Ağac ək...

Ağac əkir bir qoca — öləcəyini bilir.
Nə bayağı mövzudur. Buna yazılmır şeir.
Yazıldı yazılmadı — qoca üçün nə fərqi?
Ağac əkir bir qoca — yeri gəldi gəlmədi.
Balaca koma dikib, bir oğul da böyütdü.
Yerinə tam yetirib məsəldəki öyüdü.
İndiysə ağac əkir çuxur qazıbdır yenə:
Ağac əkir bir qoca...
                                 … baş daşı əvəzinə.
Savaş cəngi vuruldu illər öncə bu yerdə
Torpaq ehtiyac duyur indi qəhrəman mərdə.
Bayağı şeirlərdə bayağı mövzulartək:
Qoca bilirdi onun övladı dönməyəcək.
Yola salıb oğlunu o, örtmədi qapını
«Qayıdıb özü örtsün» — beynindəki xəyalı.
Bir dəfəlik getmir ki, qayıdar üç-beş fəslə.
Sonra yenə də başlar, «ağac — yeni ev — nəvə».


Pafozlu cümlələrlə bəzəməyək buranı
Onsuz da hamı bilir savaşlarda olanı:
Ürəyi arzu dolu hansısa iki cavan
Edirlər bir-birini al qanlarına qəltan.


Maşınla yola saldı oğlu — dəmir qutuda:
Taxta qutuda aldı təhvil ata — tabutda.
Qoyub tabutu yerə — sadəcə quyu qazdı.
Nə fəryadlar qopardı, nə də gözü yaşardı.
Ölənə ağlayanlar, qayıdana sevinər:
Ata dedi «nə fərqi? — ölənlə ölməyirlər»
Belə də olmalıymış sonda hər şey elə bil.
Dərin bir quyu qazıb bir qoca ağac əkir.


Bu nə təhər həyatdı? — dəyişin bu həyatı:
Yaşamaq da bayağı, ölümlər də bayağı
Düşmən sayılanlara ölüm höküm edildi -
Ölənəysə deyirik «Tanrı lütfünə getdi».
Bu qədər çoxmu insan sevir öz yağısını? -
Onunçün özü açır Cənnətin qapısını.
Şəhid balalarına analar fəryad edir.
Bəs ölən düşmənlərə niyə ağı deyilmir?
O da baladı axı, istəmirdi savaşı,
Onun da çatmamışdı ölməkçün hələ yaşı.


Axı yaratmayıbdir Tanrı bu cürə bizi?
Hansı məqamda görən həmkar bildik iblisi?


Həyata keçməsə də bayağı ifadə var:
«Beşikdən məzaracan insan qala insanlar»
Sadəcə ev düzəltsin, övladını böyütsün.
Əsas əkilən ağac — çarmıxlara dönməsin.


Cavidan Hacıyev

0 şərh