Sevdim | Pol Elüar

Səni,
Tanımadığım bütün qadınların yerinə sevdim
Yaşamadığım bütün zamanların yerinə,
Sonsuzluğun geniş qoxusu,
İsti çörək ətrinin xətrinə,
Əriyən qarın,
İlk açılan çiçəklərin yerinə
İnsandan hürkməyən suçsuz heyvanların xətrinə
Səni sevginin xətrinə sevdim.
Səni,
Bütün sevmədiyim qadınların yerinə sevdim.
Kim səndən özgə məni özümlə tanışdıra bilər ki?
Çox az özümü gördüm, çox az.
Sənsiz,
Başqa zamanlarla indi arasında,
Geniş bir boşluqdan başqa heç nə yox.
Keçə biləmədim bir tür divarından,
Qarşımdakı güzgünün.
Həyatı kəlmə-kəlmə öyrənməm gərək,
Kəlmə-kəlmə unudulduğu kimi.
Düşüncən üçün sevirəm,
Mənim olmayan düşüncən üçün
Sağlamlıq xətrinə,
Xəyaldan başqa heç nə olmayan şeylərin xətrinə,
Önünü heç zaman kəsmədiyim ürəyim üçün sevirəm.
Özünün bir şübhə olduğunu sandın,
Amma sən əminliyin özüsən.
Sən,
İçimin qaranlığına daldığım zaman,
Beynimə fışqıran bir günəş şüası...
 
Pol ELÜAR
Tərcümə: Dalğa XATINOĞLU

0 şərh