Hər şeyin intəhası | Orxan Bahadırsoy

Məni qara torpaqdan
yığıb-yaratdı tanrı.
Azacıq can verməyi
unutdu, intəhası...
 
Mən sənə sarılardım,
mən səni sevərdim e,
bütün sevən yerlərim
buz tutdu, intəhası…
 
Gözlərim qırpılmadı,
dodağım tərpənmədi,
əllər üzü qibləyə
qunutdu, intəhası...
 
Bu torpaq vücudumun
üstündə bağça saldım,
səndən əvvəl bir xəzan
qurutdu, intəhası...
 
Bir kül rəngli heykələm,
dayanmışam yerimdə.
Gəl, hərdən bir şəkil çək,
sübutdu, intəhası...
 
Əllərimin sən yeri
göynəyir göyüm-göyüm.
İçimdəki boşluğun
məsuddu, intəhası.
 
Daha sənə deməyə
bir «salam», «sağ ol» da yox.
Bundan sonra hər şeyin
sükutdu intəhası.

0 şərh