" Müəllim " deməyin... !

Yaman ucuzlaşıb axır zamanlar
Müəllim kəlməsi qiymətdən düşüb
“Müəllim” çağırır niyə nadanlar?!
Yoxsa ki,müəllimlər hörmətdən düşüb?

Özündən razıdır bax ədasına
Hər addım başında “buyur” deyən var
“Müəllim” adlanır pul bahasına
Saray tikdirənlər,dükan açanlar.

Polisə polis de, nazirə nazir
Belə olmalıdır düzünə qalsa
Müəllim olmayıb hazıra nazir
Öz adı bəsidir, özünə qalsa.

Biz ondan Vətəni sevmək öyrəndik
Onun zəhmətidir oxu, yazı da
Müəllim olmasa yaza bilməzdik
Vallah ölənədək adımızı da!

Əməli çıxarıb bizləri yaza
Odur ki,ömrümüz güllü-bahardır
Deyirəm, bu böyük insan olmasa
Bəşər cəhalətdə itib-batardı.

Vərdişdir, ya da ki, həvəsdir-bəsdir!
Sizə and verirəm doğma Vətənə
Amaldır, bu kəlmə çox müqəddəsdir
MÜƏLLİM DEMƏYİN YOLDAN ÖTƏNƏ
 

4 şərh

tarixci1919
Fikir vermək lazımdır ki, başqa heç bir peşə adını həmin peşənin sahibi olmayan adama demirlər, bu onu göstərir ki, müəllim necə də hörmətli və yüksək bir sənətdir. Müəllim olmayan birinə belə müraciət edilməsinin tərəfdarı deyiləm, amma elə müəllim adını daşıyan var ki, bu peşənin tələb etdiyi heç bir keyfiyyəti onda görmək olur, hətta bu ada yaraşmayan işlər də görürlər. Müəllim gərək aldığı maaşa şagirdlərindən daha çox əhəmiyyət verməsin.
istorik_c
Müəllim adı da Hacı titulu kimi  son zamanlar  yaman populyar olub
kurdamir
Maraqli şeirdir.Müəllifi kimdir?
MURAD_SEYFULLAYEV
Bəşər çətin, amma biz xəbərimiz olmasa da artıq cəhalətin içindəyik, batmaqda olduğumuzu isə son nəfəsimizi boğularaq cəhalətə təslim edəndə anlayacağıq. Onda isə təəssüf ki, çox gec olacaq, hər şeyimizi itirəcəyik, kimlərsə hər şeyi dəyişə biləcəyimiz hal-hazırkı zamanın dəyərini bəlkə də batarkən anlayacaq, amma əksəriyyət isə daim ölü olmuş kimi heç batmaqlarının da fərqinə varmayacaq.