Mən küsüb gedirəm | Ramiz Rövşən

Mən küsüb gedirəm...
Qoy hamı qalsın,
 
Mən küsüb gedirəm bu yer üzündən.
Oğulam – qoy dərdim anama qalsın,
Atayam – qoy balam küssün özündən.
  
Dünya ucuz saydı, ya baha bildi?!
Nə satan tapıldı, nə alan məni.
Nə Allah dünyaya bağlaya bildi,
Nə atam, nə anam, nə balam məni.
 
İlahi, səndən də sındı ürəyim,
Məni küsdürənin yekəsi sənsən.
Dünyanın ən uzaq… ələ gəlməyən,
Boğazdan keçməyən tikəsi sənsən.
 
Mən sənin yanına uça bilərdim.
Uçmuram, beləcə küsüb gedirəm.
Mən sənin sirrini aça bilərdim,
Açmıram, beləcə susub gedirəm.
 
Yandırıb gedirəm bu varağı da,
Bu şeirin külünü kim oxuyacaq?
Söndürüb gedirəm bu çırağı da,
Məni qaranlıqda itirmə ancaq.
 
İlahi, küssəm də səninəm yenə,
Gözün axıracan üstümdə olsun.
Bu sonsuz dünyanın son nöqtəsinə,
Gedib çıxanacan üstümdə olsun...
 
Orda, bu dünyanın lap qırağında,
Bir nəhəng boşluğun lap qabağında.
Oturub dincimi alaram bir az,
Boşluğa salaram ayaqlarımı.
Uşaqtək yellərəm ayaqlarımı,
Uşaqtək sevincək olaram bir az.
 
Bir ölüm işığı gəzər üstümdə,
Boşluqdan səs gələr: “Yubanma tez gəl!...
Sənə çoxdandır ki, bu yer üzündə
Hər şey maraqsızdı ölümdən özğə”.
 
İlahi, gəlirəm, eşit səsimi,
Kimsəyə ümid yox, sən ovut məni...
Bu nəhəng boşluğa atdım özümü,
Sənə arxayınam, özün tut məni!

0 şərh