Körpələrdə böyrək genişlənməsi

Hidronefroz — böyrəyin maye ilə dolaraq genişlənməsi körpələrdə tez-tez rast gəlinən bir vəziyyətdir. Uroloq-androloq, uzman həkim Ülviyyə Əliyeva bildirib ki, buna hətta antenatal (doğumdan əvvəl) dövrdə belə rast gəlinir.

Hamiləliyin ilk həftələrində aparılan ultrasəs müayinəsi (USM) zamanı körpədə bu problem aşkarlana bilir. Oğlan uşaqlarının 1%-də, qız uşaqlarının isə 0.5%-də təsadüf olunur.

Mütəxəssis qeyd edib ki, keçici böyrək genişlənməsi ən sıx qarşılaşılan vəziyyətdir. Tək tərəfdə və ya hər iki böyrəkdə görülə bilər. Ultrasəs müayinəsi zamanı körpədə az miqdarda böyrək genişlənməsi halları müşahidə edilir. Hamiləlik zamanı və doğumdan sonra aparılan ultrasəs müayinəsində xəstəliyin azaldığı və ya yox olduğu görülür.

Böyrəyin maye ilə dolması ureter tıxanıqlığı, yəni sidiyi böyrəkdən sidik kisəsinə daşıyan kanalların tıxanması zamanı da meydana gəlir. Tıxanmalar ən çox böyrəyin çıxışında sidik kanalının başladığı yerdə yaranır. Böyrəyin içində sidiyi yığan kanallar boşalmadığı üçün zamanla genişlənir.

Tıxanma böyrəkdən sidiyi daşıyan kanalın sidik kisəsinə birləşdiyi yerdə də ola bilər. Bu zaman həm böyrəkdə, həm də sidik kanalında genişlənmə yaranır. Bunlar 90% hallarda uşaq böyüdükcə aradan qalxır. Bir qismində isə əməliyyat tələb olunur.

e-tibb.az

0 şərh