Parçalanmış nar kimiyəm

Parçalanmış nar kimiyəm,
gilə-gilə səpilmişəm əhatənə.
Topla məni
parça-parça,
tikə-tikə,
dənə-dənə.
Bir sözünlə dağıt yenə.

Bax, beləcə ötüb keçər
bu ömür-gün aram-aram.
Mən səninçün
milyon kərə toplanaram,
milyon kərə dağılaram.

Elə bilmə əzilmişəm,
yox, hələ də qarşındayam,
dayanmışam məğrur-məğrur.
Sükut-sükut addımlayıb
intizarım saçlarında yuva qurur.

Bilirəm ki, bir darıxmaq
alar məni saçlarının arasından 
bir qəzəblə çırpar yerə.
Elə çırpar dənələrim
səpələnər bu şəhərə.

Sənsə yenə
sənsə yenə
Sənsə yenə
topla məni 
gilə-gilə,
dənə-dənə.

Bax, beləcə, 
yığ təzədən yarat məni. 
Qorxma, yenə parçalayar 
zəhlətökən həyat məni…

Orxan Bahadırsoy

0 şərh