəsənət qalereyası, Vaşinqton, ABŞ.

Dali klassik bibliya sujetinə əsaslanan bu rəsm əsərini üç aya tamamlamışdır. Dalinin interpretasiyasında Sirli şam yeməyi əsərini bir çox incəsənət tənqidçiləri tamamilə rədd etsələr də, digərləri rəssamın bu əsərini onun bibliya mövzusunda ən yaxşı əsərlərindən biri sayırlar.

Rəsm əsəri matematikanın prinsipləri əsasında çəkilmişdir. Dali intibah dövrü elminin nailiyyətlərindən və Leonardo Da Vincinin yaradıçılığından bəhrələnərək bu rəsm əsərini yaratmışdır. Sonuncu şam yeməyi — İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə yediyi yemək. Bu yeməkdə İsa Məsih Rəbbin Sürfəsi ayinini təsis etmişdir. Bu yeməyə həmçinin “sirli” və ya “gizli” şam yeməyi deyirlər, çünki İsa ilə şagirdləri o gecə yəhudilərin ali məclisi olan Sinedriondan gizlənmək məcburiyyətində idilər.
Davamı →

Çığırtı | Edvard Munk

Qarşısı alınmaz dəhşət, ürəkdağlayan kədər…

Bu əsər dəli bir insanın hallüsinasiyasıdır sanki. Belə ki, Edvard Munkun “Çığırtı” sı heç də dəhşətin spontan ifadəsi olmayıb, real bir hadisənin tam dəqiqliklə kətan üzərinə köçürülməsidir.

Əsərdə rəssama yaxşı tanış olan yer, Ekeberq təpələrinə gedən yol təsvir olunub. Kətan üzərinə köçürülən bu mənzərə barədə Munk hələ öz gündəliklərində, 22 yanvar, 1892-ci tarixdə, yazır: “Mən iki yoldaşımla gəzintiyə çıxmışdım. Günəş qüruba doğru yaxınlaşırdı. Məni həzin bir qüssə bürüdü. Birdən səma al-qırmızı rəngə boyandı. Mən dayandım və barmaqlığa söykəndim. Tünd-mavi səmada və şəhərin üstündə sanki alov dilləri oynayırdı. Dostlarım yollarına davam elədilər, lakim mən yerimdə donub qaldım. Qorxudan titrəyərək, Təbiətin dəhşət dolu çığırtısını bütün qəlbimlə eşidirdim sanki.”
Davamı →

Asəf Cəfərovun sənət dünyası

Belə bir deyim var: rəssam öz əsərləri haqqında danışmamalı, əsərlər rəssam haqqında danışmalıdır. Hər bir rəssam özünün müəyyən olunmuş üslubu çərçivəsində orijinal dünyagörüşünü saxlayır. Əsərləri özü, dünyagörüşünün dərinliyi haqqında danışan fırça ustalarından biri də Xalq rəssamı Asəf Cəfərovdur (1927-2000). 

İçərişəhərdə dünyaya gələn Asəf üçün hələ kiçik yaşlarından qədim dolanbac küçələrin sirli döngələri, tarixi, sənətə gedən yolun başlanğıcını qoymuşdu. İçindəki istedadı, rənglərin gözəllik dünyasını insanlara da tanıtmaq üçün o, əvvəlcə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə, sonra isə Moskvada B.İ.Surikov adına Rəssamlıq İnstitutuna daxil olmuşdur. 
Davamı →

Gizli öpüş

 “Gizli öpüş” və ya “Oğurlanmış öpüş” adlanan bu məşhur əsər bir çox incəsənət adamlarına tanışdır. Məlumat üçün qeyd edim ki, tablonun müəllifi — fransız rəssamı Jan Onore Fraqonar 1732-ci il, aprelin 5-də Provansın cənubunda, Qrassda anadan olmuş və 1806-cı ilin avqust ayının 22-də Parisdə vəfat etmişdir.

Fransız romantizminin ən məşhur nümayəndələrindən olan J.O.Fraqonar ilk rəssamlıq dərsini Fransua Buşe və Jan Batist Simeon Şarden kimi görkəmli rəssamlardan almışdır. Onun şedevr əsəri “Yelləncək” (1767) adlı tablosu hesab olunsa da, “Gizli öpüş” əsəri daha çox özəlliyi ilə fərqlənir. Bu tablo 1788-ci illər ərəfəsində kətan üzərində, yağlı boya texnikasında çəkilmişdir. Əsərin əsas kompozisiyası ön plandakı gənc qız fiquru üzərində təşkil olunmuşdur. Kompozisiya qapalı məkanda — otağın içərisində qurulub. Rəssam otağı nisbətən qaranlıq şəraitdə təsvir etmək ilə bəlkə də, əsərin məzmununu daha qabarıq formada ifadə etmək istəyib.
Davamı →

Van Qoq

Tarixdə istedadı, bacarığı, qəribəlikləri ilə ad qoyan, tanınan və bundan sonra yüz illər keçsə belə, insanların yaddaşında qalacağına əmin olduğumuz çox şəxsiyyətlər var. İstedadlı insanın bəxti o zaman gətirir ki, o, cəmiyyət tərəfindən yaxşı qəbul olunub, lazım olan qiyməti alır. Vay o gündən ki, sənətkarın istedadını nə dostları, nə ən yaxınları, nə ətrafdakılar, nə də cəmiyyət anlaya və ya qəbul edə bilir. Amma bu insanların cəmiyyət tərəfindən qəbul olunması, sevilməsi bəzən onlar həyatdan köçdükdən və hətta üzərindən yüz illər ötdükdən sonra başlayır. Lap elə bizim qəhrəmanımız dahi Van Qoq kimi…

Çətin və anlaşılmaz həyatın başlanğıcı
1852-ci ildə Hollandiyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində Anna Kornelia Karbet və kilsə rahibi Teodor Van Qoqun ailəsində bir oğlan dünyaya gəlir. Yeni doğulmuş körpənin ailəyə böyük qələbələr və uğur gətirməsi üçün adını rahib babasının şərəfinə Vinsent, yəni “Qalib” qoyurlar. Lakin çox keçmir ki, yeni doğulmuş körpə dünyasını dəyişir. Baş vermiş hadisədən sarsılmalarına baxmayaraq, gənc valideynlər ümidlərini itirmirlər və nə az, nə çox,  düz bir ildən sonra ailəyə yenidən üçüncü bir üzv qatılır. Bu dəfə də uşağa Vinsent adını verirlər. Bəlkə valideynlər elə bununla özləri belə bilmədən böyük bir səhvə yol açırlar. Ölmüş övladlarının adını yeni doğulan körpəyə verməklə sanki  övladlarının öncədən qəmli və həzin bir həyat yaşamasına imza atırlar. Vinsentin daha bir qardaşı və üç bacısı vardı.
Davamı →

Frida Kahlo : Öz gerçəkliyinin rəssamı

Avtoportretlərə və meymunlara düşkün olan bir rəssam. Çoxları onu gerçəküstü biri olaraq tanısa da o, həmişə bunun əskini deyərdi: “Mən heç vaxt röyalarımın rəsmini çəkmədim, həmişə öz gerçəkliyimin rəsmini çəkdim”.


18 yaşında, yəni 17 noyabr 1925-ci ildə bir tramvay içində olduğu avtobusla toqquşdu. Onurğası, ləyən sümüyü, körpücük sümüyü, qabırğaları və 11 yerdən aşağı sağ ətrafı qırıldı, bir ayağı və çiyni də bu qəzada yerindən çıxdı. Ayrıca bir metal parçası da uşaqlıq yolunu yırtdı. Hər kəs tez bir zamanda öləcəyini fikirləşirdi amma bir ilə yaxın ağır yataq şəraitində qalıb sonunda vəziyyəti yaxşılaşdı. Fotoqraf və eyni zamanda rəssam olan atası  otaqdakı əşyaları çəkməsi üçün yatağının yuxarısına güzgü və müxtəlif qurğular düzəltdirdi. Fridanı rəssamlığa yönəldən ilk şey məhz bu oldu. Geri qalan həyatında 35 cərrahi əməliyyat keçirdi. Onun sənət əsərləri çəkdiyi bütün acıları bütün gerçəkliyi ilə özündə cəmləşdirdi. Başqa yolu da yox idi.



Ardı →