Təhsilin məzmunu anlayışı

Təhsil pedaqoji prosesin mühüm bir tərkib hissəsidir. O, xalq təsərrüfatı üçün ixtisaslı kadrlar hazırlamaq məqsədinə xidmət edir. Təhsil müxtəlif məktəb pillələrində, müxtəlif səviyyələrdə verilir. Bu mənada ibtidai, orta, texniki peşə, orta ixtisas, ali təhsil fərqləndirilir. Hər sonrakı pillədəki təhsil əvvəlki pilləyə əsaslanır.

İnsanın öz təhsilini artırması yollarından asılı olaraq özünütəhsil, fasiləsiz təhsil, ixtisasartırma təhsili ifadələri işlədilir.

Təhsil dedikdə, tədris müəssisələrində verilən, tərbiyə və inkişaf imkanlarına malik olan bilik, bacarıq və vərdişlər sistemi başa düşülür.

Təhsilin məzmunu didaktikanın əsas problemlərindən biridir: bəşəriyyətin əldə etdiyi biliklər xəzinəsindən nələri seçib, ayrı-ayrı yaş dövrlərində və təhsil müəssisələrində öyrətmək lazımdır? Təlimin müvəffəqiyyəti bu problemin düzgün həllindən çox asılıdır.

Təhsilin məzmunu bir neçə amillə müəyyən edilir:

a) cəmiyyətin tələbatı, elm və texnikanın inkişaf səviyyəsi, ictimai
quruluşun xarakteri ilə;

b) təlimin məqsəd və vəzifələri ilə;

c) şagirdlərin real təlim imkanları ilə.

Təhsilin məzmunu bütöv təlim prosesinin mühüm bir ünsürü kimi, özündən əvvəl gələn ünsürlə - təlimin məqsədi ilə şərtlənir. Bəs təlimin (məktəbin) başlıca məqsədi nədir?

Bu sualla bağlı pedaqogika tarixində təhsilin məzmununa dair müxtəlif nəzəriyyələr mövcud olmuşdur: formal və maddi təhsil nəzəriyyələri (XVIIIXIX əsrlərdə).

Formal təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi şagirdlərin ağlını, zehni qabiliyyətlərini inkişaf etdirməkdir. Bu mövqedə duran pedaqoqların fikrincə, elmi bilikləri öyrənmək üçün məktəb illəri kifayət deyildir. Başlıca vəzifə şagirdlərin zehnini inkişaf etdirməkdir: zehni cəhətdən inkişaf edən insan istədiyi biliyi müstəqil əldə edə bilər. Bu nəzəriyyə məktəbdə zehni inkişafa imkan verən fənləri - qədim və müasir dilləri, riyazi fənləri keçməyi təklif edirdi. Vaxtilə klassik gimnaziyalarda, mədrəsələrdə təlim bu səpgidə qurulurdu.

Maddi təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi həyatda bilavasitə lazım olan praktik bilik və bacarıqlar verməkdən ibarətdir. Bu mövqedə duran pedaqoqların fikrincə, məktəbdə faydalı həyati biliklər verən fənlər - təbiətşünaslıq, botanika, biologiya, kimya, fizika və s. keçirməlidir. Vaxtilə real məktəblərdə təlim bu cür qurulurdu.

Göstərilən hər iki nəzəriyyə birtərəflidir, çünki onlar təlimin əsas məqsədlərini ayırır və bir-birinə qarşı qoyurdu. Bu metafizik nəzəriyyələrdən fərqli olaraq, dialektik nəzəriyyə təlimin hər iki məqsədini vəhdətdə götürür: təlim həm bilik verməli, həm də zehni qabiliyyətləri (ağlı) inkişaf etdirməlidir. Məktəbdə keçilən fənlər bu məqsədlərin yerinə yetirilməsinə xidmət etməlidir. Təhsilin məzmunu elə qurulmalıdır ki, şagirdlər biliklərlə yanaşı, zehni qabiliyyətlərə, təfəkkür metodlarına da yiyələnmiş olsunlar.

0 şərh