Ovqatımın iqlimi

 
Gün kimi gah çıxıb, gah batanımsan,
Mənim mühitimi yaradanımsan.


Gün kimi çıxdınsa, dönərəm günə,
Batdınsa, bataram zülmət gölünə.


Sən varsan, dünyamda hər şey var mənim,
Yoxluğun dünyamı boşaldar mənim.


Sən varsan, baxaram dost tək düşmənə,
Sənin rəqibin də əzizdir mənə.


Sən varsan,
                dünya var
                        orda varam mən.
Sən yoxsan, varlıqla barışmaram mən.


Varsansa, daşlar da açar gül-çiçək,
Yoxsansa,
               çiçək də daşa dönəcək.


Sən varsan, özümə möçüzəyəm mən,
Sən yoxsan, özümlə üzbəüzəm mən.


Qəlbindən asmışam mən öz qəlbimi
Sən gözə görünməz bir ətir kimi
Ruhuma, könlümə səpələnənsən,
Mənim ovqatımın iqlimi sənsən.

B. Vahabzadə


4 şərh

puma
Bu şeirin mahiyyəti  Baba Vəziroğlunun «Hava haqqında» kı şeirilə oxşar olsa da, hər ikisi ayrı-ayrılıqda çox gözəldi. Axtarmışdım, internetdə Bəxtiyar Vahabzadənin bu şeiri yox idi. İlk nəşr edən siz olduğunuza görə də ayrıca minnətdaram. :)
Ferbara
Şeirə görə Pascala təşəkkür düşür. O, şeiri tapıb. Bəyəndiyinizə sevindim. :)
puma
Ayrıca, topikə səs vermək istədim, alınmadı. Səbəb?
Ferbara
Sayt hələ özünə gəlməyib yəqin, ona görə. :)