Yenidoğulanların tranzitor-keçid vəziyyətləri

Yenidoğulanın həyatının ilk günlərində xarici mühit amillərinə qarşı uyğunlaşması zamanı baş vermiş dəyişikliklərə tranzitor — keçid vəziyyətlər deyilir. Bu vəziyyətlərə aşağıdakılar aid edilir:

  • Milia — burun pərdələrinin üzərində, üzdə, alında və bə­dənin müxtəlif nahiyələrində 1-2 mm ölçüdə sarıya çalan vezi- kulanı xatırladan səpgilərlə səciyələnir. Bu səpgilər piy vəzi­lərinin çıxacağının tutulması nəticəsində əmələ gəlir.
  • Doğuş şişi — dərialtı toxumaların ödemləşməsinə deyi­lir. Ödemlər müxtəlif həcmdə müşahidə edilə bilər. Müalicə tələb etmədən kecib gedir.
  • Sadə eritema — uşaq doğulduqdan sonra bədənin səthində olan ilkin yaxmanın təmizlənməsindən sonra dərinin qızarması qeyd olunur. Bu qızarma 2 — ci sutkada artır, ancaq 1 həftəyə kecib gedir.
  • Toksiki eritema bədənin müxtəlif nahiyələrində erite- matoz səpgilər müşahidə edilir. Bəzən bu səpgilər bir — biri ilə birləşərək bütün bədən səthini əhatə edir. Bu səpgilər 2-3 gün ərzində keçib gedir.
  • Fizioloji kəpəklənmə ən çox sadə eritemadan sonra baş verir. Qarın, döş və bədənin müxtəlif nahiyələrinin dərisində iri ölçüdə kəpəklənmələr qeyd olunur. Müalicə olunmadan keçib gedir.
  • Hormonal kriz hamiləliyin son aylarında uşağa estro- genlərin keçməsi nəticəsində meydana çıxır. Döş vəzilərinin şişkinləşib böyüməsi, qızlarda deskvamativ vulvovaginit, uşaqlıq yolundan qanlı ifrazat, oğlanlarda döş vəzi və xayaların hiper- piqmentasiyası qeyd edilir.Bu kriz müalicə tələb etmədən 1-2 gün ərzində keçib gedir.
  • Tranzitor hiperbilirubinemiya həyatın ilk günlərində meydana çıxır və 60-70% hallarda tranzitor sarılıqla müşayiət edilir. Yenidoğulmuşlarda qeyd olunan bu hal eritrositlərin he- molizinin tezləşməsi, qlükuroniltransferaza fermentininçatış- mazlığı və s. nəticəsində qeyd olunur. Dərinin sarılığı həyatın ilk 2-3 günü meydana çıxır və 5-7 gün ərzində sağalma olur.
  • İlkin bədən kütləsinin tranzitor itkisi həyatın ilk 3-4 günü baş verir. Bu itki fizioloji itki adlandırılır. Buna səbəb uşağın kifayət qədər qidalanmaması, tənəffüs və bədən səthi vasitəsi ilə maye itkisi təşkil edir. 6-7 gün ərzində bu itki bərpa olur.
  • Tranzitor hipoqlikemiya həyatın ilk günlərində təyin olunur. Yenidoğulmuşlar aclıq zamanı energetik ehtiyatlarından (qlikogen) istifadə edərək energetik təlabatı ödədiyi üçün bu ehtiyatlar tez tükənir.
  • Tranzitor hipotermiya yenidoğulmuşlar doğulduqdan sonra onları əhatə edən mühitin hərarəti bətndaxili mühitdən 12­15 0C — dən aşağı olur. Ilk 30 dəqiqədə bədən səthinin hərarəti enir və 60 dəqiqədə minimuma çatır. Ətraflarda hərarət daha aşağı olur. İlk sutkada bədən hərarəti yüksəlir və daimi olur.

BƏTİNDAXİLİ İNFEKSİYALAR

Bətndaxili infeksiya- ante- və intranatal dövrdə dölün və yenidoğulanın, infeksiyalaşmış anadan yoluxması nəticəsində baş verən xəstəlikdir. İltihabi prosesin döldə və yenidoğulmuşda hansı dəyişikliyi əmələ gətirməsində hestasiya yaşının böyük rolu vardır. Belə ki, patoloji prosesin törədicisi embrional dövrdə dölə təsir edibsə, iltihabın ancaq alternativ komponenti yaranır. Bu proses erkən fetal dövrdə qeyd edilirsə alternativ kom­ponentlə yanaşı proliferativ, gec fetal dövrdə təsadüf edilirsə, damar komponenti də müşahidə edilir.

Bətndaxili inkişafın ilk dövründə baş vermiş infeksion proses dölün ölü doğulmasına və ya hamiləliyin düşüklə nəticələnməsinə səbəb olur. Transplasentar yolla infeksiyalaşma sitomeqalovirus, sadə herpes virusu, məxmərək, hepatit B və C ilə olur.Yoluxma hamiləliyin 2-ci və 3-cü trimestrinə təsadüf edirsə, döl ayrı-ayrı üzvlərin zədələnməsi (meningit, menin- qoensefalit, hepatit və s.) ilə doğulur.

Antenatal dövrdə dölyanı mayenin infeksiya ilə yoluxması təmas vasitəsi ilə (uşaqlıq və ya ciftdən), qalxan (patoloji proses uşaqlıq yolunda və ya uşaqlıq boynunda olduqda) və enən (infeksiya qarın boşluğundan uşaqlıq boruları vasitəsi ilə yayıl­dıqda) yollarla baş verir. Bu halda törədici tək viruslar deyil, bakteriyalar, göbələk, mikoplazma, xlamidiya və s. ola bilər.

İntranatal dövrdə yoluxmada xlamidiya, qrammənfi şərti- patogen mikroflora (protey, klebsiella, bağırsaq və göy-yaşıl irin çopləri və s.), stafilakok və s. iştirak edirlər. Doğuş zamanı infeksiyalaşma çox vaxt generalizə olunmuş neonatal infeksiya kimi (septik gedişli) özünü biruzə verir.

Klinika

Törədicisi müxtəlif etiologiyalı olan bətndaxili infeksiya- ların ən çox rast gələn klinik əlamətləri aşağıdakılardır:

  • bətndaxili inkişafın ləngiməsi
  • hepatosplenomeqaliya
  • tənəffüs, urək, qan-damar çatışmazlığı
  • anemiya
  • dəridə müxtəlif səpgilər, trofik dəyişikliklər
  • nevroloji əlamətlər
  • qüsurların olması
  • enterokolit və s.

Diaqnoz

Bətndaxili infeksiya diaqnozunun qoyulmasında iki üsül- dan istifadə edilir:

  • Düz
  • Qeyri-düz

Düz metodla yenidoğulmuşun orqanizmində törədicinin antigenləri təyin edilir. Bu aşağıdakı üsullarla aparılır:

  • Mikroskopik üsul (bakterioskopik)
  • Virusoloji üsul
  • Molekulyar- bioloji üsul.

Qeyri-düz (seroloji) üsulla yenidoğulanın nəticələrinin qiymətləndirilməsində ananın seroloji testlərinin nəticələri nə­zərə alınır.

  • Latent forma — bu zaman hamilə qadının qanında İgG- nin səviyyəsi qismən yüksək olur. Bu anada yoluxmuş infeksi- yanın antigenlərinə qarşı müdafiə reaksiyası kimi immunitetin əmələ gəldiyini göstərir. Qeyd olunan hal döl üçün təhlükə yaratmır.
  • Aktiv forma — bu zaman hamiləlik dövründə İgG-nin titrinin artması, İgM -nin qismən yüksəlməsi müşahidə olunur. Hamilə qadında artıq bu formada antigenlər aşkar olunur. Bu hal hamiləlik vaxtı infeksiyanın residiv verdiyini göstərir. Bu formada dölün infeksiyalaşması 8% təşkil edir.
  • Kəskin infeksiyalaşan forma — bu dövrdə hamilə qadında İgM-in titrinin artması, İgG-nin isə azalaması qeyd olunur. Anadan dölə infeksiyanın yoluxması 50% təşkil edir.

Müalicə

Aparılan müalicə patogenetik və simptomatik olmalıdır. Törədici virus olarsa, virusəleyhinə müalicə (Asiklovir, Qansik- lovir), bakterial mənşəli olarsa, antibakterial müalicə (sefalo- sporinlər, makrolitiklər, aminqlükozidlər və s.), immunterapiya (Sandoqlobulin, Pentaqlobulin, Oktaqam) və sindromlu müalicə (MSS-nin perinatal zədələnməsində, pnevmoniyada və s.) aparılır.

Proqnoz

Bətndaxili infeksiya generalizə olunmuşsa, 80% halda letallıq müşahidə edilir.

 

Mənbə: «UŞAQ XƏSTƏLİKLƏRİ» dərsliyi, AZƏRBAYCAN TİBB UNİVERSİTETİ, 2018
Müəlliflər:
Əməkdar elm xadimi, professor, tibb üzrə elmlər doktoru    A.A.ƏYYUBOV
Professor, tibb üzrə elmlər doktoru    H.H.QABULO
Professor, tibb üzrə elmlər doktoru    N.H.SULTANOVA

0 şərh