“Yasin” surəsinin ölən insana təsiri varmı?

Ölüm bir həqiqətdir ki, heç kəs ondan qaça bilməz. Ona görə də insan dünyadakı əməllərinə diqqət etməlidir ki, ölən zaman həsrət çəkənlərdən olmasın.

Ölüm — yox olmaq demək deyildir. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: «Siz fani olmaq və yox olmaq üçün xəlq olmamısınız, bəlkə qalıcı olmaq üçün xəlq olmusunuz».

O zaman ki, ölənlərimizin qəbri üstünə gedirik, onlara nə isə hədiyyə etmək istəyirik. Quran oxumaq ölənlərimiz üçün ən yaxşı hədiyyədir.

İmam Sadiq (ə) buyurur: "Ölən insan, ona görə istənilən rəhmət və bağışlanmağa görə şad olar. Necə ki, diri insan ona verilən hədiyyəyə görə sevinər".

«Yasin» surəsi o hədiyyələrdəndir ki, həm oxuyana və həm də ölüyə şamil olunar. Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: «Hər kim qəbiristanlıqda „Yasin“ surəsini qiraət edər, o qəbiristanlığın qəbir əhlinin əzabı azalar. Ölülərin sayı qədər qari üçün savab yazılar.

Dünya bəlaları və axirət əzabları ondan dəf olar. Bu səbəbdən həmin surəni „Dafiyə“ adlandırırlar».

Beləliklə, məlum olur ki, «Yasin» surəsinin ölən insanlar üçün çox böyük təsiri var. Necə ki, xəstəxanada yatan insan dərman və vitamin gözləntisində olar, ölən insan da salavat, dua, sədəqə, zikr, «Yasin» və digər surələrin oxunub hədiyyə edilməsi intizarında olar.
Rəhmətə gedənlərimizin gözünü yolda qoymayaq…

milli.az

0 şərh