Həqiqət - Nüsrət Kəsəmənli

HƏQİQƏT

Həqiqəti pıçıltıyla dedilər

Haylı-küylü yalanların içində.

Həqiqəti daim başda gördülər,

Oda düşüb yananların içində.

Yeri düşsə qum göyərər, daş çıxar,

Bir doğruyla neçə yalan boş çıxar,

Bacarırsan həqiqətlə baş çıxar

Həqiqəti dananların içində.

Sən doğru de, söyləməmiş başqası,

Söküləcək yalanların maskası,

Qiyməti də artıq olar daş-qaşın

Köhnə, nimdaş palanların içində.

Sovrulacaq bir gün hədər yalanlar,

Öz xeyrini ancaq güdər yalanlar,

Ölülərlə ölüb gedər yalanlar,

Doğru yaşar qalanların içində.

Yalan deyib, gizli-gizli öyüyüb,

Hər yalançı təsəlliyə keyiyib,

Doqquzaylıq bir həqiqət böyüyüb

Saçlarını yolanların içində.

Mən könlümü həqiqətə vermişəm,

Qapısını açıq görüb, girmişəm.

Həqiqəti mən təzə-tər görmüşəm,

Ömrü-günü solanların içində.

Kölgəsinə mahal yığar qoca tut,

Sən üzünü doğru üçün borca tut,

Həqiqətin bayrağını uca tut

Yalan deyən nadanların içində.

 

4 şərh

tarixci1919
Yalan min cür şəklə girə bilər. Həqiqətin isə cəmi bir üzü var. N.Kəsəmənli- dəyərli şairimiz. Çox sağ ol.
BaRLeLiTa
Sən də sağ ol Oxuduğun üçün.
pascal
Sənətkarı şəxsiyyətindən ayırıb sevmək, eybəcərliyə doğru aparır. Təəssüf ki, mən bu şairin məhəbbətə aid yazdığı şeirlərin oxuyarkən bu dilemma qarşısında qalmışam həmişə. 
Bu şeiri gözəldir.  
heyatin-ellerinde

Bu şeir gözəldir. Amma mən də məhəbbət mövzulu şeirləri nə qədər içdən yazılsa da ( ya da görünsə də) sevə bilmirəm.