Yalan çeyniyə- çeyniyə

Yalan sözü at ağzına, dolan çeyniyə- çeyniyə,

Tüpür acı həqiqətə, yalan çeyniyə- çeyniyə,

 

Tutub zəif damarımı, alıbdır ixtiyarımı,

Qoyub gözəl diyarımı, talan çeyniyə- çeyniyə,

 

Silib- süpürdü düzləri, yeyib qutardı bizləri,

O yan çeyniyə- çeyniyə, bu yan çeyniyə- çeyniyə,

 

Bu ölkənin harınları doyunca ölmə eşşəyim,

Qoşul mənə vəkil seçək, saman çeyniyə- çeyniyə,

 

Baxib ətə marittiyir, corabların yamatdıyır,

Az. Tv də şaqattıyır, banan çeyniyə- çeyniyə,

 

Amerikanın tüpürdüyün məqam tapıb at ağzına,

Fəxarət ilə barmağa dolan çeyniyə- çeyniyə,

 

Görüb bizi yeyinnəyib, ipin ucun düyünnəyib,

Bu torpağı peyinnəyib, İvan çeyniyə- çeyniyə,

 

Qoyun da inkişafdadı, çoban da inkişafdadı,

Qoyun göyşüyə- göyşüyə, çoban çeyniyə- çeyniyə,

 

Ata uzaq «kray» dadı, ana uçub «Dubay» dadı,

Tifillər ahu- vaydadı, güman çeyniyə- çeyniyə,

 

Necə deyim ki, çeynəmə ayıbdır tulla saqqızı,

Əgər çalıbsa laylayın, anan  çeyniyə- çeyniyə,

 

Ötən zamanla düşmanam, gələn Zamana qurbanam,

Zamanlar içrə pünhanam, yaman  çeyniyə- çeyniyə,

 

Əgər ömür vəfa qıla, ölüncə çeynərəm səni,

Desinlər öldü Pünhana, ilan  çeyniyə- çeyniyə.

 

1 şərh

pascal
Necə deyim ki, çeynəmə ayıbdır tulla saqqızı,
Əgər çalıbsa laylayın, anan çeyniyə- çeyniyə.

Yazıq bu millətin laylası belə çalınıb...

Çox sağ olun topikə görə, hər dəfə sevərək oxuyuram bu KİŞİNİN şeirlərin. Allah ona qəni-qəni rəhmət eləsin.