Qəbir

Qəbrini qazıram arzularımın.
Özüm öz arzuma qatil olmuşam.
“Xoşbəxtlik” adında bir xəyalımın,
Sən demə, sadəcə, qurbanıymışam.
Qəhrəman sayırdım mən də özümü
“Həyat” ismi olan qəddar savaşda.
Uduzub, açaraq ona gözümü,
Gördüm, düşmən olub doğma qardaş da.
Görünür, qəribə döyüşdü həyat.
“Vur ki, vurmasınlar” – olub tək qayda.
Məğlubsan, nə qədər etsən ehtiyat:
Öldürsən – qatilsən, ölsən – nə fayda?
Sanarıq, baxırıq diqqətlə ona,
Həyata dörd açıb gözlərimizi.
Tək göz yox, qəlb baxsa həyat yoluna,
Görərik, nə sirlər gözləyir bizi.
Bəlkə da, savaşa başladım erkən,
Bəlkə, başlamadan məğlub olmuşam.
Bir daşmı vururdu sinəmdə, görən,
Bir kora hədiyyə güzgü almışam.
Kor adam alaraq güzgünü ələ,
Gətirdi aynanı gözünə sarı.
Baxsa da, görmürdü aynada heç nə,
Gülüşlə boğurdu göz yaşlarını.
Sadəcə baxaraq bu mənzərəyə,
Gördüm ki, əslində kor o deyilmiş.
Qatili qoysaq da biz igidliyə,
“Zalongo rəqqası” qəhrəman imiş.
Döyünə bilərmi, görən, daş ürək?
Almazmı gücünü ürək duyğudan?
Duyaraq yaşasın insanlar gərək:
Yaşamaq fərqlənir mövcudiyyatdan.
Qəbrini qazıram arzularımın.
Bəlkə arzumun da yaşam haqqı var.
Ölməsin görərək xəyallarının,
Yaşayır arzuya qəbirqazanlar.
Cavidan Haciyev

0 şərh