Məndən bir də olmayacaq!

Var olacaq, yox olacaq,
Məndən birdə olmayacaq!
Gözəl qızlar çox olacaq,
Məndən bir də olmayacaq! 
 
Gecə-gündüz çıraqla sən
Hələ məni gəzəcəksən,
Axtarmaqdan bezəcəksən,
Məndən bir də olmayacaq!
 
Yollara gül ələsən də,
Səhər-axşam diləsən də,
Başına kül ələsən də,
Məndən bir də olmayacaq! 
 
Başqa yaz, bahar gələcək,
Yağış yağıb, qar gələcək,
Dünya sənə dar gələcək,
Məndən bir də olmayacaq! 
 
Düz qeddini əyəcəksən,
«Hayıf ona» deyəcəksən,
Dizlərinə döyəcəksən,
Məndən bir də olmayacaq! 
 
Yatma belə, hələ oyan,
Getmə belə, hələ dayan,
Səni sevən, səni duyan
Məndən bir də olmayacaq!
 
Baba Vəziroğlu
 
 

0 şərh