Sınıq güldan | Rene-Sülli-Prüdom

Solmaq üçün gəlirlər bənövşələr güldana,
Neçə bənövşə ömrü büllur güldanda bitdi.
Qəfildən bir yelpiyin havası dəydi ona,
Nə gözlər gördü bunu, nə qulaqlar eşitdi.

Güldanın sinəsində vədəsiz qonaq – sınıq,
Hər gün yedi güldanı, müftə nahar elədi.
Böyüdü, güclü oldu dünənki uşaq – sınıq,
Güldanın torpağını tamam işğal elədi.

Güldanın təmiz suyu axıb yox oldu belə,
Tər kimi bənövşələr qurudu yarpaq-yarpaq…
Maraqlanmadı heç kim güldanın dərdi ilə,
İndi ona dəyməyin, dəysəniz qırılacaq.

Elə bu cür olurmuş məhəbbət səhvlərimiz —
Fərqinə də varmırıq qırmışıq bir ürəyi…
Ürək belə qırılır, sakit, səssiz-səmirsiz
Göz açıb-yumanacan solur sevgi çiçəyi.

Ötüb keçər gündüzlər, ötüb keçər axşamlar;
Yara gizli böyüyər, çarəmiz qalar “ah”a,
Sonradan başa düşər, peşman olar adamlar,
Büllur könül qırılar… düzəltmək olmaz daha.

Tərcümə etdi: Qismət

0 şərh