Uşaqlarda qasıq yırtıqları

Yırtıqların arasında qasıq yırtıqları uşaqlarda daha tez-tez rast gəlinən patologiyadır. Uşaqlarda qasıq yırtıqları anadangəlmə patologiyadır. Bunun səbəbi qasıq kanalının bətndaxili inkişafının pozulmasıdır.

Oğlanlarda bu patologiyaya daha tez-tez rast gəlinir. Bu oğlanların fizioloji xüsusiyyətləri ilə bağlıdır. Adətən yırtıqlar oğlanlarda sağ tərəfdə olur.
Yırtıq uşaq doğulduqdan dərhal sonra, bəzi halarda 1 yaşına yaxın, bəzən daha böyük yaşlarda özünü büruzə verə bilər.

Yırtığın əsas simptomu uşağın qasıq nahiyəsində olan şişkinlik, asimmetriyadır. Bu şişkinlik uşaq ayaq üstə olanda daha yaxşı görünür, uzananda isə «itir». İlk dəfə bu şişkinlik uşaq çoxlu ağladıqdan, qışqırdıqdan, öskürdükdən, qəbizlik zamanı gücəndikdən sonra müşahidə oluna bilər. Lakin bu o demək deyil ki, öskürək, ağlama və ya qəbizlik yırtığın inkişafına səbəb olub. Bu yırtıqlar anadangəlmə pozulmadır.

Adətən şişkinlik birtərəfli, çox nadir hallarda ikitərəfli olur.
Yırtıq uşağı adətən narahat etmir. Məhz bu səbəbdən yırtıqlar uşaqlarda bir çox hallarda təsadüfən cərrahın profilaktik müayinəsi zamanı aşkar edilir. Yalnız böyük və ya sıxılmış yartıqlar uşaqlarda narahatçılığa, ağrılara və digər pozulmalara (ürəkbulanması, qusama) səbəb olurlar.

Oğlanlarda qasıq-xayalıq yırtığı variantı mümkündür. Bu zamanı xayalığın ölçüləri böyümüş olur.

Yırtığın əsas təhlükəli fəsadı onun sıxılmasıdır. Bu zaman qarın boşluğundan qasıq kanalına düşmüş bağırsaqlar, piylik, qızlarda — yumurtalıqlar və uşaqlıq borusu burada sıxılır, orqanın qan təchizatı dayandırılır və nəticədə bu orqanın nekrozu (məhv olunması) inkişaf edə bilər.

Bu çox təhlükəli haldır! Bu zaman təcili cərrahiyyə əməliyyatı keçirilməlidir. Əks halda xəstə həlak ola bilər.

Bu səbəbdən cərrahların əksəriyyətinin fikirinə görə, yırtıq aşkar olunduqdan sonra uşaq planlı şəkildə əməliyyat olunmalıdır ki, gələcəkdə yırtığın sıxılması kimi ağır fəsad inkişaf etməsin.

Mənbə: saglamolun.az
 

0 şərh