Allahın evləri

«Cin və insanları Mənə ibadət etmələri üçün yaratdım» buyuran Rəbbimiz, həmin məxluqların ibadətləri üçün hər şey yaradıb. Belə ki, göndərdiyi peyğəmbərlər Onun təyin etdiyi müəllimləri; nazil etdiyi səmavi kitablar yazdığı dərsliklər; yaratdığı kainat auditoriyası; xəlq etdiyi insanlar isə onun «necə ibadət etməli» fənnini öyrənən qullarıdır.

İnsanı xəlq etməzdən əvvəl onun yaşayacağı məkanı — Yer kürəsini yaradan Rəbb, həm də o planeti bəşər üçün bir ibadətxana edib ki, insan özünü Allahın Yerdəki xəlifəsi kimi dərk edib, Onu tanısın. Bu planetin ən qüdsü, hərəkətli, əminamanlı, özünü dərk və Rəbbi tanıma yeri isə Allahın evləri sayılan məscidlərdir. Zira Rəbbimiz buyurub: «Yer üzündə Mənim evlərim məscidlərdir. Məni ziyarət edənlər həmin məscidləri inşa və təmir edərək, orada ibadət edənlərdir».

Məscidlər Allahın evləridir
Məscid sözü ərəbcədəki «sucud» (səcdə etmə) sözünün əvvəlinə «mə» sözünü əlavə etməklə düzələn məkanın adıdır. Lüğəti mənası «dik durmaq, başı əymək, alını yerə qoymaq üçün yer» deməkdir. İslamda isə bu termin müsəlmanların cəm halda «ibadət etdikləri və namaz qıldıqlanrı yer» mənasını verir. Qeyd edək ki, bu fellər dinin dirəyi olan namazın vacibatında qiyam (dik durmaq), rukü (əyilmək), səcdə (alını yerə qoymaq) adlanır. Məscidləri xarakterizə edən Həzrət Ömər buyurub: «Məscidlər Allahın evləridir. Orada namaz qılanlar Allahın qonaqlarıdır. Ev sahibinə də ancaq qonağına kömək və hörmət düşər».

Deməli, məscidə girən şəxs Allahın hüzurunda olan kimidir. Həmin səbəbdən o, məscidi Allahın evi qəbul edib, orada təfəkkür, təvəkkül və təslim, hüzn, yüksək ədəb və əxlaqla davranmalıdır. Zira deyilib: «Yer kürəsinin ən qiymətli məkanı məscidlərdir. Məscid əhlinin də ən xeyirlisi ora tez girib, gec çıxanlardır. Məscidə ilk dəfə gələn İslamı ilk dəfə qəbul edən kimidir. Məscidlərə zikr və namaz üçün gedin» (Həzrət Məhəmməd). Məscidləri öz dünyəvi işlərinə alət edən riyakarlar üçün isə İmam Maliki (711-795) buyurub: «Məscidə girən münafiqlər qəfəsdəki sərçə quşlarına bənzər. Qəfəsin qapısı açılan kimi uçub qaçarlar».

Ən qüdsü məscidlər
Məscidlərin ən mübarək və müqəddəsi Məkkədəki Kəbəi-muazzamə, onun ətrafındakı Məscidi-Haram, Mədinədəki Peyğəmbər məscidi, Qüdsdəki Məscidi-Əqsa və Quba məscidləridir.

Kəbə yer üzərində tikilən ilk məbəd, ibadət edilən ilk yerdir. «Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır» (Ali İmran, 96).

Mənbələrə görə, bu ev mələklərin köməyilə Adəm (ə) tərəfindən inşa edilib. Müsəlmanların qibləsi olan Kəbə, Məscidi-Haramın ortasında tikilən dördkünclü məbəddir. Kəbə Beytulləh (Allah evi), Beytul Haram (toxunulmaz, müqəddəs ev), Bəkkə də adlanır. "(Ya Məhəmməd!) Yadına sal ki, Biz Kəbəni insanlar üçün savab və əminamanlıq yeri etdik" (Bəqara, 125). Həzrət Peyğəmbər isə buyurub: «Bu ev İslamın dirəyidir. Kim bu evi ziyarət etmək məqsədilə Həcc və Umrəyə gedərkən həmin yolda ölərsə, Allah onu Cənnətə aparar». Kəbəni ziyarət edənlərə xüsusi ehtiramın vacibliyini vurğulayan Rəbbimiz buyurub: «Beytul-harama üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin» (Məidə, 2).

Məscidi-Haram Rəbbin əmrilə b.e.ə. 2300-2100-cü illərdə Həzrət İbrahim tərəfindən Kəbənin ətrafında tikilib. Peyğəmbər (ə) buyurub: «Məscidi-Haramda namaz qılmanın fəziləti, mənim bu məscidimdə (Mədinədəki Həzrət Məhəmməd məscidində) qılınan yüz namazdan fəzilətlidir». Bu məscidə girənlərə mane olmaq böyük günahdır. Zira Rəbb buyurub: «Məscidi-Harama girənlərə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır» (Bəqara, 217). Əhdlər ancaq Məscidi-Haramda təsdiq olunur. «Onlar (müşriklər) sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca), siz də onlarla doğru-düzgün dolanın» (Tövbə, 7). Qanı Məscidi-Haramda tökülən ilk İslam şəhidi Xaris ibn-Əbu Xalə olub. O, Rəbb vəhylərini həmin məsciddə təbliğ edən Həzrət Məhəmmədi müşriklərin hücumundan qoruyarkən şəhid olub. Kəbə, Zəm-Zəm quyusu və Məqami-İbrahim bu məscidin tərkib hissəsidir.

Məscidi-Əqsa-Beytül Müqəddəs
Görkəmli İslam klassiki İbn- Xəldun (1332-1406) yazıb: «Lüğəti mənası „uzaqdakı məscid“ olan bu məbəd, Həzrət İbrahimin müasirləri sabiilər tərəfindən bir qaya üzərində ibadət edilən yer olub. Sonralar sabiilər orada Zöhrə ulduzunun şərəfinə bir heykəl də ucaldıblar. B.e.ə. 1400-1300-cü illərdə Musa (ə) Rəbbin əmrilə həmin yerdə bir qübbə tikdi. Bu Qübbəni qibləgah qəbul edən Musa (ə), İsrail oğulları ilə namaz qılarkən üzünü oraya tutardı. Həzrət Musanın vəfatından 500 il sonra Süleyman (ə) atası Davud (ə)-nin vəsiyyətinə uyğun olaraq, həmin yerdə qiymətli daş-qaşla bəzədilən bir məbəd tikdirdi. Bu məscid Buxtunnəssar tərəfindən söküləndən sonra Üzeyir (ə) tərəfindən bərpa edildi.

Eramızın 70-ci ilində məscid Roma imperiyası tərəfindən yerlə yeksan edildi və ora əkin yerinə çevrildi. Romalılar xristianlığı qəbul edəndən sonra imperator Konstantinin anası Haləmə yəhudiləri „Həzrət İsanın qatili“ hesab edərək, Beytül-Müqəddəsi murdarlayıb, oranı zibilxana etdirdi. O, Həzrət İsanın çarmıxa çəkildiyi ağacı tapdırıb, onun yerində Kuməmə kilsəsini tikdirdi. Haləmə Həzrət İsanın „o burada yoxdur“ yazılmış simvolik qəbrini də həmin kilsədə inşa etdirdi. Xristianlar sonra həmin ərazidə bir neçə kilsə tikdilər. Beləliklə, Beytül-Müqəddəs İslama qədər bu vəziyətdə qaldı. 638-ci ildə Qüdsü fəth edən Həzrət Ömər, sabiilərin ibadət etdikləri həmin qaya üzərində Süleyman (ə)-nin tikdirdiyi Beytül-Müqəddəsin yerini tapdırdı. İslam xəlifəsi oranın zibillərini təmizlətdirdikdən sonra həmin yerdə nümayişkarcasına namaz qıldı və qısa müddətdə Süleyman (ə) məbədinin olduğu yerdə Məscidi-Əqsanı tikdirdi.

Həzrət Ömər xristian və yəhudi məbədlərinin mühafizəsini öz üzərinə götürüb, İsa (ə)-nin simvolik qəbri olan Kuməmə məbədinin açarını müsəlmana verdi (Həmin açar bu gün də müsəlmanın əlindədir — V.C.). Səhih hədisə görə, „Beytül-Müqəddəs nə vaxt tikilib“ sualına Həzrət Peyğəmbər cavab verib: „Məscidi Haramdan 40 il sonra“. Peyğəmbər (ə) bu cavabı verərkən Həzrət Süleymanın tikdirdiyi möhtəşəm məbədi yox, məhz Sabiilərin ibadətgahını nəzərdə tutub. Sabiilər isə Həzrət İbrahimin müasirləri idi».

Məscidi-Əqsa aləmlərə bir rəhmət olaraq göndərilən Həzrət Məhəmmədin merac edərkən ibadət etdiyi müqəddəs yerdir. Bu barədə Rəbbimiz buyurub: «Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidi Haramdan ətrafını mübarək etdiyimiz Məscidi-Əqsaya (Beytül-Müqəddəsə, aparan Allah pak və müqəddəsdir» (İsra, 1).

Peyğəmbər Məscidi
Bu məscid Həzrət Peyğəmbərin hicrətdən sonra (622-ci il) əshab ilə Mədinədə inşa etdiyi ibadətgahdır. O, Məscidi-Rəsul, Məscidi-Səadət və Məscidi-Şərif də adlanır. Mədinəyə gələn Rəsulu Əkrəmin ilk işi müsəlmanları bir yerə toplayıb, Rəbb kəlamlarını təbliğ edən ibadət yerini — Məscidi tikdirməsi olub. Məscid, Peyğəmbər (ə)-nin şəhərə girərkən dəvəsinin oturduğu yerdə inşa edilib. Məscidin fəziləti barədə Peyğəmbər (ə) buyurub: «Mənim məscidimdə qılınan namaz, Məscidi-Haramdan başqa, digər məscidlərdə qılınan namazlardan min dəfə savabdır». Lakin Mədinənin yuxarı təbəqəsi VIII əsrdən başlayaraq, orada ibadət etməyi unudub, Mədinənin mütrüb qadınlarına və şəraba uydular. Rəbbin səbrini xilas yolu kimi qəbul etməyən camaat, 1256-cı ildə «Hicaz atəşi»nə məruz qaldı. Salnaməçilər yazıblar ki, o zaman şəhərə qaya və daşları əridən lava seli yayıldı. Şəhər əhli günahları üçün dua və tövbə edərək, Həzrət Peyğəmbərin məzarı yanındakı həmin məscidə sığındılar. Və ilahi qüdrət ilə lava nə məscidə, nə də orada sığınanlara heç bir zərər vermədi.

İslamda ilk məscid
Bu məbəd Peyğəmbər (ə)-nin Məkkədən hicrət edərkən, Mədinənin ucqar məhəllələrindən biri olan Qubada tikdirdiyi məsciddir. Məscid 622-ci ilin sentyabr ayının 20-də Həzrət Peyğəmbərin bilavasitə iştirakı ilə qubalı Gülsümün xurma qurutduğu yerdə tikilib. Bu hadisəni Quran belə bəyan edir: "(Ya Məhəmməd!) İlk gündən binası təqva üzərində qurulmuş məscid, namaz qılmağa daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər!" (Tövbə, 108).

Azərbaycanda ilk məscid
Tarixçi əl-Bələzuri (820-892) "Ölkələrin fəthi kitabı«nda yazıb: „Hicri 18-ci ildə (Miladi 639-cu il) xəlifə Ömərin sərkərdəsi Xuzeyfə İbn- əl-Yəmən Azərbaycanı dinc yolla istila edib, xilafət adından onlarla müqavilə bağladı. Əlinin xəlifəliyi dövründə (656-661) İraqdan göndərilən ərəblər Azərbaycanda məskunlaşdı. Onlar yerli əhaliyə Quran ayələrini və şəriət qanunlarını öyrədirdilər. Həmin dövrdə yerli əhalinin müəyyən hissəsi artıq Quranı sərbəst oxuyurdu. Azərbaycanda ilk məscid də xəlifə Əlinin göstərişilə canişin İbn-Qeys tərəfindən Ərdəbildə tikilib“.

Mənbələr təsdiq edir ki, artıq XI-XII əsrlərdə ölkənin aparıcı şəhərlərində məscidlər var idi. Bu gün fəaliyyət göstərən İçəri şəhərdəki (Bakı) Məhəmməd Məscidi (1078-1079), Naxçıvandakı „Cümə“ məscidi (XII əsr) və b. həmin dövrün yadigarlarıdır.

Həz.Peyğəmbərin sökdürdüyü məscid
Mədinə dövründə hər fürsətdən istifadə edən münafiqlər ilk İslam dövlətinin əsaslarını sarsıtmaq, peyğəmbərsevərlər arasında fitnə-fəsad salmaq məqsədilə özləri üçün yeni məscid inşa etdilər. Əslində bu məscid Peyğəmbər(ə)-nin tikdirdiyi Quba məscidinə alternativ idi və onlar məscidin zirzəmisində sui-qəsd üçün zirzəmi də tikdirmişdilər. Münafiqlər bu təşəbbüsü qoca və xəstələrin ibadət üçün Quba məscidinə gələ bilməmələrilə əsaslandırdılar. Bu işin təşəbbüskarı isə xristian Əbu Əmir idi. Əvvəllər Peyğəmbər(ə)-nin qatı düşməni olan Əbu Əmir, münafiqləri inandırmışdı ki, əgər məni göməkçi seçsəniz, İslam dövlətini sarsıda bilərik. Peyğəmbər(ə) 630-cu ildə Təbuk səfərinə gedərkən münafiqlər ona dedilər ki, biz yeni məscid tikmişik və sizin həmin məscidə xeyir-dua verməyiniz, orada namaz qılmağınız müsəlmanlar üçün yaxşı hədiyyə olardı.

Həz.Peyğəmbər məsələyə Təbuk səfərindən qayıdandan sonra münasibət bildirəcəyinə söz verdi. Səfərdən qayıdan Peyğəmbər(ə) nəinki məscidin istifadəsinə icazə verdi, hətta onu sökdürdü. Bu barədə Rəbbimiz buyurub: „(Quba məscidinə) zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədinə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) muğayat olmaq üçün məscid düzəldən və: “Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik»-deyə and içən münafiqlərin, həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir! (Ya Məhəmməd!) Orada heç vaxt namaz qılma". (Tövbə: 107,108). Göründüyü kimi söz, vicdan, etiqad və din azadlıqlarını özləri üçün bir maska edən münafiqlərin əsl məqsədi dövləti çökdürmək, müsəlmanlar arasına fitnə toxumunu səpmək olub. Halbuki, Allah evləri-məscidlər sülh, əmin-aman, ibadət yeridir. Bu məscidlərdə edilən ibadət həm də kölə yox, azad insan ibadəti olmalıdır. Bunun üçün isə məscidlərin yerləşdiyi torpaq-Vətən dediyimiz məkan azad, müstəqil, suveren olmalıdır. Məhz buna görə Həz.Peyğəmbər buyurub: «Vətən imandandır»

«Fatimeyi Zəhra» adı kimi yaşayacaq
Son 2-3 ildə ölkədə bəzi məscidlərin bağlanması, sökülməsi xəbəri dolaşmaqdadır. Heç bir ciddi səbəb olmadan məscidləri sökənlər üçün Rəbbimiz buyurub: «Allah məscidlərində Allah adının çəkilməsinə maneçilik törədən, onların dağıdılmasına çalışanlardan daha zalım kim ola bilər? Halbuki, onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə əzab gözləyir!» (Bəqara 114).

2009-cu ildən bağlanan məscidlər əsasən bunlar olub: "Şəhidlər camisi", "Əbu Bəkr", «Fatimeyi Zəhra» və «Peyğəmbər (ə)» məscidləri. Onların bəziləri təmir-tikinti, bəziləri isə qanunsuz tikili adı ilə bağlanıb. Lakin danılmaz faktdır ki, burada məmur özbaşınalığı, məsələyə sırf bürokratik yanaşma tərzi də istisna edilmir. Mətbuatın verdiyi məlumata görə, "Şəhidlər camisi" yaxın günlərdə fəaliyyətini bərpa edəcək. «Fatimeyi Zəhra» məscidi ətrafında dolaşan xəbərlərə, məhkəmə çəkişmələrinə isə ölkə prezidenti İ.Əliyev birmənalı son qoydu. Prezident bu məscidin sökülməyəcəyinə qərar verdi. Bununla o, Allah evlərindəki ibadətin-sucudun (səcdənin) surur (sevinc), qürur və tuhurla (çox pak, ixləsli) icra edilməsi üçün həm Rəbb və Peyğəmbər(ə) kəlamlarına sadiqliyini, həm də ölkə Konstitusiyasının qarantı olduğunu nümayiş etdirdi.

O ki qaldı İrandakı bəzi ayətullahların Azərbaycanın daxili işlərinə kobud tərzdə müdaxilə edərək, İslamı sünni-şiə və dəgər firqələrə bölməsinə, bu, ən azı onların daşıdığı ali dini rütbəyə-Ayətullaha (lüğəti mənası-Allahın rəmzi) bir kölgədir.

Unutmayaq ki, Rəbbimizin Həz.Peyğəmbərə ünvanladığı: "(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır" (Ənam, 159) kəlamı, Onun həm də bütün müsəlmanlara ünvanladığı bir xəbərdarlıqdır.

Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.- 17 may.- S. 12.

0 şərh